AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU SARSILMAZDIR

18/02/19

Fevralın 18-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi.
Spiker qrupun rəhbəri Şamil Ayrımı salamlayaraq, onun bu vəzifədə ölkəmizə ilk rəsmi səfərini yüksək dəyərləndirdi. Bildirildi ki, qardaş ölkə olaraq dövlət başçılarımız arasında görüşlərin mütəmadi xarakter alması münasibətlərimizi dünya çapında tayı-bərabəri olmayan  səviyyəyə qaldırmışdır. Hər iki ölkə rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etmələri artıq ənənəvi xarakter almışdır.
Sədr bir neçə gün əvvəl  İstanbulda yaşayış binasının çökməsi ilə mülki şəxslərin həyatını itirməsindən və vertolyot qəzasında hərbçilərin şəhid olmasından kədərləndiyini, onların yaxınlarına Milli Məclis üzvləri adından başsağlığı verdiyini söylədi.
Görüşdə bildirildi ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərməkdədir. TAP, Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi əməkdaşlığımızı daha da dərinləşdirir. Əgər 2017-ci ildə ticarət dövriyyəmiz 2,6 milyard ABŞ dolları təşkil etmişdirsə, ötən il bu rəqəm 3,4 milyardı keçmişdir. Ölkələrimiz arasında bu günə kimi 230-a qədər sənəd imzalanmış, daha 30-a qədər sənəd üzərində iş aparılmaqdadır. Biz gələcəkdə iqtisadi sahədə qarşılıqlı yatırımların həcmini artırmaq niyyətindəyik. Azərbaycan Türkiyənin uğurlarına sevinir, qardaş ölkənin nailiyyətləri ilə qürur duyur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən TBMM-nin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım  Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirildi ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün çox yüksək səviyyədədir. Dövlət başçıları arasındakı səmimi münasibət həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir.
Azərbaycanla dostluq qrupu TBMM-də ən böyük qruplardan biridir. Bu qrupa üzv olmaq üçün Türkiyə millət vəkillərindən 360 müraciət daxil olmuşdur. Türkiyəli deputatlar Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarını öz uğurları, problemlərini öz problemləri kimi qəbul edirlər.
Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlarını da narahat edir. Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bu mərasimlə əlaqədar Türkiyədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Biz bu problemin tezliklə ədalətli həllinin tərəfdarlıyıq.  Bu məsələdə qeyd-şərtsiz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi