MİLLİ MƏCLİSDƏ QƏBUL

25/11/09

Noyabrın 25-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsi “AQO” monitorinq qrupunun rəhbəri Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Parlamentin Sədri qonaqları səmimi salamlayaraq Azərbaycanın mötəbər beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, ölkəmiz Avropa strukturlarına inteqrasiyanı prioritet sahə hesab edir. Bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan təşkilata üzv olarkən öz üzərinə götürdüyü öhdəlikləri məqsədyönlü şəkildə yerinə yetirir və bu istiqamətdə iş bu gün də davam etdirilməkdədir. Biz qurumun müxtəlif strukturları ilə sıx əlaqə saxlayırıq, deputatlarımız təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edirlər.
Söhbətdə Sədr bu cür görüşlərin informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Qeyd edildi ki, parlamentdə ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Bu, Avropa məkanına inteqrasiya baxımından da əhəmiyyətlidir. Bu proses zamanı quruma üzv ölkələrin təcrübəsi və Azərbaycan reallıqları da nəzərə alınmalıdır.
Spiker  son dövrdə ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının qorunması, həyatın müxtəlif sahələrində islahatların aparılması ilə bağlı qonaqlara məlumat verdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən “AQO” monitorinq qrupunun rəhbəri Stelian Stoyan ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun olduğunu bildirdi. O, qeyd etdi ki, müstəqil Azərbaycanın Milli Məclisində Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi sahəsində təqdirəlayiq işlər görülmüşdür. Qonaq belə bir inamı ifadə etdi ki, Milli Məclis qanunvericilik sahəsində öz üzərinə düşən vəzifənin öhdəsindən gələcəkdə də layiqincə gələcəkdir.
Söhbətdə “AQO” monitorinq qrupunun üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirildi.
Görüşdə ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov, Avropa Şurası Baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Veronika Kotek və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi