VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

AZƏRBAYCANDA TENNİSİN İNKİŞAFINA BÖYÜK POTENSİAL VAR
Sentyabrın 3-də Milli Məclisin Sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Tennis Assosiasiyasının prezidenti Con Ceymsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Görüşdə Spiker, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov müstəqil Azərbaycanın idman aləmində tanınan ölkə olduğunu qeyd etdi, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının böyük nailiyyətlərə təməl olduğunu vurğuladı. Son iki olimpiadada idmançılarımızın qazandıqları uğurlardan söz açdı. İdmanın digər növlərində olduğu kimi, tennis oyununda da yüksək nailiyyətlər əldə etməyin vacibliyini vurğuladı. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs etdi.
Spiker bildirdi ki, ölkəmizin bütün bölgələrində müasir tipli idman qurğuları quraşdırılır, olimpiya idman kompleksləri inşa olunur. Əsas məqsəd idmanın bütün növlərinin inkişafı üçün yaxşı şərait yaratmaqdır. Ölkəmizdə gözəl ənənələri və böyük potensialı olan tennis idmanının da yüksəlişi, inkişafı üçün hər cür şəraitə malik tennis mərkəzi tikiləcəkdir.
Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov ölkəmizdə idmanın bir çox növləri üzrə dünya çempionatlarının, beynəlxalq turnirlərin keçirildiyi, o cümlədən tennis yarışları barədə də ətraflı məlumat verdi. Ümidvar olduğunu bildirdi ki, Avropa Tennis Assosiasiyası prezidentinin Azərbaycana səfəri idmanın bu sahəsinin inkişafına, həmçinin federasiyalar arasında əlaqələrin möhkəmlənməsinə güclü təkan verəcəkdir.
Avropa Tennis Assosiasiyasının prezidenti Con Ceyms səmimi qəbula və ətraflı məlumata görə təşəkkür etdi. Azərbaycan Tennis Federasiyasının prezidenti ilə ötən il Londondakı görüşlərini xatırladı. Qonaq Azərbaycanda idmanın inkişafına göstərilən qayğıdan, yeni idman qurğularının istifadəyə verilməsindən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, Azərbaycanda tennisin inkişafı üçün də böyük potensial vardır. Avropa Tennis Assosiasiyası bu sahənin inkişafı üçün ölkəmizə hər cür köməklik göstərməyə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti