MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

12/03/10

Martın 12-də  Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik  və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov  ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının  nümayəndələri  ilə görüşdü.
Qonaqları  Azərbaycan  parlamentində salamlamaqdan məmnunluq  duyduğunu bildirən Ziyafət Əsgərov dedi ki, ölkəmiz bir çox  dövlətlərlə, o cümlədən  Almaniya  ilə geniş əlaqələr  yaratmışdır.   Hazırda əlaqələrimiz  yüksələn  xəttlə inkişaf  edir. İkitərəfli  əməkdaşlığı  dərinləşdirmək  üçün  hər iki  ölkə  böyük  potensiala malikdir.  Prezident  İlham Əliyevin  2007-ci ildə bu ölkəyə  səfərini xatırladan birinci vitse-spiker  parlament  nümayəndə  heyətlərinin qarşılıqlı  səfərlərinin  də  əlaqələrimizin inkişafına  mühüm  töhfələr verdiyindən  söhbət  açdı.
Görüşdə  Ziyafət  Əsgərov  Azərbaycan dövlətinin və parlamentinin azad  mətbuatın  inkişafına  böyük  önəm  verdiyindən, Konstitusiyamızın mətbuatla bağlı humanist müddəalarından, parlamentdə bu sahədəki qanunvericilik bazasının   təkmilləşməsindən söhbət  açdı. Qeyd  edildi ki, Almaniyanın bu sahədəki təcrübəsi bizim üçün  maraqlıdır.
Almaniya  Bundestaqının  sabiq  üzvü Eduard Lintner səmimi görüş üçün minnətdarlıq etdi. O, Azərbaycanda  mətbuatın inkişafı ilə bağlı  beynəlxalq  konfransda  iştirak  etmək  məqsədi ilə gəldiklərini diqqətə  çatdırdı. Qonaq qeyd  etdi ki, onun təmsil etdiyi ölkə Ermənistan – Azərbaycan  Dağlıq Qarabağ  münaqişəsində ölkəmizin mövqeyini dəstəkləyir və Azərbaycanın suverenliyinə hörmətlə  yanaşır. Sonra Eduard Lintner NABUCCO layihəsində Azərbaycanla  Almaniyanın  birgə  əməkdaşlığından geniş söhbət  açdı. Bundestaqın  üzvü  Karl-Georq Vellman Dağlıq  Qarabağ  məsələsinin  tezliklə  sülh  yolu  ilə  həllinə əminliyini ifadə  etdi.
Daha sonra  birinci  vitse-spiker  Ermənistan  - Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsindən danışdı. Qeyd  etdi ki, qonşu Ermənistan   20  faizdən artıq Azərbaycan  torpağını  işğal  altında  saxlayır. Bir  milyondan  artıq  vətəndaşımız  öz  əzəli torpaqlarından didərgin  düşüb, qaçqın və məcburi  köçkün  həyatı  yaşayır. Ermənistan  Azərbaycan  torpaqlarının işğalı  ilə  bağlı BMT-nin 4  qətnaməsinə  məhəl  qoymur. Təəssüf ki, beynəlxalq  ictimaiyyət işğalçı Ermənistanın  bu   hərəkətlərini  sadəcə  seyr  edir.  İstərdik ki, Almaniya  da bu  məsələdə özünün  qəti  mövqeyini  nümayiş  etdirsin.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər  müzakirə  olundu.
Görüşdə Almaniyanın Azərbaycandakı  səfiri  Per Stankina  da iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi