30.12.2016 “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

476-VQD

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  qərara alır :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 356-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 446-VQD nömrəli Qanunu) 2-ci maddəsində “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2016-cı il
№ 476-VQD

 

 

Azərbaycan Respublikasının 2016-cı il
30 dekabr tarixli 476-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan
Respublikasının yubiley medalı haqqında

ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif edilirlər.

Maddə 2.  Təltif edən orqan

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 


Azərbaycan Respublikasının 2016-cı il
30 dekabr tarixli 476-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)”Azərbaycan
Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Qalınlığı 3 mm, guşələrinin ən uzaq nöqtələri arasındakı məsafə 36 mm-dir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “DÖVLƏT MİQRASİYA XİDMƏTİ” sözləri yazılmışdır. Bu sözlərin ayrıcında, dairənin mərkəz səviyyəsində sağ və sol hissələrdə guşələrinin ən uzaq nöqtələri arasındakı məsafə 2 mm olan iki səkkizguşəli ulduz həkk edilmişdir. İkinci dairədə paralel və meridianları cızılmış yer kürəsi, onun mərkəzində Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Xəritənin üzərində “10 il” sözləri yazılmışdır.
2.2. Səkkizguşəli ulduzun şüaları, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər və sözlər relyeflidir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin kənarları boyunca iki paralel zolaq keçir. Mərkəzdə Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Zolaqlar və xəritə relyeflidir.
3.2. Medalın arxa tərəfində onun seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, yuxarı  və aşağı hissələri 40 mm x 3 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Aşağı hissədəki metal lövhənin ilgəyinin üzərində milli ornament vardır.
4.2. Xara lentin üzərində mərkəzdə 13 mm enində tünd mavi, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla 2 mm enində narıncı, 3 mm enində tünd mavi, 4 mm enində narıncı və 3 mm enində tünd mavi rəngli şaquli zolaqlar vardır.
4.3. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi