MİLLİ MƏCLİSDƏ VƏRƏMLƏ MÜBARİZƏ MÖVZUSUNDA DİNLƏMƏ KEÇİRİLDİ

14/03/19

Martın 14-də Milli Məclisin Səhiyyə komitəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmə keçirildi.
Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, tədbir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və parlamentin Səhiyyə komitəsi ilə birgə təşkil olunub. O, Milli Məclisin Sədri Oqtay Əsədovun tədbirin keçirilməsini böyük məmnuniyyətlə dəstəklədiyini söylədi.
Komitə sədri çıxışında dedi ki, həm dünyada, həm ölkəmizdə vərəmlə mübarizə istiqamətində son dövrdə xeyli iş görülüb. Bu sahədə maddi-texniki bazanın yaxşılaşdırılması, kadr potensialının artırılması, dərman vasitələri ilə təminat məsələləri öz həllini tapır. Bu, bütün dünyanı narahat edən qlobal bir problemdir. Əldə edilən uğurlara baxmayaraq, mövcud statistikaya görə, dünyada 20 milyon insan vərəmdən əziyyət çəkir, hər il 10 milyon insan bu xəstəliyə düçar olur, 6,5 – 7 milyon insan dünyasını dəyişir. Bu, ona dəlalət edir ki, bu sahədə işlər daha da gücləndirilməlidir. Qeyd edildi ki, ÜST infeksiyalarla mübarizədə bu sahəni prioritet istiqamət kimi qəbul edib. Bu xəstəliyin dərmanlara davamlı növləri artıb.
Diqqətə çatdırıldı ki, ölkəmizdə vərəm əleyhinə dövlət səviyyəsində mübarizə aparılır. Hər il büdcədən lazımi vəsait ayrılır. Bu il vərəm və şəkərli diabet xəstələrinin müalicəsi üçün əlavə 15 milyon manat vəsait ayrılıb. Milli Məclisdə “Vərəmlə mübarizə haqqında” qanun qəbul edilib. Bu xəstəliklə əlaqədar proqram hazırlanıb. Proqramın həyata keçirilməsi nəticəsində bu sahədə müsbət dəyişikliklər baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı  tədbirin təşkilində göstərdiyi dəstəyə görə Milli Məclisə  təşəkkürünü ifadə etdi. O, vərəmin dünyada ən qədim xəstəlik olduğunu dedi. Vərəmə qarşı mübarizənin önəmli olduğunu, bu sahədə bir çox işlər görüldüyünü, lakin bunun davamlı olmasını söylədi. Bu xəstəliyin insanların sosial həyatına göstərdiyi təsirdən danışdı. Qeyd edildi ki, Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanun 2000-ci ildə qəbul olunub və buna yenidən baxılmasına ehtiyac yaranıb. Hande Harmancı ölkəmizdə vərəmlə mübarizə sahəsində ciddi işlər aparıldığını dedi, təmsil etdiyi təşkilatın bu sahədə  hər növ dəstək verməyə hazır olduğunu vurğuladı.
Deputat Sədaqət Vəliyeva bildirdi ki, Milli Məclisdə artıq 2-ci dəfədir bu mövzuda dinləmə təşkil olunur. Bu, sosial bəladır və buna qarşı bütün dünya mübarizəyə qalxıb. Ölkəmizdə bu problemin həlli üçün önəmli işlər görülür.  Bu gün artıq bu sahədə çox irəliləyiş əldə edilib, stabilləşmə gedir, xəstəlik halları, ölüm göstəriciləri azalıb. Bu xəstəliyin erkən aşkarlanması məsələsi çox vacibdir. Bizdə vərəmin müalicəsi üçün lazım olan dərmanlar  dövlət tərəfindən verilir. Hal-hazırda dünyada vərəmin dərmana davamlı formaları meydana gəlib və bunun müalicəsi üçün xüsusi proqram hazırlanmalıdır. Millət vəkili parlamentdə də bu problemlə bağlı işlərin həyata keçirildiyini diqqətə çatdırdı.
Deputat Rəşad Mahmudov bildirdi ki, parlamentdə bu mövzuda dinləmənin keçirilməsi dövlətin bu məsələyə ciddi münasibətinin göstəricisidir. O, vərəm xəstəliyinin baş verməsi, gedişatı, diaqnostikası, müalicə metodları ilə bağlı  bəzi məqamlara toxundu, bu istiqamətdə görülməsi vacib olan bir sıra təkliflər verdi.
Deputat Qənirə Paşayeva dedi ki, bu sahədə maarifləndirmə işində  boşluqlar mövcuddur. Bu mövzuda televiziyalarda geniş müzakirələr aparılmalıdır. Maarifləndirmə ilə bağlı Qeyri-Hökumət Təşkilatları müvafiq işlər görürlər. Onlara bununla bağlı aidiyyəti qurumlar tərəfindən dəstək verilməlidir. Vərəm xəstəsi olan ailələrə sosial dəstək proqramları həyata keçirilməlidir. Ümumilikdə, cəmiyyətin bu məsələyə yanaşması dəyişməlidir.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirdi ki, Azərbaycanda son illərdə vərəmli xəstələrin sayında stabilləşmə, bəzi hallarda hətta azalma müşahidə olunur.  Dövlətin dəstəyi ilə referens laboratoriyalar fəaliyyət göstərir, lakin onların sayı artırılmalıdır. Vərəm əleyhinə müəssisələrdə tibbi sığorta məsələsi həll olunmalıdır. Bu xəstələrin əlillik dərəcəsi alması sahəsində də problemlər var. 
Tədbirdə ÜST regional ofisinin eksperti Oqtay Gözəlov, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdülqədirov, Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri Rafiq Bayramov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov və digər mütəxəssislər vərəmlə mübarizə barədə fikirlərini açıqladılar, qeyd və təkliflərini verdilər. Çıxışlarda Azərbaycanda vərəm xəstələrinin qeydiyyata alınmasının, profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olundu.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müzakirələrə yekun vuraraq, cəmiyyəti narahat edən bu patologiya barədə dinləmənin səmərəli keçdiyini söylədi. Qeyd edildi ki, hazırda  qüvvədə olan “Vərəmlə mübarizə haqqında” qanun 18 il əvvəl qəbul olunub və bu sənədə dəyişikliklər etmək zəruridir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi