AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

12/09/18

Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov 2018-ci il payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Sonra Eldar İbrahimov gündəlikdəki məsələləri təqdim etdi. Əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyaları barədə hesabat verildi. Qeyd edildi ki, komitə öz fəaliyyətini Milli Məclisin qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Bu dövrdə komitənin 7 iclası olub, 18 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Belə ki, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” və başqa  qanunlarda dəyişikliklər barədə sənədlərə baxılıb. Eyni zamanda, digər komitələr tərəfindən daxil olan qanun layihələrinə rəy hazırlanıb. Komitə üzvləri beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak ediblər, xarici ölkə parlamentləri ilə sıx əlaqələr saxlayıblar.
Bildirildi ki, ötən sessiya ərzində qrafikə uyğun olaraq vətəndaşların qəbulu keçirilib. Komitəyə daxil olan müraciətlər araşdırılaraq, aidiyyəti üzrə göndərilib. Ərizələrin 30-u kənd təsərrüfatı məsələləri və torpaq islahatları haqqında, 15-i isə əhalinin sosial müdafiəsi, əmək mübahisələri, mənzil məsələləri və digər problemlərlə  əlaqədar olub. Komitənin 2018-ci il yaz və növbədənkənar sessiyaları müddətində fəaliyyəti müsbət qiymətləndirildi.
İclas iştirakçılarının diqqətinə çatdırıldı ki, komitənin qanunvericilik işləri planına uyğun olaraq, cari ilin payız sessiyasında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.
İclasda bəzi qanunlara edilməli olan düzəlişlərə də baxıldı. Düzəlişlərin mahiyyəti barədə parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadə məlumat verdi. Bildirildi ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları təsbit olunan 11-ci maddəsinin 2-ci bəndindəki düzəlişdə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyədən  məlumat almaq hüququ əks etdirilir.
İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində isə “kadastrı” sözü çıxarılır. Bu maddə yeni redaksiyada “yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə” şəklində təqdim edilir.
Qeyd edildi ki, hər iki sənədə təklif olunan dəyişikliklər “Yaşıllıqların mühafizəsi haqqında” qanunda 2017-ci il 31 oktyabr tarixində edilmiş düzəlişlərlə əlaqədar hazırlanıb.
Komitə üzvləri Eldar Quliyev, Tahir Süleymanov, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Novruzəli Aslanov gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqladılar, bir sıra təkliflər verdilər. Deputatlar  qanunlara edilən dəyişiklikləri məqbul bildilər və parlamentin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi