08.12.2006 “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə” dəyişiklik edilməsi barədə

194-IIIQD

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə” dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6 maddə 362, № 11 maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1 maddə 2, № 5 maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1 maddələr 9, 23; 2004-cü il № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5 maddə 385; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 155-IIIQD nömrəli qanunu) aşağıdakı dəyişiklik edilsin:
105-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 105. Bayram günləri

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:
Yeni il bayramı (yanvarın 1və 2-si);
Qadınlar günü (martın 8-i);
Faşizm üzərində qələbə günü (mayın 9-u);
Respublika günü (mayın 28-i);
Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);
Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);
Konstitusiya günü (noyabrın 12-si);
Milli Dirçəliş günü (noyabrın 17-si);
Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);
Novruz bayramı - beş gün;
Qurban bayramı - iki gün;
Ramazan bayramı - iki gün.
2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.
3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.”

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 dekabr 2006-cı iı
№ 194-IIIQD

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi