TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNDƏ

11/10/18

Oktyabrın 11-də Milli Məclisin  Təbii  ehtiyatlar, energetika  və ekologiya  komitəsinin  iclası keçirildi.
İclası açan Milli Məclis Sədrinin müavini,  komitə  sədri Valeh Ələsgərov 2018-ci ilin yaz və növbədənkənar  sessiyaları  dövründə   görülən işlərdən danışdı. Bildirildi ki, hesabat dövründə komitənin 10 iclası  keçirilmiş,  18 məsələyə  baxılmışdır.  Azərbaycan  Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında   komitəyə  daxil olmuş 13  qanun layihəsi  parlamentdə qəbul  edilmişdir. “Ələt Azad  İqtisadi Zonası  haqqında”, “Ətraf  mühitə  təsirin qiymətləndirilməsi barədə” mühüm qanun layihələri, eləcə də “Energetika  haqqında”, “Elektroenergetika  haqqında”, “Qaz  təchizatı  haqqında”, “Elektrik  və istilik stansiyaları haqqında” , “Su təchizatı və  tullantı  suları   haqqında”  və digər  sənədlərdə  edilən  dəyişikliklər  bu qəbildəndir.
Qeyd  olundu ki,   hesabat  dövründə  komitəyə  vətəndaşlardan,  idarə  və  təşkilatlardan  daxil olmuş 79 ərizə  və müraciət daxil olmuş,  qaldırılan  məsələlərin  bir  çoxu  müsbət  həllini  tapmışdır.  Komitə  üzvləri  xaricdə  xidməti  ezamiyyətlərdə olmuş,  energetika, ətraf  mühit və digər  sahələr  üzrə  keçirilən seminar və konfranslarda  iştirak  etmiş, qaldırılan məsələlərə  fəal münasibət  bildirmişlər. Hesabat  komitə  üzvləri  tərəfindən məqbul  hesab  edildi.
Sonra  komitədə “Xəzər  dənizinin  Azərbaycan  sektorunda  D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü  haqqında”  Azərbaycan Dövlət Neft  Şirkəti və BP Eksploreyşn (Azərbaycan) Limited  şirkəti  və SOCAR-ın Ortaq  Neft Şirkəti arasında  Sazişin qəbul  və təsdiq  edilməsi, həyata  keçirilməsinə  icazə  verilməsi  barədə”  qanun  layihəsinə  baxıldı.
Sənədi ətraflı şərh edən  Valeh Ələsgərov  bildirdi ki, Saziş Azərbaycan Dövlət Neft  Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited  şirkəti arasında   bu il  aprelin 26-da  imzalanıb. Kontrakt sahəsi Xəzər  dənizi ərazisində 3197 kv.km-i əhatə  edir.  Bu ərazidə indiyə  qədər  kəşfiyyat işləri  aparılmayıb.
İclasda  iştirak  edən  Aqrar  siyasət  komitəsinin sədri  Eldar İbrahimov, İqtisadi  siyasət, sənaye  və sahibkarlıq  komitəsinin sədri  Ziyad  Səmədzadə,  millət  vəkilləri Şəmsəddin Hacıyev, Elman Nəsirov, Mirkazım Kazımov, Kamilə Əliyeva  sənədin əhəmiyyətindən danışdılar, Sazişi Azərbaycan neft  strategiyasının yeni uğuru kimi qiymətləndirdilər.
Sənəd  Milli Məclisin plenar iclasında  baxılması  üçün tövsiyə olundu. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi