MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

14/09/17

Sentyabrın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan  Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakı və Sezar Florin Predanı qəbul etdi.
Sədr qonaqları salamlayaraq, onların təmsil etdikləri təşkilatın növbəti sessiyasından əvvəl ölkəmizə səfərlərini yüksək qiymətləndirdi.  Oqtay Əsədov qeyd etdi ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin mətni ilə tanışdır. Spiker sənəd üzərində iş zamanı göstərdikləri obyektivliyə görə qonaqlara öz təşəkkürünü bildirdi. O da qeyd edildi ki, sənəddə müsbət məqamlarla yanaşı, sual doğuran bəzi məsələlər də öz əksini tapmışdır. Azərbaycan tərəfi həmməruzəçiləri maraqlandıran sualları birgə müzakirə etməyə hazırdır.
Sədr dedi ki, adətən, AŞPA kimi təşkilatlarda Azərbaycan haqqında müsbət fikir səslənəndə ermənipərəst qüvvələr fəallaşaraq öz riyakar planlarını işə salmağa cəhd edirlər. Qurumun növbəti sessiya öncəsi onlar hazırladıqları press-relizi müxtəlif ünvanlara göndərərək, Azərbaycanı ləkələməyə, ölkəmiz haqqında mənfi rəy yaratmağa növbəti dəfə səy göstərirlər. Biz buna artıq adi hal kimi baxırıq.
Söhbətdə belə bir fikir vurğulandı ki, Azərbaycan bütün istiqamətlərdə AŞPA ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycan hakimiyyəti öz daxili və xarici siyasətini milli və dövlətçilik maraqlarına uyğun formalaşdırır. Biz təşkilatda bəzi ölkələrə qarşı göstərilən sərt mövqedən narahatıq. Belə hesab edirik ki, mübahisə doğuran məsələlər danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Biz gələcəkdə də AŞPA ilə əməkdaşlığımızı daha da dərinləşdirmək əzmindəyik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərlərindən və burada keçirdiyi görüşlərdən razı qaldıqlarını söylədi. Qonaq qeyd etdi ki, ilk dəfədir ki,  sessiyaya bir həftə qalmış ölkə üzrə hazırlanmış hesabatı müzakirə etmək üçün həmin dövlətin nümayəndələri ilə görüş üçün belə bir səfər baş tutur. Biz hesab edirik ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə hazırladığı məruzədə öz əksini tapan məsələlər barədə yerində müzakirələr aparmaq ümumi işin xeyrinə olardı.
Qəbulda qonaqları maraqlandıran suallara və qaldırılan məsələlərə aydınlıq gətirildi, bir sıra məqamlara Azərbaycan tərəfinin mövqeyi bildirildi.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev  və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi