MİLLİ MƏCLİSDƏ FRANSA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLDU

10/06/19

İyunun 10-da “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizə səfər edən Fransa nümayəndə heyətinin üzvləri Milli Məclisə gələrək,  əvvəlcə parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış oldular.
Sonra nümayəndə heyətinin Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirildi. İşçi qrupunun  rəhbəri Cavanşir Feyziyev qonaqları parlamentdə səmimi salamlayaraq, Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişaf etdiyini söylədi. Nümayəndə heyətinin Azərbaycanı tanımaq məqsədi ilə ölkəmizə səfər etdiyini yüksək qiymətləndirdi. O, münasibətlərimizin qədim tarixə malik olduğunu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra isə iki ölkə arasında daha sıx əməkdaşlığın qurulduğunu söylədi.
Deputatımız  qonaqlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verdi. Bildirildi ki, Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir.  O, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük diqqət göstərildiyini, burada son zamanlar beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, ölkəmizin dünya miqyasında nüfuzunun artdığını  söylədi. 
Diqqətə çatdırıldı ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ən ağrılı problemimiz hələ də qalmaqdadır. Münaqişənin tarixi, bu bölgədə son zamanlar baş verən hadisələr, problemin həlli yolunda atılan addımlar barədə qonaqlara ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini əsirgəmir.
Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova çıxış edərək bu yaxınlarda Parisdə səfərdə olduğunu, orada Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi ilə əlaqədar tədbirdə iştirak etdiyini, ölkəmiz barədə həqiqətlərin Fransa ictimaiyyətinə çatdırdığını söylədi. Bildirildi ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrimizə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Milli Məclisin 125 üzvünün olduğunu deyən deputat, qeyd etdi ki, onlardan 20 nəfərini qadınlar təşkil edir. Qadın deputatlar parlamentin müxtəlif komitələrində fəal iştirak edir, vitse-spiker vəzifəsini yerinə yetirir, ölkəmizi beynəlxalq və regional təşkilatlarda yüksək səviyyədə təmsil edirlər.
Sahibə Qafarova Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın vaxtilə parlamentdə Fransa ilə dostluq qrupuna rəhbərlik etdiyini, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində göstərdiyi səyləri, bu gün də bu istiqamətdə təqdirəlayiq işlər gördüyünü diqqətə çatdırdı.
Görüşdə iştirak edən deputat Şahin İsmayılov belə səfərlərin ölkəmizi yaxından tanımaq baxımından əhəmiyyətli olduğunu dedi. O, təmsil olunduğu Gənclər və idman komitəsinin işindən bəhs etdi. Bildirildi ki, artıq 10 milyona çatmış ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir.  Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Deputatımız ötən il Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Fransa nümayəndə heyəti ilə görüşü məmnunluqla yada saldı. Qeyd edildi ki, görüş zamanı hər iki ölkə gənclərinin ortaq layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə müzakirələr aparılıb. Yaxın gələcəkdə belə layihələrin reallaşmasına başlanacaq.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, nümayəndə heyətinin başçısı Jan-Fransua Mansel qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. Rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində artıq 4-cü səfərin uğurla baş tutduğunu söylədi. O, səfərdən məmnun qaldıqlarını dedi, Azərbaycan və Bakı barədə xoş təəssüratlarını dilə gətirdi. Qonaq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirdi.
Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi