MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

12/09/18

Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT-in Baş katibi Tomas Qreminqeri qəbul etdi.
Spiker qonağı salamlayaraq, ümidvar olduğunu bildirdi ki, bu səfər çərçivəsində keçirilən görüşlər ölkəmizlə ATƏT arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan ATƏT-lə qarşılıqlı hörmət və ümumi maraqlar naminə konstruktiv əməkdaşlıqda maraqlıdır. ATƏT nümayəndələri ilə aparılan danışıqlar əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin ATƏT-dən gözləntiləri barəsində ətraflı fikir mübadiləsi aparılması üçün əlverişli imkan yaradır.
Biz ATƏT məkanında münaqişələrin həllində ATƏT-in məsuliyyətinin prioritet kimi saxlanılmasının tərəfdarıyıq. Bu təşkilatın Minsk qrupu 25 ildir ki, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olur. Təşkilatın sənədlərində ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əks olunsa da, Ermənistan tərəfi bu hüquqi normalara hələ də saymamazlıq nümayiş etdirir. İşğalçı ölkəyə qarşı təşkilat tərəfindən qəti addımların atılmaması ölkə ictimaiyyətində bu quruma olan inamı azaldır. Ermənistanın yeni rəhbərliyi məsələnin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə, qızışdırıcı mövqe tutur. Bütün bunlara baxmayaraq, biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə inanırıq.
Bu gün dinamik inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməkdədir. Ölkəmizin birbaşa və fəal iştirakı ilə reallaşan  qlobal miqyaslı neft və qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən dəmiryolu xəttinin istifadəyə verilməsi bu fikirlərin əyani sübutudur. Heç də təsadüfi deyildir ki, ATƏT PA-da Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna dəstək qrupu yaradılmışdır.  Bu mövzuda keçirilən konfrans Avropa ölkələrinin adı çəkilən məsələyə marağının əyani göstəricisidir. Biz inanırıq ki, ATƏT-lə əməkdaşlığımız gələcəkdə də hər iki tərəf üçün faydalı olacaqdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT-in Baş katibi Tomas Qreminqer bu vəzifədə ölkəmizə ilk dəfə səfər etdiyini vurğuladı. Qeyd edildi ki, səfərdən məqsəd təmsil etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin  bugünkü vəziyyəti və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır. Qonaq Azərbaycan nümayəndə heyətinin ATƏT-in qurumlarında fəal iştirakını xüsusi vurğuladı. Təşkilatda aparılan islahatlara Azərbaycanın da töhfə verdiyini söylədi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər barədə danışıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi