AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

12/06/19

İyunun 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Sədr müavini Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları salamlayaraq, bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına müsbət təsir etdiyini söylədi. Bildirildi ki, cari ilin may ayında Almaniya parlamentinin Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Yohanes Kars da Milli Məclisin qonağı olmuşdur. Budəfəki səfərin məqsədi isə Bakıda keçirilən “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak etməkdir. Konfransın nəticəsi kimi Azərbaycan, Almaniya və Türkiyə parlamentarilərindən ibarət “Bakı dialoq və əməkdaşlıq platforması”nın  təsis ediləcəyi gözlənilir.  Bu işə dəstək verdiyinə görə Sədr Almaniya tərəfinə öz minnətdarlığını bildirdi.
Qeyd edildi ki, Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin zəngin tarixi vardır. Qafqazın bu bölgəsində alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti 2016-cı ildə sərəncam imzalamışdır. Bu gün müstəqil Azərbaycanla Almaniya arasında münasibətlər uğurla inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls vermiş, ölkələrimiz arasında 77 hüquqi sənəd imzalanmışdır.
İqtisadi sahədə də müsbət tendensiya özünü göstərməkdədir. 2018-ci ildə ticarət dövriyyəmiz 1,9 milyard ABŞ dolları həcmində olmuşdur.  Bu ilin yanvar-aprel aylarında isə bu göstərici 590 milyon həcmindədir. Heç də təsadüfi deyildir ki, Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətində ötən il Azərbaycanın payı 70 faizdən çox olmuşdur. Həmin ilin statistik göstəricilərinə görə, Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb. 2004-2017-ci illərdə ölkəmizdə 201 alman şirkəti qeydiyyata alınmışdır.
Müstəqil Azərbaycan Avropa İttifaqı və onun önəmli üzvü olan Almaniya ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır.  Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşmış neft və qaz kəmərləri bunun əyani sübutudur. Ölkəmiz həm də Avropanı Asiya ilə daha da yaxınlaşdıracaq yeni Dəmir İpək yolu ideyasının reallaşmasına öz töhfəsini vermişdir.
Spiker dedi ki, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının önəmi günü-gündən artmaqdadır. Sevindirici haldır ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Almaniyanın hökumət və parlament üzvləri dəfələrlə Milli Məclisin qonağı olmuşlar. Biz nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əhəmiyyətli hesab edirik.
Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan Sədr  münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinin vacibliyini vurğuladı. Bu məsələ ilə əlaqədar fikirlərini açıqladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Almaniya Bundestaqının Sədr müavini Tomas Oppermann Bakıya ilk dəfə səfər etdiyini və burada gördüklərindən məmnun qaldığını söylədi. Qeyd edildi ki, Azərbaycan və Almaniya arasında  ortaq dəyərlər və müxtəlif məsələlər üzrə fikir birliyi vardır. Tərəfləri düşündürən bir sıra məsələlər üzrə  dialoqun aparılması və parlament diplomatiyasının imkanlarından istifadə olunması, münaqişələrin sülh yolu ilə çözülməsi önəmli məsələlərdəndir. Bu baxımdan Milli Məclisin təşəbbüsü ilə Bakıda keçirilən konfransın əhəmiyyəti böyükdür.
Qəbulda qeyd edildi ki, Almaniya Cənubi Qafqaz bölgəsində özünəməxsus yer tutan  Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət yetirir və gələcəkdə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.
Görüşdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi