AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ

Azərbaycan Respublikasının Şuşa şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsinin 20 illiyi ilə əlaqədar
Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına
və dünya parlamentlərinə 

AZƏRBAYCAN  RESPUBLİKASI  MİLLİ  MƏCLİSİNİN  MÜRACİƏTİ


       20 il bundan əvvəl, 1992-ci il mayın 8-də Azərbaycan Respublikasının Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşa şəhərinin işğalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistan Respublikasının həyata keçirdiyi hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Erməni millətçilərinin Dağlıq Qarabağda apardıqları etnik təmizləmə Şuşa şəhərinin azərbaycanlı əhalisinin qovulması ilə başa çatdırılmışdır. 
       Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının paytaxtı kimi Şuşa şəhərinin əsası 1756-cı ildə xanlığın başçısı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər  Şuşa şəhəri Qarabağ xanının iqamətgahı və Qarabağ xanlığının inzibati mərkəzi olmuşdur. Bu şəhər Azərbaycanın dövlətçilik tarixində, ictimai-iqtisadi və mədəni-siyasi həyatında son dərəcə mühüm rol oynamışdır.
       1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti, o cümlədən Xocalı faciəsini törətmişlər.
       Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məqsədi ilə 1992-ci ilin mayında ATƏT-in Minsk qrupu yaradılmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
       Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa  İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmişlər. Münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edən bütün bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, Azərbaycan torpaqlarının işğalına son qoyulması tələb edilmişdir.
       Təəssüf ki, beynəlxalq təşkilatların Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aktlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Əgər vəziyyətin bu cür qalmasının bir səbəbi Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsidirsə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərini qulaqardına vuran, beynəlxalq qaydaya meydan oxuyan Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilməməsidir. 
       Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını və dünya parlamentlərini, münaqişənin həllində marağı olan bütün qüvvələri öz səylərini birləşdirməyə çağırır. Biz gözləyirik ki, nəinki Cənubi Qafqaz bölgəsində, həm də bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldırılması, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcəkdir.


01 may 2012-ci il

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi