LORD VEYVERLİ: “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ TƏMİN OLUNMALIDIR”

23/11/09

Noyabrın 23-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Böyük Britaniyanın Lordlar Palatasının üzvü Con Desmond Forbes Anderson Veyverli ilə görüşdü.
Qonağı mehribanlıqla qarşılayan parlamentin I vitse-spikeri ölkələrimiz arasındakı  əlaqələrdən söz açdı, Azərbaycanın son illərdəki inkişafından danışdı. Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov problemin mahiyyətini açıqladı. ATƏT-in Minsk qrupunun 18 il fəaliyyət göstərməsinə baxmayaraq nəticə əldə olunmadığını diqqətə çatdırdı. Bildirdi ki, status-kvonu saxlamaqda maraqlı olan Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir.  Söhbət zamanı lord Veyverlinin nəzərinə çatdırıldı ki, iki ölkənin prezidentləri səviyyəsində aparılan danışıqlar müntəzəm davam etdirilir, növbəti görüş dünən Almaniyanın Münhen şəhərində baş tutub. 10 ildən çoxdur ki, parlamentarilər səviyyəsində də görüşlər keçirilir. Lakin işğalçı Ermənistan özünü ciddi dövlət kimi aparmır və   danışıqlarda nail olunmuş müsbət tendensiyalardan imtina etməklə  münaqişənin həllini uzadır. Milli Məclis Sədrinin birinci müavini qeyd etdi ki, Azərbaycan sülh tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllini istəyir. Amma Ermənistan Dağlıq Qarabağ probleminin dinc yolla həllini sonsuza qədər uzadarsa, Azərbaycan işğal olunmuş ərazisini  hərbi yolla azad etmək məcburiyyətində qalacaq.
Beynəlxalq hüququn Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqedən yanaşdığını deyən Ziyafət Əsgərov bir mühüm məqamı da vurğuladı ki, dünya dövlətləri işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistana eyni münasibət bəsləməməlidir. Bu iki dövlətin hər birinə əməlinə görə qiymət verilməlidir, münaqişənin çözülməsinə də məhz həmin prizmadan yanaşmaq lazımdır.
Öncə ölkəmizə gəlişinin məramını açıqlayan lord Veyverli bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə deyilənlərlə əsasən razıdır. Görüşdə polemikaya üstünlük verən Böyük Britaniyanın Lordlar Palatasının üzvü dünya siyasətində Dağlıq Qarabağ probleminə dair fikir və mülahizələrini bölüşdü. Qonağı maraqlandıran suallara yerindəcə aydınlıq gətirildi. Lord Veyverli qeyd etdi ki, münaqişənin həlli üçün öncə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, sonra qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qaytarılmalıdır, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verilməlidir.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi