16.05.2017 “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

672-VQD

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq  q ə r a r a  a l ı r :

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci, 40.3.5-2-ci, 40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr əlavə edilsin:
“33.1.3-2. rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil etmək;
33.1.3-3. telefon nömrələrinin (sabit (məftilli), mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək;
40.3.5-1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar;
40.3.5-2. abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulması barədə qeyd;
40.3.5-3. abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə qeyd;
40.3-1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanılmalı və həmin müqaviləyə abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır.
48.5. Mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin etməlidirlər.”.

2. 33.2-ci maddədə “33.1.4-cü maddəsi” sözləri “33.1.3-2-ci, 33.1.3-3-cü və 33.1.4-cü maddələri” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2017-ci il
№ 672-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi