VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
DEPUTATLARIMIZ PARİSDƏ SƏFƏRDƏ OLACAQLAR
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qurumun 11-17 mart tarixlərində keçiriləcək Büro və komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olacaqlar.
AŞPA-nın Bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi komitənin yenidən formalaşması məsələsinə baxılacaq.
Qurumun Daimi komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək.
AŞPA-nın Monitorinq komitəsində isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsi, Gürcüstanda, Ermənistanda, Moldovada vəziyyət, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
Səfər martın 18-də başa çatacaq.
Milli Məclisin
Mətbuat xidməti
