14.04.2017 Məktəbəqədər təhsil haqqında

585-VQ

Məktəbəqədər təhsil haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məktəbəqədər təhsil – məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;
1.0.2. məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi;
1.0.3. məktəbəqədər təhsilin dövlət standartı – uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər təhsil  sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu;
1.0.4. məktəbəqədər təhsildə diferensiallaşdırma – təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixo-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması;
1.0.5. məktəbəqədər təhsildə qiymətləndirmə - uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi;
1.0.6. məktəbəqədər təlim – məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqetmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş proses;
1.0.7. məktəbəqədər xüsusi təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;
1.0.8. metodist – məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.9. dayə - uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxs;
1.0.10. defektoloq – uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis;
1.0.11. icma əsaslı məktəbəqədər təlim qrupu – ixtisaslı pedaqoji kadr olduğu halda, valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu;
1.0.12. inklüzivlik – sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq, uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi;
1.0.13. innovasiya – müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.0.14. qanuni nümayəndələr – uşaqların hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar;
1.0.15. qısamüddətli təlim qrupu – valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla, yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu;
1.0.16. loqoped – nitqi qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.17. sağlamlıq imkanları məhdud uşaq – xüsusi təhsil şəraitinə ehtiyacı olan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan uşaq;
1.0.18. təhsil proqramı (kurikulum) – təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.19. təhsildə inteqrasiya – təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip;
1.0.20. təlimin məzmunu – uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu;
1.0.21. tərbiyəçi–müəllim – uşaqların tərbiyəsini,  hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini  təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs.

Maddə 2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, məktəbəqədər təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etməkdən, məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir.
2.3. Bu Qanun xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları yanında  yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.
 
Maddə 3. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. məktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması;
3.0.2. məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması;
3.0.3. məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili;
3.0.4. məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi;
3.0.5. məktəbəqədər təhsilin bu Qanuna uyğun olaraq könüllülüyü;
3.0.6. sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili;
3.0.7. beş yaşına çatmış uşaqların məktəbəhazırlığının zəruriliyi;
3.0.8. məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi;
3.0.9. uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi.

Maddə 4. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri
4.0. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək;
4.0.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin bu Qanuna və texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti həyata keçirmək;
4.0.4. məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;
4.0.5. dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
4.0.6. məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək;
4.0.7. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
4.0.8. məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq;
4.0.9. məktəbəqədər təhsil müəssisəsinin tikintisinə dair normaları, maddi-texniki təchizatına dair minimum normaları, ümumi sanitariya-gigiyenik tələbləri və uşaq yerləri ilə təminat normativlərini təsdiq etmək;
4.0.10. məktəbəqədər təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.11. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.0.12. məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı həyata keçirmək;
4.0.13. dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək;
4.0.14. dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını və tibbi xidməti təmin etmək;
4.0.15. məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlayıb həyata keçirmək;
4.0.16. dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək;
4.0.17. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almalarını təmin etmək;
4.0.18. məktəbəqədər təhsilin keyfiyyətinin və elmi-metodik təminatının, uşaqların məktəbəqədər təhsillə əhatəsinin yüksəldilməsi məqsədi ilə təhsil proqramları və layihələri həyata keçirmək;
4.0.19. məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etmək;
4.0.20. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktəbəqədər təhsil almasına şərait yaratmaq.

Maddə 5. Məktəbəqədər təhsil sahəsində dövlət standartları
5.1. Məktəbəqədər təhsil sahəsində dövlət standartları uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq elmi-pedaqoji prinsiplər və beynəlxalq təcrübə əsasında hazırlanan, məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturu, təhsilalanlar və təhsilverənlərin göstəriciləri ilə bağlı tələbləri özündə əks etdirən normalar məcmusudur.
5.2. Məktəbəqədər təhsil sahəsində dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.3. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.
5.4. Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət standartları əsasında həyata keçirilir.

Maddə 6. Tədris dili
6.1. Məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
6.2. Azərbaycan dilini öyrətmək  və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.

2-ci fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN TƏŞKİLİ

Maddə 7. Məktəbəqədər təhsilin məqsədi və məzmunu
7.1. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
7.2. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
7.3. Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir.
7.4. Məktəbəqədər təhsilin məzmunu uşaqlarda aşağıdakı keyfiyyətlərin formalaşdırılmasına yönəldilir:
7.4.1. cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgəfəaliyyət və ünsiyyət mədəniyyəti;
7.4.2. müstəqillik, məsuliyyət və cavabdehlik, özünə inam və iradəlilik;
7.4.3. müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək və müstəqil öyrənmək;
7.4.4. təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək;
7.4.5. estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları;
7.4.6. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək.
7.5. Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyən edilir:
7.5.1. nəticəyonümlük;
7.5.2. şəxsiyyətyönümlük;
7.5.3. uşaqyönümlük;
7.5.4. inkişafyönümlük;
7.5.5. tələbyönümlük;
7.5.6. varislik;
7.5.7. inteqrativlik;
7.5.8. azərbaycançılıq və dünyəvilik.

Maddə 8. Məktəbəqədər təhsilin təşkili qaydaları
8.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.
8.2. Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.3. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir.
8.4. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir.
8.5. Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir. Məktəbəhazırlığın təşkili qaydası müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
8.6. Bir uşağın eyni zamanda dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına yol verilmir.
8.7. Məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.
8.8. Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.9. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Maddə 9. Məktəbəqədər təhsil proqramı (kurikulum)
9.1. Məktəbəqədər təhsil proqramı (kurikulum) məktəbəqədər təhsilin dövlət standartları və məktəbəqədər təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
9.2. Məktəbəqədər təhsil proqramına (kurikuluma) aşağıdakılar daxildir:
9.2.1. məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri;
9.2.2.  məktəbəqədər təhsilin məzmununu əhatə edən inkişaf sahələri və hər sahə üzrə ümumi təlim nəticələri;
9.2.3. yaş qrupları nəzərə alınmaqla hər bir inkişaf sahəsi üzrə məzmun standartları;
9.2.4. təhsil nailiyyətlərinin qiymətləndirilməsi meyarları;
9.2.5. təlim strategiyaları, metodik təminatla bağlı tövsiyələr.
9.3. Məktəbəqədər təhsil proqramının yerinə yetirilmə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 10. Məktəbəqədər təhsil sisteminin quruluşu
10.0. Məktəbəqədər təhsil sisteminə aşağıdakılar daxildir:
10.0.1. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil xidməti göstərən digər müəssisələr;
10.0.2. istirahət və sağlamlıq düşərgələri;
10.0.3. məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirən təhsili idarəetmə orqanları.

Maddə 11. Məktəbəqədər təhsil müəssisəsi
11.1. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla müəyyən olunmuş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodik, tibbi tədbirlərin həyata keçirilməsini təmin edir. 
11.2. Mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.
11.3. Məktəbəqədər təhsil müəssisəsi təhsil kompleksləri, ayrı-ayrı müəssisə və təşkilatların nəzdində də yaradıla bilər.
11.4. Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin aşağıdakı növləri müəyyən edilir:
11.4.1. körpələr evi;
11.4.2. körpələr evi-uşaq bağçası;
11.4.3. uşaq bağçası;
11.4.4. uşaq evləri;
11.4.5. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;
11.4.6. təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;
11.4.7. müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;
11.4.8. sanator tipli məktəbəqədər təhsil müəssisəsi;
11.4.9. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusiməktəbəqədər təhsil müəssisələri;
11.4.10. elmi tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri;
11.4.11. ailə tipli kiçik qrup evi;
11.4.12. uşaqlar üçün icma əsaslı təlim qrupları.
11.5. Məktəbəqədər xüsusi təhsil müəssisələri nitq, eşitmə, görmə pozulmaları, əqli (psixi), dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar üçün yaradılır.
11.6. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
11.7. Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.
11.8. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
11.9. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
11.10. Məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir.
11.11. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Maddə 12. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi
12.1. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.
12.2. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 13. Məktəbəqədər təhsil fəaliyyətinin lisenziyalaşdırılması və məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası
13.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.
13.2. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir.
13.3. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarının tələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.
13.4. Məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə ehtiyatlarının və təhsil infrastrukturunun, bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və məktəbəqədər təhsilin dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.
13.5. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır. Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin lisenziyası ləğv olunur.
13.6. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir.

Maddə 14. Məktəbəqədər təhsil müəssisəsində iaşə və tibbi xidmət
14.1. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara göstərilən tibb və iaşə xidmətinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14.2. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara ödənişsiz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
14.3. Əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əlavə müalicə-bərpa xidməti göstərilir.
14.4. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada uşaqların dispanserizasiyası həyata keçirilir, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir. Dövlət məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.
14.5. Məktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun həyata keçirilir.

3-cü fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 15. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması 
15.1. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. 
15.2. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsilinə və ya ali pedaqoji təhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olan şəxs ola bilər.
15.3. Dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir.
15.4. Bələdiyyənin təsis etdiyi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.
15.5. Məktəbəqədər təhsil müəssisəsi rəhbərinin səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir.
15.6. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və ya qəyyumlar şurası, valideyn şurası) yaradılır.
15.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.
15.8. Məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurası haqqında nümunəvi əsasnaməni müvafiq icra hakimiyyəti orqanı, dövlət məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının əsasnaməsini təsisçi təsdiq edir.
15.9. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.

Maddə 16. Məktəbəqədər təhsil prosesinin iştirakçıları
16.0. Məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
16.0.1. təsisçilər;
16.0.2.  təhsilalanlar;
16.0.3. təhsil müəssisəsinin rəhbəri;
16.0.4. təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;
16.0.5.  digər işçilər – işçi heyəti: tibb işçiləri, texniki işçilər, dayələr;
16.0.6. valideynlər və ya digər qanuni nümayəndələr;
16.0.7. təhsili idarəetmə orqanları və bələdiyyələr;
16.0.8. məktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

Maddə 17. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları
17.1. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
17.2. Məktəbəqədər təhsil sahəsində uşaqlar aşağıdakı hüquqlara malikdirlər:
17.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
17.2.2. şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından,  fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq;
17.2.3. uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq;
17.2.4. ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;
17.2.5. müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilmək;
17.2.6. asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyl və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq.

Maddə 18. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları və vəzifələri
18.1. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:
18.1.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq;
18.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;
18.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
18.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
18.1.5. mükafatlandırılmaq və təltif olunmaq.
18.2. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:
18.2.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və  attestasiyadan keçmək;
18.2.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
18.2.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək;
18.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək;
18.2.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
18.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;
18.2.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;
18.2.9. təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq;
18.2.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək.

Maddə 19. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları və vəzifələri
19.1. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları aşağıdakılardır:
19.1.1. övladı (qəyyumluğunda olan şəxs) üçün məktəbəqədər təhsil müəssisəsini seçmək;
19.1.2. məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının (qəyyumluğunda olan şəxsin)  davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi və xidmət şəraiti haqqında məlumat almaq;
19.1.3. təhsilalanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarəolunmasında və mədəni-kütləvi tədbirlərin təşkilində iştirak etmək;
19.1.4. müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
19.2. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində vəzifələri aşağıdakılardır:
19.2.1. övladının (qəyyumluğunda olan şəxsin) erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq;
19.2.2. övladını (qəyyumluğunda olan şəxsi)  Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək;
19.2.3. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək.

Maddə 20. Məktəbəqədər təhsil müəssisəsində uşaqların və işçi heyətin sosial müdafiəsi
20.1. Dövlət məktəbəqədər yaşlı uşaqların, xüsusilə valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud olan, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqlarının  sosial müdafiəsinə təminat verir.
20.2. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda üzrə, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir.
20.3. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanlar qida və tədris vəsaitləri ilə dövlət hesabına təmin olunurlar.
20.4. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.
20.5. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
20.6. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan məktəbəqədər təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.

4-cü fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN İQTİSADİYYATI

Maddə 21. Məktəbəqədər təhsil sistemində mülkiyyət münasibətləri
21.1. Məktəbəqədər təhsil müəssisəsinin mülkiyyətinə onun təsisçisi (təsisçiləri) tərəfindən verilən əmlak və bu Qanuna uyğun olaraq əldə etdiyi digər əmlak daxildir.
21.2. Məktəbəqədər təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.
21.3. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsaitlər, kreditlər, qrantlar, ianələr, cəlb olunmuş investisiyalar, həmçinin  sahibkarlığın inkişafı üzrə dəstək fondlarından əldə edilən vəsaitlər  hesabına təmin olunur.
21.4. Məktəbəqədər təhsil müəssisəsində onun profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin məskunlaşdırılmasına, müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsinə yol verilmir.
21.5. Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 22. Məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi
22.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, məktəbəqədər təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
22.1.1. dövlət məktəbəqədər təhsil müəssisəsi:
22.1.1.1. dövlət büdcəsinin vəsaitləri;
22.1.1.2. dövlət fondlarının vəsaitləri;
22.1.1.3. büdcədənkənar vəsaitlər;
22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;
22.1.1.5. kreditlər, qrantlar, ianələr;
22.1.1.6. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.1.7. cəlb edilmiş investisiyalar;
22.1.1.8. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsaitlər;
22.1.2. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri:
22.1.2.1. təsisçinin (təsisçilərin) vəsaitləri;
22.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
22.1.2.4. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.2.5. kreditlər, qrantlar, ianələr;
22.1.2.6. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsaitlər.
22.2. Dövlət məktəbəqədər təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.
22.3. Məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsində uşaqların saxlanması üçün nəzərdə tutulan ödəniş əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.
22.5. Məktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.

Maddə 23. Məktəbəqədər təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti
23.1. Məktəbəqədər təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
23.2. Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
23.3. Məktəbəqədər təhsil müəssisələrində çalışan mütəxəssislərin öz səmərəliləşdirici təkliflərini müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında müqavilələr bağlayaraq tətbiq etmək hüququ vardır.
23.4. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.
23.5. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni texnologiyalar tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
23.6. Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin innovasiya fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
23.7. Məktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
23.8. Məktəbəqədər təhsil müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.
23.9. Məktəbəqədər təhsil sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyəti təbliğ edilir.

5-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 24. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq
24.1. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
24.2. Məktəbəqədər təhsil müəssisəsi “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökümət qurumlarına daxil ola və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilərlər.

Maddə 25. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
№ 585-VQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi