2007-ci il 16 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  65

Milli  Məclisin  iclas  salonu.
16  noyabr  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
İsmayıl Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri.
Qurban Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri.
Vəli Nəcəfqulubəyov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi müdirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında.
3. Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında.
4. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
7. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında.
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üçün xərclər smetası haqqında.

* * *

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri, habelə Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üçün xərclər smetası haqqında qərar layihələri müzakirə edilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

16  noyabr  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 88
Yetərsay 83

Yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, bu gün büdcə zərfinə daxil olan digər məsələlərin müzakirəsinə keçirik. Gündəliyə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi, Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında məsələlər daxildir. Bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Əgər etiraz etmirsinizsə, müzakirələri bir yerdə apararıq, sonra ayrı-ayrı səsə qoyarıq. Söz verilir Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə. Sonra Ziyad Səmədzadə çıxış edər. Ondan sonra müzakirələrə keçərik.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, dəyərli hökumət üzvləri, xanımlar və cənablar! Ölkənin ali iqtisadi qanunu – dövlət büdcəsi artıq dörd gündür ki, Milli Məclisdə geniş müzakirə olunur. Bu sənədin yüksək səviyyədə hazırlanması dönə-dönə qeyd olunur və hər birimizdə respublikada gedən iqtisadi inkişafa görə qürur hissi doğurur. Sevindirici haldır ki, ulu öndərimiz Heydər Əliyev dühasının demokratik cəmiyyət və liberal iqtisadiyyat qurmaq istiqamətində məharətlə apardığı uzunmüddətli siyasət özünün yüksək nəticələrini verir və həyatın bütün sahəsində uğurlar qazanır. Heydər Əliyev siyasətinin mahiyyətində xalqa xidmət etmək, sosial təminatı yaxşılaşdırmaq, insanların sosial təhlükəsizliyini gücləndirmək dururdu. Son dörd ildə bu dönməz siyasət daha yüksək keyfiyyətlə və geniş miqyasda aparılmaqda davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətin bütün qolları qarşısında əsas vəzifə olaraq dinamik iqtisadi inkişafın sosial həyatda, insanların güzəranında özünün göstərməsini tələb edir. Prezident seçkilərindən ötən müddətdə ölkəmizdə sosial sahənin bütün istiqamətlərində köklü islahatlar aparılmış, bir sıra hiss olunan nəticələr əldə edilmişdir. Sosial sığorta sisteminin sosial müdafiə sistemindən ayrılması, sosial sığortanın fərdi uçotunun başa çatdırılması, ölkədə vahid pensiya sığorta sisteminin yaradılması, işləyən pensiyaçılara 100 faiz pensiyaların ödənilməsi, pensiya hesablanarkən əmək haqlarının müəyyən hədlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, şəhid ailələri, Qarabağ əlilləri və digər sosial müdafiəyə ehtiyacı olan qrupların pensiyalarının artırılması, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi və qanunla pensiyanın baza hissəsinin ildə bir dəfədən az olmayaraq yüksəldilməsi perspektivli və konstruktiv islahatlardandır.
Ötən müddət ərzində pensiyanın baza hissəsi bir neçə dəfə artırılmış, onun yaşayış minimumuna iki dəfə yaxınlaşdırılması təmin olunmuşdur. Bu il Dövlət Sosial Müdafiə Fondunda fərdi uçot sisteminin elektron idarə edilməsi üçün müasir lokal şəbəkə qurulmuşdur. Eyni zamanda, bu gün xüsusi vurğulamalıyıq ki, Dünya Bankı Azərbaycanda sosial sığorta sisteminin indiki modelini öyrənərək üzv ölkələr arasında yaymağı nəzərdə tutmuşdur.
Yuxarıda göstərilənlərlə yanaşı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü hüququ əsasında Milli Məclisin müzakirəsinə təqdim olunan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi özünün maliyyə tutumuna, sosial məqsədlərə ayırmaların həcminə və bəzi müsbət dəyişikliklərə görə səciyyəvidir. Sizə paylanan qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il üçün büdcəsində gəlirlər 1 milyard 267 milyon 170 min 500 manat proqnozlaşdırılır ki, bu da 2007-ci ildə təsdiq olunmuş gəlirlər proqnozuna nisbətən 28 faiz çoxdur. Eyni zamanda, mən xüsusi vurğulamaq istəyirəm ki, bu rəqəm 2006-cı ilin faktiki rəqəmindən 2,1 dəfə çoxdur. Bu çox yüksək göstəricidir. 2008-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 72 faizi bilavasitə sosial sığorta haqları hesabına ödəniləcəkdir. Bu da 2007-ci ilin göstəricisindən təxminən 30 faiz çoxdur. İlk dəfə sosial sığorta haqları üzrə daxilolmaların 56 faizi və ya 512,174 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Bu isə öz növbəsində orta aylıq əmək haqqının orta artım sürətindən yüksəkdir.
Dövlət büdcəsindən ayırmalar 2008-ci ildə 350 milyon manat təşkil edir ki, bu da transformasiya prosesləri yaşayan ölkələr üçün xarakterik göstəricidir. İcmal büdcədən transferin həcminin, demək olar ki, çox az miqdarda azalması bəzən müzakirə mövzusuna çevrilir və iradlarla qarşılaşır. Nəzərə alsaq ki, bu gün pensiyaların baza hissəsi, yəni onun minimum həddi ölkə Prezidenti İlham Əliyev tərəfindən nizamlanır və bu sərəncamlarla uyğunlaşdırılır, onda bu addımın atılmasının bir daha Prezidentimizin əhalinin sosial müdafiə cəhətdən az qorunan hissəsinə olan qayğı və diqqətinin nəticəsidir. Çünki bu transfer olmasa, bu gün bizim Dövlət Sosial Müdafiə Fondunda qarşıya qoyulan məsələlərin həlli çox çətin olar. Bu bir daha onu göstərir ki, bizim Prezidentimizin maddi durumu qismən aşağı olan insanların taleyi haqqında düşünməsinin nəticəsidir.
Mən hesab edirəm ki, bir zaman gələcək, Dövlət Sosial Müdafiə Fondunun imkanları kəskin surətdə artacaq və bu qurum özü həmin transferlərdən könüllü surətdə imtina edəcək, beləliklə, sosial sığorta sistemi bütövlükdə öz problemlərini özü həll etmək imkanına malik olacaqdır. 2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri yenə də 1 milyard 267,2 milyon proqnozlaşdırılır ki, bu da ötən ildəkindən 28 faiz artıqdır. Bu xərclərin 97,2 faizi bilavasitə pensiya ödənişlərinə ayrılan xərclərdir. Pensiyaların sığorta hissəsinin artımı əvvəlki illə müqayisədə təxminən 70 faiz təşkil edir. Bu da 2006-cı il yanvarın 1-dən əvvəl təqaüdə çıxmış vətəndaşların əmək haqlarına uyğun məhdudiyyət qoyulmadan pensiyalarının hesablanması ilə bağlıdır.
2008-ci ildə yaşa görə əmək pensiyasının baza hissəsinin 2 mərhələdə artacağı nəzərdə tutulur. Bu məqsədlə bizim büdcəmizdə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun büdcəsində külli miqdarda vəsait nəzərdə tutulmuşdur. Gələn ilin büdcəsində məcburi dövlət sosial sığorta haqlarına veriləcək müavinətlərin proqnozu 33,6 milyon manat məbləğində nəzərdə tutulur. Bu da müvafiq olaraq əvvəlki ildən 32 faiz çoxdur.
Burada müzakirə mövzusu olan məsələlərdən biri də odur ki, növbəti ildə dəfn üçün müavinətlərin məbləği yenə də əvvəlki illərdən yüksəkdir. Deməli, bütün qruplardan olan dəfn mərasimləri eyniləşdirilir və pensiyaların baza hissəsinin 3 misli miqdarında vəsaitin ödənməsi nəzərdə tutulur. Bu məqsədlər üçün əvvəlki ildən təxminən 8 milyon manat çox vəsait nəzərdə tutulur. Bu bir daha onu göstərir ki, həmin məqsədlər üçün ayrılan vəsait xeyli artırılmışdır.
Bununla yanaşı, hörmətli deputat həmkarlarım müvafiq komissiyalarda birgə aparılan müzakirələrdə Dövlət Sosial Müdafiə Fondunun ehtiyat mənbələrindən, əlavə resurslarından, həllinə ehtiyac olan problemlərdən də söhbət açdılar. Yığım əmsalının əvvəlki illərə nisbətən dəfələrlə və xeyli yüksəlməsinə baxmayaraq, hələ də orta ödəyicilərinin strukturunun, əmək haqqının həcminin təhlili, qəbul etdiyimiz son hüquqi normativ aktlar bizə imkan verir ki, sığortaya cəlb olunanların həm sayını, həm də ödənilən vəsaitlərin miqdarını artıraq. Bu rezervləri bizim komissiya üzvləri, deputatlarımız Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə çatdırdılar.
Hörmətli deputat həmkarlarımızın iradlarından biri də, – bu günə qədər pensiya sisteminin ardıcıl olaraq təkmilləşdirilməsinə baxmayaraq, siz hiss etdiniz ki, biz bu il də həmin addımları atmışıq, – 1990-cı illərin əvvəlində buraxılan bir sıra çox ciddi səhvlər nəticəsində bəzi pensiya ödənişlərinin məbləğində kəskin fərqlərin hələ də qalması ilə bağlıdır. Gələn il təxminən 150–200 min adamın pensiyalarında olan fərqlər aradan qaldırılacaq. Bununla bağlı biz Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə söhbətlər aparmışıq. Gələn il bir qrup insanın, o cümlədən pensiyalarında fərq olanların pensiya haqlarının artırılması nəzərdə tutulur.
Bizi düşündürən başqa bir məsələ kənd yerlərində çalışan fiziki şəxslərin sığortaya cəlb edilməsində boşluqların və ehtiyat mənbələrinin olmasıdır. Düşünürəm ki, bu sahədə yerli bələdiyyələrin, icra strukturlarının, vergi orqanlarının və ictimai birliklərin birgə çalışması, həmçinin Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlara köməyi müsbət nəticə verə bilər. Bu isə son nəticədə sığortaya cəlb edilən insanların pensiya hüquqlarının yaranmasına xidmət edər. Əlbəttə, sonradan bu adamlar çoxlu miqdarda pensiya alıb öz güzəranlarını yaxşılaşdıra bilərlər. Bəzən həmin məsələni fiziki şəxslərə çatdırmayanda onlar bunu bilmirlər və problemlər yaranır. Mən hesab edirəm ki, bu məsələ də bütün ictimaiyyətə çatdırılmalıdır və bizim hamımız bu işdə Dövlət Sosial Müdafiə Fondunun qurumlarına yaxından kömək etməliyik.
Hörmətli Sədrimiz, qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun da büdcəsinin təhlilinə xüsusi diqqət yetirib. Həmin büdcənin kiçik olmasına baxmayaraq, burada da çoxlu iradlar tapılıb. Başqa iradlarla yanaşı, sığorta olunanların sağlamlığının bərpası, həmçinin sanatoriya və kurort sahələrinə ayırmalar maddəsində də uyğunsuzluqlar olduğunu Hesablama Palatası da qeyd edibdir. Belə ki, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclər ötən ilin proqnozu ilə müqayisədə cəmi 0,2 faiz çoxdur. Əgər nəzərə alsaq ki, gələn ilin proqnozlaşdırılan inflyasiyası 12 faizdir, onda məsələnin nə yerdə olduğu deputat həmkarlarımız üçün aydın olar.
Mən onu da vurğulamaq istəyirəm ki, hazırda komissiyada Təbii müalicə ehtiyatları, kurortlar və sanatoriyalar haqqında qanun layihəsi üzərində ardıcıl iş gedir. Ölkədə bu qurumların gələcək inkişafı nəzərdə tutulur. Onda bu sahədə rəqəmin artırılmasına nə qədər ehtiyac olduğunu və tələbatın nə qədər artdığını nəzərə alsaq, bu rəqəmə xüsusi diqqət yetirilməsinin vacibliyi aydın olar. Onu da qeyd etmək istəyirəm ki, ötən il bu kürsüdən səslənən bəzi fikirlərə hörmətli Səlim müəllim xüsusi diqqət yetirdi və həmin rəqəmlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində artırıldı. İnanıram ki, bugünkü çıxışım da diqqətsiz qalmayacaq və həmin rəqəmlərdə müsbət mənada dəyişikliklər olacaq.
Hörmətli deputat həmkarlarım, sosial xarakterli qanun layihələri həmişə Milli Məclisdə böyük marağa və geniş müzakirələrə səbəb olub. Əlbəttə, bu da təbiidir. Çünki əhalinin sosial durumunun yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir və hər bir millət vəkilini də dərindən narahat edən əsas məsələlərdəndir. Odur ki, mən sizdən bu layihəyə konstruktiv münasibət bəsləməyi və səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında və digər komissiyalarda birlikdə müzakirə edilib. Hörmətli Hadi müəllim ətraflı məlumat verdi. Komissiyamız da təqdim edilmiş qanun layihəsinə müsbət münasibət bildirməyinizi xahiş edir.
Sədrlik edən. Çox sağ olun. Səlim Müslümov, buyurun.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir mərhələdə sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsi ölkəmizin qloballaşan dünyada sürətlə inkişaf etməkdə olan dövlətlərin sırasına keçməsini təmin etməkdədir. Bunu ötən 4 il ərzində ölkənin əhalisinin aztəminatlı təbəqəsindən olan pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi bir daha sübut edir. Bu dövrdə pensiyaçıların sosial müdafiəsi və sığorta pensiya müdafiəsində ümummilli liderimiz Heydər Əliyevin pensiya islahatı konsepsiyası, həmçinin digər sənədlərdə nəzərdə tutulan məsələlər uğurla reallaşdırılmış, xüsusi ilə əhaliyə ödənilən pensiya və digər sosial ödənişlər üzrə xərclərin hər il sürətli artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdir. Bunun nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 2003-cü illə müqayisədə 3,6 dəfə artmış və 2007-ci ildə 66 manata çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, orta əmək haqqı 2,3 dəfə artırılaraq 77 manatdan 177 manata, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan sığorta olunanların sayı 340 min nəfər artaraq 1,3 milyon nəfərdən 1 milyon 640 min nəfərə çatdırılmışdır. Məcburi dövlət sığorta haqlarının dərəcəsi 29-dan 25-ə endirilsə də, həmin illər ərzində toplanan məcburi dövlət sığorta haqlarının ümumi məbləği 3,2 dəfə artırılmış və 223 milyon manatdan 710 milyon manata çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli iqtisadi inkişafa nail olunması və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər cari ilin 9 ayında da davam etdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun bu dövrdə, yəni 2007-ci ilin 9 ayı ərzində topladığı 730 milyon manat məcburi dövlət sığorta haqları 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 77 faiz çox olmuşdur. Gəlir proqnozuna qeyri-büdcə təşkilatları üzrə 113 faiz, büdcə təşkilatları üzrə 84 faiz icra olunmuşdur. Sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 67,4 faiz artaraq 497 milyon manata çatmışdır ki, bunun da 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatlardan daxilolmalar 2006-cı ilin 9 ayına nisbətən 55 faiz və ya 110 milyon manat çox olmuşdur. İlin əvvəlinə 38 milyon manat vəsait qalığı, həmçinin 9 ay ərzində daxilolmalar nəzərdə tutulan xərcləri, o cümlədən pensiya xərclərinin vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə imkan yaratmışdır.
İlin ilk 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 737 milyon manat təşkil etmişdir. Bunun 96 faizi və ya 706 milyon manatı əhali ödənişlərinə yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 86 faiz və ya 327 milyon manat çoxdur. Daha yüksək çəkiyə malik olan pensiya xərcləri 687 milyon manat təşkil etmişdir. 2007-ci il oktyabrın 1-də fondun hesabındakı vəsait qalığı 38 milyon manat təşkil etmişdir. Bu da 2007-ci ilin daha böyük uğurla başa vurulacağına və ölkənin makroiqtisadi göstəricilərinin yüksəlməsinə əminlik yaradır. Fondun 2008-ci il büdcə layihəsinin əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin daha da gücləndirilməsi istiqamətində tərtib edilməsinə imkan verir. Həmin makroiqtisadi göstəricilərin bəzilərini bir daha diqqətinizə çatdırmaq istərdim.
2008-ci ildə ümumi daxili məhsulun artımı 23,8 faiz, əhalinin gəlirlərinin artımı 23,2 faiz, orta aylıq əmək haqqının artımı 20 faiz, məşğul əhalinin artımı 1,4 faiz, o cümlədən muzdla çalışanların artımı 2,9 faiz, istehsal qiymətlərinin indeksi 12–14 faiz, pensiyaçılar üçün minimum yaşayış məbləği 55 manat və pensiyaçıların orta illik say artımının 2 faiz olacağı proqnozlaşdırılır. Bu göstəricilər əsasında hazırlanan Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin başlıca parametrlərini diqqətinizə təqdim etmək istərdim.
Dövlət büdcəsindən fərqli olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz büdcədir, yəni onun gəlirləri və xərcləri tarazlaşdırılmış xarakter daşıyır. Bu isə fondun büdcəsinin tərtibinə, onun gəlirlərinin maksimim mümkün həddini hesablamaq şərti ilə tarazlaşdırılmasını tələb edir. Fondun xərclərinin artım sürətini, yəni növbəti il üçün pensiyaların artırılması imkanlarını müəyyənləşdirmək üçün inflyasiya gözləntiləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin xərclərin əsas makroiqtisadi göstəriciləri üzrə hökumətin proqnozları və Milli Bankın maliyyə-kredit siyasəti nəzərə alınır.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri növbəti il üçün 1 milyard 267,2 milyon manat nəzərdə tutulur ki, bu da 2007-ci ilin proqnozuna nisbətən 28 faiz və ya 277,5 milyon manat çoxdur. Gəlirlərin artımı üç hissədən ibarətdir. Birincisi, toplanacaq məcburi dövlət sosial sığorta aktlarının 2007-ci ilə nisbətən 29 faiz və ya 206 milyon manat artırılaraq 916 milyon manata çatdırılması, ikincisi, sair gəlirlərin 20,6 faiz və ya 0,3 milyon manat artırılaraq 1,5 milyon manata çatdırılması, üçüncüsü, dövlət büdcəsinin transferinin 25,6 faiz və ya 71,2 milyon manat artırılaraq 278,7 milyon manatdan 350 milyon manata çatdırılması.
Göründüyü kimi, gəlirlərdən ən yüksək artım sürəti məcburi dövlət sosial sığorta aktlarına məxsusdur. Bunun hesabına sosial sığorta aktlarının cəmi gəlirlər üzrə xüsusi çəkisi 2007-ci ildəki 71,7 faizdən 2008-ci ildə 72,3 faizə qalxacaqdır. Bu da müsbət meyil kimi xarakterizə olunmalı və nəzərə alınmalıdır ki, artıq son 4 il ərzində bu meyil daim müşahidə olunmaqdadır. Buna uyğun olaraq, gəlirlərin tərkibində dövlət büdcəsindən transferin xüsusi çəkisi də azalmaqdadır. 2008-ci ildə bu göstərici 27,6 faiz olmaqla 2007-ci ilə nisbətən 0,6 bənd aşağı düşəcəkdir. Təbii ki, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə edilən transferlərin xüsusi çəkisinin azaldılması müsbət hal kimi qiymətləndirilməlidir. Bir az öncə cənab Hadi Rəcəbli çıxışında bunun gələcəkdə sıfıra endirilməsi məsələlərindən danışdı.
Biz düşünürük ki, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə edilən transferlər dövlətin nəzarətində olan sığorta pensiya sisteminin daimi fəaliyyəti üçün təminat formasıdır. Əksər ölkələrdə, o cümlədən Avropa ölkələrində bunun üçün mütləq faiz müəyyənləşdirilir. Yəni əksər ölkələrdə pensiyaların baza hissəsinin müəyyən sabit faizi, məsələn, 30 faizi, 40 faizi və ya 50 faizi dövlət büdcəsindən maliyyələşdirilir və dövlət büdcəsindən transferlər hər il təsdiq edilir. Dövlət həmin sistemin fəaliyyəti üçün daimi təminatçı kimi çıxış edir. Bu sahədə çalışan iqtisadçıların fikrincə, belə bir daimi rəqəmin müəyynləşdirilməsi və dövlətin daimi təminatçı kimi qalması vacib parametr kimi qəbul olunur.
Məcburi dövlət sosial sığorta aktlarının tərkibində qeyri-büdcə sektoru üzrə daxilolmaların 30,2 faiz və 119 milyon manat artacağı proqnozlaşdırılır. Bu artım da ölkə üzrə əmək haqlarının nəzərdə tutulan artımından 2,2 bənd yuxarıdır. Həmin artımın isə inzibati nəzarətin gücləndirilməsi, fərdi uçotun tətbiqi sahəsinin genişləndirilməsi və uçotdan gizlədilmiş işçilərin əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına əldə olunacağı nəzərdə tutulur.
Təbii ki, məcburi dövlət sığorta haqlarının proqnozlaşdırılması zamanı 3 əsas göstərici üzrə dəyişikliklər nəzərə alınmışdır. Bunlardan birincisi, qeydiyyatda olan sığortalıların sayında, ikincisi, orta aylıq əmək haqqının məbləğində, üçüncüsü, məcburi dövlət sosial sığorta dərəcələrində olan dəyişikliklərdir. Məlumat üçün nəzərinizə çatdırmaq istərdim ki, 2007-ci ildə Dövlət Sosial Müdafiə Fondunda uçotda olan 1 milyon 640 min sığorta olunanın 1 milyon 405 min nəfəri və ya 86 faizi fərdi qeydiyyat sistemi ilə əhatə olunmuşdur. Onlardan da 1 milyon 137 min nəfəri muzdla işləyən, 47 min nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, 221 min nəfəri isə torpaq payı olan mülkiyyətçilərdir. 2007-ci ilin yanvarın 1-nə nisbətən bu ilin 6 ayı ərzində qeydiyyatda olanların sayı 60 min nəfər artsa da, hələ ehtiyatlar çox böyükdür. Müvafiq dövlət qurumlarının, yəni vergi orqanlarının, Dövlət Əmək Müfəttişliyinin, Fövqəladə Hallar Nazirliyinin köməyi ilə həmin ehtiyatın reallaşdırılması istiqamətində ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, statistikaya görə hazırda ölkədə 3 milyon 985 min nəfər məşğul əhalinin təqribən 1 milyon 370 min nəfəri muzdla işləyənlərdir. Amma bu ilin 1 iyul tarixinə sosial sığorta aktlarının ödəyicisi kimi fondda qeydiyyatda olanların sayı 1 milyon 140 min nəfər olmuşdur.
Başqa sözlə desək, muzdla işləyən 230 min nəfərə qədər şəxs Dövlət Sosial Müdafiə Fondu orqanlarında sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmamışdır. Bu işçi qüvvəsi, əsasən, tikintinin şadlıq evlərinin, restoran biznesinin, pərakəndə ticarət və nəqliyyat kimi sahələrin payına düşür. Məsələn, bu gün Bakı, Abşeron və Sumqayıt üzrə mənzil tikintisi ilə məşğul olan 464 hüquqi və fiziki şəxs fondda rəsmi uçota düşmüşdür. Amma vur-tut 7248 nəfər sığorta olunan vardır ki, bunların da 972 nəfəri və ya 13,4 faizi yalnız cari ilin sentyabr-oktyabr aylarında qeydiyyata düşüblər. 7248 nəfərdən 2070 nəfəri səkkiz şirkətin payına düşür. 149 hüquqi şəxs isə fəaliyyətlərinin olmaması barədə Dövlət Sosial Müdafiə Fonduna hesabat təqdim etmişdir. Ev tikintisi ilə məşğul olan 307 hüquqi şəxsin hər birinə orta hesabla 17 nəfər işçi düşür. Bunun da nə qədər aşağı rəqəm olduğu hər kəsə aydındır.
Eyni mənzərə şadlıq evləri və restoran biznesində də müşahidə olunur. Belə ki, Bakı, Sumqayıt və Abşeron üzrə qeydiyyatda olan 194 belə obyektdə cəmi 3378 nəfər rəsmi qeydiyyata düşmüşdür. Bunların da 1035 nəfəri 15 obyektin payına düşür və qalan 179 obyektin hər birinə orta hesabla 13 nəfər işçi düşür ki, bu da real mənzərədən çox uzaqdır. Amma statistikaya görə hazırda tikintidə çalışanların sayı 230 min nəfərdir. Təbii ki, statistikada təkcə mənzil tikintisi deyil, bütün tikinti sahələri əhatə olunur.
Mehmanxana, şadlıq evləri, restoran biznesi və pərakəndə ticarətdə çalışanların sayı isə 49 min nəfərdir. Bu potensialın reallaşdırılması üçün qanunvericiliyin sərtləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülməkdədir. Hörmətli millət vəkilləri, həmin tədbirlərdən bir neçəsi bu yaxınlarda sizin qəbul etdiyiniz qanunlarda öz əksini tapmışdır. Cənab Prezidentimiz tərəfindən irəli sürülmüş bu dəyişiklikləri dəstəklədiyinizə görə sizə bir daha təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu tədbirlərin real praktikada uğurla gerçəkləşdirilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan sosial sığorta dərəcələrinin sayı sürətlə artacaqdır.
2008-ci ildə sığorta olunanların sayının artımı hesabına məcburi sığorta haqlarının məbləğinin 37,5 milyon manat artacağı gözlənilir. Hökumətin proqnozlarına görə növbəti ildə orta aylıq əmək haqqının məbləği 233 manata çatacaqdır ki, bu da 2007-ci ilin proqnozundan 20 faiz çoxdur. Bu artımın dekabr ayına düşən hissəsi nəzərə alınmamaqla və 95 faizlik reallaşdırma əmsalı ilə götürülməklə 2008-ci ildə həmin göstərici hesabına məcburi sosial haqları artımının 166 milyon manat təşkil edəcəyi nəzərdə tutulur. Bunun 87 milyon manatı büdcə təşkilatlarından, 79 milyon manatı isə qeyri-büdcə təşkilatlarından təmin ediləcək.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə sosial sığorta dərəcələrinin nizamlanması hesabına, yəni onların dövriyyəyə cəlb olunması nəticəsində 2008-ci ildə sığorta haqlarının 2,5 milyon manat artacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının 2008-ci ildə yüksək templərlə inkişafı barədə proqnozlar ölkə əhalisinin aztəminatlı təbəqəsinə aid olan əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılacaq real addımların təminatıdır. Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il üçün büdcəsinin xərclər hissəsinin tərtibində nəzərə alınan başlıca amil də bundan ibarətdir. Bu amil ətrafında xərclər proqnozlaşdırılmış və bir sıra başlıca məqamlar nəzərə alınmışdır. Onları diqqətinizə çatdırmaq istərdim.
Birincisi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunduğu kimi, əmək pensiyalarının baza hissəsinin ölkədəki istehlak qiymətinin indeksindən az olmamaqla artırılması, sığorta hissəsinin isə bu indeksə uyğun olaraq indeksləşdirilməsi üçün müvafiq maliyyə bazası yaradılmışdır.
İkincisi, ölkə üzrə orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbətinin artırılması, eyni zamanda, həmin məbləğin pensiyaçılar üçün yaşayış minimumuna çatdırılması məsələləri büdcədə öz əksini tapmışdır.
Üçüncüsü, yeni pensiya sistemində sığorta prinsiplərinin daha da genişləndirilməsi, yəni pensiyaçılara ödənilən vəsaitin tərkibində sığorta hissəsinin baza hissəsinə nisbətən xüsusi çəkisinin artırılması vacib məsələdir və bu, büdcə layihəsində öz əksini tapmışdır.
Dördüncüsü, pensiyaların çatdırılması prosesinin avtomatlaşdırılması, adi plastik kartların çoxfunksiyalı plastik kartlarla əvəz olunması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Növbəti addım əmək pensiyaçılarının müxtəlif kateqoriyalarının hüquq və güzəştlərinin tədricən unifikasiya edilməsi və pensiya təminatında sığorta prinsiplərinin hamı üçün eyniləşdirilməsi, məcburi dövlət sosial sığortası hesabına maliyyələşdirilən xərclərin tərkibində sığorta prinsiplərindən kənar, yəni “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmayan xərclərin təmizlənməsi və nəhayət, sosial sığorta sahəsində fərdi uçot sisteminin qurulması prosesinin başa çatdırılması onun səmərəli fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərclər hissəsinin tərtibi zamanı nəzərə alınan başlıca meyardır. Onların hər biri haqqında ayrıca məlumat vermək istərdim.
Ümumilikdə, gördüyünüz kimi, xərclərin ümumi məbləği növbəti il üçün 1 milyard 267,2 milyon manat və yaxud 1,5 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır. Bu, 2007-ci ilə nisbətən təqribən 277,5 milyon və ya 2,8 faiz çoxdur. Xərclərin tərkibində 1 milyard 213,5 milyon manat və ya bütün xərclərin 96,1 faizi əhaliyə ödənişlərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin çatdırılması məqsədi ilə növbəti ildə 15,17 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2007-ci illə müqayisədə çoxdur və bütün xərclərin 1,2 faizini təşkil edir. Mən sonra xərclər üzərində ayrıca dayanacağam. Ona görə də hazırda onların artım sürəti və bunun səbəbləri barədə məlumat vermək istəməzdim.
Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşma tədbirlərinə 8,24 milyon manat və ya bütün xərclərin 0,65 faizi yönəldiləcəkdir. Məşğulluq tədbirlərinə 6,489 milyon manat və ya bütün xərclərin 0,5 faizi, əlillərin sosial müdafiəsi tədbirlərinə 3,4 milyon manat və ya bütün xərclərin 0,26 faizi, əlillərin sosial müdafiəsi tədbirlərinə 3,4 milyon manat və ya bütün xərclərin 0,26 faizi, Dövlət Sosial Müdafiə Fondunun saxlanması xərclərinə 18,7 milyon manat və ya bütün xərclərin 1,48 faizi, islahat tədbirlərinə 1,7 milyon manat və ya bütün xərclərin 0,13 faizinin yönəldilməsi nəzərdə tutulmuşdur.
Əhaliyə ödənişlərin təqribən 1 milyard 213,5 milyon manatı pensiya ödənişlərinə yönəldiləcəkdir. Bu, əvvəlki illə müqayisədə 29,3 faiz, yaxud 267,2 milyon manat çoxdur. Bu məbləğdən 870 milyon manatı əmək pensiyalarının baza hissəsinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Əvvəlki ilə nisbətən, yəni 2007-ci ilə nisbətən bu, 140 milyon manat və ya 19,1 faiz çoxdur. Bu artımın 71,3 milyon manatı və ya 51 faizi dövlət büdcəsindən transferin artımı hesabına, qalan 68,7 milyon manatı və ya 49 faizi məcburi dövlət sosial sığorta aktlarının artırılması hesabına maliyyələşdiriləcəkdir.
Əmək pensiyalarının sığorta hissəsinin maliyyələşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 310 milyon manat vəsait nəzərdə tutulur ki, bu da tamamilə məcburi dövlət sosial sığorta aktlarının hesabına maliyyələşdiriləcəkdir. Həmin məbləğ əvvəlki ilə nisbətən 127,6 milyon manat və ya 70 faiz çoxdur. Əhali üçün müavinətlərin ödənişlərinə 33,5 milyon manat yönəldiləcəkdir ki, bu da əvvəlki ilə nisbətən 32,1 faiz və ya 8,2 milyon manat çoxdur. Müavinətlərin tərkibinə fikir versəniz, əsasən, 3 yaşına qədər uşaqları tərbiyə edən sosial məzuniyyətdə olan analara veriləcək aylıq müavinətin artırıldığını görə bilərsiniz.
Məsələ burasındadır ki, Prezidentimizin tapşırığı ilə növbəti ildə müavinətin hesablanması qaydası dəyişdirilir. Əgər indiyə qədər həmin müavinətin məbləği aylıq olaraq cəmi 3 manat təşkil edirdisə, növbəti ildən uşağı yaş yarıma qədər tərbiyə edənlər üçün bu məbləğ minimum əmək haqqının 30 faizi, yaş yarımdan 3 yaşına qədər tərbiyə edənlər üçün isə 15 faizə qədər müəyyənləşdirilir. Növbəti illərdə faizlərin artırılması və ən azı minimum aylıq əmək haqqı həddinə çatdırılması nəzərdə tutulur.
2008-ci ildə əmək pensiyalarının baza hissəsinin artımı üçün 140 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da baza hissəsinin iki mərhələdə artırılaraq 50 manatdan 65 manata çatdırılmasına imkan verəcəkdir. Beləliklə, ümumi artım indikinə nisbətən 30 faiz olacaqdır. Bu məqsədlər üçün nəzərdə tutulan vəsaitin 51 faizi dövlət büdcəsindən transfer hesabına, 49 faizi isə məcburi dövlət sosial sığorta haqlarının hesabına təmin ediləcəkdir.
2008-ci ildə əmək pensiyaçılarının sayı 1 milyon 263 min nəfər olacaqdır ki, bu da 2007-ci ilə nisbətən 26 min nəfər çoxdur. Mövcud statistika belə olacağını göstərir, çünki 2008-ci ildən başlayaraq ölkədə pensiyaya çıxanlar İkinci dünya müharibəsindən sonra doğulanlardır. Bu da həmin illərdə doğumun yüksək səviyyədə olması ilə səciyyələnir. Ona görə də növbəti pensiya sisteminə pensiyaya çıxanların kütləvi şəkildə daxil olması proqnozlaşdırılır. Buna uyğun olaraq pensiyaların baza hissəsində və sığorta hissəsində müvafiq artımların maliyyələşdirilməsi üçün vəsait nəzərdə tutulmalıdır.
Qeyd elədiyim kimi, növbəti ilin əvvəlində inflyasiyanın 12,4 faiz təşkil edəcəyi hökumət tərəfindən nəzərdə tutulur. Göründüyü kimi, pensiyaların baza hissəsinin artımı 30 faiz təşkil edəcəkdir ki, bu da nəzərdə tutulan inflyasiya faizini 2,5 dəfəyə qədər üstələyir. Əmək pensiyalarının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə 2007-ci ildə ölkədə olan istehlak qiymətləri indeksinə uyğun olaraq 16 faiz həddində indeksləşdiriləcəkdir. Bu indeksləşdirmə üçün təqribən 22 milyon manat tələb olunur. Hazırda əmək pensiyalarının aylıq ödənişi üçün 80 milyon manat vəsait yönəldilir. Bunun 60 milyon manatı baza hissəsinə, 8,5 milyon manatı baza hissəsinə əlavələrə, 11,5 milyon manatı isə pensiyaların sığorta hissəsinin maliyyələşdirilməsinə yönəldilir.
Göründüyü kimi, 11,5 milyon manatlıq sığorta hissəsinə verilən vəsaitin 16 faizi 12 ay üçün təqribən 22 milyon manat edir. Bu da Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə növbəti ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün qoyulmuşdur. Ümumilikdə, nəzərdə tutulan 127,6 milyon manatlıq sığorta hissəsinin artımı üçün vəsaitin 22 milyon manatı indeksləşdiriləcəkdir. 32 milyon manat vəsait isə, qeyd olunduğu kimi, 2006-cı il yanvarın 1-dən əvvəl pensiyaya çıxmış və pensiyası hesablanarkən əmək haqqında məhdudiyyətlər tətbiq edilən insanların pensiyalarının yenidən hesablanması üçün tələb olunan vəsait kimi nəzərdə tutulmuş və onların maliyyələşməsinə yönəldiləcəkdir. 2,5 milyon manat vəsait şəhid ailələrinin hər bir üzvünə pensiyanın baza hissəsinin əlavəsinin 80 faizdən 85 faizə qaldırılması üçün tələb olunan xərclərin maliyyələşməsi üçün ayrılır. Yeni təyin olunan pensiyaların sığorta hissəsinin maliyyələşməsi üçün 71,1 milyon manat nəzərdə tutulmuşdur.
Burada mən ayrıca olaraq pensiyaların baza və sığorta hissəsinin artımının ölkədəki inflyasiya gözləntiləri ilə tarazlaşdırılması, uzlaşdırılması üzərində dayanmaq, bu barədə qısaca fikirlərimi bildirmək istərdim. Hazırda dünya iqtisadiyyatında baş verən proseslər ona sürətlə inteqrasiya etmiş Azərbaycandan da yan keçə bilməz. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan dünya bazarında enerji daşıyıcılarının fəal iştirakçısına çevrilməkdədir. Bu səbəbdən də hazırda Azərbaycanda müşahidə olunan inflyasiyaya təsir göstərən amilləri ayrı-ayrılıqda nəzərdən keçirməyə məcburuq. Bu gün dünyanın ərzaq bazarında qiymətlərin sürətlə bahalaşması baş verir.
Diqqətinizə çatdırmaq istərdim ki, bunlar internetdə götürülmüş rəsmi məlumatlardır. Təkcə Bolqarıstanda son 4 ay ərzində ərzaq məhsullarının bahalaşması 25,5 faiz, Latviyada 15 faiz, Litvada 8 faizdən yuxarı olmuşdur. Təbii ki, bu öz təsirini Azərbaycana da göstərməlidir. Çünki Azərbaycanın daxili ərzaq bazası idxal normalarının hesabına təmin olunur. İkinci təsir büdcə xərclərinin çoxalması ilə bağlıdır. Bu ilin 9 ayı ərzində əvvəlki ilin 9 ayına nisbətən dövlət büdcəsinin xərcləri 64 faiz, Dövlət Sosial Müdafiə Fondunun xərcləri isə 81 faiz artmışdır. Üçüncü mühüm məsələni Valeh müəllim dünən çıxışında qeyd elədi. Bu, əmək haqqı artımının müəyyən zaman kəsiyində əmək məhsuldarlığını üstələməsi ilə əlaqədardır. 9 ay ərzində əmək haqqının artımı 28,2 faiz, ümumi daxili məhsulun artımı isə 27 faiz olmuşdur.
Nəhayət, dövriyyəyə buraxılan pul kütləsinin həcminə də diqqət etmək lazımdır. Bu çox sürətli sıçrayışla artmışdır. Bu ilin 9 ayında həmin artım 62 faiz olmuşdur. Keçən ilin 9 ayında dövriyyəyə buraxılan pul kütləsinin həcmi 7 milyard 37 milyon manat olmuşdusa, bu ilin 9 ayında dövriyyəyə buraxılan pul kütləsinin həcmi isə 11,4 milyon manata çatmışdır. Göründüyü kimi, ortada 62 faiz artım var və dövriyyəyə buraxılan pul kütləsinin artımı ilə yanaşı, əhalinin əldə elədiyi 9 milyard 115 milyon manatlıq gəlirin böyük bir hissəsi onun istehlakına yönəldilmişdir. İstehlakın artımına fikir versəniz, onun inflyasiyaya nə qədər böyük təsir göstərdiyini görərsiniz. 9 ayda əhalinin gəlirləri 40 faizə qədər artıb. Qeyd elədiyim kimi, bunun 5,7 milyard manatı da istehlaka yönəldilib.
Sədrlik edən. Səlim müəllim, xahiş edirəm, yekunlaşdırın. Artıq 26 dəqiqədir ki, çıxış edirsiniz.
S. Müslümov. Bu gün hökumətin növbəti ili üçün nəzərdə tutduğu əsas məsələ qeyd olunan neqativ məqamları ortadan qaldırmaqla Azərbaycan iqtisadiyyatında baş verən müsbət istiqamətləri sürətləndirmək, bunun hesabına pensiya və əmək haqlarının artımı üçün daha geniş baza yaratmaqdan ibarətdir. Bir rəqəmi də diqqətinizə çatdırmaq istərdim ki, minimum pensiya və əmək haqlarının 20 manat artırılması dövriyyəyə buraxılan və istehlaka gedən vəsaiti bir ildə təqribən 9 milyon manata qədər artırır. Bu da 8–10 faiz dövriyyədə olan pul kütləsinin artması deməkdir. Ona görə də hökumət pensiya artımlarının, əsasən, dövriyyədən yığılan məcburi sosial sığorta haqlarının artımı hesabına təmin olunmasını daha məqsədəuyğun sayır.
Növbəti məqam, qeyd etdiyimiz kimi, ölkədə orta aylıq əmək haqqının orta aylıq pensiyaya nisbətən daha yüksək sürətlə artmasıdır. Növbəti ildə pensiyaların orta aylıq məbləğinin 78 manat, orta aylıq əmək haqqının isə 233 manat olduğunu nəzərə alsaq, orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti 33,4 faiz təşkil edəcəkdir. Bu da əvvəlki illərə nisbətən 0,4 bənd yuxarıdır. Pensiyaçılar üçün yaşayış minimumu 55 manat nəzərdə tutulur. Başqa sözlə, pensiyaların baza hissəsinin yaşayış minimumuna nisbəti 105,5 faizə çatdırılacaqdır.
Mühüm məsələlərdən biri də, əvvəl qeyd etdiyim kimi, əmək pensiyalarının baza hissəsinə nisbətən onun sığorta hissəsinin daha üstün artmasıdır. Bu da pensiya sistemində sığorta prinsiplərinin genişləndirilməsi deməkdir. Növbəti ildə əmək pensiyalarına yönəldiləcək vəsaitlərin 26,3 faizi onların sığorta hissəsinin maliyyələşdirilməsinə, 73,7 faizi isə baza hissəsinin maliyyələşməsinə yönələcəkdir. Amma 2007-ci ildə bu nisbətlər pensiyanın baza hissəsi üçün 80 faiz, onun sığorta hissəsi üçün isə 20 faiz nəzərdə tutulmuşdur.
Növbəti parametr kimi unifikasiyalaşdırmadan danışdıq. Burada artıq Hadi müəllim məlumat verdi ki, növbəti ildən vəfat etmiş pensiyaçıların ailələrinə ödəniləcək dəfn müavinəti pensiyaların baza hissəsinin 3 misli ilə məhdudlaşacaqdır. Bunun üçün 7,9 milyon manat vəsait nəzərdə tutulur. Bundan başqa dəfn müavinətinin sığorta olunanlar üçün və müavinət alanlar üçün 65 manatdan 200 manata qədər qaldırılması hesabına dövlət büdcəsindən də əlavə olaraq 2 milyon manata yaxın vəsaitin yönəldiləcəyi gözlənilir.
Xərclərin strukturunda sosial sığorta xarakteri daşımayan, yəni “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan xərclərin təmizlənməsi prosesi də davam etdiriləcəkdir. Əvvəl qeyd etdiyim kimi, növbəti illərdə bu proses nəticəsində əlillər üçün yaşayış evlərinin, reabilitasiya mərkəzlərinin tikintisi üçün vəsaitlər artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapmayacaqdır. Bu vəsaitlər dövlət büdcəsində investisiya xərclərinin tərkibində nəzərdə tutulacaq. Məhz buna görə də əvvəlki il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bu məqsədlə yönəldilən 11,4 milyon vəsait növbəti ildən sıfıra endirilir. Burada yalnız 318 min manat vəsait nəzərdə tutulur ki, bu da 2007-ci ildən 2008-ci ilə keçəcək təminat xərclərinin maliyyələşdirilməsi üçündür.
Fərdi uçotun maliyyələşdirilməsi üçün 1 milyon 650 min manat vəsait nəzərdə tutulub. Bu da həmin proseslərin 2009-cu ildə yekunlaşdırılması üçün tələb olunan vəsait həcmindədir. Nəhayət, pensiyaların çatdırılması xərcləri ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 15,2 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2006-cı ilə nisbətən 29,9 faiz çoxdur. Əvvəl qeyd etdiyim kimi, əhaliyə ödənişlərin məbləği 2008-ci ildə 2007-ci ilə nisbətən 29,4 faiz artacaqdır. Bank xidmətlərinin məbləği birbaşa ödənilən məbləğlərdən asılıdır. Bakıda, Sumqayıtda və Abşeronda yaşayan pensiyaçıların adi plastik kartlarının çoxfunksiyalı kartlarla əvəzlənməsi üçün həmin vəsaitlərin 11,7 milyon manatdan 13,2 milyon manata çatdırılması nəzərdə tutulur.
Nəhayət, Dövlət Sosial Müdafiə Fondunun saxlanılması xərcləri üçün 18,7 milyon manat vəsait nəzərdə tutulur ki, bu da əvvəlki ilə nisbətən 5,1 milyon və ya 37,5 faiz çoxdur. Bu artımın əsas səbəbi Dövlət Sosial Müdafiə Fondu işçilərinin əmək haqlarının növbəti ildə dövlət qulluqçuları kimi nəzərdə tutulması və avtomatlaşdırılmış iş yerlərinin yaradılması proseslərinin davam etdirilməsi ilə bağlıdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il üçün büdcəsinin bütün parametrləri günü-gündən sürətlə inkişaf edən Azərbaycanın yaradıcısı, ulu öndərimiz Heydər Əliyevin aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi strategiyasının möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən dəqiqliklə gerçəkləşdirildiyini bir daha təsdiq edir. Büdcə layihəsinə səs verməyinizi xahiş edir, onun tam icra olunması üçün bütün bacarığımızı səfərbər edəcəyimizi bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Mən iki məsələ ilə bağlı fikirlərimi demək istəyirəm. Bizdə son vaxtlar yaşayış minimumu rəqəmi “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq ildə bir dəfə parlamentdə təsdiq olunur. Bu rəqəm sizə təqdim olunub. Bu, üç hissədən ibarətdir. Əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat nəzərdə tutulub. Orta rəqəmi 70 manat müəyyənləşdirmişik. Yaşayış minimumunun həddini bugünkü gündə 70 manat miqdarında elan edirik. İkinci rəqəm də yenə yaşayış minimumundan irəli gələn rəqəmdir. Bildiyiniz kimi, biz ünvanlı sosial yardımın ödənilməsi üçün bir rəqəm müəyyənləşdiririk. Bu da qanunla müəyyənləşdirilib. Bu, ehtiyac meyarı deyilən rəqəmdir, daim yaşayış minimumu rəqəminə uyğunlaşdırılır. Hazırda bu rəqəmi 45 manat məbləğində müəyyənləşdiriblər. Bunun özü də ünvanlı sosial yardımın ödənilməsinə əlavə pulun ayrılmasına şərait yaradacaqdır. Bu da, əlbəttə, büdcə layihələrində nəzərdə tutulmuşdur. Beləliklə, parlamentə yaşayış minimumunu 70 manat, ehtiyac meyarını isə 45 manat məbləğində təqdim edirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Dünən Elmira Axundova reqlamentlə bağlı etirazını bildirdi. Çıxışlar üçün 5 dəqiqə müddətin az olduğunu dedi. Mənim məqsədim budur ki, hamının çıxış eləmək imkanı olsun. 24 nəfər çıxışa yazılıb, mən də hesab edirəm, 3 dəqiqə az olar, 5 dəqiqə olsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, xahiş edirəm, köhnə xasiyyətinizi, yerdən danışmağı tərgidin. İnsafınız olsun, bəsdir, oturun yerinizə.
Xahiş edirəm, reqlamentin 5 dəqiqə olması ilə bağlı təklifə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 12.53 dəq.)
Lehinə  78
Əleyhinə  4
Bitərəf  0
Səs vermədi  3
İştirak edir  85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Pənah Hüseyn, mən Sizə 5 dəqiqə vaxt verərəm, ancaq özünüzü belə aparmayın, onsuz da dediyinizi demisiniz, lazım olanı çəkiblər. Başqalarına hörmətin olsun. Söz verəcəyəm, nə qədər danışırsan, danış. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim Səlim müəllimə bir sualım var. Biz “Əmək pensiyaları haqqında” Qanunu qəbul eləyəndə ora bir maddə əlavə etdik ki, baza hissəsi ildə bir dəfədən az olmayaraq inflyasiyaya uyğun olaraq verilməlidir. Mən bilmək istərdim ki, keçən müddət ərzində belə bir proses həyata keçirilib, ya yox? Həyata keçirilibsə, nə qədər məbləğ verilib. Çox sağ olun.
Sədrlik edən. Suallara sonra cavab verərlər. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm. Əgər mənim səsim ucadan çıxdısa və kimisə narahat elədisə, üzr istəyirəm.
Sədrlik edən. Bu birinci dəfə deyil. Mənim səsim sənin səsindən də gurdur, səndən də artıq danışaram. Özü də burada təhqiramiz ifadələrlə danışmaq lazım deyil. Burada bu qədər insan oturub, biz həmkarıq. On dəfə demişəm, lap çıxış üçün 10 dəqiqə vaxt verildi, bizə nə yenilik verəcəksən axı?
P. Hüseyn. Mən çox yaxşı bilirəm ki, milyonlarla uşaq, əlil, pensiyaçı, müavinət alan şəxs bizim iqtidarın yaralı tərəfidir, danışmağa, tərifləməyə sözləri yoxdur. Büdcənin müzakirəsi zamanı ümumi rəqəmlərlə baş aldatmaq imkanı yoxdur, çünki hər bir pensiyaçı, uşaq, əlil, dul qadın, yetim necə yaşadığını, neft gəlirlərinin ona hansı bəlaların və problemlərin gətirdiyini çox yaxşı bilir. Əlbəttə, deməyə sözünüz yoxdur. Keçən il üçün 16 faiz hesablanmış inflyasiya vardı. Bu, əhalinin ən aşağı, ən aztəminatlı hissəsi üçün ən azı 30 faizdən çoxdur, çünki 512 məhsula verilən ümumi inflyasiya göstəricisi tamam başqa bir şeydir. Aldığı 40, yaxud 70 manatı yalnız minimum zəruri xərclərə sərf eləyən insan üçün olan artımın səviyyəsi tamamilə başqa bir məsələdir.
Görün, nə baş verir, ünvanlı sosial yardım 40 manatdan 45 manata qaldırılır. Onun da 40 faizini cənab Ələkbərovun rəhbərlik elədiyi nazirliyin işçiləri mənimsəyirlər. 5 manat artdı. 5 manat heç 16 faiz eləmir. Hətta bu inflyasiyanın tempini ödəmir.
Minimum yaşayış həddi və ehtiyac meyarı adlanan qondarma göstəricini kənara qoyuram. Minimum əmək haqqının artımına fikir verin, o hətta bugünkü rəsmi inflyasiyanı ödəmir. Deməli, 2008-ci ildə təxminən milyon yarım əhalinin həyat səviyyəsi çox ciddi bir şəkildə aşağı düşməkdə davam edəcəkdir. Siz avtobuslara, metroya minin, görün, əhalinin əlindən baş gizləmək mümkündürmü? Məni əsəbiləşdirən və bu cür çıxış eləməyə vadar eləyən budur.
Bunlar haradan götürülüb? Ehtiyac minimumunun hesablanması əsaslandırılmalı idi. Minimum yaşayış həddini hesablayarkən hansı amillər, hansı göstəricilər ortalığa qoyulub? Ona görə mən bir daha o məsələnin üzərinə qayıdıram ki, neftin mənfəətini bir ovuc şəxs görür, bir hissə milyarder, bir neçə min adam isə multimilyonçu olur. Amma əhalinin əksər hissəsinin həyat səviyyəsi aşağı düşməkdədir. Bizim tələbimiz bundan ibarətdir.
Səlim müəllimin burada elə böyük imkanı yoxdur. Ona verilən müəyyən məbləğ var. Deyir ki, bu, dövlət qulluğu ilə nəzərdə tutulan artımla bağlıdır. Amma hər halda böyük keyfiyyətlə bağlı Səlim Müslümovluq bir şey yoxdur. Burada dövlətin başçısı var, hökumət var, onlar müəyyən edir. Ümumi ayrılan pul və toplanan pul var. Biz o mənbələr barədə danışırıq, Dövlət Sosial Müdafiə Fondunun sədri və maliyyə naziri başdansovdu cavab verirlər ki, biz bilmədik, bunlar haradan götürülüb?
Dövlət Sosial Müdafiə Fondunun büdcəsini ən azı iki-üç dəfə artırmaq mümkündür və inflyasiya ilə xalqı qorxutmaq lazım deyil. Pul kütləsi tədavülə buraxılır və artırılır, o haradandır, bilmirsiniz? Tədavülə buraxılan pul kütləsinin əsas hissəsini infrastruktur layihələrdən mənimsənilən nisbət təşkil edir. Guya bunu bilən yoxdur? Guya əlillərə ayrılan pulun 90 milyon olması ilə Azərbaycanda vəziyyət dəyişməliymiş və inflyasiya yüksək inkişaf eləməliymiş? Eləcə də, əmək bazası həddində pensiya alan işçilərin də vəziyyəti belə olmalıymış? Səlim Müslümov keçən dəfə qanun layihəsi verdi, böyük bir qənaət əldə etdi. Deməli, ölülərə verilən pensiyaların sığorta hissəsini azaltdı. Dirilər qalmışdı, indi də ölüləri soymaqla məşğul oluruq?
Hörmətli Milli Məclis, ona görə də mən bu deyilən məsələləri əhatə edən çox ciddi bir çıxışı nəzərdə tuturdum. Bir daha təkrar edirəm, çox əyani şəkildə aşkar oldu ki, sizin əlillərə, yetimlərə, dul qadınlara, pensiyaçılara olan münasibətiniz nədir? YAP-ın yetkilisi Siyavuş Novruzov elə o YAP-ın münasibətini göstərdi, onlara dedi ki, üç. Hətta bəziləri pensiyaçıları, əlilləri ələ salırlar, millətə istehza edirlər. Əhalinin ən pis vəziyyətdə olan, ən hüquqsuz hissəsini ələ salırlar. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, Sizə heç pensiya haqqında danışmaq lazım deyildi, populist bir çıxış lazım idi. Hesabatınız barmaq hesabatıdır. Ortaya bir dənə fakt qoymadınız. Belə populist çıxışları hamı edə bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən bilirəm, sən həm iqtisadçısan, həm hüquqşünassan, həm də tarixçisən, şübhəm yoxdur. Ancaq bu çıxışın yersizdir. Bu, populist bir çıxış oldu.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli Pənah bəy, Sizə beş yox, on beş dəqiqə də vaxt versəydim, bir şey deyə bilməyəcəkdiniz. Azay Quliyev, buyurun.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət edilmiş qonaqlar və mətbuat təmsilçiləri! Bu gün müzakirəmizə təqdim olunan Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında qanun layihəsi və Milli Məclisin Hesablama Palatasının hazırladığı rəylə yaxından tanış olduqdan və Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri hörmətli Hadi müəllimin, Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim müəllimin təqdimatlarını dinlədikdən sonra belə bir qənaətə gəlmək olur ki, sosial sahədə həyata keçirilən siyasət öz konkret nəticələrini verməkdədir.
Yeri gəlmişkən, mən Hesablama Palatasının fəaliyyətindən danışmışam. Onu da deməliyəm ki, Hesablama Palatası həm dövlət büdcəsi, həm də fondun büdcəsi ilə əlaqədar təqdim etdiyi rəyləri çox mükəmməl və professional şəkildə hazırlamış, hər iki büdcənin ciddi təhlili və analizi aparılmış, bir sıra çatışmayan cəhətlər açıq şəkildə qeyd edilərək müvafiq tövsiyələr verilmişdir. Mən fürsətdən istifadə edib, Milli Məclisə belə bir səviyyəli sənədi təqdim etdiyinə görə Hesablama Palatasının sədri hörmətli Heydər Əsədov başda olmaqla bütün əməkdaşlara təşəkkürümü bildirmək istəyirəm.
Gələn ilki büdcə haqqında nə demək olar? Büdcə ümumi şəkildə təqdim olundu və geniş məlumat verildi. Yalnız onu demək istəyirəm ki, büdcənin cari illə müqayisədə 29 faiz artması, məcburi sığorta ödəmələrində intizamın gücləndirilməsi, pensiyaların baza hissəsinin 65 manata çatdırılması və büdcədən daxilolmalarda müşahidə olunan azalmalar, şübhəsiz ki, müsbət məqamlardır və bunu qeyd etmək lazımdır. Ona görə də mən belə geniş təqdimatlardan sonra detallara varıb ətraflı məlumat vermək istəmirəm.
Eyni zamanda, mən bu gün pensiyaların artırılması və büdcəyə yenidən baxıb ciddi dəyişikliklərin edilməsi ilə əlaqədar populist təkliflərlə də çıxış etməyin tərəfdarı deyiləm. Ona görə ki, əvvəla, Milli Məclisdə belə bir praktika yoxdur ki, hər hansı bir təklif ciddi dəyişikliklərlə nəzərə alınsın. Bu da onunla bağlıdır ki, büdcə tərtib olunanda həm iqtisadi imkanlar, həm də bütövlükdə inflyasiya riskləri əsas götürülür və bu fakt, təbii ki, hamı tərəfindən qəbul edilir.
Ona görə də mən həlli mümkün olan və vacib hesab etdiyim bir problem haqqında danışmaq istəyirəm. Uzun müddət yer altında dövlət üçün metro inşa edərkən peşə xəstəliyinə tutulmuş və xəsarət alaraq əlil olmuş insanların müavinətləri məsələsində ciddi problemlər yaşanmaqdadır. Belə ki, əlillərin müavinətlərinin ödənməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında 2007-ci il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə bu ödənişlərin hamısı müəssisələrin gəliri hesabına ödənilir. Nazirlər Kabinetinin belə bir qərarı var. Lakin “Azərtunel” və digər bu kimi müəssisələrin nəzdində çalışan və bu cür peşə xəstəliyinə tutulmuş, xəsarət alaraq əlil olmuş 300 nəfərə yaxın şəxs var ki, bunların da illik müavinəti 4493,9 manat edir.
Bu gün bu sahədə yaşanan problemlər sırasında həmin təşkilatların müavinətləri vaxtlı-vaxtında ödəməməsi məsələsi var. Nəticədə əhalinin bu kateqoriyadan olan hissəsi ciddi sosial problemlərlə üz-üzə qalıb. Ona görə də mən düşünürəm ki, bu məsələlər hörmətli Səlim müəllim tərəfindən bir daha diqqətə alınmalı və həmin şəxslərə müavinətin verilməsi dövlət tərəfindən həyata keçirilməlidir. Bilirsiniz ki, bununla bağlı başqa ölkələrdə də müəyyən təcrübə var. Xüsusi ilə MDB ölkələrində çalışdığı sahədə müəyyən xəsarət almış, yaxud peşə xəstəliyinə tutulmuş insanlara müavinətin verilməsi məhz dövlət tərəfindən həyata keçirilir.
Əvvəllər yeraltı işlərdə çalışan işçilər bir və iki saylı siyahılar üzrə təqaüdə çıxırdılar. Mənə belə gəlir ki, biz də müavinət alan insanların əməyinin fərqləndirilməsinə həmin qayda ilə baxmalıyıq. Hətta həmin sahədə rəhbər vəzifədə çalışanların bu gün aldığı pensiyalar minimum pensiyanın səviyyəsindədir. Mənə belə gəlir ki, bu da ciddi bir problemdir. Bunu biz qəbul etməli və müəyyən tövsiyələr verməliyik.
Mənim vaxtım başa çatır. Əlbəttə, burada bəzi fikirləri söyləmək mümkün idi, ancaq düşünürəm ki, biz bu iki büdcəni qəbul etməli və buna səs verməliyik. Hesab eləyirəm ki, növbəti illərdə də aztəminatlı ailələr bilavasitə bu büdcədən faydalanacaqlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bilavasitə əhalinin aşağı təbəqələrinin həyat səviyyəsi ilə bağlı çox aktual məsələlər müzakirə olunur. Ona görə də hesab edirəm ki, burada məsələlərə populizmdən daha çox bilavasitə konstruktiv yanaşmağa üstünlük vermək lazımdır. Mən bunu iki cümlə ilə əsaslandıracağam. Birinci, dünən də, bu gün də bildirildi ki, Azərbaycanda əmək haqqı əmək məhsuldarlığından yüksək artdığına görə inflyasiya yarana bilər və bu, bilavasitə Azərbaycanda əmək haqlarının artırılması sürətinin aşağı salınmasını vacib edir. Bu nöqteyi-nəzərdən məsələyə yanaşanda baxaq görək söhbət nədən gedir? Əgər məhsulların qiyməti dünya qiyməti səviyyəsindədirsə, əmək haqqı dünya səviyyəsində deyil. Normativləri götürəndə əmək haqqının gəlirdə nisbəti 70–80 faiz olmalıdır, bizdə heç 30 faiz deyil. 10 manat beş dəfə artanda 50 eləyir, 50 manat iki dəfə artanda 100 eləyir. Ona görə də o tempin iki dəfə artması ilə beş dəfə artmasının arasında olan fərq dediyim misaldan açıq formada görünür. Bunu mütləq nəzərə almaq lazımdır, çünki bu, uzun müddət davam eləsə, yəqin ki, təsir göstərə bilər. Hələlik Azərbaycanda belə bir şey yoxdur.
İkinci məsələ pul ilə bağlıdır. Azərbaycan manatı inflyasiya yaratmır. İnflyasiyanı yaradan ölkəyə kənardan gələn qeyri-qanuni pullar və monopoliyadır. Bunu nəzərə almaq lazımdır. Milli Bankın dövriyyəsində olan manat normativdən aşağıdır, inflyasiya yaratmır. Bu çox ciddi bir məsələdir. Qalan pullar inflyasiya yaradır.
Burada bilavasitə məsələlərlə bağlı çox ciddi xarakter daşıyan müzakirələr gedir, ona görə də mən birbaşa hesablamalar əsasında fikirlərimi demək istəyirəm. Səlim müəllimin çıxışı ilə bağlı bir məsələni də qeyd eləmək istəyirəm. 51 manatlıq məhdudiyyətin aradan qaldırılması çox müsbət haldır, nədənsə bu istiqamətdə açıqlamalar verilmir. Yaxşı olar ki, hökumət nümayəndələri 51 manatla bağlı açıqlamalar versinlər. Bu, 100–150 min pensiyaçının həyatına necə təsir göstərəcək? Bu çox ciddi məsələdir.
İkinci, Hesablama Palatasının hesabatında nəzərdə tutulan bütün məqamlar, hesab eləyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun gələcək fəaliyyətində nəzərə alınmalıdır.
İndi mən yaşayış minimumu barəsində fikirlərimi bildirmək istəyirəm. Keçən il yaşayış minimumu müzakirə olunan zaman 64 manat təklif olunmuşdu, biz 70 manat demişdik. O cümlədən ayrı-ayrı demoqrafik qruplar üzrə 70 manat təklif olunmuşdu, biz 79 manat demişdik, pensiyaçılar üçün 49,7 manat deyilmişdi, biz 55 manat təklif eləmişdik. Uşaqlar üçün 52, 4 manat əvəzinə biz 58 manat təklif eləmişdik. Bu gün hökumətin təqdim elədiyi rəqəmlər mənim keçən il verdiyim rəqəmlərdir. Mən təşəkkür eləyirəm ki, bunlar nəzərə alınıb. Amma mən bunu bir il qabaq vermişdim. Artıq bu ilin rəqəmləri deyil və 9,4 faizi inflyasiyadan götürüldüyünə görə bu rəqəmlər aşağıdır. Əgər inflyasiya 12 faizlik olacaqsa, şübhəsiz ki, həmin normativlər ödənilməyəcək, artırılan məbləğ bilavasitə növbəti ilə nisbətdə artırılmaq yox, azalmaqdır.
Digər tərəfdən, dünən burada bir sıra ölkələrin rəqəmləri müqayisə olundu. Mən qısa şəkildə nəzərinizə çatdırmaq istəyirəm ki, dünən təqdim olunan rəqəmlər köhnədir. Rusiyada 175 dollar, Qazaxıstanda 92 dollar, Ukraynada 106 dollar, Belarusda 86 dollardır. Azərbaycanda 75 dollar idi, indi 82 dollar olacaq. Ona görə də hesab eləyirəm ki, köhnə rəqəmləri bizdəki rəqəmlərlə uyğunlaşdırmaq düzgün deyil. Hələlik biz onlara çatmırıq və bu istiqamətdə addımlar atmalıyıq. Ona görə də təklif eləyirəm ki, bu, orta hesabla 75 manat, əmək qabiliyyətli əhali üçün 85 manat, uşaqlar üçün 60 manat olsun. Pensiyaçılar üçün isə pensiya sığorta sistemi olmadığına görə hələlik bu rəqəmi 60 manata çatdırmaq vacibdir. Bir də, tələbələr, gənclər üçün 75 manat olmalıdır. Əgər biz bu rəqəmlərlə çıxış eləsək və hər il yanvar ayının 30-da, aprel ayının 30-da, iyul ayının 30-da və bir də, oktyabr ayının 30-da inflyasiyaya görə indeksləşdirmə aparsaq, onda sözün həqiqi mənasında...
Sədrlik edən. Sağ olun. Əli müəllim, Siz keçən il təklif vermişdiniz, amma keçən il müəyyənləşdirilən rəqəmlər keçənilki imkanlara görə olmuşdu. Bu il də eyni təklifi 5–10 manat artıq məbləğlə verirsiniz. Deyirsiniz ki, mən belə təklif verdim. Hesabat var, oturun, ona bir də baxın və deyin ki, mən də maliyyə mənbələrini ortaya çıxarım. Elə-belə təklif verməklə məsələ həll olunmur axı. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli qonaqlar, möhtərəm millət vəkilləri! Mən də hesab eləyirəm ki, əhalinin ən aztəminatlı hissəsi məhz bu kateqoriyadan olan insanlardır. Bu gün respublikada 1 milyon 200 minə yaxın əmək pensiyası, əlilliyə, yaxud da başqa səbəblərə görə pensiya alan təbəqə var və bunların da bugünkü həyat şəraiti olduqca ağırdır. Həm qiymətlərin qalxması, həm də respublikada inflyasiyanın gözləniləndən artıq olması nəticə etibarı ilə bu insanların sosial həyatına olduqca ağır təsir göstərir. Təəssüflə qeyd edim ki, bunların sosial həyatına təsir edən amillərin aradan qaldırılması istiqamətində elə bir ciddi tədbirlər görülmür. Nəticə etibarı ilə onlara ayrılan həm yaşayış minimumu, həm pensiyanın miqdarı, həm də ehtiyac meyarının həddi bugünkü reallıqlarla uyğun gəlmir.
Mən məsələlərə ardıcıl olaraq toxunmaq istəyirəm. Əvvəla, Dövlət Sosial Müdafiə Fondunun pulunun bölüşdürülməsi ilə bağlı hissədə məni bir məsələ çox ciddi şəkildə düşündürdü. 3.6.2-ci maddədə göstərilir ki, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə 664 min manat vəsait ayrılır. Mən bilmirəm, rəqəmi düz ifadə edirəm, ya yox, hər halda qeyd olunan budur. Əlillər üçün mənzil tikintisinə 318 min manat nəzərdə tutulub. Bu gün əhalinin ən aztəminatlı hissəsi kimi bu əlillərin mənzillərə böyük ehtiyacı var. Mən başa düşmürəm, idman və bədən tərbiyəsi işlərinə, informasiya təminatına bu qədər vəsait ayıran fond nədən əlillərin mənzil tikintisinə cəmi 318 min manat vəsait ayırır? Xüsusi ilə bugünkü durumda, Ermənistan–Azərbaycan münaqişəsinin həll olunmadığı, psixoloji gərginliyin qaldığı bir vaxtda bu ayırımları hansı kateqoriya üzrə və necə həll eləyirlər? Sabah Azərbaycan vətəndaşlarında vətənpərvərlik hisslərini necə aşılayacaqlar və onları vətənin müdafiəsi üçün necə həvəsləndirəcəklər? Təbii ki, bu tipli məsələləri kifayət qədər saymaq olar. Mən hesab eləyirəm ki, bölünən pullar heç də reallıqla uyğun gəlmir, bəzi hallarda şişirdilmiş rəqəmlər daha çoxdur.
Bu gün Azərbaycanda müharibə əlillərinin sayı 12 min nəfərdir. Mən istərdim ki, onlar burada xüsusi kateqoriya üzrə göstəriləydi. 100 minə yaxın əlillə eyni kateqoriyaya salınmayaydı. Dövlət onlara xüsusi qayğı göstərməlidir. Bu niyə belə olmalıdır? Yenə də əvvəlki fikrimə qayıdıram. Çox az sayda olan bu insanlar hər halda yaxın tarixi keçmişimizin iştirakçıları və vətən uğrunda döyüşmüş insanlardırlar.
Bir neçə kəlmə də yaşayış minimumu haqqında demək istəyirəm. Mən hesab eləyirəm ki, bu gün əmək qabiliyyətli əhali üçün müəyyən olunmuş 79 manat yaşayış minimumu olduqca aşağı bir vəsaitdir. Bununla yaşayış minimumunu təmin etmək mümkün deyil. Enerji daşıyıcılarının qiymətlərinin artırılmasını, ərzaq məhsullarının qiymətinin üç dəfə, sənaye məhsullarının qiymətinin iki dəfə artmasını, gündəlik tələbat mallarındakı qiymət artımını və onun da üzərinə inflyasiyanı gələndə, hesab eləyirəm, 79 manat onları təmin etmir. O cümlədən pensiyaçılar üçün 55 manat, uşaqlar üçün isə 59 manat tamamilə onların ehtiyaclarını ödəyə bilməyən bir səviyyədədir. Hökumət bunun üzərində ciddi düşünməli və başqa sahələrdən gələn gəlirlər hesabına onların müdafiəsini gücləndirməliydi.
Ünvanlı sosial yardım barəsində də ciddi şəkildə düşünmək lazımdır. Əvvəla, bu gün ünvanlı sosial yardımı xüsusi süründürməçiliklə həyata keçirirlər. Səhv etmirəmsə, 15 min adama ünvanlı sosial yardım verilir. Bu gün Azərbaycanda onların sayı olduqca çoxdur. Təəssüflər olsun ki, süründürməçilik, aşağıdan yuxarıya doğru xeyli sənədlərin toplanılması, qonşu ifadələri – bunların hamısı nəticə etibarı ilə insanları bezikdirir və onlar o sənədləri toplaya bilmirlər. Bunun haqqında ciddi düşünülməli və bu, sadələşdirilməlidir.
Sonra, minimum ehtiyac meyarı 45 manat həddindən qaldırılmalı, ən azı bugünkü bazar reallıqlarına uyğun müəyyən olunmalıdır. Təəssüf eləyirəm ki, 1 milyon 200 min aztəminatlı əhaliyə büdcədən ayrılan vəsait bu gün tikintiyə ayrılan vəsaitdən olduqca aşağıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün cəmiyyətimiz üçün vacib məsələ müzakirə olunur. Vaxt qısa olduğuna görə rəqəmlərin müqayisəsini aparmaqda bir az çətinlik çəkəcəyik. Amma mən hesab eləyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında çox keyfiyyətli bir məruzə dinlədik və bəzi məsələlərə aydınlıq gətirildi. Xüsusi ilə də bizi maraqlandıran məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı görülən tədbirlərin səmərəsizliyi barədə çıxışda səslənən fikirləri biz də bölüşürük. Hesab eləyirəm ki, müxtəlif sahələrdə, tikinti, xidmət və ya başqa sahələrdə çalışan 230 min insanın məcburi dövlət sosial sığorta sisteminə cəlb oluna bilməməsi ayıbdır. Bunu dövlət mütləq düzəltməlidir. Çünki bu məbləğin büdcəyə yığılmamasının əziyyətini pensiyaçılar çəkirlər.
Burada rəqəmlər barədə müxtəlif müzakirələr gedə bilər. Ehtiyac meyarının 45 manat olması insanların vəziyyətini nə dərəcədə əks etdirmədiyini göstərir. Təbii ki, mən Ermənistanla, başqa ölkələrlə müqayisə aparmaq istəmirəm. Büdcəsi bizdən zəif olan ölkələrlə Azərbaycanın paralel getməsi də yaxşı hal deyil. Həqiqətən, bu rəqəmlər Azərbaycan reallığında insanların əlavə məsrəflərini ödəməyə çatmır. Büdcədən maliyyələşən adi təşkilatların rayondakı vəziyyəti ilə qısaca tanış olsalar, bunu görərlər. Sadə bir misal demək istəyirəm, bunu yoxlaya da bilərlər. Büdcədən maliyyələşən təşkilatlarda bir müəllim, ya da bir həkim, tutaq ki, 54 manat maaş alır. Maaş alan vaxtı onun 16 manatı abadlıq işlərinə, hətta o rayonda futbol komandası varsa, 12 manatı da futbol komandasının saxlanmasına tutulur. Belə bir vəziyyətdə insan dövlətin müəyyən etdiyi standartlardan kənar necə yaşamalıdır? Onun, əslində, 26 manat pulu qalır. Bir müəllimdən, bir həkimdən, bir vətəndaşdan söhbət gedir. Görün, bu hallar büdcənin doldurulması üçün vacib sayılan sahələrin bu işi görə bilməməsi hansı nəticələrə gətirib çıxarır?
Mən inflyasiyanın səviyyəsi barədə deyilənlərlə razıyam. Həqiqətən də, əhalinin aztəminatlı hissəsi üçün bu, fəlakətdir. Bu ölkədə 540 məhsulun xidmətindən kim istifadə edir? Çox az sayda adam bundan istifadə edə bilər. Əhalinin 80 faizi uzaqbaşı 300–350 sayda inflyasiya kateqoriyasının müəyyənləşməsinə daxil olan predmetlərdən istifadə edə bilir. İnflyasiyanın bu cür qiymətləndirilməsi sonradan pensiyaçıların hüquqlarının pozulmasına gətirib çıxarır.
İşsizliklə bağlı müavinətlərin ayrılmasına 2 milyon 800 min manat məbləğində vəsait nəzərdə tutulur. Bu da 6 aylıq müddət üçün nəzərdə tutulur. İşsiz əhalinin sayı həddən artıq çoxdur. Burada qeyd olundu, muzdla işləyən əhalinin sayının rəqəm göstəricisi olduqca böyükdür. Yəni biz bunu başqa formada sənədləşdirməkdə də dövlətin nə qədər çətinlik çəkdiyini görürük. Artıq digər sahələrdə sığorta ödəməli olan insanlara sığorta prinsiplərinin eyni qaydada tətbiq olunmasına keçilməlidir. Bu, istər inzibati qaydada, istərsə də hansı formada olur-olsun edilməlidir. Sözçülükdən qurtarmaq lazımdır ki, heç olmasa, bu vəsait yığılsın.
Digər tərəfdən, mən bir təkliflə çıxış etmək istəyirəm. Küveytdə, başqa ərəb ölkələrində yeni doğulan uşaqların hesablarına vəsait qoyulur. Bunu eləyə bilməsək də, heç olmasa, neft ölkəsi kimi, ölən insanların dəfn xərclərini dövlət öz üzərinə götürməlidir. Sosial müavinətin verilməsi üçün test üsulu tətbiq olunmalıdır, dövlət orqanı özü araşdırıb tapmalıdır ki, kimin bu müavinətə, həqiqətən, ehtiyacı var. O qədər süründürməçilik var ki, insanlar bu müavinəti ala bilmirlər. Ən böyük korrupsiya sosial müavinətin verilməsi sahəsindədir və bunun açıqca faktları var, bunu söyləmək olar. Biz bu nöqsanların düzəldiləcəyinə ümid edirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli qonaqlar, hörmətli millət vəkilləri və media nümayəndələri! Müzakirə olunan məsələ ilə əlaqədar öz fikrimi bildirməzdən öncə qeyd eləmək istəyirəm ki, Azərbaycan nə Səudiyyə Ərəbistanıdır, nə də Türkmənistan. Biz demokratik ölkə qururuq. Burada parlament müxalifəti var və onun qaldırdığı, dediyi məsələlərə dözümlü yanaşmaq lazımdır. Hamısı burada nəyisə tərifləsin, sonra da dursun, getsin. Bu, Azərbaycana nə verəcək? Heç kim də deməsin ki, Azərbaycanı kimdənsə daha çox sevir və hansısa müxalifət nümayəndəsindən daha çox vətənpərvərdir.
Keçən dəfə mən burada büdcə ilə əlaqədar çıxış elədim. Sonradan, mən burada olmayanda hörmətli həmkarlarımdan biri şeir deyib, palto, plaş tikməkdən danışıb. Amma mən bir neçə rəqəm söyləyəcəyəm, bunlar real vəziyyətin nədən ibarət olduğunu aydınlaşdıracaq. Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinə baxanda bəlli olur ki, vəsaitin 27 faizi transfer hesabınadır, 50 faizi büdcə təşkilatlarından ödənilən sığorta haqlarıdır. Yalnız 23,7 faiz qeyri-özəl sektorun payına düşür. Halbuki hökumətin təqdim etdiyi bütün rəqəmlərdə göstərilir ki, özəl sektorda çalışanların sayı büdcədən maliyyələşən təşkilatlarda çalışanların sayından dəfələrlə çoxdur. Oradakı əmək haqqı da dövlət büdcəsindən maliyyələşən qurumların əməkdaşlarınınkından çoxdur. Bu da hökumətin fəaliyyətinin bir sahəsidir və bir göstəricisidir. Mən istərdim, bu məsələyə bir aydınlıq gətirilsin.
Səlim müəllimin özü burada kifayət qədər tənqidi çıxış elədi. Söylədi ki, tikintidə, şadlıq evlərində çalışan işçiləri qeydiyyata ala bilmirlər. Bunun səbəbləri araşdırılmalıdır ki, niyə onları qeydiyyata ala bilmirlər. Axı, biz bilirik ki, niyə ala bilmirlər.
Bundan başqa, hamiləliyə və doğuşa görə ayrılan vəsaitin məbləği 9 milyon 200 min manat, uşağın anadan olmasına görə ayrılan vəsaitin məbləği 920 min manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar olaraq ayrılan vəsaitin məbləği isə 5 milyon manatdır. Amma təkcə məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanması xərcləri 6 milyon 410 min manatdır. Bu simvolik rəqəmləri ayırmağın nə mənası var? Biz tez-tez özümüzü MDB dövlətləri ilə müqayisə edirik. MDB respublikalarının bəzilərində doğulan hər uşağa görə 10 min, bəzilərində isə 25 min dollara qədər vəsait ayrılır. Bu bizim millətimizin gələcəyi və genefondu ilə əlaqədar məsələdir. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanması xərcləri 18 milyon 700 min manatdır. Məşğulluq orqanlarının xərcləri ilə bunları üst-üstə gələndə bu qurumların saxlanmasına demək olar ki, sadaladığım 3 kateqoriyaya ayrılan vəsaitdən ikiqat artıq pul xərclənir. Mən bununla fikrimi yekunlaşdırıram və həmkarlarımı da dözümlü olmağa çağırıram. Səlim müəllim də aydınlıq gətirsin ki, niyə özəl sektordan bu qədər az vəsait toplanır? Sağ olun.
Sədrlik edən. Hörmətli Qüdrət müəllim, biz həm iqtidar, həm də müxalifət nümayəndələrinə çox dözümlü yanaşırıq. Pənah bəy dözümsüzlük elədi, ona 15 dəqiqə vaxt verdik, o isə 4 dəqiqə yarım danışdı. Ancaq burada kimsə kiminsə sözünü deyirsə... Biz bu zaldayıq, lazım olanda bir-birinizlə danışa da bilərsiniz. Siyavuş Novruzov olmayanda sən danışdın, sən olmayanda Siyavuş Novruzov danışdı. Bura Milli Məclisdir, belə məsələləri bura çıxarmaq düzgün deyil.
Uşaqlarla bağlı danışanda, Rusiyanı misal çəkdiniz. Rusiya nəyə görə bunu eləyir? Ona görə zəhmət çəkin, Rusiyanın da demoqrafiyasına baxın, Azərbaycanın da. Musa Quliyev, buyurun.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Düşünürəm ki, tənqid eləyəndə obyektiv olmaq lazımdır, tərifləyəndə də əndazədən çıxmaq lazım deyil. Büdcə layihələrinin müzakirəsi həmişə belə gərgin keçir. Düşünürəm ki, bununla hər şey qurtaracaq. Əsas odur ki, münasibətlər qalsın. Əsas odur ki, Azərbaycanda sosial müdafiənin və sosial təminatın dəqiq işləyən bir mexanizmi yaranıbdır. Əsas odur ki, Azərbaycanda ildən-ilə sosial müdafiə sistemində ən azı 30 faiz gəlirlərin və xərclərin artımı prosesi gedir və iki il bundan qabaq Azərbaycanda pensiyanın baza hissəsi 20 manat idisə, artıq gələn il üçün 65 manat nəzərdə tutulur. Tənqid eləyəndə bunları da demək və bu müqayisəni də aparmaq lazımdır.
Mən Dövlət Sosial Müdafiə Fondunun büdcəsini bəyəndiyimi və dəstəklədiyimi bildirərək, bir neçə təklifimi söyləmək istəyirəm. Məsələ burasındadır ki, 1941–1945-ci illər müharibəsindən artıq 62 il vaxt keçib və müharibədən sonra doğulan insanların pensiya yaşı gəlib çatıb. 1941–1945-ci illərdə insanların doğum faizi xeyli aşağı düşdüyündən son 5 ildə pensiyaçıların sayı az idi. Müharibədən sonrakı illərdə isə Azərbaycanda doğulan uşaqların sayı xeyli çoxdur. 2–3 ildən sonra pensiyaçıların sayı çox sürətlə artacaq. Bunu nəzərə almaq lazımdır.
Digər tərəfdən, Azərbaycanda orta ömür həddi ildən-ilə yüksəlir. Orta ömür yüksəlibsə, deməli, pensiya yaşında olan insanların da sayı artacaqdır. Üçüncü bir səbəb isə budur ki, artıq Azərbaycanda tibb sahəsində müasir texnologiyaların tətbiq olunması nəticəsində xroniki xəstəliklərin müddəti uzanır. Əvvəllər insanlar müəyyən xəstəlikdən yarım ilə, bir ilə dünyasını dəyişirdilərsə, indi artıq xroniki xəstələr 5–10 il yaşayırlar. Deməli, əlillərin sayı da artacaqdır. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Dövlət Sosial Müdafiə Fondunun pensiya təminatının stabilliyini qorumaqdan ötrü tədbirlər görmək lazımdır. Burada Səlim müəllim bir məsələni dedi, mən onu dəstəkləyirəm və düşünürəm ki, büdcədən pensiya fonduna transferi “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişiklik edib qanuna salmalıyıq və müəyyən faiz müəyyən etməliyik.
Digər tərəfdən, düşünürəm ki, biz o vaxtlar tələsdik, inzibati sığorta haqlarının faizlərini aşağı saldıq. Bunu bir də müzakirə etmək, lazım gələrsə, bir-iki faiz qaldırmaq məsələsinə də baxmaq lazımdır. Digər təklifim ondan ibarətdir ki, sosial sığortaya cəlb olunmasını inzibati qaydada həyata keçirmək lazımdır. Burada səsləndi ki, müəyyən sahələrdə çalışan insanların inzibati sığortaya cəlb olunmasında problemlər vardır.
Digər təklifim büdcənin xərcləri ilə bağlıdır. Sanatoriya-kurort yollayışlarının miqdarı ötən ildəkinə nisbətən 0,2 faiz artıb. Hökumətin gələn il üçün bizə verdiyi proqnoza görə 12–14 faiz inflyasiya gözlənilir. Deməli, gələn il sanatoriya-kurort yollayışlarına çəkilən xərclər nəinki artacaq, əksinə, 10 faiz də aşağı düşəcəkdir. Bununla əlaqədar təklif edirəm ki, sanatoriya-kurort yollayışlarının məbləğinin artırılması imkanlarına baxılsın.
Əlillərin reabilitasiya xərcləri azaldılıb. Mən düşünürəm ki, əlillərin reabilitasiya xərclərini artırmaqla gələcəkdə əlillərin və pensiyaçıların sayını azaldacağıq. Bəri başdan əlillərin reabilitasiya xərclərini artırmaqla o sahəyə kapital qoymuş oluruq.
Sonra, əlillərin və müharibə veteranlarının təşkilatı mənə müraciət edibdir. ”Əlillərin sosial müdafiəsi haqqında” Qanunda belə bir müddəa var ki, əlillərin və veteranların mətbuat orqanlarının saxlanılmasına dövlət tərəfindən vəsait ayrılır. Mən təklif edirəm ki, ya Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, ya da dövlət büdcəsindən əlil təşkilatlarının qəzetlərinin saxlanılması üçün vəsait ayrılsın.
Sonra, yaşayış minimumunun ən azı 75 manat, ehtiyac meyarının isə 50 manat olmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar və hökumət üzvləri! Mən hörmətli həmkarım Pənah Hüseynin çıxışına münasibət bildirmək istəyirəm. Hörmətli həmkarlarımın belə çıxışlarına Milli Məclisin üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri alışıblar. Hörmətli hökumət üzvlərindən və qonaqlardan da xahiş edirəm, buna bir az anlaqlı yanaşsınlar, çünki hörmətli həmkarım Baş nazir olduğu dövrün nostalji hisslərindən hələ ayrılmayıb. Amma ayrılmağın vaxtı çoxdan çatıb. Həmin vaxt elə dövr idi ki, hörmətli həmkarım Pənah Hüseyn və onun siyasi komandası Azərbaycanı nəhəng bir laboratoriyaya çevirmişdilər və Azərbaycan xalqının üzərində siyasi eksperimentlər aparırdılar. İndi artıq nə eksperiment aparmaq mümkündür, nə də o işləri görmək. Ən azı ona görə ki, Azərbaycan xalqı kimin kim olduğunu və öz taleyini kimə etibar etməyi yaxşı bilir.
Hörmətli həmkarlarım, hər bir dövlətin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri də sosial siyasətdir, cəmiyyətin əlil, qoca, aztəminatlı, köməyə ehtiyacı olan kütləsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər kompleksidir. Bu gün Azərbaycanda sürətli sosial inkişafa əsaslanan siyasət yeridilir və bunun da bariz nümunəsi Dövlət Sosial Müdafiə Fondunun bu gün müzakirəyə təqdim olunan büdcəsidir. Mən heç də belə hesab etmirəm ki, bu büdcə layihəsi ideal bir sənəddir. Sözsüz ki, ideal heç nə yoxdur. Hər bir sənəd kimi, bu sənədin də müəyyən təhlilə ehtiyacı var, amma bu sənədin tənqid olunması heç də onun yararsızlığını ifadə eləmir. Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsinin 1 milyard 267 milyon 170 min olmasını və bunun 2007-ci ilin büdcəsi ilə müqayisədə təxminən 28 faiz artıq olmasını təqdirəlayiq hal hesab edirəm. Əgər fikir versəniz, bu rəqəm təxminən Ermənistan Respublikasının dövlət büdcəsinə yaxındır.
Büdcənin müsbət hallarını konkret rəqəmlərlə sadalamazdan əvvəl təkliflərimi demək istərdim. Büdcənin təxminən 76,3 faizi dövlət vəsaiti hesabına formalaşır ki, gələcək illərin büdcəsi tutulanda, mən hesab edirəm, bu ənənədən çəkinmək və bu faizi azaltmaq lazımdır. Bununla yanaşı, mən minimum əmək haqqının və pensiyaların baza hissəsinin yaşayış minimum həddinə yaxınlaşdırılmasının qarşıya bir məqsəd kimi qoyulmasını da alqışlayıram. Qeyd etmək istəyirəm ki, özəl sektorun inkişafı üçün respublikada əlverişli şərait yaradılır. Bunu ümumi daxili məhsulun strukturunda qeyri-dövlət sektorunun payının 89 faiz müəyyən edilməsi ilə də görə bilərik. Amma təəssüflər olsun ki, özəl sektorun bütün potensialı Dövlət Sosial Müdafiə Fonduna cəlb olunmayıb. Bunu son çıxışlarında cənab Prezidentin özü də vurğuladı.
Bununla yanaşı, mən hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsini qəbul etmək lazımdır. Mən bu sənədə səs verəcəyəm və hörmətli həmkarlarımı da buna səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım, hörmətli hökumət nümayəndələri və dəyərli mətbuat nümayəndələri! Bu gün burada qeyd olunduğu kimi, sözün həqiqi mənasında, əhalimizin 1 milyon 300 minlik təbəqəsinin 2008-ci ildə yaşayış səviyyəsi müzakirə olunur. Siyavuş müəllimin bu məsələyə belə dırnaqarası baxması, laqeyd yanaşması başa düşülən deyil. Oqtay müəllim, insanlarımızın, xüsusən deyilən təbəqənin yaşayış səviyyəsinin və gündəlik qayğılarının nə qədər ağır olduğunu hər halda Siz də bilirsiniz və millət vəkilləri də bilirlər. Bu barədə bizə yüzlərlə, minlərlə müraciətlər var.
Burada rəqəmlərin dili ilə çox şey demək mümkündür. Ümumi daxili məhsulun artımından danışmaq olar. 2006-cı ilə nisbətdə bu il pensiyalara edilən əlavələrin müəyyən faiz artırılmasından çox danışmaq olar. Amma hər kəs bilir ki, bu insanlar gündəlik tələbatla, gündəlik yaşayışla üz-üzə qalırlar. Mən xahiş edirəm, Oqtay müəllim, səmimi olaraq bu sualıma cavab verin. Mən və Siz 40 manat pensiya alıb bir ayı başa vura bilərikmi? Əgər qıraqdan bir gəlirimiz yoxdursa, həqiqi mənada mümkün deyil. Mən sizinlə razıyam ki, bu müzakirələri etməyə də ehtiyac yoxdur. Bu gün, bayaq qeyd etdiyim kimi, 1 milyondan yuxarı insanın aldığı pensiyalar 40 – 60 manat civarında dəyişir. Axı, bu insanların hazırkı bazar qiymətləri ilə yaşamaq imkanları yoxdur. Həmin insanların biz deputatlara, burada belə bir məsələnin müzakirəsini istəməyən insanlara da yüzlərlə müraciətləri var. Həmin əhalinin deputatı onun yaşayışı ilə maraqlanmalıdır, belə məsələləri bu tribunadan qaldırmalıdır. Hökumət bunlara laqeyd qalmamalıdır.
Baxıram, xərclər hissəsində elə lazım olmayan yerlərə xərclər ayrılıb ki. Burada hörmətli Səlim Müslümov dedi ki, tikinti sahəsində çalışan 200 – 300 min, şadlıq evlərində çalışan təxminən 40 mindən yuxarı adamı məcburi sosial sığortaya cəlb edə bilmirik. Məgər yerlərdə, xüsusən də onun özünün qeyd etdiyi kimi, Bakı, Abşeron və Sumqayıtda tikinti sahələrində işləyən insanların sayı ilə iş yerlərində sosial orqanların işçiləri gedib gündəlik tanış olmurlarmı? Olurlar. Orada gözə görünməyən qara əllər var. Həmin əllər də bu məsələlərin həllini tapmasına imkan vermirlər.
Mən hörmətli hökumət üzvlərinin hər gün işə gedib-gəldiyi hökumət binasının təmirində çalışan yüzlərlə insanın cənab Əli Əhmədovun qardaşının gözü qarşısında məcburi sosial sığortaya cəlb olunmamasını deyirəm Sizə, Səlim müəllim. Siz də bunu bilirsiniz. Bu gün şadlıq evləri, tikinti şirkətləri müsavatçıların, müxalifətçilərin deyil. Burada çalışan 230 min insan hökumət üzvlərinin dəstəklədikləri şirkətlərin, biznesmenlərin işlətdikləri insanlardır ki, onları da sosial sığortaya cəlb etmək olmur. Nəyi düz danışırıq? Kimdən nəyi tələb edirik? Bunlardan danışmaq lazımdır. Mən çox xahiş edirəm, Səlim müəllim, bayaq verdiyim suala səmimi olaraq cavab verin. 50 manat bir ay ərzində 60–70 yaşında olan insanın, – mən hələ onların xəstəliklərini nəzərə almıram, – ancaq ölməmək üçün bazar qiymətləri ilə gündəlik ərzağını təmin etməyə kifayət edirmi? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mənim Sizə hörmətim var, amma görürəm, Pənah bəylə yanaşı oturandan sonra bir balaca xasiyyətləriniz də uyğunlaşır. Əfsus ki, Pənah bəy getdi. Yenə deyirəm, belə populist çıxışlardan kənar olun. Sizdən qabaq Səlim Müslümov çıxış edəndə özü bu məsələləri qaldırdı. Bəli, tikintidə belə məsələlər var. Gördüyünüz kimi, hökumət bununla məşğuldur. Tikintidə işləyənlər də özümüzünkülərdir, işlədənlər də. Birdən-birə bütün çatışmazlıqları ortadan qaldırmaq olmaz.
Sizdən qabaq hökumət nümayəndələri dedilər, bunları ortadan qaldırmağa çalışırlar. Vaxtı ilə Sizin yaratdığınız problemləri yavaş-yavaş həll etməyə çalışırıq. Dediyinizdən də belə çıxır ki, ildən-ilə yaxşılığa doğru yox, tənəzzülə doğru gedirik. Dünənki söhbətlərə qayıtmaq istəmirəm. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada müzakirə olunan məsələ ilə bağlı fikirlərimiz bəllidir. Biz qanun layihəsini dəstəkləyirik və buna səs verəcəyik. Lakin mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Burada hökumət üzvlərinə, iqtidara qarşı olmazın böhtanlar və şər sözlər söylənildi. Həmin adamların belə sözləri deməyə mənəvi haqları yoxdur. Azərbaycan xalqı üçün hansı bir işi görüblər ki, bu gün də həmin məsələ haqda çox yüksək səslə danışırlar? Oqtay müəllim, deyirsiniz ki, bunlar qarşılıqlı məsələlərlə bağlıdır. Mən bir neçə məsələni söyləmək istəyirəm.
Burada həmkarım Pənah Hüseyn iqtidarın əleyhinə çox kəskin və etikadan kənar fikirlər söyləyir. İndi mən bir neçə faktı sadalamaq istəyirəm. Siz Böyük vətən müharibəsində iştirak etmiş 600 min insanı hakimiyyətə gələn kimi vətən xaini adlandırdınız. Budur Azərbaycan xalqını təhqir etmək. Bu gün pensiyaların artırılmasından danışırsınız. Siz deyildinizmi, gələn kimi Əfqanıstan müharibəsində iştirak etmiş şəxsləri vətən xaini adlandırırdınız?
Yerdən. (Eşidilmir.)
S. Novruzov. Sakit ol. Çernobıl əlillərinə qarşı kampaniya apardınız ki, Rusiya ərazisində əlil olublar. Bu iqtidar onlara pensiya verir, onların sosial müdafiəsi ilə məşğul olur, sosial təminatını həll edir. Siz deyildinizmi, günahsız insanları, yoldan, metrodan tutulan müəllimi də, həkimi də yığırdınız avtobuslara, birinci ön cəbhəyə aparırdınız? Hamısı əlil, şikəst oldu. Hazırda bu iqtidar onlara ev tikir, maşın verir, onların reabilitasiyası ilə məşğul olur. Bəs bu işlər kimə layiq olmalıdır? Əlbəttə, sizə, nəinki bu iqtidara. Belə fikirlər söyləyirsiniz.
İkinci tərəfdən bu qədər maşın var. Burada Böyük vətən müharibəsi haqqında fikir söylənildi. Böyük vətən müharibəsindən 30 il keçəndən sonra SSRİ kimi dövlət müharibə veteranlarına güzəştlər etməyə, maşınlar verməyə, onları ev növbəsinə götürməyə başladı. Müharibə hələ qurtarmayıbdır, atəşkəs elan edilib. Bu gün həmin əlillərə, şəhid ailələrinə Prezident tərəfindən təqaüdlər də verilir. Milli Məclisin deputatı səviyyəsində əmək haqqı verilir. Günbəgün bu addımlar atılır. Nə qədər əlil evləri tikilib, Sovet hökumətinin ən güclü vaxtlarında belə veteranlara evlər tikilib verilməyibdir. Bu gün belə addımlar atılır. Hansı rayona baxırsan, orada hər gün 10–20 ailəyə evlər, həyətyanı sahələr verilir.
Bu qədər qaçqınlarımız var. Qaçqınların sosial təminatı ilə bağlı məsələlər həll olunur. 1 milyon adam işləmir, yəni onların qaçqın statusu var. Dövlət Neft Fondundan gələn gəlirlərlə onlara evlər tikilir. Prezident deyir ki, bir dənə də çadır şəhərciyi qalmayacaqdır və özünüz görürsünüz, pulsuz-parasız onların hər birinə ev tikilir, torpaq sahəsi ayrılır, kənd təsərrüfatı ilə məşğul olmaları üçün onlara ev heyvanları verilir və sair. Bəs bunları niyə demirsiniz? Bunları deməyə niyə diliniz gəlmir? Burada insanları şantaj etməklə məşğulsunuz. Aydındır, sizdən müsahibə götürmürlər. Qəzet səhifələrində 1–2 gün qalmaqal yaratmaqdan ötrü bu fikirləri deməyə məcbur olursunuz.
Başa düşürük. Başa düşürük ki, belə fikirləri 5 dəqiqə deyib, çıxıb gedirsiniz. Sizi sosial təminat maraqlandırmır. Məgər bir həftə bundan qabaq vergilər müzakirə olunanda mən demədimmi ki, tikintilərdə işləyənləri qeydiyyata götürüb sosial müdafiələri ilə məşğul olmaq lazımdır? O cümlədən restoranlarda çalışanların məsələsini biz burada qaldırmadıq? Biz problemləri də, onların həlli yollarını da görürük və bu istiqamətdə işlər aparırıq. Sizin burada danışığınız, böhtanlarınız, insanları şantaj etməyiniz tamamilə başqa məqsədə xidmət edən məsələlərdir.
15 il bundan qabaqkı ab-havanı beyninizdən çıxarın. Birincisi, dövr o dövr deyil. İkincisi, zaman o zaman deyil. Üçüncüsü, Milli Məclis o Milli Məclis deyil. Burada artıq-əskik hərəkət edə bilməzsiniz. Bu sizə 1990-cı ilin Milli Məclisi deyil. Burada oturanlar da Ayaz Mütəllibov və ya başqa adamlar deyildirlər ki, siz nə söz desəniz, qırağa çəkilsinlər. Kəskin şəkildə cavab da verəcəyik, təhqir də olunacaqsınız, söz deyəcəksiniz, söz deyəcəyik. Əsaslandıra bilirsiniz, əsaslandırın. Qeyd edilmiş rəqəmlər haqqında bir fikir deyəydiniz də. Elə həmişə məsələnin ətrafında danışırsınız. Konkret danışın, kiminlə də istəyirsinizsə, debata hazırıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İclası aparan mənəm, mən əsəbiləşməliyəm, amma Siyavuş Novruzov əsəbiləşir. Mən, axı, əvvəldən dedim ki, barmaqhesabı iqtisadiyyatdan danışmaq, populist nitq söyləmək bir şeydir, əsl çıxış etmək başqa şeydir. Artıq yavaş-yavaş bunlara da öyrəşirik. Xalq da, millət də görür. Hamınızdan xahiş edirəm, əsəbsiz, sakit qaydada iclasımızı davam etdirək. Astan Şahverdiyev.
A. Şahverdiyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün bütün sahələr prioritet sahələrdir. Lakin bu prioritetlər içərisində daha prioritet olanlar var ki, bunlardan da birincisi Qarabağ probleminin həlli, ikincisi məcburi köçkün və qaçqınların sosial müdafiəsidir. Üçüncü, bütövlükdə Azərbaycan cəmiyyətinin sosial müdafiəsidir.
Mən burada Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr tarixli fərmanından misal gətirmək istəyirəm. Bu fərman qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması üçün dövlət proqramına əlavələr haqqındadır. Böyük bir fərmandır və burada, ümumiyyətlə, müxtəlif sahələr üzrə çoxhəcmli işlər nəzərdə tutulmuşdur. Mən hesab edirəm ki, elə bu fərmandan irəli gələn məsələlər Azərbaycan əhalisinin sosial müdafiəsinin tərkib hissəsidir.
Biz burada Hadi müəllimin və hörmətli Səlim müəllimin məruzələrini diqqətlə dinlədik. Mən hesab edirəm ki, Səlim müəllimin etdiyi məruzə çox yüksək səviyyədə, müasir informasiya texnologiyasının müddəalarını nəzərə almaqla təqdim olundu. Keçən il də həmin qayda ilə təqdim olunmuşdu. Amma Səlim müəllim, bu dəfə şriftləri çox kiçik götürmüşdünüz. Ekranda yaxşı oxunmurdu. Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il üçün büdcəsində bir sıra pozitiv hallar vardır. Bunlar, əvvəla, pensiyaların, digər sosial müdafiə investisiyalarının artırılmasıdır. Digər tərəfdən, pensiyaların bankomatlar vasitəsi ilə paylanması, plastik kartların əhaliyə verilməsidir. Bunları pozitiv hal kimi qeyd edirəm. Burada, demək olar ki, söz-söhbətə, neqativ hallara yol verilmir, şəffaflıq təmin olunur. Mən bu layihənin lehinə səs verəcəyəm. Millət vəkillərini də həmin addımı atmağa çağırıram, xahiş edirəm.
Bir neçə məsələ ilə bağlı təkliflərim var. Söhbət çoxuşaqlı ailələrdən gedir. Burada söhbət oldu ki, Azərbaycanda demoqrafik vəziyyət o qədər də pis deyil. Amma nəzərə almaq lazımdır ki, xüsusi ilə də şəhər yerlərində bu məsələdə geriləmə olmasa da, durğunluq var. Bunu da aradan qaldırmaq üçün, mənə elə gəlir ki, çoxuşaqlı ailələrin sosial müdafiə baxımından xüsusi təminatları olmalıdır.
Digər tərəfdən, məni həmişə düşündürən bir məsələ haqqında keçən il də demişdim. Mənim ali məktəbdə rəhbərlik etdiyim kafedrada yaşı 70-dən yuxarı 5 müəllim var. Onların içərisində sağlamı da, xəstə olanı da var. Onların aldıqları pensiyalar kifayət etmir ki, onlar pensiyaya getsinlər. Ona görə də ali məktəbdə çalışmaqda davam edirlər. Bundan təhsilin keyfiyyəti də aşağı düşür, çünki həmin insanlar yaşa dolublar, xəstəlik halları da olur. Nə cür məsləhətdirsə, bu haqda qərar qəbul edilsin. Bəlkə ali məktəblərdə çalışan professorların, dosentlərin pensiya təminatı xüsusi kateqoriya kimi bir qədər artırılsın.
Digər tərəfdən, qeyd etmək istəyirəm ki, insanın bir arzusu var, bir də imkanı. Biz həmişə arzumuz və imkanımızı bir müstəvi üzərinə gətirməyə çalışmalıyıq. Mən də çox şey arzulayıram, amma builki büdcə keçən ilin büdcəsinə görə daha yetkindir, irəliyə bir addımdır. Hesab edirəm ki, gələcəkdə bu daha da yetkin olacaqdır.
İkram İsrafilov burada fikirlərini söylədi. İkram müəllim mənim tələbəm olub. Mən Dövlət Texniki Universitetində ona dərs demişəm. Mən inanmıram ki, əhalinin müəyyən kateqoriyası 50 manat pensiya alsın. Amma 200-500 manat pensiya alan insanlar da var. Burada orta rəqəmi tapmaq lazımdır. Digər tərəfdən, burada yaşayış minimumu, ehtiyac meyarı haqqında fikirlər deyildi. Mən hesab edirəm ki, Səlim müəllim yüksək səviyyəli elm adamıdır...

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Doğrudan da, deputat həmkarlarımız büdcə haqqında öz fikirlərini bildirdilər. Mən də öz fikirlərimi bildirmək istəyirəm. 2008-ci il üçün büdcə layihəsində 2007-ci illə müqayisədə xeyli artım nəzərdə tutulur. Bu artım da 28 faiz təşkil edir. Hörmətli millət vəkilləri burada bəzən pensiyaların azlığından şikayət edirlər. Xərc maddəsində bütün sahələrdə dövlət büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun imkanları daxilində artım nəzərdə tutulur. Hamıya məlumdur ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əmək haqqı fondundan da asılıdır. Burada qeyd etdilər ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlardan gələn vəsaitdən, bir də qeyri-dövlət təşkilatlarında çalışanların əmək haqqından asılıdır.
Hörmətli Səlim müəllim qeyd etdi ki, bir çox özəl sektorda – tikinti şirkətlərində, otel, restoran biznesində çalışan işçilərin bir qismi, demək olar, uçota alınmır və onların əmək haqqı hesablanmır. Bu da Dövlət Pensiya Fondunun ayırmalarının aşağı səviyyədə olmasına gətirib çıxarır. Burada iki məqsəd var. Dövlət Pensiya Fondunun gəlirlərinin artması təkcə burada çalışan işçiləri deyil, digər idarə və müəssisələri də fikirləşməlidirlər. Əgər onlar Dövlət Pensiya Fonduna vaxtlı-vaxtında əmək haqqı köçürmürlərsə, demək, pensiyaların vaxtında pensiyaçılara çatdırılması yubadılacaq.
İkinci tərəfdən, işə girən insanlar birinci növbədə işəgötürənlər ilə müqavilə bağlamalıdırlar. Tələb edilməlidir ki, işəgötürən onun əmrini versin, əmək haqqının miqdarını bildirsin və Dövlət Pensiya Fondunda nə qədər əmək haqqı keçiriləcəyi barədə məlumat versin. Bu insanlar düşünməlidirlər ki, gələcəkdə pensiyaya çıxa, ağır xəstəliyə düçar ola bilərlər. Bu tədbirlər isə onların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir. O cümlədən biz, həmkarlar təşkilatı da çalışmalıyıq ki, orada çalışan işçilər qanunauyğun işə götürülsünlər və onların əmək haqqında fondlara ödənişlər ayrılsın.
Mənim də burada əsas fikrim bundan ibarətdir ki, imkan daxilində yaşayış minimumuna, ehtiyac meyarına bir daha baxılsın. Əgər ehtiyat imkanlar vardırsa, bir daha bu məsələ üzərində düşünülsün. Üçüncü, həmkarlar təşkilatlarına ayrılan vəsaitləri nəzərə çatdırmaq istəyirəm. Keçən il də inflyasiya nəzərə alınaraq artım nəzərdə tutulmayıb. Yəni belə çıxır ki, bu il də nəzərə alınmasa, biz sağlamlıq müəssisələrinə keçən il 20 min nəfər göndərdiksə, gələn il həmin rəqəm 18 minə düşəcək. Mən xahiş edərdim ki, inflyasiya nəzərə alınaraq bu məsələyə diqqət yetirilsin.
Mənim Səlim müəllimə bir sualım var. 2006-cı ildən ölkəmizdə beynəlxalq standartlara tam cavab verən pensiya sistemi fəaliyyət göstərir. Bu məqsədlə qəbul olunmuş “Əmək pensiyaları haqqında” Qanunla əmək pensiyasının üç hissədən, yəni baza, sığorta və yığım hissələrindən ibarət olması təsdiq olunur. Müzakirə etdiyimiz büdcə isə yalnız baza və sığorta hissələrini nəzərdə tutur. Pensiyaların sosial müdafiəsi baxımından yaxın perspektivdə yığım pilləsinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu məsələ eləcə də islahatların dərinləşməsi üçün həlli vacib tədbirlərin, hesablamaların yeni modellərinin tətbiqini zəruri edir. Bunu Səlim müəllim də çıxışında qeyd etdi. Bilmək istərdim ki, bu sahədə işlər hansı vəziyyətdədir? Dövlət Sosial Müdafiə Fondu hansı işləri görməyi planlaşdırır? Mən hörmətli deputat yoldaşlarımızdan xahiş edirəm ki, bu büdcəyə səs versinlər, büdcə qəbul olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Səttar müəllim. Arif Rəhimzadə.
A. Rəhimzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən hesab edirəm ki, Dövlət Pensiya Fondunun hesabatı qəbul olunmalıdır. Siyasi mənsubiyyətimizdən asılı olmayaraq, biz hamımız qəbul etməliyik ki, 2006-cı ildən, qanun qəbul olunandan sonra biz yeni, müasir bir sistemə keçmişik. Bu sahədə böyük işlər görülür və olan çatışmazlıqlar, problemlər tədricən öz həllini tapacaq. Bax, bu baxımdan, əlbəttə, biz Dövlət Pensiya Fondunda yaradılan sistemlə razılaşmalıyıq və buna müsbət səs verməliyik.
Mən, eyni zamanda, burada bir məsələni də qaldırmaq istəyirəm. Pensiya məsələsi elə bir məsələdir ki, həmişə burada narazılıq olacaqdır. Ancaq mən hesab edirəm ki, burada bir prinsip olmalıdır. Ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Qanun çox ədalətli prinsiplərə əsaslanan bir qanundur. Mən burada böyük bir ədalətsizlik görürəm. Söhbət 1990-cı illərin əvvəllərində pensiyaya çıxan insanlardan gedir. Həmin insanlar pensiya almaqla bərabər uzun müddətdir işləyirlər. 10 il və ya daha çox müddət ərzində Dövlət Pensiya Fonduna daimi ayırmalar keçirirlər. Keçən ilə kimi onlar hətta pensiyalarının da yarısını alırdılar.
Keçən ildən yeni qanuna görə onlar pensiyalarını tam alırlar və eyni zamanda da işləyirlər. Ancaq iş burasındadır ki, bu müddət ərzində məvaciblər bir neçə dəfə artıbdır. Nəticədə belə bir hal yaranır: hansısa bir şəxsin tabeliyində olan işçi ondan sonra pensiyaya çıxıbdırsa, onun pensiyası müdirinin pensiyasından çoxdur. Bu, əlbəttə, böyük bir kontingenti əhatə edir. Lakin mən hesab edirəm ki, bu məsələ də tədricən, pillə-pillə həll olunmalıdır. Bu məsələ ilə bağlı bir neçə dəfə Səlim müəllimlə söhbətimiz olubdur. Mən bilmək istəyirəm ki, bu məsələ ilə əlaqədar hansı iş görülür və həmin problemin həlli perspektivi nədən ibarətdir?
Mən bir neçə misal gətirmək istəyirəm. Misal üçün, Milli Elmlər Akademiyasından, yaxud Bakı Dövlət Universitetindən elmlər namizədi, baş elmi işçi, dosent 1990-cı illərin əvvəllərində pensiyaya çıxıbsa, onun pensiyası cəmisi 52 manatdır. Professorun, elmlər doktorunun pensiyası 57 manatdır. Ancaq həmin ildən sonra pensiyaya çıxan adamların vəzifələri də onlardan aşağı olan adamların pensiyaları onlarınkından dəfələrlə çoxdur. Mən hesab edirəm ki, bu çox ədalətsiz bir məsələdir və həll olunmalıdır. İndiyə kimi bu insanların haqqında konkret bir rəqəm göstərilməyib. Lakin mən hesab edirəm ki, ilk növbədə bu məsələ tədris, elmi tədqiqat müəssisələrində işləyənlərə şamil edilməlidir.
Bu məsələ həll edilərkən müəyyən şərtlər də qoymaq olar. Həmin adamların pensiyası yenidən hesablanır, onlar iş yerlərini tərk edirlər, pensiyaya çıxırlar və işləmirlər. Belə bir qərar qəbul olunsa, iş yerləri də yaranacaqdır. İşlə təminat məsələsi yaxşılaşacaqdır. Bunun bir çox müsbət cəhətləri olacaqdır. Həmin adamların pensiyaları o vaxt yenidən hesablanır ki, onlar işlədikləri müddətdə pensiyadan imtina etsinlər. Belə bir hal da ola bilər. Hər halda mən hesab edirəm ki, bu məsələ həll olunmalıdır. Mən təkrar edirəm, Səlim müəllimin bu məsələyə münasibətini və məsələnin həlli perspektivini bilmək istəyərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Saat 4-ə qədər fasilə elan edilir.


(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, Milli Məclisin iclası davam edir. İclasın birinci hissəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsi və digər qanun layihələrinin müzakirəsi ilə əlaqədar xeyli deputatımız çıxış etdi. Mən istərdim, Səlim müəllim qaldırılan məsələlərə, imkan daxilində münasibətini bildirsin. Sonra müzakirələri davam etdirərik.
S. Müslümov. Çox sağ olun, Ziyafət müəllim. Öncə icazə verin, bütün millət vəkillərinə dərin təşəkkürümü bildirim ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsinə çox diqqətlə yanaşdılar və burada çox vacib məsələlər qaldırdılar. Vahid müəllim pensiyaların baza hissəsinin “Əmək pensiyaları haqqında” Qanuna uyğun surətdə bir dəfədən az olmayaraq və istehlak qiymətlərindən az olmayaraq qaldırılması, sığortanın indeksləşdirilməsi barədə sual verdi. Bəli, Vahid müəllim, 2006-cı ildə baza hissəsi 2 dəfə qaldırılıb, 2006-cı il aprelin 1-də və 2006-cı il oktyabrın 1-də bu məqsədlərlə 70 milyon manat vəsait yönəldilib. 2007-ci il yanvarın 1-dən və fevralın 1-dən 2 dəfə qaldırılıb və 2007-ci il ərzində bu məqsədlərə 285 milyon manat vəsait yönəldilib. Nəhayət, 2007-ci ilin yanvar ayında pensiyaların sığorta hissəsi indeksləşdirilib, 2006-cı ilin istehlak indeksinə uyğun olaraq 8,3 faiz olub və buna da 8,7 milyon manat vəsait yönəldilib.
Burada hörmətli Azay müəllim yeraltı işlərdə çalışmış və xəsarət almış şəxslərin əlilliyinə görə pensiyalardan əlavə xəsarətə görə ödənclərin alınmalarındakı çətinliklər barədə məsələ qaldırdı. Hörmətli Azay müəllim, Əmək Məcəlləsinin 239-cu maddəsində pensiyanın həmin hissəsinin vurulmuş zərərin müəssisələr tərəfindən verilməsi göstərilir. Lakin elə müəssisələr var ki, onlar mənfəətlə çalışa bilmir, bəzi müəssisələr ləğv olunub, bəzilərinin isə varisi yoxdur. Bu halların hamısını aradan qaldırmaq və belə şəxslərin onlara dəymiş zərərə görə ödənclərlə təmin olunması üçün hazırda hökumət tərəfindən İstehsalatda bədbəxt hadisələrdən məcburi sığortalanma haqqında qanun layihəsi hazırlanır, artıq ona mütəxəssis rəyləri verilərək düzəlişlər aparılıb. Fikirləşirəm ki, yaxın zamanlarda bu layihə Milli Məclisə təqdim olunacaq. O zaman belə şəxslərin müavinətləri həmin sığortalanma fondu hesabına maliyyələşdiriləcəkdir.
Burada Azay müəllim 1 və 2 saylı siyahılarla bağlı məsələ qaldırdı. Həmin siyahılar yenə mövcuddur, sadəcə olaraq, həmin iki siyahı deyil, vahid siyahıda birləşdirilib. Həmin siyahıların birləşdirilməsindən əmələ gələn siyahı üzrə pensiyaya çıxanların pensiyaya çıxma yaşında güzəştlər edilib. Onlar adi insanlardan 5 il tez pensiyaya çıxırlar. Amma burada yeni sığorta pensiya sistemi tətbiq etmək mümkün deyil, çünki yeni sığorta pensiya sistemi bilavasitə fərdi hesablarda yığılan vəsaitlərə görə hesablanır. Dövlət hər bir pensiyaya çıxan şəxsə yalnız baza hissəsini və bir də öz hesabına topladığı vəsaitə uyğun sığorta hissəsini verə bilər. Artıq yeni sistemdə hər hansı başqa fərqləndirmə mümkün deyildir.
Əli Məsimli burada əmək haqları 51 manatdan yuxarı məhdudlaşdırılmış şəxslərin pensiyalarının yenidən hesablanması barədə məsələ qaldırdı. Əli müəllim, bizim apardığımız ilkin hesablamalar göstərmişdir ki, bu gün 1 milyon 204 min pensiyaçıdan təqribən 106 min nəfəri vaxtı ilə, 2006-cı il yanvarın 1-nə qədər pensiyaya çıxmış və pensiyası hesablanan zaman əmək haqqına məhdudiyyət tətbiq olunmuşdur. Onların pensiyalarının yenidən hesablanmasından sonra artırılmış məbləğlə ödənilməsi üçün təqribən 32 milyon manat vəsait nəzərdə tutulmuşdur. Təbiidir ki, biz Hesablama Palatasının təkliflərini Dövlət Sosial Müdafiə Fondunun növbəti büdcəsinin tərtibi zamanı nəzərə alacağıq. Biz artıq bu ilin büdcəsində Hesablama Palatasının, hökumətin hesabatı zamanı verdiyi təklifləri nəzərə almışıq və xərclərin tərkibindən sosial sığorta haqları ilə əlaqəsi olmayan xərclərin təmizlənməsini həyata keçirmişik.
Mən çıxışımda da qeyd etdim, bundan sonra çıxış edən İqbal Ağazadə də qeyd etdi ki, niyə əlillərin idman və sair reabilitasiya məsələsinə cəmi 664 min manat, tikinti üçün isə cəmi 318 min manat vəsait ayrılıb. Bu, həmin məsələ ilə bağlıdır. Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən artıq Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi üçün nəzərdə tutulan xərclərin tərkibindən tikinti və reabilitasiya mərkəzinin qurulması ilə bağlı xərclər çıxarılıb, çünki bunların sosial sığorta haqları ilə heç bir əlaqəsi yoxdur. Amma nəzərinizə çatdırıram ki, əgər keçən il bu məqsədlərə görə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 11,4 milyon manat vəsait nəzərdə tutulmuşdusa, bu ilin dövlət büdcəsinin investisiya xərclərində bu məqsədlər üçün 27 milyon 65 min manat vəsait nəzərdə tutulub. Gördüyünüz kimi, bu məqsədlər üçün 2 dəfə yarımdan çox vəsait ayrılıb.
Burada Böyük vətən müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı İqbal Ağazadə məsələ qaldırdı. Bu gün Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan pensiyaçıların 13462 nəfəri Böyük vətən müharibəsi əlilləri kimi pensiya alırlar. Onların 3146 nəfəri yaşa görə pensiya alan müharibə əlilləridir, 10317 nəfəri isə əlilliyə görə müharibə əlili kimi pensiya alanlardır. Diqqətinizə çatdırıram ki, “Əmək pensiyaları haqqında” Qanuna görə birinci qrup müharibə əlillərinə ödənilən pensiyanın baza hissəsi ikiqat həcmdə, ikinci qrup müharibə əlillərinin pensiyalarının baza hissəsində 75 faiz artım var, üçüncü qrupun pensiyasının baza hissəsi 50 faiz artımla verilir. Təbiidir, gələcəkdə imkanlar daxilində bu məbləğlərin daha da artırılması nəzərdən keçirilə bilər.
Fazil müəllim Mustafayev burada sığorta olunanların sığortaya alınmasındakı problemlərdən danışdı. Bunu hökumət bilir, Oqtay müəllim də çıxışında bunları qeyd etdi. Sığorta olunanların qeydiyyata alınması hökumətin bu gün gündəliyində duran ən vacib məsələlərdən biridir. Amma mən xahiş edirəm, çıxış edən zaman bunu nəzərə alın ki, bu gün biz cəmiyyətdə çalışanları nə müxalifətə, nə də iqtidara bölməliyik. Hər kəsin sosial sığortaya cəlb olunması çox vacib bir məsələdir, çünki bugünkü sığorta pensiya sistemi artıq sosial sığortaya cəlb olunmayan şəxslərin gələcək pensiyası üçün təminat vermir. Kim Dövlət Sosial Müdafiə Fondunda uçotda durmayacaqsa, gələcəkdə onların pensiyası olmayacaq. Yəni ilk növbədə hər bir şəxs bundan maraqlı olmalıdır. Biz yeni sosial sığorta pensiya sistemini yaratmaqla bu məsuliyyəti sığorta edənlərdən götürüb daha çox sığorta olunanların üzərinə keçirdik.
Mən təbii qəbul edirəm ki, işsizliyin mövcud olduğu bir şəraitdə sığorta olunanlar öz iş yerlərini itirməkdən qorxaraq bunları sığorta edənlərdən tələb etmirlər. Amma bu proseslərdə həmkarlar təşkilatlarının da çox güclü rolu olmalıdır. Bu məsələləri biz dəfələrlə Səttar müəllimlə müzakirə etmişik. Amma inzibati tədbirlərin gücləndirilməsi hesabına burada irəliləyişə nail olmaq hökumətin gündəliyində duran əsas məsələlərdən biridir. İşsizlik müavinətinin bu il ərzində artırılaraq 26 manatdan 45 manata çatdırılması nəzərdə tutulur. Buna uyğun olaraq işsizlik müavinətinin orta məbləği də 90 manata qədər qaldırılacaqdır. Bunun üçün kifayət qədər vəsait qoyulmuşdur.
Burada Fazil Mustafayev dəfn müavinətinin dövlətin üzərindən götürülməsi məsələsini qaldırdı. Əmək pensiyalarının baza hissəsinin artırılması hesabına dəfn xərclərinin qarşılanması üçün pensiyaçıların ailələrinə verilən məbləğlərin artırılması nəzərdə tutulur. Əgər növbəti ildə biz əmək pensiyalarının baza hissəsini 65 manata qaldıracağıqsa, bu o deməkdir ki, bu gün verilən 150 manat artıq gələn il 200 manata yaxın olacaq. Fikrimizcə, bu gün hökumətin təklif etdiyi və qanuna edilmiş dəyişiklik düzgündür. Sadəcə, baza hissəsinin daha sürətlə artımına nail olmağa çalışacağıq.
Burada bir neçə dəfə çıxışlarda səsləndi ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 23 faizi qeyri-büdcə sektorundan ayrılır. Bu, tamamilə belə deyil. Dövlət Sosial Müdafiə Fondu haqqında qanundan da görünür ki, bütün gəlirlərin 73 faizə yaxını məcburi dövlət sığorta haqları hesabına formalaşacaqdır ki, bunun da cəmi 37 faizi büdcə təşkilatlarında çalışanların əmək haqqından ödənilən sosial sığorta haqlarıdır. Qalan hissəsi, yəni 63 faizi qeyri-büdcə sektorundan daxilolmalardır. Ümumilikdə, hazırda muzdla işləyənlərin böyük bir hissəsi hələlik büdcə sektorunda çalışanlardır. Dövlət Sosial Müdafiə Fondunda da əsas ödəyicilər muzdla işləyənlərdirlər. Digər, kənd təsərrüfatında və sair sahələrdə işləyənlər üçün məcburi dövlət sosial sığorta haqlarının səviyyəsi çox aşağıdır və buradan toplanan vəsaitlərin məbləği də buna uyğun olaraq aşağı rəqəmlə ifadə olunur.
Burada Dövlət Sosial Müdafiə Fondunun saxlanma xərcləri ilə bağlı məsələ qaldırıldı ki, təkcə saxlanma xərcləri hamiləliyə, doğuşa, məşğulluğa görə ayrılan vəsaitlərdən çoxdur. Bir daha diqqətinizə çatdırmaq istəyirəm, Qüdrət müəllim, Dövlət Sosial Müdafiə Fondunun saxlanma xərclərinin 83 faizi əmək haqqı və əmək haqqına üstəlik xərclərdir. Burada Maliyyə Nazirliyinin nümayəndəsi oturub. Siz ondan məlumat ala bilərsiniz. Dövlət Sosial Müdafiə Fondu sistemində gələn il üçün əmək haqqı, əmək haqqına üstəlikdən başqa istənilən digər maddə üzrə artım nəzərdə tutulmayıb. Ancaq əmək haqlarının artımı da dövlət qulluqçularının əmək haqlarının artırılması zamanı öz həllini tapacaqdır. Büdcə layihəsində həllini tapıb, real həyatda da tapacaqdır.
Burada İkram İsrafilov tikintidə və şadlıq evlərində çalışanların uçota alınması ilə bağlı məsələ qaldırdı. Bir daha bildirmək istəyirəm ki, hazırda Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi və vergi orqanları birgə tədbirlər planı hazırlayırlar. Günorta fasilədə mən bizim fondun mərkəzi binasında oldum, təkcə bu gün 4 tikinti təşkilatı tərəfindən 852 nəfərin uçota alınması haqqında artıq bizə müraciət olmuşdur. Bir gün ərzində onların sayı bu qədər artır. Hər gün bu şəkildə artır. Cənab Prezidentin fərmanına uyğun olaraq tikinti sahəsində çalışan işçilərin qeydiyyata alınması prosesi sürətlə gedir. Eyni şəkildə bu tədbirlər şadlıq evlərini də əhatə edir. Mən fikirləşirəm ki, gələn il bundan daha kəskin fərqlənən rəqəmləri diqqətinizə çatdıra biləcəyik.
Arif müəllim Rəhimzadə 1990-cı illərin əvvəllərində pensiyaya çıxıb hazırda işləyən pensiyaçılar məsələsini qaldırdı. 1990-cı illərdə pensiya sistemində baş vermiş müəyyən neqativ halların tədricən aradan qaldırılmasına yeni sığorta pensiya sistemində nail olmuşuq. Ziyafət müəllim, bu gün yeni sistemlə 2006-cı il yanvarın 1-dən sonra pensiyaya çıxanların orta aylıq pensiyasının məbləği 157 manat təşkil edir. Amma 2006-cı il yanvarın 1-dən əvvəl, yəni köhnə sistemlə pensiyaya çıxanların əsas hissəsi 70 manata yaxın pensiya alır. Məhz bunun hesabına da pensiyaların orta məbləği aşağı düşür. Ən böyük neqativ hal nə zaman baş verib? 1992-ci ildə keçmiş sovet rubllarını Azərbaycan manatına çevirərkən pensiyaların transferti zamanı çox aşağı rəqəmlər götürülüb və bunu düzəltmək çox çətindir.
Sədrlik edən. O vaxtlar Pənah Hüseyn Baş nazir idi.
S. Müslümov. 1992-ci ilin yanvar ayında baş verən tarixi hadisədir. 1992-ci ilin yanvar ayında “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qəbul olunanda bu proses baş verib. Çox təəssüflər olsun ki, bu günə qədər bunu düzəltmək çətindir. Bir neçə gün bundan öncə Milli Məclis qanun qəbul etdi ki, 2006-cı il yanvarın 1-nə qədər pensiyaya çıxanların əmək haqqına tətbiq olunmuş məhdudiyyət götürülsün. Bununla 106 min nəfərin vəziyyəti düzələcək. Amma işləməkdə davam edən pensiyaçılar sonradan sosial sığorta haqqı ödəməkdə davam ediblər. Burada məsələ bir qədər incədir, çünki hazırda həmin şəxslərin təzədən əmək haqqı barədə arayış gətirmələri, onların yerində yoxlanması praktikada mümkün olmayan bir məsələdir. Dövlət Sosial Müdafiə Fondu dövlət başçısının tapşırığı ilə bu problem üzərində çalışır. Bunun elə bir həlli tapılmalıdır ki, subyektiv faktora yol olmasın. Bu gün həmin məsələnin müəyyən variantları var, işlər gedir və növbəti ildə, yəqin ki, biz öz təkliflərimizi dövlət başçısına təqdim edəcəyik.
Burada elm xadimlərinə, yəni elmlər namizədi, elmlər doktoru adlarına görə əlavə pensiyaların verilməsi məsələsinə toxunuldu. Bu məsələ də dövlət başçısının tapşırığı ilə tərəfimizdən işlənilir. Məlumat üçün bildirirəm ki, hazırda dövlət sosial müdafiə sistemində təqribən 8900-ə yaxın elmlər doktoru, təxminən 5 minə yaxın da elmlər namizədi olan pensiyaçı var. Onların pensiya təminatında baza hissəsinə əlavələrin edilməsi məsələsinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırda baxılmaqdadır. Bu da növbəti ildə öz əksini tapacaq məsələlərdəndir.
Səttar Möhbalıyev burada məsələ qaldırdı. Biz Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin həm komissiyada, həm də iclasdakı müzakirəsi zamanı sanatoriya-kurort müalicəsi xərclərinə vəsaitin az artırılması ilə bağlı deyilənləri qəbul edirik. Qanun layihəsinin müəllifi ilə bunu razılaşdıraraq həmin maddə üzrə inflyasiya faizinə uyğun artımın edilməsinə çalışacağıq. Səttar müəllim, eyni zamanda, aktual hesablamaların aparılması barədə sual verdi. Bəli, Səttar müəllim, biz hazırda Amerikanın Ticarət və inkişafa dəstək agentliyi ilə birlikdə qrant layihəsi hazırlayırıq. Onlar bizə bu sahədə ciddi yardım göstərmək fikrindədirlər. Burada təqribən 1 milyon 100 min dollar civarında qrant layihəsindən söhbət gedir. Onun 500 min dollarlıq hissəsi Azərbaycan tərəfinin payına düşəcək. Mən də millət vəkillərindən xahiş edəcəyəm ki, həmin dəyişikliyin büdcə layihəsində nəzərdə tutulmasına razılıq versinlər.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Hörmətli deputatlar, burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı fikirlər səsləndi. Mən istərdim, qısaca olaraq nazir müavini Natiq Məmmədov bu məsələlərə aydınlıq gətirsin. Buyurun, Natiq müəllim.
N. Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, bildiyiniz kimi, 2006-cı il iyulun 1-dən ləğv edilmiş bir neçə səmərəsiz müavinətin əvəzinə həmin ayın 26-dan ölkəmizdə ünvanlı sosial yardımın təyinatına və bu yardım üzrə vəsaitin ödənişinə başlanmışdır. Cari il noyabrın 1-nə olan məlumata görə, 10 ay ərzində ölkə üzrə 175 min 780 ailə rayon və şəhərlərdə əhalinin sosial müdafiə mərkəzlərinə müraciət etmiş, 145810 ailə, yəni onların 83 faizi tələb olunan sənədləri toplayıb təqdim etmişdir. Qəbul olunan sənədlərə ünvanlı sosial yardım təyin edilən komissiyalarda baxılmış və 125096 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir ki, onlardan da 105589 ailə təkrar yardım alanlardır. Hazırda 640715 ailə yardım almaqda davam edir.
Burada bu gün hörmətli deputat Pənah Hüseyn qeyd etdi ki, ünvanlı sosial yardımın təyinatında 40 faiz mənimsəməyə yol verilir və sair. Mən Pənah müəllimin nəzərinə çatdırmaq istəyirəm ki, – çox güman, onun məlumatı yoxdur, – hazırda yardım alan ailələrin təxminən 80 faizinə bu vəsait plastik kartlarla ödənilir. Pənah müəllim, plastik kartlarla ödənilən yardımlar necə mənimsənilə bilər?
Diqqətinizə çatdırmaq istəyirəm ki, 46122 ailə bu günə kimi heç bir sosial proqramla əhatə olunmayan və dövlətdən ilk dəfə yardım alan ailələrdir. Yardım alan ailələrin 45,4 faizi çoxuşaqlı ailələrdir. Ünvanlı sosial yardımın məbləğinin hesablanması məqsədi ilə ehtiyac meyarının həddi 2006-cı ildə 30 manat, 2007-ci ilin yarım ili üçün 35 manat olmuş və hazırda, yəni cari ilin ikinci yarım ili üçün 40 manatdır. 2008-ci il üçün ehtiyac meyarının həddi 45 manat proqnozlaşdırılır. Belə olduqda 2008-ci ilin birinci və ikinci yarım ilində müvafiq olaraq 106 min və yaxud cari ildəkindən 63 faiz çox ailə bu yardımdan bəhrələnəcəkdir. Bu halda növbəti il üçün 80 milyon manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır.
Burada hörmətli deputat İqbal Ağazadə qeyd etdi ki, əlillərin asudə vaxtının səmərəli keçirilməsi, onların bəzi yaradıcılıq müsabiqələrinin və sair tədbirlərinin həyata keçirilməsi üçün 644 min manat nəzərdə tutulmuşdur. Amma əlillərin mənzil tikintisi üçün nəzərdə tutulan 318 min manat azdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, 318 min manat bu ildən gələn ilə keçirilən, tikintisi başa çatmayan mənzillərə ayrılan vəsaitdir. Lakin 2008-ci ildən etibarən tikinti üçün ayrılan vəsait dövlət investisiya proqramında nəzərdə tutulub. Yəni Dövlət Sosial Müdafiə Fondundan maliyyələşmə olmayacaqdır. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu il, yəni 2007-ci ildə Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında 36 çoxmərtəbəli yaşayış binası, 393 fərdi yaşayış evi inşa edilərək bu kateqoriyadan olan şəxslərin istifadəsinə verilmiş və 1258 ailə mənzillə təmin olunmuşdur. Bu ailələr Qarabağ müharibəsi əlillərinin, Çernobıl əlillərinin və digər bu kateqoriyadan olan insanların ailələridir.
Qeyd etməliyəm ki, cari ildə Şamaxıda, Ağsuda, Sabirabadda, Salyanda, Tərtərdə, Qazaxda, İmişlidə hər biri 16 mənzilli yeni yaşayış binaları, Naxçıvan şəhərində uşaq bərpa mərkəzi tikilib istifadəyə verilmişdir. İlin sonunadək Bakı şəhərinin Nərimanov, Binəqədi rayonlarında və Bərdə rayonunda 36 mənzilli binaların, Sumqayıt şəhərində əlillər üçün idman-sağlamlıq kompleksinin tikintisi nəzərdə tutulub. Belə idman-sağlamlıq mərkəzinin nə MDB dövlətlərində, nə də yaxın Avropa ölkələrində analoqu vardır. Mart ayında onun açılışı nəzərdə tutulub. Eyni zamanda, Naftalanda əlillərin 25 çarpayılıq bərpa mərkəzi istifadəyə veriləcəkdir.
Qeyd etməliyəm ki, 2007-ci ildə xəstəliyə görə əlillərin sayı 2000–2003-cü illərə nisbətən dörd-beş dəfə azalıbdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bir çox rayonlarda bu işdə qayda-qanunun təmin olunması istiqamətində nazirlik tərəfindən müvafiq addımlar atılmışdır. Müxalifət blokundan olan bəzi deputatların himayədarlıq etdikləri həmin şəxslər elə Sabirabad rayonunun özündə rüşvətxorluq üstündə işdən azad edilmişdir. Bu işlər bu gün də davam etdirilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, müzakirə olunan qanun layihələri üzrə 20-yə qədər adam çıxış eləyib. Nə təklif olacaq? Çıxışları, müzakirələri davam etdirək, yoxsa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ona görə deyirəm ki, gündəliyimizdə hələ digər məsələlər də var. Cənab Sədr də qeyd elədi ki, 2008-ci ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı cənab Prezidentə məruzə olunacaq, deputatların təklifləri götür-qoy ediləcək. Bunun üçün hökumətə, yəqin ki, bir həftə, on gün vaxt lazım olacaq. Amma bizim gündəliyimizdə digər məsələlər də var. Əgər etiraz yoxdursa, biz bu məsələnin müzakirəsini dayandıraq və növbəti məsələyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 2.2-ci maddənin əlavə edilməsi nəzərdə tutulur: “2.2. Bu Qanunla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi, dövlət borcu haqqında qanunlarla və müvafiq icra hakimiyyəti orqanlarının yuxarıda qeyd olunan qanunlardan irəli gələn aktları ilə nəzərdə tutulmuş dövlət (büdcə) öhdəlikləri üzrə maliyyə təminatı məsələləri istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir”.
Bu məsələ İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmişdir. Həqiqətən, çox vacib əlavədir. Ona görə də millət vəkillərindən xahiş eləyərdim ki, bu layihəyə səs versinlər.
Sədrlik edən. Bu məsələ ilə əlaqədar çıxış eləmək istəyən yoxdur? Bəyənilir. Bilirsiniz də, səsvermə sonra olacaq. Hələ biz məsələləri müzakirə edirik. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanuna aşağıdakı dəyişikliyin edilməsi nəzərdə tutulur.
Yerdən. (Eşidilmir.)
Z. Səmədzadə. Qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxışdan sonra sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxınlaşıb sual verərsiniz. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. ...bəzi maddələrində dövlət rüsumunun dərəcələri Azərbaycan Respublikası vətəndaşları üçün aşağı məbləğdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə nisbətən yüksək məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar “Qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatına uyğunlaşdırılması üzrə tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli sərəncamına uyğun olaraq, qanun layihəsində Azərbaycan Resbublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vahid rüsum dərəcəsinin müəyyən edilməsi təklif olunur. Qanunun mətnində “ABŞ dolları” sözləri “manat” sözü ilə, “şərti maliyyə vahidinin” sözləri isə “Azərbaycan manatının qanunla müəyyən edilmiş ekvivalentinə uyğun qaydada mütləq rəqəmlərlə” sözləri ilə əvəz edilir. Qanunun 17.8 və 19.3-cü maddələrində redaktə xarakterli dəyişikliklər nəzərdə tutulur. Yəni burada heç bir maliyyə tutumundan söhbət getmir. Ümumiyyətlə, dünyada həmin qaydalar bir çox ölkələrə olduğu kimi, Azərbaycana da şamil edilir.
Sədrlik edən. Aydındır, Ziyad müəllim. Sağ olun. Jalə xanım, sualınız var? Buyurun.
J. Əliyeva. Çox sağ olun, Ziyafət müəllim. Deməli, müqavilə üzrə əmlakın xarici hüquqi şəxsə və ya əcnəbiyə, yaxud da vətəndaşlığı olmayan şəxslərə keçməsi dövlət rüsumu tutulmalı olan hərəkətlər sırasından çıxarılıb. Burada söhbət qanunun 10.1.3-cü və 10.2.3-cü maddələri haqqında gedir. Yəni təklif olunan dəyişikliyə uyğun olaraq əgər müqavilə üzrə əmlak xarici hüquqi şəxsə və ya əcnəbiyə, yaxud da vətəndaşlığı olmayan şəxslərə keçirsə, onlardan dövlət rüsumu tutulmayacaq. Bunun səbəbinin izah edilməsini mən çox xahiş edirəm. Yəni nəyə görə bu günə qədər dövlət rüsumu tutulurdu, bundan sonra onlar bu rüsumu ödəməkdən azad olunurlar?
Sədrlik edən. Aydındır. Sağ olun. Aydın müəllim, Siz də məsələ üzrə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gərək bayaq çıxış edəydiniz. Səlim müəllim artıq getdi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Aydın müəllim, o, sığorta deyil, sığortanın yığım hissəsidir. Büdcəyə 22 faiz işəgötürən, 3 faiz vətəndaş özü ödəyir.
Yerdən. (Eşidilmir.)
H. Rəcəbli. Orada da zabitlər 3 faiz ödəyir. Yəni o da yığım pensiyasıdır. Gələcəkdə o elə özünün şəxsi vəsaiti kimi olacaq. Ona görə bu, sığorta deyil, sığortanın yığım hissəsidir.
Sədrlik edən. İkram İsrafilov.
İ. İsrafilov. Çox sağ olun, təşəkkür edirəm, Ziyafət müəllim. Mən bayaq hörmətli Səlim Müslümova sual vermişdim. Bəlkə, Ziyafət müəllim, Siz cavab verəsiniz. Bizim yaşda bir adam 40 manatla bir ayı başa vura bilərmi?
Sədrlik edən. Sonra kimin sualı, çıxışı var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Cavablandıracağam. Azərbaycan Respublikasi Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında. İşlər müdiri Firudin Hacıyev. Buyurun, Firudin müəllim.
F. Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 13 milyon 886 min 351 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir.
Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə paylanmışdır. Milli Məclisin və onun Aparatının 2008-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq, ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında hesablanmışdır.
Xərclər smetasının ümumi dəyərinin 65,6 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, deputatların, Milli Məclis Aparatının, İşlər İdarəsi əməkdaşlarının əmək haqlarının və deputat səlahiyyətlərinin yerinə yetirilməsi üçün pul təminatının məbləği cari ildə olduğu kimi nəzərdə tutulmuşdur.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, ölkəmizə səfərə gələn qonaqların və Milli Məclis deputatlarının xarici ezamiyyələrinin sayı kifayət qədər artmışdır. Belə ki, cari ilin on ayı ərzində Milli Məclisin deputatları, ümumən, çoxsaylı xarici və ölkədaxili ezamiyyətlərdə olmuşlar. Bununla bağlı, 2008-ci ilin xərclər smetasında ezamiyyə xərcləri üçün 990 min manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur. Bu isə 2007-ci illə müqayisədə 200 min manat çoxdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətlərinin haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 197 min 160 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunan vəsaitdən 46 min 160 manat Milli Məclisə xidmət edən Xətai və Yasamal rayonlarının telefon qovşaqlarının, “AzEvrotel” birgə müəssisəsinin, Səbail rayon poçt-teleqrafının, hökumət ATS-nin, şəhərlərarası telefon stansiyalarının və digər rabitə təşkilatlarının ilkin abunə haqlarının və xidmətlərinin ödənişi üçün, 136 min manat beynəlxalq danışıqlar, 15 min manat isə Avropa Şurası Parlament Assambleyasından edilən beynəlxalq danışıqlar üçün nəzərdə tutulmuşdur.
2008-ci ilin xərclər smetasında “Yanacaq və sürtkü materiallarının alınması” və “Nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddələri üzrə cəmi 307 min 544 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2007-ci illə müqayisədə 55 min manat çoxdur. Nəqliyyat vasitələrinin alınması yarımmaddəsi üzrə 2008-ci il üçün 250 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2007-ci ildə nəzərdə tutulduğundan 73 min 500 manat artıq təşkil edir. Bildirmək istəyirəm ki, 2008-ci ilin xərclər smetasının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2007-ci illə müqayisədə 150 min manat çoxdur. Bu maddə üzrə cəmi 800 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
2008-ci ilin xərclər smetasında təsərrüfat xərcləri üçün nəzərdə tutulmuş vəsait 99 min 598 manat, kommunal xərcləri üzrə isə 63 min 396 manat artırılmışdır. Gələn ilin smetasında “İstehlak mallarının və materiallarının alınması” maddəsi üzrə 2007-ci illə müqayisə etdikdə 98 min manat çox vəsait nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin qəbulu, onlara göstərilən xidmətlər və sair xərclər yarımmaddələri üzrə 2008-ci il üçün 420 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu isə 2007-ci illə müqayisədə 154 min manat çoxdur.
Hörmətli deputatlar, Azərbaycanda gedən quruculuq işləri bütün sahələri əhatə etdiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisindən də yan keçməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr və 2006-cı il 7 iyun tarixli fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 26 yanvar, 19 fevral və 19 mart tarixli sərəncamları ilə Azərbaycan Respublikası Milli Məclisinin kiçik iclas salonunda, xatirə zalında, foyelərdə təmir və yenidənqurma işlərinin aparılması, həyətyanı sahənin abadlaşdırılması və fəvvarələrin quraşdırılması üçün əsaslı vəsait ayrılmışdır.
Milli Məclis Sədrinin birbaşa rəhbərliyi ilə ən qısa müddətdə Milli Məclisin birinci, ikinci mərtəbələrinin foyelərində, kiçik iclas salonunda, xatirə zalında müasir standartlara cavab verən yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Bu işlər elan edilmiş tenderlərin qalibləri olan bir sıra yerli və xarici şirkətlər tərəfindən yerinə yetirilmişdir.
Bundan başqa, Milli Məclisin həyətyanı sahəsində analoqu olmayan ən müasir tipli fəvvarələr quraşdırılmışdır. Həmin fəvvarələrin işləməsi xaricdən alınmış güclü nasoslar və digər avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Həyətyanı sahədə deputatların və Aparatın məsul işçilərinin avtomobillərinin saxlanması üçün sahəsi 1000 kvadratmetr olan dayanacaq tikilmiş, sahəsi 4000 kvadratmetr olan həyətyanı sahə yüksək keyfiyyətli qranit materialla üzlənmiş və həyətyanı sahənin girişlərində avtomatlaşdırılmış qapı ayrıcları quraşdırılmışdır. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri də aparılmışdır.
Bundan başqa, Milli Məclisin inzibati binasının birinci mərtəbəsində deputatlar üçün sahəsi 250 kvadratmetr olan iki sanitar qovşağı tam təmir edilib istismara verilmişdir. Eyni zamanda, cari ildə Milli Məclisdə 123 ədəd müasir tipli kompüter, faks, kseroks və sair aparatlar alınıb quraşdırılmışdır. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında mütəmadi olaraq əsaslı təmir işləri aparılır və bu işlər bu gün də davam etdirilir. Görülən işlər nəticəsində Milli Məclisin binası tamamilə yeni görkəm almışdır. İndi onun həm xarici görünüşü, həm də daxili interyeri ən yüksək səviyyədə müasir standartlara cavab verir.
Nəzərinizə çatdırıram ki, Milli Məclis Sədrinin birbaşa göstərişinə əsasən, deputatların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyətyanı sahədə 15 mərtəbəli yeni korpusun tikintisi üçün layihə sənədləri hazırlanmışdır. Həmin layihədə 110 deputat, 15 komissiya sədri, ekspertlər üçün xidməti otaqlar, iclas və ziyafət salonları, yeməkxana, arxiv, kitabxana, mətbəx və 4 ədəd sərnişin liftinin quraşdırılması nəzərdə tutulmuşdur. Bildiyiniz kimi, 2007-ci il noyabrın 3-də Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə komissiya sədrlərinin, şöbə müdirlərinin iştirakı ilə yeni tikiləcək 15 mərtəbəli əlavə korpusun təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa, 2007-ci ildə Milli Məclisin avtoparkının maddi-texniki bazası yaxşılaşdırılmış və bir sıra avtomobillər alınıb istifadəyə verilmişdir.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 2004-cü il 3 dekabr tarixli 187 saylı qərarına əsasən müəyyən edilən ezamiyyə xərclərinin normaları və mehmanxana xərclərinin hədləri bugünkü tələblərə cavab vermir. Bu isə Milli Məclisin deputatlarının çoxsaylı xarici ezamiyyə səfərlərində mehmanxana xərclərinin ödənişi ilə bağlı haqlı narazılığına səbəb olur.
Bundan başqa, Milli Məclisin deputatlarının köməkçiləri üçün yerlərdə ayrılmış xidməti otaqlara kompüter, telefon, faks aparatının alınması və kommunal xidmətlərin ödənilməsi ilə bağlı deputatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu məsələ hələ də açıq qalmaqdadır.
Hörmətli Samir müəllim, yuxarıda göstərilənləri nəzərə alaraq, ezamiyyə xərclərinin, yəni mehmanxana xərclərinin normalarının dəyişdirilməsi, deputat köməkçilərinə zəruri avadanlıqların alınması və kommunal xidmətləri xərclərinin ödənilməsi üçün tələb olunan vəsaitin 2008-ci ildə dövlət büdcəsində nəzərə alınmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm. Biz faks, kompüter alınması üçün 165 min, kommunal xərclərin ödənilməsi üçün 250 min manat vəsaitin lazım olacağını nəzərdə tutmuşuq. Mən belə başa düşürəm ki, bu çox da böyük məbləğ deyil. Bununla bağlı biz Maliyyə Nazirliyinə məktubla müraciət etmişik.
Hörmətli sədarət, hörmətli deputatlar! 2008-ci ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamalara ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2008-ci il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Firudin müəllim. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetasının müzakirəsinə keçirik. Zahid Orucov.
Z. Orucov. Təşəkkür eləyirəm, hörmətli Ziyafət müəllim. Mənim konkret məsələlərlə bağlı geniş söz söyləmək fikrim yoxdur. Çünki parlamentlə Aparat arasında normal əməkdaşlıq münasibətləri var və məncə, mümkün təklifləri elə hörmətli Firudin müəllim özü çıxışında nəzərə çatdırdı. Büdcənin müzakirəsində Oqtay müəllimin də maliyyə nazirinin çıxışına reaksiyası bir sıra sualları aradan qaldırmış oldu. Şübhəsiz ki, parlamentin xərclər smetası onun iş şəraitinin yaxşılaşmasına çox böyük təsir göstərdiyi üçün parlamentə çəkilən xərc vətəndaşlara xidmət anlamında çəkilən xərc kimi götürülə bilər.
Amma mənim bir məsələyə münasibətim vardır. Düşünürəm ki, bunu işçi qaydaslında həll etmək olar. Azərbaycanın hökumət strukturlarının əksəriyyətində mənim dediyim qaydalar hökm sürməkdədir. Yalnız parlamentdə biz öz ezamiyyələrimizin maliyyə təminatını Nazirlər Kabinetinin təlimatları ilə tənzimləyirik. Bu necə olur? Xarici ezamiyyələrə verilən kvota sonra parlamentdaxili qərarla 2,5-ə vurulur. Hər hansı bir şəxsin şərti bir Avropa ölkəsinə səfəri üçün ona 500 avro otel xərcləri müəyyənləşdirilib. O təsadüfən otelə 470 avro xərc çəkib və 30 avro qalıq yaranıbsa, o qalığa ya kofe və sair içməlidir, ya da gələndə mütləq xırda rəqəmlərə ödəm getməlidir. Amma digər strukturlarda belə bir məcburiyyət yoxdur. Əksinə, elə deputatlar var ki, parlamentin onlara borcu var. Əgər 580 avro artıq xərc çəkilibsə, parlament üzvünün öz cibindən xərclədiyi o 580 avro pulu parlamentin qanunlar çərçivəsində ödəmək imkanı yoxdur. Ona görə hesab edirəm ki, bu gün məcburiyyət kvotasını aradan götürmək lazımdır.
İkinci, parlament üzvlərinin parlamentdə olan kommunikasiya qurğularından istifadəsi işin gedişinə müsbət təsir edir. Telefonlar üçün bir aylıq limit, bilirsiniz ki, 20 manat məbləğində müəyyənləşdirilib. 20 manatın özü də bir ay istifadə olunmursa, itmiş olur, növbəti ayın limitinə əlavə olunmur. Bir adam üçün müəyyənləşdirilmiş illik 240 manat limit parlament üzvlərinin sayına vurulanda kiçik bir rəqəm eləyir. Mən hesab edirəm ki, bu məsələyə də baxmaq lazımdır. Bütövlükdə götürüldükdə mən bu sənədi qənaətbəxş hesab edirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Əvvəla, mən təəccüb edirəm ki, sabahkı bayramla əlaqədar heç bir müxalifət nümayəndəsi bizi təbrik eləmədi. Ona görə mən deputatlarımızı, bütün Azərbaycan xalqını sabahkı bayram – Milli dirçəliş günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi naminə fəaliyyətdə hamınıza uğurlar arzulayıram! Məncə, Bakıda Türkdilli dövlətlərin XI qurultayının məhz Milli dirçəliş günündə keçirilməsi də əlamətdar bir hadisədir və bu 15 ildə respublikamızın necə böyük və şanlı yol keçdiyinin əyani sübutudur.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edərkən bizə söz vermədiniz. Halbuki dəyərli təkliflərimiz var idi. Xahiş edirəm, sadəcə, bizim o təkliflərimiz stenoqrama daxil olunsun.
Sədrlik edən. Üzr istəyirəm, mən sizə dedim ki, bir həftəyə, on günə hökumət üzvləri cənab Prezidentə məruzə edəcək və gəlib bizə məlumat verəcəklər ki, nə nəzərə alınıb, nə alınmayıb. Sizin sual vermək imkanınız qalıb. Buyurun, davam eləyin.
E. Axundova. Bir həftə sonra artıq gec olar. Mənim maraqlı təklifim var idi, bunu indi nəzərə almalıdırlar. Xahiş edirəm, bunu yazılı surətdə Milli Məclisin adından göndərəsiniz.
İndi keçək 7-ci məsələyə. Milli Məclisin rəhbərliyi tərəfindən Milli Məclis üçün, onun deputatları və əməkdaşları üçün görülən işləri qiymətləndiririk. Doğrudan da, bunları qiymətləndirməmək olmaz. Milli Məclisə bir neçə il bundan qabaq girəndə adam təəccüb edirdi ki, bu millət vəkilləri nə yarıtmaz şəraitdə işləyirlər və belə şəraitdə işləmək olarmı? Köhnə kabinetlər, qaranlıq otaqlar... Jurnalist kimi həmişə bura gələndə biz bunları görmüşük. Bu, Milli Məclisə yaraşmayan bina idi.
Dünən Milli Məclisə yaxınlaşanda fəvvarənin qabağında bir qrup şəhər sakinlərini gördüm. Onlar fəvvarənin qabağında şəkil çəkdirirdilər. Çünki Milli Məclisin ətrafı, doğrudan, Bakının ən gözəl yerlərindən birinə dönmüşdür. Bunu deməmək olmaz.
Biz bəzən Oqtay müəllimdən inciyir, hərdən bir-birimizlə mübahisə də edirik. Amma bunları gərək qiymətləndirək də. Biz bilirik ki, Oqtay müəllim buna nə qədər güc, vaxt sərf eləyir.
Şərait də nisbətən yaxşılaşır. Misal üçün, mən xahiş edən kimi Firudin müəllim göstəriş verdi, otaqlarda kompüter də qoyuldu, internet də qoşuldu. Amma bilirsiniz, bizi də başa düşmək lazımdır. İnsan elə bir məxluqdur ki, yaxşılığa tez öyrəşir. Ona görə biz daha da yaxşı şərait haqqında fikirləşir və təkliflərimizi veririk.
Mən bu xahişlə bir neçə dəfə çıxış etmişəm, bir də xahiş edirəm. Gələn ilin büdcəsinə, heç olmasa, bir sıra deputatlara xidməti maşın verilməsi məsələsinin daxil edilməsinə də baxasınız. Bizdə cəmi 13 qadın deputat var. Onlardan da beşində xidməti maşınlar vardır. Hörmətli maliyyə nazirindən, Oqtay müəllimdən, Firudin müəllimdən xahiş edirəm ki, 8 qadın deputata istisna hal kimi xidməti maşın və mümkünsə sürücü ştatı verilsin. Nəzərə almaq lazımdır ki, biz qadınlar hamımız uzaq rayonlardan deputat seçilmişik. Ayda bir dəfə 600-700-800 kilometr məsafəni qət edirik. Şəxsən mənim maaşımın yarısı minik maşınının saxlanmasına və sürücünün maaşına yönəlir. O da bizim üçün çox çətindir. Ona görə bu məsələyə baxılsın. Mən başa düşürəm ki, birdən-birə 121 deputatın hamısına maşın vermək çətin olacaq. Bəlkə xanımlara hörmət edəsiniz. Bu bizim üçün böyük iş olar. İnanıram ki, qalan deputatlar buna görə bizdən inciməzlər. Baxmayaraq ki, biz özümüz “Gender bərabərliyi haqqında” Qanun qəbul elədik. Deyəcəklər ki, onda gender bərabərliyi nəyə gərəkdir? Amma bu barədə köməklik etməyinizi xahiş edərdik.
Sədrlik edən. Eldar müəllim, sualınız var? Buyurun.
E. İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Mən qulaq asdım, Firudin müəllim ətraflı çıxış etdi. Görülən işlər, həqiqətən, çoxdur. Bunun üçün Milli Məclisin Sədri Oqtay müəllimə və bizə köməklik eləyən bütün təşkilatlara minnətdarıq.
Burada bizim deyiləsi fikirlərimiz var. Firudin müəllim çıxışında maliyyə naziri hörmətli Samir müəllimə müraciət etdi, Samir müəllim isə eşitmədi. Çünki burada artıq nə Samir müəllim var idi, nə də Samir müəllimin bir işçisi. Olmazmı ki, bu məsələni hökumət üzvləri, xüsusi ilə maliyyə naziri burada olanda müzakirə edək və fikirlərimizi deyək? Yox, elə-belə müzakirədirsə, burada müzakirəlik bir şey yoxdur. Elə Firudin müəllimin dedikləri bizə bəs eləyir.
Sədrlik edən. Eldar müəllim, burada Milli Məclisin xərclər smetası haqqında səslənən bütün irad, təklif və sualları Firudin müəllim qeyd eləyir. Yəqin ki, bunların hamısı Maliyyə Nazirliyinə çatdırılacaq. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Gələn il üçün Milli Məclis Aparatının büdcəsinin artırılmasına müsbət yanaşıram. Təcrübə göstərir ki, Milli Məclisə ayrılan vəsait çox səmərəli xərclənir. Oqtay Əsədov Milli Məclisin Sədri seçildikdən sonra onun rəhbərliyi ilə Aparat işçilərinin və deputatların fəaliyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülüb. Bina təmir edilib, həyət abadlaşdırılıb. İndi yeni binanın əsası qoyulub. Yerlərdə köməkçilərin gö türülməsi, onların problemlərinin həll edilməsi sahəsində də böyük işlər görülüb.
Mən Milli Məclis Aparatının da, İşlər İdarəsinin də fəaliyyətindən çox razıyam. Vaxtaşırı bu və ya digər məsələ ilə bağlı hörmətli Səfa müəllimlə, Firudin müəllimlə ünsiyyətdə oluram. Həmişə bütün xahişlərimin operativ surətdə həllinin şahidi oluram. Vəzifələrinə çox məsuliyyətlə yanaşdıqlarına, bizim fəaliyyətimizə lazımi və yüksək səviyyədə kömək göstərdiklərinə görə Aparatın rəhbəri Səfa müəllim Mirzəyevə, İşlər müdiri Firudin müəllim Hacıyevə və eyni zamanda, hamımızın sevimlisi, Maliyyə şöbəsinin müdiri Rəna xanım Qurbanovaya öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də müzakirə olunan məsələ ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Ziyafət müəllim, Siz özünüz NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bilirsiniz ki, nümayəndə heyətləri xaricə səfərlər zamanı hansı maliyyə problemləri ilə üzləşirlər. Dünən Oqtay müəllim bu məsələni Maliyyə Nazirliyinin qarşısında qoydu. Firudin müəllim müəyyən qeydiyyat aparır, sağ olsun. Firudin müəllim əhatəli çıxış hazırlamışdı. Ona görə mən ona təşəkkürümü bildirir və xahiş edirəm ki, bu fikirlərimi də Maliyyə Nazirliyinə çatdırsın.
Maliyyə Nazirliyində, bu sənədi hazırlayan dövlət strukturlarının hamısında hətta şöbə müdirinin də avtomobili var. Baxmayaraq ki, şöbə müdiri həmişə ancaq daimi iş yerinə gedir və evinə qayıdır. Mənim yanımda əyləşən millət vəkili hörmətli Astan müəllimin 58 rayonda seçicisi var. Məndən öncə Aydın müəllim, Elmira xanım çıxış etdilər. Bilirəm ki, heç birinin şəxsi avtomobili yoxdur. Mənim özümün avtomobilim var. Söhbət bundan getmir. Mən bir dəfə də qeyd eləmişdim ki, söhbət Milli Məclisin nüfuzundan gedir. Söhbət ondan gedir ki, millət vəkilinə avtomobil verilməlidir. Allaha şükür, Azərbaycanın potensial imkanı var. Olmasa, başqa məsələ. Deyərik ki, maliyyə çatışmazlığı olan bir ölkədə millət vəkillərinin özlərinə avtomobil tələb eləməsi doğru deyil və sair. Amma Allaha şükür ki, Azərbaycanın bu imkanları var və bunu eləmək lazımdır ki, millət vəkilləri öz seçiciləri ilə görüşə bilsinlər. Bu həm də Milli Məclisin nüfuzu məsələsidir.
İkinci məsələ. Bizə Hesablama Palatasının da, Milli Məclisin də xərclər smetası verilib. Əməyin ödənişi fondu Milli Məclisdə 9 milyon 104 min manat, Hesablama Palatasında 1 milyon 461 min manatdır. Bu, haradasa yeddinin birə nisbəti, bəlkə də ondan aşağıdır. Amma 125 millət vəkili var və Milli Məclisin Aparat işçilərinin sayı Hesablama Palatası işçilərinin sayından görün nə qədər çoxdur. Mən istərdim bu məsələyə aydınlıq gətirilsin. Axı, fərq daha çox olmalı idi. Mən demirəm ki, Hesablama Palatasının üzvlərinə, yaxud da işçilərinə az əmək haqqı verilsin. Sadəcə, bu müqayisəni millət vəkillərinin və Firudin müəllimin diqqətinə çatdırmaq istərdim.
Bir şeyi də qeyd eləmək istərdim. Biz Azərbaycan Respublikasını qonşu respublikalarla müqayisə edəndə görürük ki, iqtisadi göstəricilərinə görə Azərbaycandan çox-çox geridə olan ölkələrdə millət vəkillərinin əmək haqları ya bizdəki qədərdir, ya da bizdəkindən artıqdır. Mən Gürcüstanı da, Ermənistanı da, başqa respublikaları da nümunə göstərə bilərəm. Ona görə Milli Məclis deputatlarının əmək haqlarının artırılması məsələsinə də bir daha qayıtmaq, buna baxmaq lazımdır.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də hörmətli həmkarlarımın burada Milli Məclisin rəhbərliyinin ünvanına söyləmiş olduqları xoş sözlərə qoşuluram. Həqiqət naminə qeyd etmək lazımdır ki, son illər, xüsusi ilə 2005-ci ildən, yəni Milli Məclisin III çağırışından sonra Milli Məclisdə ciddi təmir-tikinti işləri görülüb və onun binası yeni, daha gözəl görkəm alıb. Doğrudan da, burada millət vəkillərinin fəaliyyəti üçün hərtərəfli və normal şərait mövcuddur. O da etiraf olunmalıdır ki, Milli Məclis üzvləri ilə Aparat arasında normal, sivil və işgüzar münasibətlər hökm sürür. Bu da, təbii ki, Milli Məclisin işinin səmərəliliyinin artırılmasında müsbət rol oynayır. Burada Səfa müəllimin, Firudin müəllimin, Rəna xanım kimi çox nəcib bir qadının ünvanına deyilən xoş sözlərə mən də şərikəm. Hörmətli sədarət, sizin də fəaliyyətinizdən biz çox razıyıq. Ona görə biz sizə minnətdarıq və bizim aramızda ciddi problem yoxdur.
Biz çalışırıq ki, imkanlarımız daxilində Azərbaycan dövlətinə öz töhfəmizi verək. Təbii ki, biz, millət vəkilləri ölkədə ayrı-ayrı kateqoriyalardan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı fikirlər söyləyirik, təkliflər veririk. Lakin millət vəkillərinin özünün də həyat şəraitinin, fəaliyyətinin yaxşılaşdırılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var.
Bu gün Azərbaycan dövlətinin imkanı var ki, 125 deputatı maşınla təmin etsin. Onların müəyyən hissəsinin artıq xidməti maşınları var. Qalan deputatları da maşınla təmin etmək o qədər də böyük problem deyil. Keçən il müzakirələr zamanı belə bir xəbər yayıldı ki, millət vəkillərinə bu yaxınlarda maşınlar veriləcək. Sonradan bəlli oldu ki, o maşınların saxlanılması üçün yer, sürücülərin oturması üçün otaqlar olmadığına görə, müəyyən texniki səbəblərə görə maşınlar alınmır. Təbii ki, bu, əsas səbəb ola bilməz. Çünki əgər maşın verilirsə, ona yer də tapmaq mümkündür. Sürücülərin oturması üçün də yer tapıla bilər. Sadəcə olaraq, xahişimiz ondan ibarətdir ki, millət vəkillərinə bu qayğı göstərilsin.
Müqayisə aparmaq istəmirəm, necə olur ki, adi bir idarənin şöbə müdirinin maşını olur, amma millət vəkilinin maşını olmur? Necə olur ki, nazirliyin idarə rəisinin ən son dəbdə maşını olur, amma millət vəkilinin bir maşını olmur? Nə üçün bu məsələ bizim tərəfimizdən qaldırılanda ona normal münasibət göstərilmir? Nə üçün millət vəkillərinə bu cür yanaşma olmalıdır, mən başa düşə bilmirəm. Halbuki ölkənin buna imkanı var. Mən ona görə demirəm ki, maşına ehtiyacım var. Mənim maşınım var. Söhbət məsələnin başqa tərəfindən, Milli Məclisin deputatlarına qayğıdan, diqqətdən gedir. Əgər bu məsələ cənab Prezidentin qarşısında qaldırılsa, inanıram ki, o bu məsələyə dərhal müsbət reaksiya verəcək və məsələnin həlli üçün sərəncam verəcək. Sadəcə olaraq, bunu cənab Prezidentin diqqətinə çatdırmaq yaxşı olardı.
İkinci, yaxşı oldu, bizə köməkçi verdilər. Amma köməkçilərin oturmağa yeri yoxdur. Əvvəlcə bildirildi ki, onlara olduqları rayonun imkanları daxilində yer veriləcək. Sonra deyildi ki, xüsusi bir layihə var, ona əsasən standart ofislər tikiləcək və köməkçilər həmin ofislərdə fəaliyyətlərini davam etdirəcəklər. Bu günə qədər mənim köməkçim yer tapa bilmir, çünki yer yoxdur. Biz bu problemin də həllini gözləyirik. Bu məsələnin həllinə istərdim aydınlıq gətirilsin.
Ezamiyyə xərcləri ilə bağlı ayrı-seçkilik var. Bu gün Avropa ölkələrində otel xərcləri ilə MDB-də mehmanxana xərcləri arasında fərq var. Mən belə düşünürəm ki...
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Dediyin problemi biz bilirik, o məsələ işlənilir. Bayaq cənab Sədr 5 dəqiqə müəyyən eləyib, mən lüzum görmədim 10 dəqiqəyə qaldırım. Buyurun, yekunlaşdırın.
F. Ağamalı. Moskva, Sankt-Peterburq ən bahalı şəhərlərdən biridir. Orada Avropa standartlarına uyğun bahalı mehmanxanalar tikilib və əvvəl də var idi. Çox arzu edərdim ki, gələn ilki büdcədə öz əksini bu səviyyədə tapsın. Ümumilikdə, Milli Məclisin xərclərinə müsbət münasibətimi bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Fikirlərimizi, xahiş edirəm, müəyyən olunmuş 5 dəqiqə ərzində çatdıraq. Hadi Rəcəbli.
H. Rəcəbli. Ziyafət müəllim, minnətdaram. Qeyd eləmək lazımdır ki, parlamentdə deputatlar üçün şərait, həqiqətən, xeyli yaxşılaşdırılıb. Bunlar bizim gözümüzün önündə baş verir. Neçə illərdir biz parlamentdəyik və bu dəyişikliyi, fərqi görürük. Bu gün köməkçilərin yaranması, texniki imkanların artması, bizim oturduğumuz yerlərin səliqə-sahmanı ürək açır. Bütövlükdə deputatlar üçün əvvəlki günlərdən fərqli daha normal iş, texniki və digər şəraitin yaradılmasına görə, ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, parlamentin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Əlbəttə, şərait yaxşılaşa-yaxşılaşa, imkanlar arta-arta bizim arzu və tələbatımız da çoxalır.
Əvvəlcə nəyi qeyd etmək istəyirəm? Mən görürəm ki, bizim Milli Məclisin İşlər İdarəsi nə qədər əziyyət çəkir. Mən bunu səsləndirməyi özümə borc bilirəm. Bu gün nəqliyyat vasitələrindən, maşın ayrılmasından söhbət getdi. Nəqliyyat vasitələrinin saxlanılması üçün büdcədə ayrılan vəsait, inanın ki, heç bir aya çatmır. Maşınların hamısı xarici istehsaldır, hər kiçik ehtiyat hissəsinin dəyəri artıb. Nəqliyyat vasitələri ayrılırsa, buna görə xərclərin, büdcə vəsaitinin artırılmasına ehtiyac var.
Digər məsələ nədir? Elə olur ki, büdcə vəsaitinin bir sütununda nəyi isə xərcləyə bilmirik, ancaq onu dəyişmək də mümkün olmur. Bizdə əvvəllər təmirə ayrılan vəsaitə, yanacaq məsrəfinə görə problem olmamışdır. Uzun müddət idi ki, yanacaqdan gileylənən yox idi, ancaq son vaxtlar sürücülərin dilindən bunu da eşidirik.
Ezamiyyə məsələsi də ortaya çıxıb. Bizə deyirlər ki, rayonlara iki ayda bir dəfə getmək olar. Biz isə elə olur ki, həftədə bir dəfə rayona səfər edirik. Yəni büdcədə bu məsələ də öz həllini tapmalıdır. Mən heç kimi qınamıram, çünki bütün bunlar hansısa tələblər, normalar içərisində olur. Hesab edirəm ki, bu məsələlərdə gərək məhdudiyyət olmasın.
Rabitə vasitələri ilə bağlı bizdə bəzən elə vəziyyət yaranır ki, mən otaqdakı telefonlarla danışmaq pulunu da özüm vermək istəyirəm, çünki görürsən telefonu kəsirlər, çıxışımız bağlanır, əsəbi şərait yaranır. Yəni söhbət puldan yox, onun dayandırılmasından gedir. Bunun da yolunu tapmaq lazımdır ki, bizim rabitə məsələmizdə problem olmasın.
Düzdür, mən uzun illərdir ki, parlament xətti ilə çox nadir hallarda ezamiyyəyə gedirəm. Sizə onu deyim ki, parlamentdə bizə “biznes klas” tarifi ilə bilet alandan sonra, xarici təşkilatlar da artıq ona baxıb bizə “ekonom klas”la yox, “biznes klas”la alırlar. Yəni biz özümüzə hansı hörməti seçiriksə, başqa qurumlar da ezamiyyə xərclərimizdə həmin qrafaları tətbiq edirlər. Sözüm odur ki, bu məsələ, Oqtay müəllim də dedi, gələcəkdə, yəqin ki, nəzərə alınacaq.
Burada bir məsələ də var, onu da deyirlər ki, gələcəkdə həll olunacaq. Komissiya sədrləri texniki işçiləri haraya gəldi, bu deputatın, o deputatın otağına birtəhər yerləşdirirlər. Bu da komisiya üçün problem yaradır. Nəyə görə bizim bütün kargüzarlıq işlərimizi aparanlar haradasa yerləşirlər? Oradan bir kağızı gətirmək üçün gərək haranı isə dolanıb gələk. Mümkünsə, komissiyanın bu məsələsi də öz həllini tapsın. Məsələn, başqa yerlərdə belədir ki, komissiyanın bütün texniki işçilər heyəti onunla fəaliyyət göstərən adamların yanında yerləşir və işləmək də rahat olur.
Sədrlik edən. Hadi müəllim, Siz əlavə korpusun bünövrəsinin qoyulması mərasimində iştirak etmisiniz. Yeni korpus onun üçündür ki, şərait yaransın. Biz otaqları indi genişləndirə bilmərik.
H. Rəcəbli. Düz deyirsiniz, Ziyafət müəllim, biz bunu başa düşməliyik. Mən hesab edirəm ki, hamımız bunu nəzərə alırıq və burada bəzi şeylər səslənmirsə, onları işçi qaydasında nazirliklə həll etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mən görürəm burada fikirlər təkrarlanır. Əsas məsələlər nəqliyyat, ezamiyyə və telefonla bağlıdır. Əgər təkid edən yoxdursa, bəlkə Firudin müəllim bu məsələlərə aydınlıq gətirsin. Yoxsa, problemləri siz də, biz də bilirik və buna ehtiyac yoxdur. Çıxışa yazılanlardan təkid edən varmı? Mən bir-bir müraciət edirəm. Yəni vaxtımızı nəzərə almağınızı, yeni məsələləri deməyinizi xahiş edirəm. Buyurun, Fəzail İbrahimli.
F. İbrahimli. Ziyafət müəllim, mən burada olmadığıma görə büdcənin müzakirəsində iştirak edib, sözümü deyə bilməmişəm. Ona görə də istərdim o barədə bir neçə kəlmə deyim. Yəni məqsədim dövlət borcunu yerinə yetirmək yox, ürəyimdə dolaşan bəzi fikirlərimi sizinlə bölüşməkdir. Məsəl var, deyirlər ki, səni yaradan Tanrıdan narazı olanda özündən qabaqdakılara yox, geridə olanlara bax, onda təsəlli taparsan. Bu çağırışda seçilənlər, təbii ki, keçən seçkilərdə burada olanlardan daha rahat işləyir, nəfəs alır və xeyli inkişaf da var. Ötən beş ildə bu Milli Məclisin büdcəsini nə qarnımıza yedik, nə də əynimizə geydik. Bilmədik haradan gəldi, hara getdi. İnsafən, bir həqiqəti obyektivlik naminə demək lazımdır ki, bu Milli Məclisin büdcəsinin ünvanı məlumdur. Ünvanı bu zaldır, Milli Məclisin ətrafıdır, otaqlarda yaranan şəraitdir və sair. Mən gözə görünənləri təkrar etmək istəmirəm. Maşın məsələsini dedilər. Hamı istəyir ki, maşını və sürücüsü olsun.
Mən iki məsələni gündəmə gətirmək istəyirəm. Birincisi, deputat köməkçisi barədə deyim. Mənim köməkçim oturub Cəlilabadda, bizim aramızda ancaq telefon əlaqəsi var. Mən onun köməyini başa düşmək üçün getməliyəm ora, ya da o gəlməlidir bura. Bilmirəm, hansı fikir bunu yaratdı ki, deputatın köməkçisi əlinin altında yox, seçildiyi rayonda olmalıdır. Mənə imkan versələr, köməkçimi yanımda işlədərəm, o təyin olunmuş yerdə də bir nəfəri öz vəsaitimlə oturdaram, onda işim yaxşı gedər. Mən onu orada oturtmayanda da iş düz getməz, o mənada mən qanunu pozaram. Burada da yenə qalmışam tək, hər şeyi özüm idarə edirəm, yalnız onun sifarişlərini yerinə yetirirəm.
Ziyafət müəllim, maşın məsələsinə iki müstəvidən yanaşmaq olar. Bir var, Milli Məclisin büdcəsinə kifayət qədər pul ayrılıb, onu eninə-uzununa, sağa, sola səpirlər, ancaq bizə maşın verilmir. Bir də var, Maliyyə Nazirliyi bu məsələlərə laqeyd münasibət bəsləyir, pul ayrılmır. Ona görə belə xarakterli məsələləri, büdcəmizlə bağlı deyəcəyimiz sözləri, xahiş edirəm, hökumət burada oturan zaman bizə imkan verin, eyni ilə Milli Məclisin təəssübkeşi kimi də deyə bilək. Özümüz barədə yox, əslində, hamımız birik, hamımızın da istəyi eynidir. Kobud formada desəm, kənardan bizə olan laqeyd münasibəti soxaq gözə.
İkincisi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini burada elə danışdı ki, heç Prezident elə danışmır. Bu, Milli Məclisə düzgün münasibət deyil, onlar bizi borclu çıxarırlar. Kimi isə tənqid etmək üçün bu pafosla danışmaq lazım deyil. Mən Milli Məclisdən üç aydır ora məktub yazmışam. Qaçqının uşağını işdən çıxarıbdır. Qaçqın gedir onun yanına, ona deyir ki, sən gedib müxalifəti tapıbsan. Bax bu münasibətlər barədə onlara demək lazımdır. İndi bəs necə olsun, özümüz deyib, özümüz eşidək?
Ümumilikdə götürəndə, insafən demək lazımdır ki, Milli Məclis işləyir, burada Azərbaycanda olan sosial-siyasi münasibətlərə çevik münasibət var. Onun beynəlxalq əlaqələrdə nüfuzu artır deyə, biz kənardan nəyi isə istəməliyik? Qaldı ki Firudin müəllimə, yadınızdadır, burada Milli Məclisin və deputatların taleyini Əhməd həll edirdi. Milli Məclisin Aparatı da, rəhbərliyi də bu məsələlərə münasibətdə çevik və fəaldır. Biz kənardan maşın almaq, mənzil şəraitimizi yaxşılaşdırmaq üçün bu hökumətin başını sığallamalı deyilik, bunları tələb etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Fəzail müəllim, bir az emosional tərzdə danışdınız. Bilirsiniz, mənim Sizə hörmətim var. Əvvəla, gedənin dalınca danışmaq lazım deyil. Burada idi, onda üzünə deyəydiniz. İkincisi...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qulaq asın, xahiş edirəm, mən də səmimi deyirəm. Deyəydiniz də üzünə, oturmuşdu burada, dalınca niyə danışırsınız?
Bir məsələni də səsləndirdiniz ki, vəsait Milli Məclisin sağına-soluna xərclənir. Milli Məclis, bilirsiniz, bir o qədər də varlı təşkilat deyil ki, pulu sağ-soluna səpə. Bəli, imkan olsa, maşın da olacaq, amma hələlik bu gün Milli Məclisin büdcəsi buna imkan vermir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır, başa düşdüm. Kim təkid edir? Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də deputat həmkarlarımın Milli Məclisdə iş şəraitinin yaxşılaşdırılması ilə bağlı dediyi bütün təkliflərə tərəfdaram, eyni zamanda, bəzi tənqidi fikirləri də əsaslı sayıram. Məndən əvvəl heç kəsin danışmadığı bir məsələni nəzərinizə çatdırmaq istəyirəm.
Hörmətli Ziyafət müəllim, Bakı şəhərində mənzili olmayan deputatlara Milli Məclis tərəfindən kirayə haqlarının ödənilməsi ilə bağlı ayda 240 manat vəsait verilir. Mənim bildiyimə görə, bu məbləğ deputatların aldığı aylıq maaşdan daha yüksək olan vaxtlarda nəzərdə tutulub. Sonralar deputatların maaşı dəfələrlə artırılıbsa, amma bu kirayə haqqı rəqəmi dəyişməyib. Bu gün də, bilirsiniz ki, Bakı şəhərində qiymətlər xeyli dərəcədə yüksəlib. İndi Bakıətrafı və ən ucqar rayonlarda bu qiymətə kirayə ev tapmaq mümkün deyil. Biz büdcəni müzakirə edirik, mənə elə gəlir ki, vaxtdır, bu barədə də xahiş edərdim, düşünülsün, məsələyə baxılsın və əgər mümkünsə, həmin məbləğ dəyişdirilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Səsə qoymaq istəyirəm, amma təkid edirlər. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Ziyafət müəllim, deputat həmkarlarım da qeyd etdilər, mən də bir neçə təklif vermək istəyi-rəm. Birincisi, ezamiyyə və mehmanxana məsələsini, – Oqtay müəllim də çox sağ olsun, dünən onu qeyd etdi, sual şəklində yox, kəskin şəkildə qoymalıyıq. Azərbaycanda təyin olunan qiymətlə mehmanxana tapmaq çətindir. Bu ağrını Avropa Şurasına, ATƏT-ə gedənlər çəkirlər. Bizə verilən pulla İslandiyada, dünyanın o başında vağzalda yatmaq olar. Yəni bu cür yanaşma düzgün deyil. Otursunlar, hesablasınlar və bu işə baxsınlar. Azərbaycanda Avropa, digər beynəlxalq səviyyəli mehmanxana qiymətləri neçəyədirsə, mənə də onu ver, gedərəm Avropanın ortasında özümə yer tapıb qalaram. Ezamiyyə xərcləri ilə bağlı deputat həmkarlarımın dedikləri ilə razıyam.
Keçmiş dövrlə müqayisədə sürətli inkişaf gedir, odur ki, deputat müavinətlərinin artırılması məsələsinə baxmalıyıq. Bu, elə bir şeydir ki, deputat müavinətindən seçicisinə də xərcləyir. Gəlirlər, dərmana, başqa nəyə isə pul istəyirlər. Bununla əlaqədar müavinətin bir-iki dəfə artması məqsədəuyğundur.
Başqa bir məsələyə də toxunmaq istəyirəm. Parlamentin təmiri, iş şəraitinin yaxşılaşdırılması, hər bir şey əladır, mənim buna heç bir etirazım yoxdur, amma elm, texnika, tərəqqi dövrüdür, bir məsələni mən keçən dəfə də təklif etdim, hər deputata bir “Notebook” verilsin, o da bura bütün qanunları yığsın. Burada 4 qanunun adı yazılıb, bir-ikisi də müzakirə edildi. Mən, məsələn, İnzibati Xətalar Məcəlləsinə baxmaq üçün gərək Əli Hüseynovdan kitab istəyəm. Hərəmiz qoltuğumuza bir kitabxananın kitabını alıb, gəlib oturmalıyıq məsələnin müzakirəsində. Yazardıq, lazım olanda düyməni basardıq, keçənilki büdcə ilə bugünkünü, qanunlar arasında fərqi, Konstitusiya ilə uyğunluğu müqayisə edərdik. Bu texnikanın tətbiqi bilavasitə Milli Məclisin fəaliyyəti, işlərin yaxşı getməsi ilə bağlı vacib bir məsələdir.
Bizim hörmətli komissiya sədrlərimiz var, həmişə də çıxış edirlər, şəraitləri də yaxşıdır. Mən hesab edirəm ki, komissiya sədrlərinin hesabatı qoyulmalıdır. Qoy onlar, heç olmasa, ildə bir dəfə hesabat versinlər ki, hansı işləri görüblər, hansı qərarları qəbul ediblər, hansı qanunları yazıb gündəliyə çıxarıblar və biz müzakirəsinə baxmışıq. Təbii ki, elə komissiya sədrləri var ki, mən onlara təşəkkür edirəm, gecə-gündüz işləyirlər, bu sahəyə daim yenilik gətirirlər. Eləsi də var ki, gözləyir, Prezident Aparatından buna nəyi isə göndərsinlər, o da həmin sənədi müzakirə edib çıxarsın ortaya. Komissiyanın fəaliyyəti ilə bağlı, mən hesab edirəm ki, məsələyə baxmalıyıq. Onları işdən çıxarmırıq, ya belə deyək, təzədən komissiya sədri təyin etmirik, sadəcə, Milli Məclis, ya da seçicilər qarşısında hesabat versinlər ki, bir ildə hansı işləri görüblər.
Nəhayət, sonda Aparatın işçilərinə, onun rəhbərliyinə mən öz təşəkkürümü bildirirəm. Firudin müəllim hesabatını təqdim etdi, çox yaxşı da işləyib, hər şey də göz qabağındadır. Fəzail müəllim burada söylədi ki, bir dələduz vardı, ondan güclə yaxamızı qurtarmışıq. İndi Firudin müəllim işlə məşğuldur. Hər bir deputata olan münasibəti də yüksək şəkildədir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siyavuş müəllim, mən bilirəm ki, siz kompüterlə işləyən adamsınız, Sizin qarşınızda olan bu kompüterdə bütün məcəllələr, Konstitusiya başda olmaqla verilib. Xahiş edirəm, onunla bir balaca işləyin və gələcəkdə bütün qanunlar da burada yerləşdiriləcək. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Mən əvvəlcə bizim Milli Məclisin ştatda olan işçilərinin məsələsini qaldırmaq istəyirəm. Bu deputatların məsələsi başqa. Yəni burada uzun illər işləyən və yeni gələn dövlət qulluqçuları vardır. Mən maraqlandım və öyrəndim ki, eyni kateqoriyadan olan dövlət qulluqçuları olmasına baxmayaraq, Milli Məclisin işçiləri ilə Prezident Aparatı işçilərinin əmək haqları arasında fərq vardır. Onların maaşı son dəfə 50 faiz qalxmışdır, bizim Aparatın işçilərinin isə 25 faiz. Bu, həm də Milli Məclisin qanunverici orqan olaraq nüfuzu ilə bağlı məsələdir.
İkinci, mən hesab etmirəm ki, bizim əməkdaşların əməyi Prezident Aparatının işçilərinin əməyindən daha az səmərəlidir. Keçən dəfə də bu məsələni biz qaldırmışdıq. Hörmətli Sədrimiz düzəlməyinə söz vermişdi. Bizim Milli Məclisin kitabxana məsələsi, onun lazımi bir bina ilə təmin olunması, yeni kitabların, xüsusən ingilis və başqa xarici dillərdə Azərbaycana aid kitabların alınması məsələsini həll etmək lazımdır.
Mən istəyərdim bir məsələyə aydınlıq gəlsin. Daxili Nizamnamənin 52-ci maddəsinə görə, büdcə məsələsi müzakirə edilərkən biz Milli Məclisin xərclər smetasını da təsdiq edirik. Amma eyni zamanda, bizə təqdim olunmuş büdcə zərfinin I cildində 1 və 2-ci səhifədə qanunvericilik və icra hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri verilib. Konkret olaraq, bundan sonra “qanunvericilik orqanları” sözləri işlədilib. Mən istəyərdim ki, buna da aydınlıq gətirilsin. Qanunvericilik orqanlarına aid olan xərclər orada verilibsə, bizim bu xərclər smetasının məsələsini müzakirə etməyimiz və guya təsdiq etməyimiz tamamilə formal xarakter daşımır? Təkrar edirəm, funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səhifəsində, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin xərcləri haqqındakı sənəddə bunlar verilmişdir. Həm də fərqli rəqəmlər var: bir qədər artıq, bir qədər əskik. Bu məsələyə də bizim hörmətli hüquqşünaslar, konkret bu işlə məşğul olan şəxslər, yəqin ki, aydınlıq gətirsələr, çox yaxşı olar.
Köməkçilər məsələsi. Oqtay müəllimlə mənim aramda bu Milli Məclisdə müəyyən münaqişələr olmasına baxmayaraq, onun, həqiqətən, çox ağıllı və çox lazımlı təklifləri olur. Bunlardan biri ondan ibarətdir ki, yerlərdə Milli Məclisin deputatları və onların köməkçiləri üçün iş binaları tikiləcəkdir. Bu, həqiqətən, işimizin praktiki qurulması baxımından çox inqilabi bir addım olardı. Təəssüf ki, nə smeta xərclərində, nə də büdcənin o qeyd etdiyim bölmələrində bunu əks etdirən hər hansı bir xərc yoxdur.
Televiziya məsələsi. Bu, formal xarakter daşıyır. Bizim Milli Məclisin guya televiziya mərkəzi var. Bəlkə onun üçün məqsədə müvafiqdirsə, qanun qəbul edək? Yer, kanal alınması, onun haqqının ödənilməsi, vergilərin ödənilməsi məsələləri orada öz əksini tapsın. Bütövlükdə, Milli Məclisin, məlum olur ki, bu məsələ ilə bağlı böyük səlahiyyətləri və hüquqları yoxdur. Əks təqdirdə, özümüz istənilən, əlbəttə, ağlabatan hədlərdə müəyyən düzəlişlər, təkliflər verib bu xərclər smetasını Milli Məclisdə, həqiqətən, işin yaxşılaşdırılması istiqamətində dəyişdirib qura bilərdik. Məlum olur ki, bu mümkün deyildir, çünki Prezidentin imzası ilə gəlmiş sənədlərdə tamamilə başqa rəqəmlər vardır.
Yeri gəlmişkən, bu rəqəmlər necə dəyişdirilir, mən onun da mexanizmini başa düşmürəm. Buna baxmayaraq, hər halda hesab edirəm ki, Milli Məclisin xərclər smetasında qoy deputatların maaşları, müavinətləri qalsın, amma qeyd etdiyimiz sahələr üzrə ən azı indiki vəziyyətdə aparat işçilərinin əmək haqları 25-30 faiz artırılsa, çox faydalı olar və ümumi işə xidmət edər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah müəllim, kitabxana ilə bağlı mən Sizə demək istəyirəm. Bizim yeni binada kitabxana üçün böyük bir mərtəbə ayrılacaq və bu məsələ orada həllini tapacaq. Köməkçilərin bina ilə təmin olunması məsələsində, həqiqətən, bizim çətinliyimiz var. Bütün icra başçılarına məktub göndərilibdir və onlarla danışıqlar aparılıb, yəni Milli Məclisin rəhbərliyi də çalışır ki, bu məsələ müsbət həll olunsun. İkram müəllim, buyurun.
İ. İsrafilov. Çox sağ olun, Ziyafət müəllim. Mənim demək istədiyim xüsusən deputat köməkçiləri üçün yerlərin, deputatın seçicilərlə görüşməsi üçün lazım olan otaqların verilməsi ilə bağlı fikirlər idi, Siz sonda dediniz. Çox güman ki, xərclər smetasında digər məsələlər də nəzərdə tutulur, amma mən xahiş edirəm, – hörmətli Elmira xanım da dedi, – xanım deputatlarımıza maşın verilməsi məsələsinə müsbət yanaşsınlar və Milli Məclis bu məsələni hökumət qarşısında qaldırsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yadımdan çıxdı, bir məsələyə münasibət bildirmədim. Milli Məclisin xərclər smetası, Pənah bəy dedi ki, ümumi zərfdə verilib. İstəyirəm bunu biləsiniz ki, bizim Daxili Nizamnaməyə, Milli Məclisdə müəyyən olunmuş qaydaya görə, Milli Məclisin xərclər smetası ayrıca müzakirə olunub təsdiq edilir.
Nə təklif var? Bu məsələni yekunlaşdıraq. Etiraz yoxdur? Bir məsələmiz də var. Əgər etiraz etmirsinizsə, sözü verək Heydər müəllimə, o, Hesablama Palatasının xərclər smetası haqqında məlumat versin. Bütün qaldırdığınız suallar, təkliflər Firudin müəllim tərəfindən qeyd olunub, mənim də yadımdadır, hörmətli Sədrimizə də çatdıracağıq və bir həftə, on gün müddət ərzində Maliyyə Nazirliyi ilə də işimizi aparacağıq.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hesablama Palatasının büdcəsi ümumi büdcənin tərkibində xüsusi bir çəkiyə malik olduğu üçün mənim çıxışım qısa xarakterli olacaqdır. Hesablama Palatasının büdcəsi də ümumi büdcənin kontekstində hazırlanmışdır və “Büdcə sistemi haqqında”, eləcə də “Hesablama Palatası haqqında” qanunların tələblərinə müvafiqdir.
Hörmətli millət vəkilləri üçün maraqlı olduğu üçün bir neçə rəqəmi, sadəcə, xatırlatmaq istəyirəm. Hesablama Palatasının büdcəsi 2007-ci ildə 2 milyon 75 min manat olub, gələn il üçün 1 milyon 926 manat planlaşdırılıb. Burada ilk baxışda azalma meyli hiss olunur, amma əslində, bu nominal olaraq belə görünür. Çünki keçən ilin büdcəsi dəqiqləşdirilərkən və burada yeni təyinat olduqdan sonra Maliyyə Nazirliyi ilə əlaqə saxlamış, oradan Aparatın vəziyyətini yaxşılaşdırmaq, təmir xərcləri üçün 150 min manat, maşın və avadanlıq xərcləri üçün 200 min almışdıq. Bunlar smetada birdəfəlik xərclər hesab olunur. Bizə ştatdankənar işçilərin saxlanması üçün də hər il 80 min manat əlavə vəsait ayrılırdı.
Biz hesab etdik ki, cari iş vahidlərindən biz tam istifadə etmirik, ona görə də ştatdankənar işçilərin saxlanmasını məqsədəuyğun hesab etmədik. Struktur dəyişiklikləri zamanı bizim müvafiq əmrlə bu ştatlar ləğv olundu. Ona görə də bizim öz təşəbbüsümüzlə həm ştatdankənar işçilərin əmək haqqına, həm də maşın avadanlıqlarına və cari təmir xərcləri birdəfəlik xarakter daşıdığına görə müəyyən vəsaitə qənaət etmək zərurəti yarandı. Həmin xərclər gələn ilin büdcəsinə daxil edilməlidir. Bu baxımdan nəzərə aldıqda, yəni bu birdəfəlik xərclər çıxıldıqdan sonra, demək olar ki, bizim büdcəmizdə 350-360 min manat arasında artım müşahidə olunur.
Onu da nəzərinizə çatdırım ki, bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Hesablama Palatasına artıq müvafiq bina ayrılmışdır. Həmin binanın layihə-smeta sənədləri hazırdır və gələn ilin xərclərində həmin binanın tam təmir olunması və maddi-texniki təchizatının həyata keçirilməsi üçün müvafiq vəsait nəzərdə tutulmuşdur. Hesablama Palatası büdcəsinin tərtibi ümumi prinsiplərə uyğun həyata keçirilib, yəni ayrıca maddə ilə verilibdir. Burada bizim sifarişimiz və təminatımızın tam ödənilməsi prinsipi əsas götürülübdür. Maliyyə Nazirliyi ilə qarşılıqlı razılaşma protokolu tərtib olunub. Bizim burada heç bir fikir ayrılığımız yoxdur. Ona görə də hörmətli millət vəkillərindən Hesablama Palatasının büdcəsinin təsdiq olunmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış etmək, sual vermək istəyən varmı? Hörmətli millət vəkilləri, bununla da biz büdcə zərfinə daxil olan bütün məsələləri müzakirə edib yekunlaşdırdıq. Mən sizin hamınıza təşəkkür edirəm. Səbrlə dinlədiniz, müəyyən emosiyalara qapıldınız, stresslər keçirdiniz, əsəblər də gərildi, bunlar artıq arxada qaldı. Mən Milli Məclisi, müxalifətdən, iqtidardan asılı olmayaraq, mehriban bir ailə hesab edirəm və bundan sonra da hamınıza uğurlar diləyirəm. Milli Məclisin növbəti iclası haqqında sizə məlumat veriləcək. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi