GƏNCLƏR və İDMAN KOMİTƏSİNDƏ

14/09/18

Sentyabrın 14-də Milli Məclisin Gənclər və idman komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.
Komitənin sədri Ülvi Quliyev öncə yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar dilədi. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, yubileyə həsr olunmuş tədbirlərdə deputatların iştirakından söz açdı, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunan təntənəli tədbirə hazırlıqdan danışdı. 100 yaşlı parlamentimizin rəhbərliyi başda olmaqla bütün üzvlərinə təbriklərini və xoş arzularını çatdırdı.
Sonra gündəlikdəki məsələlərə keçid alan komitə sədri 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülmüş işlər barədə geniş hesabat təqdim etdi.  Bildirdi ki,  hesabat dövründə 3 iclas keçirilib, 5 məsələyə baxılıb, komitəyə daxil olan qanun layihələri müzakirə edilərək Milli Məclisin plenar iclasına təqdim olunub.
Həmin müddətdə Gənclər və idman komitəsinə ünvanlanan 189 məktubdan 154-nə baxılıb, 35 müraciət nəzarətə götürülüb. Parlamentdə 89 vətəndaş qəbul edilib. Komitə üzvləri ölkə miqyaslı bir sıra mühüm tədbirlərdə yaxından iştirak ediblər.
İclasda deputatlar komitənin yaz və növbədənkənar sessiyalara dair hesabatını məqbul saydılar. 
Sonra komitənin 2018-ci il payız sessiyası üçün iş planına baxıldı. Bildirildi ki, ölkəmizdə çevik gənclər siyasəti aparıldığına görə normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının da təkmilləşdirilməsinə vaxtaşırı ehtiyac duyulur. 2002-ci ildə qüvvəyə minmiş “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklər və əlavələr edilməsi həmin zərurətdən yaranıb. Payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq bu qanun layihəsində dövlətin gənclər siyasətinə dair bir sıra yeni müddəalar öz əksini tapıb
Ülvi Quliyev onu da nəzərə çatdırdı ki, idmanda dopinq vasitələrindən istifadəyə qarşı mübarizə haqqında qanun qəbul olunduğu üçün Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranıb. Komitə bu  qanun layihələrini də parlamentin payız sessiyasına təqdim etməyi məqsədəuyğun sayır.
Gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitənin fəal iştirakının təmin edilməsi məsələsi də iş planında nəzərdə tutulub.
İclasda deputatlar Şahin İsmayılov və Azər Badamov gündəlikdəki məsələlərlə bağlı müsbət münasibətlərini açıqladılar, təkliflərini bildirdilər. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış etdi.
Yekunda komitənin iş planı təsdiqləndi.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi