MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

12/09/18

Sentyabrın 12-də  Milli  Məclisin Mədəniyyət  komitəsinin  2018-ci ilin  payız  sessiyasında ilk iclası  keçirildi. Komitə sədri Rafael Hüseynov əvvəlcə  millət  vəkillərini  yeni  sessiyanın  başlanması  münasibəti ilə  təbrik etdi, qarşıdakı  dönəmdə  hər  kəsə uğurlu  fəaliyyət  arzuladı.
Yaz  və  növbədənkənar  sessiyalar  dövründə görülən işlərdən  danışan Rafael  Hüseynov komitədə “Muğam  sənətinin inkişafı  və qorunması”  haqqında qanunun hazırlanmasını xüsusi  qeyd  etdi. Bildirildi ki, hesabat  dövründə bir  sıra  mühüm qanun layihələrinə zəruri dəyişikliklər də edilib. O, vətəndaşlardan, idarə  və  təşkilatlardan  yaz  sessiyası  dövründə komitəyə 107 təklif, ərizə və şikayətin daxil olduğunu dedi və millət  vəkilləri tərəfindən lazımi köməkliklərin edildiyini bildirdi. Komitə  sədri sonra payız  sessiyasının qanunvericilik işləri planı barədə  məlumat verdi.  Yaz  və növbədənkənar  sessiyalar dövründəki hesabat  və payız  sessiyasının  qanunvericilik işləri planı təsdiq  olundu.
İclasın gündəliyinə daxil edilən  məsələlər barədə məlumat verən Rəfael Hüseynov əvvəlcə “Azərbaycan Respublikası  Hökuməti  və  Türkiyə Respublikası  Hökuməti  arasında  Mədəniyyət  Mərkəzlərinin  təsis  olunması, iş mexanizmi  və fəaliyyətləri  haqqında” Sazişin  təsdiq  edilməsi  barədə sənədi təqdim etdi.  Bildirildi ki, sənədin qəbulu qardaş ölkə ilə mədəniyyət sahəsində münasibətlərimizin daha  da genişlənməsinə  rəvac  verəcək.
Qeyd  olundu ki, “Televiziya və radio yayımı haqqında”,  “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihələrinə  nəzərdə tutulan  dəyişikliklər  mahiyyət  etibarilə eyni  xarakterlidir. Bu  sənədlərdəki dəyişikliklərin televiziya yayımlarında və teatr tamaşalarında tütün məmulatlarının, tütün istifadəsi  prosesinin və insan  sağlamlığına  zərər vuran  digər  məhsulların  reklamına  məhdudiyyətlərin  qoyulması ilə bağlı olduğu  vurğulandı.
İclasda  “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında”  qanun layihələrinə texniki  xarakterli  dəyişikliklərə də baxıldı.
Komitə  üzvləri  Əflatun Amaşov,  Fəzail İbrahimli,  Jalə Əliyeva, Gövhər  Baxşəliyeva,  Novruzəli Aslanov, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva müzakirə  edilən  dəyişikliklərlə  bağlı  fikir və təkliflərini  səsləndirdilər.
Müzakirə  edilən bütün sənədlərin  Milli Məclisin plenar  iclasına   tövsiyə  olunması  qərara alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi