VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
REFERENDUMUN KEÇİRİLMƏSİ BARƏDƏ QƏRAR QƏBUL OLUNDU
Dekabrın 26-da Milli Məclisin növbəti iclası keçirildi. Cari məsələlərin müzakirəsindən sonra Milli Məclisin sədri Oqtay Əsədov səsləndirilən fikirlərə münasibətini bildirdi.
Sonra gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirə olundu.
Bildirildi ki, 1995-ci ildə Konstitusiyanın qəbulundan 13 il ötür. Bu müddət ərzində ölkədə aparılan sürətli siyasi, iqtisadi islahatlar, demokratik proseslər Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi zərurətini yaratmışdır. Digər tərəfdən bu, həm də cəmiyyətin istəyidir. Xüsusilə də bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması sosial sifarişdir. Bu məhdudiyyətin ləğvi xalqın öz iradəsini ifadə etməsinə daha yaxşı imkan yaradacaqdır. Qeyd olundu ki, konstitusiyanın 29 maddəsinə təklif olunan əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirəcəkdir. Seçki hüququ olan 40 min vətəndaşa qanunvericlik təşəbbüsü ilə çıxış etmək imkanı veriləcəkdir.
Diqqətə çatdırıldı ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Milli Məclisə seçkiləri və prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə çağırış müddətinin və prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması da müsbət qarşılanmışdır. Deputatlar bu məsələnin milli maraqlarımızın qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Bələdiyyələrin fəaliyyəti, səlahiyyətləri ilə bağlı müddəanın da əsas qanunda öz əksini tapması məsələsinin vacibliyi çıxışlarda xüsusi qeyd olundu. Layihədə göstərilir ki, qanunla müəyyən edilmiş hallarda bələdiyyələr öz fəaliyyətləri barədə Milli Məclisə hesabat təqdim etməlidirlər.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair referendumun 2009-cu il martın 18-də keçirilməsi barədə qərar qəbul olundu.
Axşam iclasında deputatlar Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və 3 auditorunun təyin edilməsinə və Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsinə müsbət münasibət bildirdilər.
Daha sonra “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirdi ki, layihənin parlamentdə birinci oxunuşda və komissiyada ikinci oxunuşda müzakirəsi zamanı bir sıra rəy və təkliflər bildirilmişdir. Komissiyaya və işçi qrupuna daxil olmuş çoxlu sayda təkliflərin əksəriyyəti nəzərə alınmış və layihə daha da təkmilləşdirilmişdir.
Şəmsəddin Hacıyev qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin təhsilin inkişafına xüsusi diqqəti sayəsində təhsil sahəsi ölkəmizin daxili siyasətində prioritet istiqamətlərdən birinə çevrilib.
Bildirildi ki, bu qanun vətəndaşların Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş təhsil hüquqlarının təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üçün müvafiq qanunlar və digər qanunvericilik aktlarının qəbul edilməsində baza rolunu oynayır. 6 fəsil 47 maddədən ibarət sənəd təhsilin dünyəvi və fasiləsiz xarakterini əks etdirməklə vətəndaşın, cəmiyyətin və dövlətin milli maraqlarına xidmət edir. Layihənin hazırlanmasında milli dəyərlər və dünya təcrübəsi əsas götürülmüşdür.
Layihənin əsas müddəaları barədə məlumat verən Şəmsəddin Hacıyev diqqətə çatdırdı ki, təhsil müəssisələrində geyimlə bağlı maddə, eləcə də orta peşə-ixtisas məktəblərini fərqlənmə ilə başa vurmuş şəxslərin müsabiqədən kənar ali məktəblərə qəbulu və təhsil işçilərinin əmək haqları ilə bağlı maddələr layihədən çıxarılmışdır. Ümumiyyətlə, qanun layihəsində bir sıra yeniliklər öz əksini tapmışdır.
Müzakirələr zamanı çıxış edən deputatlar təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquq və vəzifələri, təhsil müəssisələrinin maliyyələşdirilməsi və digər vacib məsələlər barədə fikirlərini açıqladılar.
Müzakirələrdə iştirak edən təhsil naziri Misir Mərdanov qanun layihəsinə münasibətini bildirdi. Qeyd etdi ki, bu qanun ölkəmizdə təhsilin inkişafı, Avropa standartlarına uyğunlaşdırılması baxımından mühüm rol oynayır. Nazir beynəlxalq fənn olimpiadalarında birinci yeri tutmuş yuxarı sinif şagirdlərinin ali məktəblərə imtahansız qəbul edilməsinə tərəfdar olduğunu dedi. “Təhsil haqqında” qanunun çərçivə sənədi olduğunu vurğulayan nazir bu sahədə bir çox yeni qanunların hazırlanacağını diqqətə çatdırdı.
Qanun layihəsinin müzakirəsi növbəti iclasda davam etdiriləcəkdir.
Milli Məclisin
Mətbuat xidməti
