AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

31/01/19

Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsi yaz sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Eldar İbrahimov yeni sessiyanın başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində həmkarlarına uğurlar arzuladı.
İclasda öncə parlamentin 2018-ci il payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülmüş işlərin hesabatı təqdim olundu. Bildirildi ki, payız sessiyasında komitə çox məhsuldar işləyib. 11 iclasda 27 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə edilib. Ölkədə kənd təsərrüfatının inkişafı üçün mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri plenar iclasda qəbul olunub.
Qeyd olundu ki, hesabat dövründə komitəyə daxil olan ərizə və şikayətlərə həssaslıqla yanaşılıb. Ərizələrdən bir qismi tədbir görülməsi üçün müvafiq qurumlara göndərilib. Müraciətlər əsasən kənd təsərrüfatı məsələləri, torpaq islahatı, işsizlik və s. ilə bağlı olubdur. Sessiya müddətində komitə sədri Milli Məclisdə 16 vətəndaşı qəbul edib. Yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilib.
Eldar İbrahimov vurğuladı ki, payız sessiyasında komitə beynəlxalq təşkilatlarla, xarici ölkələrin parlamentləri ilə sıx əlaqə saxlayıb. Komitə üzvləri nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində Azərbaycanın maraqlarından çıxış ediblər.
Müzakirə zamanı komitə sədrinin müavini Eldar Quliyev, deputat Novruzəli Aslanov ötən sessiyada görülmüş işləri müsbət dəyərləndirdilər.
İclasda hesabat məqbul sayıldı.
 Sonra 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olundu. Bildirildi ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq. Həmçinin sessiya ərzində meliorasiya və irriqasiya, qida təhlükəsizliyi kimi vacib məsələlərə dair yeni qanunların da komitəyə daxil olacağı gözlənilir.
Məlumat dinlənildikdən sonra iş planı təsdiqləndi və Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi