MİLLİ MƏCLİSDƏ QƏBUL

08/02/10

Fevralın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan parlamentin Sədri Norveç nümayəndə heyətinin ölkəmizə səfərinin və burada keçirilən görüşlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə etdi. Spiker hüquq-mühafizə orqanları arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirərək həyatın müxtəlif sahələrində münasibətlərimizin daha da dərinləşməsinin əhəmiyyətini vurğuladı.
Bildirildi ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür. Milli Məclisdə  Norveç parlamenti ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Zənnimizcə, belə bir qurumun Norveç parlamentində də yaradılması  qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olardı. Biz deputatlarımızın qarşılıqlı səfərlərini və müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edirik.
Görüşdə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdıran Sədr regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsindən söz açdı. Spiker qeyd etdi ki, biz Norveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk və inanırıq ki, beynəlxalq birliyin səyləri nəticəsində bu münaqişə tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən qonaq ölkəsinin müstəqil Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, bu gün Azərbaycanda neftçıxarma sahəsində Norveçin tanınmış şirkətləri fəaliyyət göstərirlər. Onun ölkəsi qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsini önəmli hesab edir.
Qəbulda parlamentlər, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Norveçin ölkəmizdəki səfiri Jon Ramberq və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli  Məclisin
Mətbuat  xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi