PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MOSKVADA SƏFƏRDƏDİR

23/11/09

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşmüşdür.
Elə həmin gün nümayəndə heyətimiz Moskvanın Domodedovo Hava limanından tədbirin keçiriləcəyi “Prezident hotel” mehmanxanasına gəldi. 
Noyabrın 23-də QDİƏ Parlament Məclisinin Daimi komitəsinin növbəti iclası keçirildi. Komitənin iclasında Baş Assambleyanın  34-cü plenar iclası ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə olundu. Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edirdi.
Fasilədən sonra Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisi Baş Assambleyasının 34-cü plenar iclası öz işinə başladı. İclası giriş sözü ilə Rusiya Federasiyası  Federal Məclisi Dövlət Dumasının Sədri Boris Qrızlov açdı. O, bu qurumun həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi və müzakirəyə çıxarılan məsələlərin nəinki ayrı-ayrı ölkələr, region, ümumilikdə dünya üçün böyük əhəmiyyət daşıdığını söylədi.  İqtisadi, sosial, ekoloji, təbii sərvətlərdən səmərəli istifadə, bu kimi digər vacib sahələrdə hüquqi bazanın möhkəmləndirilməsi və əməkdaşlığın daha da dərinləşməsi məsələlərinə toxundu. Dumanın Sədri  Rusiya Federasiyasının Prezidenti  Dmitri Medvedevin  təbrik məktubunu  iştirakçıların diqqətinə çatdırdı.   Nümayəndə heyətləri xatirə şəkli çəkdirdikdən sonra bir neçə təşkilati məsələlərə  baxıldı. 
Növbəti mərhələdə isə “Beynəlxalq nəqliyyat dəhlizi, Qara Dəniz İqtisadi Əməkdaşlığı ölkələrində və Avropada  enerji təhlükəsizliyi” mövzusunda ümumi müzakirələr aparıldı, nümayəndə heyətləri başçılarının çıxışları dinlənildi.
Milli Məclisin Sədri Oqtay Əsədov öz çıxışında tədbir iştirakçılarını salamlayaraq  bu görüşü yüksək  dəyərləndirdi. Sədr qloballaşan müasir dünyada enerji təhlükəsizliyinin çox vacib bir sahə olduğunu vurğulayaraq, bununla bağlı  Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlərdən danışdı. Qeyd olundu ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft və qaz strategiyası ölkə iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, Avropada enerji təhlükəsizliyi  məsələsində də mühüm rol oynayır.
Milli Məclisin Sədri ölkəmizin bir sıra qlobal layihələrdə uğurlu  iştirakından, beynəlxalq  təşkilatlarla əməkdaşlıq məsələlərindən bəhs etdi.  Dünyanın üzləşdiyi iqtisadi böhran şəraitində Azərbaycandakı  inkişaf proseslərini konkret faktlarla əsaslandırdı. Spiker öz çıxışında    ayrı-ayrı ölkələrin, eləcə də regionların inkişafına  mane olan münaqişələrin dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında tezliklə həll olunmasının vacibliyini qeyd etdi.
Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra müzakirələr  ayrı-ayrı  bölmələrdə davam etdirildi. 
Tədbirlərdə Milli Məclisin deputatları Asəf Hacıyev, Mübariz Qurbanlı, Jalə Əliyeva, İmamverdi İsmayılov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdilər.

Akif  TƏVƏKKÜLOĞLU
Milli  Məclisin  Mətbuat  katibi

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi