İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

15/03/10

Martın 15-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə iclası açaraq bildirdi ki, gündəliyə ölkənin Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi və Rüfət Cəbrayıl oğlu Aslanlının başqa işə keçməsi ilə əlaqədar olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi barədə məsələlər daxil edilmişdir.
Ziyad Səmədzadə qeyd etdi ki, ölkə Konstitusiyasına və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Prezident tərəfindən Milli Məclisə təqdim olunur və parlament məsələyə baxıb münasibət bildirir. Parlamentə daxil olmuş sənədə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülmüşdür. İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verildi.
Komitə sədri ölkəmiz müstəqillik əldə etdikdən sonra Mərkəzi Bankın həyata keçirdiyi uğurlu pul-kredit siyasəti, son vaxtlar dünyada gedən maliyyə böhranının iqtisadiyyatımıza təsirinin az olması və bu istiqamətdə görülən işlər nəticəsində əldə edilən nailiyyətlər barədə də fikirlərini söylədi.
Komitə üzvləri öz münasibətlərini bildirdikdən sonra hər iki məsələnin Milli Məclisin plenar iclasına təqdim olunması barədə qərar qəbul olundu.

Milli  Məclisin
Mətbuat  xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi