MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

10/04/19

Aprelin 10-da Mədəniyyət komitəsinin növbəti iclası oldu. Komitənin sədr müavini Jalə Əliyeva öncə aprel ayında ölkəmizdə baş vermiş əlamətdar ictimai-siyasi hadisələrin ildönümlərini yada saldı.
Sonra gündəlikdəki məsələni şərh edən Jalə Əliyeva bildirdi ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə irəli sürülmüş yeni namizədlərin təyini məsələsinə baxılacaq. Hazırda Yayım Şurasında idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarını təmsil edən 3 nəfərin 6 illik səlahiyyət müddəti aprelin 19-da başa çatır. “İctimai televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq, həmin qurumların irəli sürdüyü namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla qarşıdakı 6 il  müddətinə yeni şəxslər təsdiqlənməlidir.
Komitədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun məsələyə dair açıqlaması dinlənildikdən sonra müzakirələr başlandı.
İclasda iştirak edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Hüseynbala Mirələmov, Elmira Axundova, Novruzəli Aslanov, Gövhər Baxşəliyeva namizədlərə münasibət bildirdilər. Eyni zamanda millət vəkilləri müasir Azərbaycan teleməkanındakı vəziyyətlə bağlı fikirlərini bölüşdülər, mövcud nöqsanların aradan qaldırılması vacibliyinə toxundular. Verilişlərin keyfiyyətinin və tamaşaçı zövqünün yüksəldilməsi zərurəti qeyd olundu. Tarixi mövzuda dəyərli film və serialların çəkilməsi, sosial reklamlardan səmərəli istifadə olunması və s. təklif edildi. Vurğulandı ki, aşağı keyfiyyətli, mentalitetimizə uyğun olmayan, bəsit verilişlərin efirdən çıxarılması üçün ictimai qınaq önə keçməlidir.
Fikir mübadiləsinin yekununda baxılan məsələ Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi