AZƏRBAYCAN-TACİKİSTAN ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

10/11/17

Noyabrın 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev ilə görüşdü.
Ziyafət Əsgərov bu ölkənin siyasi həyatında taleyüklü rol oynamış  Tacikistan Ali Sovetinin tarixi XVI sessiyasının 25-ci ildönümü münasibətilə qonağa təbriklərini çatdırdı. Son 25 ildə Tacikistanın durmadan tərəqqi etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır.
Birinci vitse-spiker parlamentlərarası əlaqələrin genişləndirilməsi, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin artırılması vacibliyindən söz açdı. Ölkələrimiz arasında ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu qeyd etdi.
Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev bildirdi ki, ta qədimlərdən Tacikistanla Azərbaycanı birləşdirən tellər var. Bu gün də ölkənin məktəblərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı tədris olunur. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişləndirilməsi üçün potensialımız böyükdür. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir.
Milli Məclisin deputatlarını ölkəsinə dəvət edən qonaq Tacikistan Ali Sovetinin XVI sessiyasının 25-ci ildönümü münasibətilə söylənən fikirlərə görə xüsusi minnətdarlığını bildirdi.
Görüşdə Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli  iştirak edirdi. 


 Milli Məclisin

Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi