15.05.2015 Qiymətli kağızlar bazarı haqqında

1284-IVQ

Qiymətli kağızlar bazarı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin  I hissəsinin 11-ci və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarətsonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının dövlət və ictimai müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. aidiyyəti şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş şəxs;
1.0.2. anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidməti;
1.0.3. benefisiar – pul vəsaiti və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxs;
1.0.4. depo hesabı – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesab;
1.0.5. emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir;
1.0.6. fond birjasının listinqi – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;
1.0.7. institusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;
1.0.8. investisiya məsləhəti – qiymətli kağızın və ya törəmə maliyyə alətinin alınması, satılması, abunə yazılışı, dəyişdirilməsi, geri alınması, saxlanılması və anderraytinqi və ya onunla bağlı hüquqların həyata keçirilib-keçirilməməsi ilə bağlı müştərilərə verilən məsləhət. Belə məsləhət kütləvi informasiya vasitələrində açıqlandıqda, investisiya şirkəti fəaliyyətindən fərqli peşə fəaliyyəti çərçivəsində əvəzsiz qaydada verildikdə və ya həmin məsələlərin sırf hüquqi aspektlərinə aid olduqda, investisiya məsləhəti sayılmır;
1.0.9. investisiya tədqiqatı – ictimaiyyət üçün nəzərdə tutulan, birbaşa və ya dolayı yolla, bir və ya bir neçə qiymətli kağıza, törəmə maliyyə alətinə və ya onların emitentlərinə, həmin qiymətli kağızların və ya törəmə alətlərin cari və ya gələcək qiyməti daxil olmaqla investisiya strategiyasını tövsiyə və ya təklif edən tədqiqat;
1.0.10. investor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs;
1.0.11. qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusu;
1.0.12. qiymətli kağızlarla əməliyyatlar üzrə pul hesabı – qiymətli kağızlarla əməliyyatlar üzrə pul qalıqlarını əks etdirən hesab;
1.0.13. qiymətli kağızların hesabının idarə edilməsi – müştərinin aktivlərinin qorunması və saxlanılması üzrə investisiya şirkətinin həyata keçirdiyi yardımçı investisiya xidməti;
1.0.14. investisiya şirkətinin filialı – hüquqi şəxs olmayan, investisiya şirkətinin olduğu yerdən kənarda yerləşən, investisiya şirkətinə icazə verilmiş investisiya xidmətlərinin hamısını və ya bir hissəsini həyata keçirə bilən investisiya şirkətinin ayrıca bölməsi;
1.0.15. investisiya şirkətinin nümayəndəliyi – hüquqi şəxs olmayan, investisiya şirkətinin olduğu yerdən kənarda yerləşən, investisiya xidmətləri göstərmək hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən investisiya şirkətinin ayrıca bölməsi;
1.0.16. maliyyə monitorinqi orqanı – “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş orqan;
1.0.17. maliyyə tədqiqatçısı – investisiya tədqiqatını hazırlayan şəxs;
1.0.18. marketmeyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxs;
1.0.19.  mühüm iştirak payı  – səhmdar cəmiyyətinin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən səhmlərə birbaşa və ya dolayı yolla sahiblik, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmə imkanı;
1.0.20. müştəri – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə xidmətlərin alınmasına dair müqavilə bağlamış fiziki və ya hüquqi şəxs;
1.0.21. nettinq – klirinq üzvlərinin digər üzvlərə göndərdiyi və ya onlardan aldığı köçürmə sifarişlərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsi;
1.0.22.  nəzarət orqanı – qiymətli kağızlar bazarının dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.23.  portfelin idarə edilməsi – fərdi investorların verdiyi istiqamətlər üzrə bir və ya bir neçə qiymətli kağızdan və ya törəmə maliyyə alətlərindən ibarət portfeli investisiya şirkətinin idarə etməsi üzrə əsas investisiya xidməti;
1.0.24. repo müqaviləsi – investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılması (alınması);
1.0.25.  tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alqı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistem;
1.0.26. vahid məlumat resursu – bu Qanunun 9-cu fəsli ilə açıqlanması nəzərdə tutulan məlumatların dərc edildiyi, ictimaiyyət üçün açıq olan və nəzarət orqanı tərəfindən yaradılan avtomatlaşdırılmış sistem;
1.0.27. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmaması;
1.0.28. ödənişə qarşı çatdırılma – qiymətli kağızların alış qiymətinin tam ödənilməsi qarşılığında satıcının alıcıya və ya onun nümayəndəsinə qiymətli kağızların çatdırılmasının təmin edilməsi üzrə razılaşmanı ifadə edən prinsip;
1.0.29. hesablaşma – qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsi.

Maddə 2. Qiymətli kağızlar bazarı haqqında qanunvericilik

2.1. Azərbaycan Respublikasında qiymətli kağızlar bazarı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

2-ci fəsil
İnvestisiya qiymətli kağızlarının emissiyası və kütləvi təklifi

Maddə 3. İnvestisiya qiymətli kağızlarının emissiyası

3.1. İnvestisiya qiymətli kağızlarının emissiyası bu Qanunun 3.5-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirlərin məcmusudur.
3.2. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və bir buraxılış daxilində investisiya qiymətli kağızları ilə təsdiqlənən hüquqlar eyni olmalıdır. İnvestisiya qiymətli kağızlarının buraxılışı emitentin bir növə aid olan, eyni dövlət qeydiyyat nömrəsinə və nominal dəyərə malik investisiya qiymətli kağızlarının toplusudur.
3.3. Səhmdar cəmiyyətinin emissiya etdiyi səhmlərin nominal dəyəri eyni olmalıdır.
3.4. Səhmlərin nominalı yalnız milli valyutada ifadə olunmalıdır. İstiqrazların nominalı milli və ya xarici valyutada ifadə olunur.
3.5. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:
3.5.1. emitent tərəfindən investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarın qəbul edilməsi;
3.5.2. emitent tərəfindən investisiya qiymətli kağızlarının emissiya prospektinin və ya bu Qanunun 5.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda informasiya memorandumunun tərtib edilməsi (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün);
3.5.3. nəzarət orqanının investisiya qiymətli kağızlarının buraxılışını dövlət qeydiyyatına alması və emissiya prospektini və ya informasiya memorandumunu təsdiq etməsi;
3.5.4. investisiya qiymətli kağızlarının emissiya prospektində və ya informasiya memorandumunda olan məlumatların açıqlanması (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün);
3.5.5. investisiya qiymətli kağızlarının yerləşdirilməsi və ya tənzimlənən bazarlara ticarətə buraxılması;
3.5.6. nəzarət orqanının investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatı təsdiq etməsi;
3.5.7. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (investisiya qiymətli kağızları kütləvi təklif edildikdə).
3.6. Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.
3.7. Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.8. Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 4. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar

4.1. Səhmlərin buraxılışı haqqında qərarı səhmdar cəmiyyəti səhmdarlarının ümumi yığıncağı qəbul edir.
4.2. İstiqrazların buraxılışı haqqında qərarı emitentin nizamnaməsi ilə müəyyən edilən orqanı qəbul edir.
4.3. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
4.3.1. emitentin tam adı, olduğu yer;
4.3.2. qərarın qəbul edildiyi yer və tarix;
4.3.3. emissiya edilən investisiya qiymətli kağızlarının növü, forması və nominal dəyəri;
4.3.4. emissiya edilən investisiya qiymətli kağızlarının sayı və ümumi məbləği;
4.3.5. həmin buraxılış üzrə investisiya qiymətli kağızları ilə təsbit olunan hüquqların xüsusiyyətləri;
4.3.6. buraxılışın anderrayteri (investisiya qiymətli kağızları kütləvi təklif edildikdə) və şərtləri (bu Qanunun 8.17-ci maddəsində göstərilən hallar istisna olmaqla);
4.3.7. investisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası;
4.3.8. abunə yazılışının başlanma və başa çatma tarixləri və ya həmin tarixlərin müəyyən edilməsi qaydası;
4.3.9. qərarı qəbul etmiş emitentin orqanının adı;
4.3.10. qərarı qəbul etmiş emitentin orqanının rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş imzası.

Maddə 5. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti və informasiya memorandumu

5.1. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması üçün emissiya prospekti tərtib etməlidir.
5.2. Emissiya prospektində emitentin maliyyə vəziyyəti və emissiya edilən investisiya qiymətli kağızları ilə təsbit edilmiş hüquqlar əks olunmalıdır. Emissiya prospektinin mətni dəqiq və səlis olmalıdır.
5.3. Emissiya prospektinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
5.4. Emissiya prospektinin tərtib edilməsində iştirak edən şəxslər adlarını və yerləşdikləri ünvanı göstərməklə, emissiya prospektində olan məlumatların həqiqi faktlar əsasında hazırlanmasına dair bəyanatlarını emissiya prospektinə daxil etməlidirlər.
5.5. Emissiya prospektinin əvəzinə aşağıdakı hallarda informasiya memorandumu tərtib edilir:
5.5.1. investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar qoşulan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;
5.5.2. investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar ayrılan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;
5.5.3. investisiya qiymətli kağızlarının buraxılışının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olduqda;
5.5.4. emitent tərəfindən bir təqvim ili ərzində buraxılan investisiya qiymətli kağızlarının məcmu nominal dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olmadıqda;
5.5.5. institusional investorlara ünvanlanan təklif edildikdə.
5.6. Aşağıdakı hallarda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır:
5.6.1. dövlət və ya bələdiyyə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və ya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya qiymətli kağızları emissiya edildikdə;
5.6.2. dövlət zəmanəti ilə təmin edilən investisiya qiymətli kağızları emissiya edildikdə;
5.6.3. hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olmadıqda;
5.6.4. səhmdarlardan ödəniş tələb etməyən və dividendlərin ödənilməsi əvəzinə mövcud olan səhmlərlə eyni növdə buraxılan səhmlər emissiya edildikdə;
5.6.5. tənzimlənən bazarda bir təqvim ili ərzində buraxılan səhmlər emitentin nizamnamə kapitalının on faizindən az olan hissədə kütləvi təklif edildikdə;
5.6.6. investisiya qiymətli kağızları konvertasiya edildikdə;
5.6.7. investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutulmadıqda.
5.7. Emissiya prospektinə daxil edilmiş məlumatlara görə aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
5.7.1. emitent və onun emissiya prospektini təsdiq edən və imzalayan orqanlarının üzvləri – bütün məlumatlar üzrə;
5.7.2. investisiya qiymətli kağızlarını kütləvi təklif edən şəxs – özü və kütləvi təklif edilən investisiya qiymətli kağızları üzrə;
5.7.3. təminatçı (olduqda) – özü və ya təqdim etdiyi təminat üzrə;
5.7.4. anderrayter – öhdəlikləri və təklif edilən investisiya qiymətli kağızları üzrə.
5.8. İnformasiya memorandumunu bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada nəzarət orqanı təsdiq edir və bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada açıqlayır.
5.9. İnformasiya memorandumuna dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
5.10. Emitent bir il ərzində investisiya qiymətli kağızlarının bir neçə (səhm istisna olmaqla) buraxılışı haqqında qərar qəbul etdiyi təqdirdə, baza emissiya prospekti tərtib edə bilər.
5.11. Baza emissiya prospektinə və onun əlavələrinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
5.12. Baza emissiya prospektini bu Qanunun 6-cı və 7-ci maddələri ilə müəyyən edilmiş qaydada nəzarət orqanı təsdiq edir və açıqlayır.
5.13. Baza emissiya prospektinə hər buraxılış üçün emitentin etdiyi dəyişikliklər bu Qanunun 10-cu maddəsinə uyğun olaraq nəzarət orqanına təqdim edilir və buraxılış bu Qanunun 6-cı maddəsinə əsasən dövlət qeydiyyatına alınır.
5.14. Bu Qanunun emissiya prospektinə aid olan müddəaları baza prospektinə şamil olunur.
5.15. Emissiya prospekti və ya informasiya memorandumu təsdiq edildiyi tarixdən bir il ərzində investisiya qiymətli kağızları tənzimlənən bazarda ticarətə buraxılmadıqda və ya onların kütləvi təklifi həyata keçirilmədikdə, emissiya prospekti və ya informasiya memorandumu qüvvədən düşmüş hesab edilir. Emissiya prospektində və ya informasiya memorandumunda olan məlumatların yenilənməsi ilə əlaqədar bu Qanunun 10-cu maddəsinə uyğun olaraq əlavə və dəyişikliklər edildikdə, emissiya prospekti və ya informasiya memorandumu yenidən qüvvəyə minir.
5.16. Emissiya prospektinə və ya informasiya memorandumuna yarımillik və rüblük maliyyə hesabatları əlavə edildikdə, onlar emissiya prospekti və ya informasiya memorandumu qüvvədə olduğu müddət ərzində yenilənməlidir.

Maddə 6. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması və emissiya prospektinin təsdiq edilməsi

6.1. İnvestisiya qiymətli kağızlarının buraxılışını nəzarət orqanı dövlət qeydiyyatına alır.
6.2. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi zamanı onların emissiya prospektini nəzarət orqanı təsdiq edir.
6.3. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün emitent nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
6.3.1. investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə;
6.3.2. investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar;
6.3.3. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;
6.3.4. investisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa);
6.3.5. investisiya qiymətli kağızlarının emissiya prospektinin təsdiq edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa).
6.4. Nəzarət orqanı investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı və emissiya prospektinin təsdiq edilməsi üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən iyirmi iş günü müddətində baxır. Qeydiyyatdan imtina üçün bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, investisiya qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alınır və emissiya prospekti təsdiq edilir. Bu halda nəzarət orqanı emitentə investisiya qiymətli kağızlarının dövlət reyestrindən çıxarış və emissiya prospektinin təsdiq olunması haqqında yazılı bildiriş təqdim edir.
6.5. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı emissiya prospektinin təsdiq edilməsindən (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa) və məlumatların dövlət reyestrinə daxil edilməsindən ibarətdir.
6.6. Nəzarət orqanı investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından və ya emissiya prospektinin təsdiq edilməsindən (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa) aşağıdakı hallarda imtina edir:
6.6.1. investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər bu Qanunun tələblərinə cavab vermədikdə;
6.6.2. emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabatı nəzarət orqanı təsdiq etmədikdə;
6.6.3. investisiya qiymətli kağızlarının emissiya prospektinə və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərara (investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda.
6.7. Bu Qanunun 6.6-cı maddəsində göstərilən hallar müəyyən edildikdə, nəzarət orqanı investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından və emissiya prospektinin təsdiq edilməsindən (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa) imtina barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərarı iki iş günü ərzində emitentə göndərməlidir.
6.8. Dövlət qeydiyyatına alınmış, lakin kütləvi təklif edilməmiş investisiya qiymətli kağızlarının tənzimlənən bazarlara ticarətə buraxılması zamanı emissiya prospektinin təsdiq edilməsi nəzarət orqanına aşağıdakı sənədlər təqdim edilməklə bu Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir:
6.8.1. investisiya qiymətli kağızlarının emissiya prospektinin təsdiq edilməsi üçün ərizə;
6.8.2. investisiya qiymətli kağızlarının emissiya prospekti.

Maddə 7. İnvestisiya qiymətli kağızlarının emissiya prospektinin açıqlanması

7.1. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti nəzarət orqanı tərəfindən təsdiqləndikdən sonra bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda)  açıqlanmalıdır.
7.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.
7.3. Nəzarət orqanının təsdiq etmədiyi emissiya prospektinin açıqlanmasına və reklam edilməsinə yol verilmir.
7.4. Emissiya prospektinin reklamında emissiya prospektinin dərc olunduğu yerlər və investorların qərar qəbul etməsi üçün lazım olan məlumatlar göstərilməlidir.
7.5. Reklam və digər vasitələrlə təqdim olunan məlumatlar qeyri-dəqiq və çaşdırıcı olmamalı, emissiya prospektində əks olunan məlumatlara uyğun olmalıdır.
7.6. Bu Qanunun 5.6-cı maddəsinin müddəalarına əsasən emissiya prospektinin tərtibinin tələb edilməsi nəzərdə tutulmadıqda, emitent tərəfindən informasiya xarakterli məlumat investorlar üçün nəzərdə tutulubsa, həmin məlumat onlar qarşısında açıqlanmalıdır.

Maddə 8. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi

8.1. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi emitentin investisiya qiymətli kağızlarını onların ilk mülkiyyətçilərinin əldə etməsidir.
8.2. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
8.3. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya  50 nəfərdən artıq şəxsə təklif edilməsidir.
8.4. İnvestisiya qiymətli kağızlarının qapalı yerləşdirilməsi qiymətli kağızları 50 nəfərdən az şəxsə təklif etməklə və ya qiymətli kağızların buraxılışı haqqında qərarda investisiya qiymətli kağızlarını əldə edəcək investorları göstərməklə keçirilən yerləşdirmədir.
8.5. Emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsi hüquqlarını həmin kağızların buraxılışı dövlət qeydiyyatına alındığı andan əldə edir.
8.6. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.
8.7. İnvestisiya qiymətli kağızlarına abunə yazılışının müddəti üç aydan çox ola bilməz.
8.8. Abunə yazılışı başa çatdıqdan sonra beş iş günü ərzində emitent və ya təklif edən şəxs qiymətli kağızların yerləşdirilməsinə başlamalıdır. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi müddəti başlandığı tarixdən etibarən yeddi iş günündən çox olmamalıdır.
8.9. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda və ya emissiya prospektində göstərilən saydan çox olmamalıdır. Səhmlər emissiya prospektində və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda göstərilən hissədən az yerləşdirildikdə, emissiya baş tutmamış hesab edilir.
8.10. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının alışı zamanı, bu Qanunun 8.11-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, bir alıcıya başqa alıcılara nisbətən üstünlük verilməsi qadağandır.
8.11. Səhmdarlar səhmdar cəmiyyəti tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnamə kapitalında malik olduqları paya mütənasib şəkildə almaqda üstünlük hüququna malikdirlər. Bu hüquq səhmdarların ümumi yığıncağının qərarı ilə məhdudlaşdırıla bilər.
8.12. Bu Qanunun 8.11-ci maddəsində nəzərdə tutulan üstünlük  hüququndan istifadə imkanı barədə bildiriş əlavə səhm buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra beş iş günü ərzində səhmdar cəmiyyəti tərəfindən sifarişli poçt göndərişi ilə hər bir səhmdara göndərilməlidir. Səhmdar üstünlük hüququndan istifadə etməsi barədə yazılı tələbini bildirişi aldığı tarixdən on iş günü ərzində səhmdar cəmiyyətinin icra orqanına təqdim edə bilər. Bu zaman əlavə buraxılan səhmlərin üstünlük hüququndan istifadə edən səhmdarlara təklif edilən qiyməti həmin səhmlərin yerləşdirməsi zamanı üçüncü şəxslərə təklif edilən qiymətdən aşağı olmamalıdır.
8.13. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyəri yalnız pulla ödənilir və bu pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən banklarda emitentin açdığı müvəqqəti cari hesabda saxlanılır. Həmin vəsaitlərin istifadəsinə yerləşdirmə başa çatdıqdan və kütləvi təklifin yekunları haqqında hesabatı nəzarət orqanı təsdiq etdikdən sonra bu Qanunun 11.4-cü maddəsində göstərilən qaydada yol verilir.
8.14. Abunə yazılışının qiyməti investisiya qiymətli kağızlarının yerləşdirilməsi və ya kütləvi təklifi zamanı satış qiymətidir. Abunə yazılışının qiyməti və ya həmin qiymətin müəyyən edilməsi qaydaları və ya kütləvi təklif edilən investisiya qiymətli kağızlarının qiymət dəhlizi investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda əks olunmalıdır. Abunə yazılışının qiyməti emissiya prospektində və ya informasiya memorandumunda müəyyən edilmədikdə, həmin qiymət yerləşdirmənin başlanmasına ən azı beş iş günü qalmış açıqlanır. Qiymət dəhlizindən kənara çıxan qiymətlərlə investisiya qiymətli kağızlarının kütləvi təklifinə yol verilmir.
8.15. İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və onların yerləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.16. Azərbaycan Respublikası emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş  investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
8.17. Azərbaycan Respublikası tərəfindən yaradılan və bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən nəzarət orqanı dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir.

Maddə 9. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması

9.1. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması nəzarət orqanının qərarı ilə investisiya qiymətli kağızlarının reklamı, yerləşdirilməsi və ya onlara abunə yazılışı üzrə tədbirlərin dayandırılmasıdır.
9.2. İnvestisiya qiymətli kağızlarının emissiyası dövlət qeydiyyatına alındıqdan sonra emissiya şərtlərinin, habelə bu Qanunun 2-ci fəslinin tələblərinin pozulması faktı aşkar edildikdə, nəzarət orqanı emitentin adı, investisiya qiymətli kağızlarının qeydiyyat nömrəsi və tarixi, qərarın tarixi və əsasları göstərilməklə, aşağıdakı  qərarlardan birini qəbul etməlidir:
9.2.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;
9.2.2. yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin investisiya qiymətli kağızlarının emissiyasının  dayandırılması və pozuntuların aradan qaldırılması barədə.
9.3. Bu Qanunun 9.2-ci maddəsində göstərilən qərarın qəbul edilməsi tarixindən etibarən bir iş günü ərzində nəzarət orqanı həmin qərarı emitentə, investisiya qiymətli kağızlarının təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə verməli və kütləvi informasiya vasitələrində açıqlamalıdır.
9.4. Emitent, onun investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsini həyata keçirən şəxslər bu Qanunun 9.2-ci maddəsində göstərilən qərarı aldıqdan sonra dərhal kütləvi informasiya vasitələrində, qiymətli kağızları kütləvi təklif edilmiş emitent, onun investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsini həyata keçirən şəxslər isə bu Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə bu barədə məlumat verməli, nəzarət orqanının müəyyən etdiyi müddət ərzində pozuntuları aradan qaldırmalı və bu barədə nəzarət orqanına hesabat verməlidirlər.
9.5. Bu Qanunun 9.2.1-ci maddəsində göstərilən qərar qəbul edildiyi halda, nəzarət orqanı yol verilmiş pozuntuların aradan qaldırılmadığını bu Qanunun 9.4-cü maddəsində göstərilən hesabatdan müəyyən etdikdə və ya həmin hesabatı  müəyyən olunmuş müddət ərzində almadıqda, hesabatı aldığı və ya almalı olduğu tarixdən beş iş günü ərzində əsasları göstərilməklə, bu Qanunun 9.2.2-ci maddəsində nəzərdə tutulan qərarı qəbul etməlidir.
9.6. Bu Qanunun 9.2.2-ci maddəsində göstərilən qərar qəbul edildiyi halda nəzarət orqanı bu Qanunun 9.4-cü maddəsində göstərilən hesabatı aldığı və ya almalı olduğu tarixdən beş iş günü ərzində əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:
9.6.1. yol verilmiş pozuntuların aradan qaldırıldığı hesabatdan müəyyən edildikdə - emissiyanın davam etdirilməsi barədə;
9.6.2. yol verilmiş pozuntuların aradan qaldırılmadığı hesabatdan müəyyən edildikdə və ya hesabat müəyyən olunmuş vaxt ərzində təqdim edilmədikdə - emissiyanın baş tutmamış hesab edilməsi barədə.
9.7. Bu Qanunun 9.6.1-ci maddəsində göstərilən qərar qəbul edildiyi halda, nəzarət orqanı bu barədə məlumatı bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilmiş şəxslərə həmin maddə ilə müəyyən edilmiş qaydada göndərir və açıqlayır. Bu zaman investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.

Maddə 10. Emissiya prospektində dəyişikliklər

10.1. Emissiya prospektində dəyişikliklər barədə qərarı emitentin investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarı qəbul etmiş orqanı qəbul edir.
10.2. Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə (həmin dəyişikliklərin qəbul edilməsi barədə qərar, dəyişikliklərin mətni və əsaslandırılma əlavə edilməklə) müvafiq qərarın qəbul edildiyi gündən beş iş günü ərzində nəzarət orqanına təqdim edilir.
10.3. Emissiya prospektində dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən on iş günü ərzində dövlət qeydiyyatına alınır.
10.4. Bu Qanunun 6.6-cı maddəsində göstərilən hallar müəyyən olunduqda, nəzarət orqanı emissiya prospektində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş qaydada imtina edir.
10.5. Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən beş iş günü ərzində bu Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlanır və açıqlandığı tarixdən on beş iş günü bitdikdən sonra qüvvəyə minir.
10.6. Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl investisiya qiymətli kağızlarının alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən yeddi iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.
10.7. İnformasiya memorandumunda dəyişikliklər bu Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada edilir.

Maddə 11. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat

11.1. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs nəzarət orqanına investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim etməlidir.
11.2. İnvestisiya qiymətli kağızlarının emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabata dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
11.3. Nəzarət orqanı investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabata on beş iş günü müddətində baxır və bu Qanunun 11.5-ci maddəsində göstərilən əsaslar olmadıqda onu təsdiq edir.
11.4. Bu Qanunun 11.3-cü maddəsində göstərilən hesabatı nəzarət orqanı təsdiq etdikdən sonra bu Qanunun 8.13-cü maddəsində nəzərdə tutulan müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün).
11.5. İnvestisiya qiymətli kağızlarının emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabata baxarkən qiymətli kağızların emissiyası və ya kütləvi təklifi şərtlərinin, habelə bu Qanunun 2-ci fəslinin tələblərinin pozulması faktı müəyyən olunduqda, nəzarət orqanı əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:
11.5.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;
11.5.2. yol verilmiş pozuntuların aradan qaldırılması mümkün olmadıqda, həmin investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina barədə.
 11.6. Bu Qanunun 11.5.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi halda, pozuntuya yol vermiş şəxs nəzarət orqanının müəyyən etdiyi vaxt  ərzində həmin pozuntuların aradan qaldırılması barədə hesabatı, müvafiq təsdiqləyici sənədlər əlavə olunmaqla, nəzarət orqanına təqdim etməlidir. Nəzarət orqanı həmin hesabatdan pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq edir, pozuntuların aradan qaldırılmadığı və ya ümumiyyətlə bu barədə hesabat təqdim olunmadığı halda, bu Qanunun 11.5.2-ci maddəsində nəzərdə tutulan qərarı qəbul edir.
11.7. Bu Qanunun 11.5.2-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi halda, emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsindən və satılmasından daxil olmuş vəsaitin on iş günü ərzində investorlara qaytarılmasını təmin edir və bunun nəticələri barədə nəzarət orqanına məlumat təqdim edir.
11.8. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat nəzarət orqanı tərəfindən təsdiq edildiyi andan həmin emissiyaya daxil olan, lakin yerləşdirilməyən qiymətli kağızlar dövriyyədən çıxarılmış hesab edilir.

Maddə 12. İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi

Kütləvi təklif olunan investisiya qiymətli kağızlarının ticarəti başlandıqdan sonra emissiya prospektində və ya informasiya memorandumunda emitent və ya anderrayter tərəfindən investisiya qiymətli kağızlarının qiymətini sabitləşdirməyə yönəlmiş əqdlərin bağlanması imkanı qeyd olunduğu halda, emitent və ya anderrayter investisiya qiymətli kağızlarının qiymətini sabitləşdirmək üçün həmin əqdləri bağlayır. İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 13. İnvestisiya qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi

13.1. Nəzarət orqanı emissiyanı aşağıdakı hallarda baş tutmamış hesab edir:
13.1.1. investisiya qiymətli kağızları emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə;
13.1.2. bu Qanunun 5.15-ci maddəsinə əsasən emissiya prospekti qüvvədən düşdükdə;
13.1.3. bu Qanunun 11.5.2-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildikdə;
13.1.4. bu Qanunun 9.6.2-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildikdə.
13.2. İnvestisiya qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən bir iş günü ərzində nəzarət orqanı bu barədə emitentə, investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsini keçirən şəxslərə yazılı məlumat verməli və qərarı kütləvi informasiya vasitələrində açıqlamalıdır.
13.3. Emissiyanın baş tutmamış hesab edilməsi barədə məlumatı emitent kütləvi informasiya vasitələrində, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitent isə bu Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə  açıqlamalı, yerləşdirmənin başa çatması tarixindən etibarən on iş günü ərzində investorlara ödədikləri vəsaitlərin qaytarılmasını təmin etməli və bunun nəticələri barədə nəzarət orqanına məlumat təqdim etməlidir.

Maddə 14. İnvestisiya qiymətli kağızlarının emissiyasının etibarsız hesab edilməsi

İnvestisiya qiymətli kağızlarının emissiyası zamanı bu Qanunun tələbləri pozulduğu hallarda məhkəmə həmin buraxılışı etibarsız hesab edə bilər. Bu halda həmin emissiyaya daxil olan bütün investisiya qiymətli kağızları dövriyyədən çıxarılır, investisiya qiymətli kağızlarının yerləşdirilməsindən əldə edilmiş vəsait investorlara qaytarılır.

3-cü fəsil
Qiymətli kağızlar üzrə depozitar sistemi

Maddə 15. Depozitar sisteminin təşkili

15.1. Depozitar sistemi qiymətli kağızların sənədsizləşdirilməsi, saxlanılması, uçotu, onlarla təsbit edilmiş hüquqların təsdiqi, öhdəliklərlə yüklənməsi, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pul hesablarının açılması, həmin hesablar üzrə əməliyyatlar aparılması və pul köçürmələrinin həyata keçirilməsi ilə əlaqədar mərkəzi depozitar və onun üzvləri arasında olan münasibətlər sistemidir.
15.2. Mərkəzi depozitar onun üzvləri olan investisiya şirkətləri və investisiya fondunun depozitarları ilə birlikdə depozitar sistemini təşkil edir. Mərkəzi depozitar bu sistemin mərkəzi institutudur.
15.3. Mərkəzi depozitar qiymətli kağızlar üzrə depozitar sistemini idarə edir.
15.4. Mərkəzi depozitar investorların maraqlarının təmin edilməsi üzrə fəaliyyət göstərir.
15.5. Mərkəzi depozitar üzvlərinin öhdəlikləri, üzvləri isə mərkəzi depozitarın öhdəlikləri üçün məsuliyyət daşımır.
15.6. Mərkəzi depozitarın üzvləri tərəfindən müştərilərin tapşırıqlarının icra edilməsi birbaşa elektron əlaqə vasitəsilə depozitar sistemində həyata keçirilməlidir.
15.7. Mərkəzi depozitar aşağıdakı tələblərə cavab verməlidir:
15.7.1. həyata keçirilən əməliyyatlar zamanı baş vermiş mənfi halların və maraqlar münaqişəsinin vaxtında müəyyən edilməsi üçün resursları olmalıdır;
15.7.2. risklərin idarəedilməsi sisteminə malik olmalıdır;
15.7.3. öz fəaliyyətini həyata keçirmək üçün proqram təminatı və texniki vasitələri olmalıdır;
15.7.4. fəaliyyətini tənzimləyən daxili qaydaları olmalıdır;
15.7.5. baş verə biləcək risklərin qarşısını almaq üçün maliyyə resursları  olmalıdır.

Maddə 16. Mərkəzi depozitarın hüquqi statusu və idarə edilməsi

16.1. Mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir. Mərkəzi depozitar müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir. Mərkəzi depozitarın əsas məqsədi mənfəət götürmək deyil və fəaliyyəti nəticəsində əldə edilən mənfəət depozitar sisteminin inkişafına, habelə bu Qanunun 89.2-ci maddəsi ilə müəyyən edilmiş məqsədlərə yönəldilir.
16.2.  “Mərkəzi depozitar” sözlərindən öz adında yalnız Milli Depozit Mərkəzi istifadə edə bilər.
16.3. Mərkəzi depozitarın xidmət haqları haqqında məlumat ictimaiyyət üçün açıq olmalıdır.
16.4. Mərkəzi depozitarın baş idarəsi Azərbaycan Respublikasının ərazisində yerləşir.
16.5. Mərkəzi depozitarın ali idarəetmə orqanı müşahidə şurası, icra orqanı isə idarə heyətidir.
16.6. Mərkəzi depozitarın müşahidə şurası beş nəfərdən ibarətdir. Müşahidə şurasının tərkibinə nəzarət orqanının iki nümayəndəsi, bu Qanunun 19.1-ci maddəsi ilə müəyyən edilmiş mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir. Müstəqil üzvü müşahidə şurasının digər üzvləri təyin edirlər. Müstəqil üzv nəzarət orqanının, mərkəzi depozitarın, investisiya şirkətinin, fond birjasının və ya klirinq təşkilatının işçisi və ya onun əsas gəliri qiymətli kağızlar bazarı ilə bağlı olmamalıdır. Müşahidə şurası üzvlərinin səlahiyyət müddəti beş ildir və onlar yalnız bir təkrar müddətə təyin edilə bilərlər.
16.7. Bu Qanunun 19.1-ci maddəsi ilə müəyyən edilmiş mərkəzi depozitarın üzvlərinin müşahidə şurasının tərkibinə daxil olan nümayəndələri onların yarısından çoxunun iştirakı ilə nəzarət orqanının təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir. Yığıncağın keçirilməsi barədə iştirakçılara azı on iş günü əvvəldən yazılı bildiriş göndərilir.
16.8. Mərkəzi depozitarın müşahidə şurası üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilir:
16.8.1. öz ərizəsi ilə;
16.8.2. səlahiyyət müddəti başa çatdıqda;
16.8.3. seçildiyi və ya təyin edildiyi qaydada vaxtından əvvəl vəzifədən azad edildikdə;
16.8.4. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda.
16.9. Müşahidə şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, onun yerinə təyin edilmiş üzvün səlahiyyət müddəti əvəz etdiyi
üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır.
16.10. Müşahidə şurasına sədr rəhbərlik edir. Müşahidə şurasının sədrini
və onun müavinini nəzarət orqanının təqdimatı ilə müşahidə şurası öz üzvləri sırasından seçir. Müşahidə şurasının sədri olmadıqda, onun səlahiyyətlərini müavini icra edir.
16.11. Mərkəzi depozitarın müşahidə şurasının növbəti və növbədənkənar iclasları keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq, növbədənkənar iclaslar isə nəzarət orqanının, müşahidə şurası sədrinin, müşahidə şurasının ən azı iki üzvünün və ya idarə heyətinin tələbi ilə çağırıla bilər. Müşahidə şurasının üzvlərinə iclasların keçirilməsinə azı üç iş günü qalmış yazılı bildiriş göndərilir.
16.12. Müşahidə şurasının azı üç (sədr və ya müavini daxil olmaqla) üzvünün iştirak etdiyi iclas səlahiyyətlidir.
16.13. Müşahidə şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Müşahidə şurasının üzvü səsvermə zamanı bitərəf qala bilməz.
16.14. Müşahidə şurasının qərarları protokolla rəsmiləşdirilir. Protokolu iclasın sədri və katibi imzalayırlar.
16.15. Müşahidə şurasının iclaslarının çağırılması və keçirilməsi qaydasını müşahidə şurası müəyyən edir.
16.16. Mərkəzi depozitarın müşahidə şurası aşağıdakı vəzifələri yerinə yetirir:
16.16.1. mərkəzi depozitarın fəaliyyət strategiyasını təsdiq edir;
16.16.2. mərkəzi depozitarın təşkilati strukturunu və işçilərinin say həddini təsdiq edir;
16.16.3. mərkəzi depozitarın illik büdcəsini və ona edilən dəyişiklikləri, o cümlədən maliyyə hesabatlarını təsdiq edir;
16.16.4. mərkəzi depozitarın xidmət haqlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi üçün təkliflər verir;
16.16.5. mərkəzi depozitarın işçilərinin əmək haqlarının ödənilmə formalarını və miqdarını təsdiq edir;
16.16.6. mərkəzi depozitarın daxili qaydalarını, habelə idarə heyətinin və struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
16.16.7. mərkəzi depozitarın vəsaitinin yerləşdirilməsi üsullarını, istiqamətlərini və qaydasını müəyyən edir;
16.16.8. mərkəzi depozitarın fəaliyyəti haqqında hesabatın tərtib olunması qaydasını müəyyən edir;
16.16.9. mərkəzi depozitarın idarə heyətinin üzvlərini, o cümlədən sədrini vəzifəyə təyin və vəzifədən azad edir;
16.16.10. mərkəzi depozitarın daxili audit bölməsinin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;
16.16.11. mərkəzi depozitarın idarə heyətinin hesabatını təsdiq edir;
16.16.12. mərkəzi depozitarın filiallarının və nümayəndəliklərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi haqqında qərar verir, onların əsasnamələrini təsdiq edir;
16.16.13. bu Qanunla səlahiyyətlərinə aid olan və ya fəaliyyətinə dair digər məsələləri həll edir.

Maddə 17. Mərkəzi depozitarın fəaliyyəti

17.1. Mərkəzi depozitarın vəzifələri aşağıdakılardır:
17.1.1. qiymətli kağızların saxlanması və uçotunun aparılması;
17.1.2. qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;
17.1.3. qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;
17.1.4. qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;
17.1.5. nominal saxlayıcıların hesablarının uçotunun aparılması;
17.1.6. qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;
17.1.7. öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına bu Qanunun 17-ci maddəsində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi;
17.1.8. müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
17.1.9. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələr.
17.2. Mərkəzi depozitar müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.

Maddə 18. Mərkəzi depozitarın daxili qaydaları

18.1. Mərkəzi depozitarın müşahidə şurası ən azı aşağıdakı daxili qaydaları qəbul etməlidir:
18.1.1. mərkəzi depozitarın üzvlərinə dair (üzvlüyə daxil olma, üzvlükdən çıxarılma, fəaliyyət və məsuliyyət) tələbləri müəyyən edən qaydaları;
18.1.2. mərkəzi depozitarda depo, qiymətli kağızlarla əməliyyatlar üzrə pul və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pul hesablarının açılması, bağlanması və idarə edilməsi qaydalarını;
18.1.3. qiymətli kağız mülkiyyətçilərinin reyestrinin formalaşdırılması və aparılması qaydalarını;
18.1.4. qiymətli kağızların saxlanılması qaydalarını;
18.1.5. qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydalarını;
18.1.6. qiymətli kağızlarların qeydiyyatı və ötürülməsi qaydalarını;
18.1.7. risklərin idarə edilməsi qaydalarını;
18.1.8. xidmət haqlarının ödənilməsi qaydalarını;
18.1.9. məlumatların qorunması və verilməsi qaydalarını.
18.2. Daxili qaydalar təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq mərkəzi depozitar tərəfindən açıqlanmalıdır.

Maddə 19. Mərkəzi depozitarın üzvləri

19.1. Mərkəzi depozitarın üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlardır.
19.2. Mərkəzi depozitar daxili qaydaları ilə müəyyən edilmiş üzvlüyə dair tələblərə cavab verən investisiya şirkətinin və ya investisiya fondunun depozitarının müraciət tarixindən bir ay ərzində həmin şəxsi üzvlüyə qəbul etməlidir.
19.3. Mərkəzi depozitarın üzvlərinin vəzifələri aşağıdakılardır:
19.3.1. qiymətli kağız mülkiyyətçilərinin hesablarının idarə edilməsi;
19.3.2. qiymətli kağızların depozitar sistemində ötürülməsinin təmin edilməsi;
19.3.3. müştərilər və onlara məxsus qiymətli kağızlar haqqında həmin müştərilərin hüquqlarının təsdiqi və müdafiəsi üçün zəruri olan məlumatların mərkəzi depozitara verilməsi;
19.3.4. müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və onlara aid olan aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
19.3.5. ləğv olunduqda və ya yenidən təşkil edildikdə və ya öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirmədikdə, bu barədə müştərilərə məlumat verilməsi;
19.3.6. müştəri ilə bağlanmış müqaviləyə xitam verildikdə, həmin müqaviləyə xitam verilməsinin səbəblərini göstərməklə, bu barədə mərkəzi depozitara məlumat verilməsi;
19.3.7. investisiya fondlarının depozitarları tərəfindən həmçinin “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrası.
19.4. Mərkəzi depozitar üzvləri bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən edilmiş daxili qaydalara riayət olunmasına nəzarət etməlidir.
19.5. Mərkəzi depozitar aşağıdakılar barədə nəzarət orqanına dərhal məlumat verməlidir:
19.5.1. üzvlər mərkəzi depozitar qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
19.5.2. üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə;
19.5.3. üzvlərinin siyahısında hər hansı dəyişikliklər baş verdikdə.
19.6. Mərkəzi depozitar və onun üzvləri aşağıdakıları həyata keçirə bilməzlər:
19.6.1. müştəri ilə üzvləri arasındakı müqavilədə nəzərdə tutulmuş hallarda müştərinin tapşırığı ilə həyata keçirilən hərəkətlərdən başqa, müştərinin qiymətli kağızları üzərində sərəncam vermək;
19.6.2. müştərinin qiymətli kağızlarından öz öhdəliklərinin və üçüncü şəxslərin öhdəliklərinin icrasının təminatı kimi istifadə etmək;
19.6.3. müştəri ilə müqavilə bağlamadan onu təmsil etmək;
19.6.4. məhkəmənin qərarı, habelə nəzarət orqanının və ya maliyyə monitorinqi orqanının sorğusu əsasında nəzərdə tutulmuş hallar istisna olmaqla, müştərinin hesabının vəziyyətinə dair məlumatları ötürmək.

Maddə 20. Mərkəzi depozitarla onun üzvlərinin qarşılıqlı münasibətləri

20.1. Mərkəzi depozitarla onun üzvləri arasında qarşılıqlı münasibətlər tərəflər arasında bağlanmış kollektiv sazişlə tənzimlənir.
20.2. Mərkəzi depozitar, onun üzvü ilə müştəri arasında müqavilə şərtlərinin pozulması və yaxud hər hansı digər formada əmlaka zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə məsuliyyət daşımır.

Maddə 21. Müştərinin hüquqları

21.0. Müştəri aşağıdakı hallarda birbaşa mərkəzi depozitara müraciət etmək hüququna malikdir:
21.0.1. qiymətli kağızları ilə həyata keçirilən əməliyyatları dayandırmaq üçün;
21.0.2. özünə məxsus qiymətli kağızların vəziyyəti barədə məlumat almaq üçün.

Maddə 22. Müştərilərin mərkəzi depozitarda hesabları və aktivləri

22.1. Mərkəzi depozitarın üzvlərinin hesabında saxlanılan pul vəsaitindən yalnız müştərinin tapşırığı əsasında həyata keçirilən əqdlərin ödənilməsi üçün istifadə edilir.
22.2. Müştərinin depo hesabında saxlanılan aktivlər mərkəzi depozitarın və onun üzvlərinin öhdəliklərinə, habelə məhkəmənin qərarı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müştərilərin iradəsinə zidd olaraq müştərinin öhdəliklərinin ödənilməsinə yönəldilə bilməz.
22.3. Müştərilərin depo hesabında saxlanılan qiymətli kağızların öhdəliklərlə yüklənməsini yalnız onların yazılı razılığı ilə (məhkəmənin qərarı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) mərkəzi depozitar qeydiyyata alır.
22.4. Depo hesablarından qiymətli kağızlar üzərində mülkiyyət hüquqlarının müəyyən edilməsi, hüquqların həyata keçirilməsi üzrə məhdudiyyətlər və qiymətli kağızlarla təsbit edilən digər hüquqların həyata keçirilməsi üçün istifadə edilir.
22.5. Depozitar sistemində qiymətli kağızların ötürülməsi və ya digər hüquqların həyata keçirilməsi üzrə tapşırıqların icrası onların daxilolma ardıcıllığı ilə təmin edilir.
22.6. Daxil olmuş tapşırıqlar depozitar sistemində hər hansı məhdudiyyət mövcud olmadığı təqdirdə icra edilir. Qiymətli kağızların ötürülməsinə məhdudiyyətlər girov üzrə, habelə məhkəmə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-20.4-cü maddəsinə uyğun olaraq nəzarət orqanı tərəfindən qoyulur.
22.7. Qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin dərhal elektron formada depozitar sisteminə ötürülməsi və depozitar sistemindən alıcının hüquqlarını təsdiqləyən sənədlərin alınması məqsədi ilə elektron informasiya sistemləri vasitəsilə məlumatların mübadiləsi təmin olunur. Notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və depozitar sistemində onların qeydiyyatı qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 23. Qiymətli kağızların uçotu

23.1. İnvestisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır.
23.2. Sənədsiz qiymətli kağızları nəzarət orqanı dövlət qeydiyyatına aldıqdan sonra mərkəzi depozitar onları deponentləşdirməli və uçota almalıdır.
23.3. Mərkəzi depozitar sənədsiz qiymətli kağızların uçotunu apararkən aşağıdakı əsas məlumatları göstərməlidir:
23.3.1. qiymətli kağızın növü və forması;
23.3.2. qiymətli kağızın dövlət qeydiyyat nömrəsi;
23.3.3. emitentin adı, hüquqi ünvanı və dövlət qeydiyyat nömrəsi;
23.3.4. qiymətli kağızın nominal dəyəri;
23.3.5. qiymətli kağızın buraxılış yeri və tarixi;
23.3.6. qiymətli kağızlar üzrə məhdudiyyətlər və öhdəliklərlə yüklənmə;
23.3.7. emitentin öhdəlikləri, həmçinin qiymətli kağız mülkiyyətçisinin (nominal saxlayıcının) hüquq və vəzifələri;
23.3.8. emitenti təmsil edən səlahiyyətli şəxslərin adları.

Maddə 24. Sənədsiz qiymətli kağızların depo hesabı

24.1. Sənədsiz qiymətli kağızların mülkiyyətçiləri depozitar sistemində depo hesabına malik olmalıdır.
24.2. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir.
24.3. İnvestisiya şirkəti müştərinin sənədsiz qiymətli kağızlar üzrə hesablarını idarə etdikdə, onları bu məqsədlə depozitar sistemində açılmış xüsusi hesabda saxlayır və həmin qiymətli kağızları üçüncü şəxslər üçün saxladığını mərkəzi depozitara bildirir.

Maddə 25. Qiymətli kağız mülkiyyətçilərinin reyestri

25.1. Qiymətli kağız mülkiyyətçilərinin reyestri emitent, onun qiymətli kağızları, qiymətli kağız mülkiyyətçiləri və nominal saxlayıcılar barədə məlumat toplusudur.
25.2. Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması üçün müqaviləni emitent bilavasitə mərkəzi depozitarla bağlayır.
25.3. Qiymətli kağız mülkiyyətçilərinin reyestrində aşağıdakı məlumatlar əks olunmalıdır:
25.3.1. mülkiyyətçi hüquqi şəxslər üçün – tam adı, ünvanı, bu Qanunun 26-cı maddəsində göstərilən  fərdi eyniləşdirmə nömrəsi;
25.3.2. mülkiyyətçi fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, ünvanı, bu Qanunun 26-cı maddəsində göstərilən fərdi eyniləşdirmə nömrəsi;
25.3.3. nominal saxlayıcı üçün – tam adı, ünvanı,  bu Qanunun 26-cı maddəsində göstərilən fərdi eyniləşdirmə nömrəsi;
25.3.4. mülkiyyətçiyə (nominal saxlayıcıya) məxsus olan qiymətli kağızlara dair bu Qanunun 23.3-cü maddəsində nəzərdə tutulan məlumatlar.
25.4. Mərkəzi depozitar aşağıda qeyd olunan məlumatları hüquqi şəxslər üzrə - hüquqi şəxslərin dövlət reyestrindən, fiziki şəxslər üzrə - özlərinin verdiyi məlumatlar əsasında mütəmadi olaraq yeniləməlidir:
25.4.1. dövlət qeydiyyat nömrəsi dəyişdikdə;
25.4.2. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi dəyişdirildikdə;
25.4.3. hüquqi şəxsin adı, fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdirildikdə;
25.4.4. ünvan dəyişdirildikdə.

Maddə 26. Qiymətli kağız mülkiyyətçilərinin fərdi eyniləşdirmə nömrəsi

26.1. Depozitar sistemində hər bir qiymətli kağız mülkiyyətçisinin və mərkəzi depozitar üzvünün fərdi eyniləşdirmə nömrəsi olmalıdır. Fərdi eyniləşdirmə nömrəsi müştərilərə qiymətli kağızlar üzrə mülkiyyət hüququnun əldə edilməsi, üzvlərə isə onların üzvlüyə qəbulu zamanı verilir.
26.2. Qiymətli kağızların mülkiyyətçilərinin fərdi eyniləşdirmə nömrəsi vətəndaşların şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və hüquqi şəxslərin dövlət qeydiyyat nömrəsi əsasında müəyyən olunur.
26.3. Mərkəzi depozitar on iş günü ərzində dəyişdirilmiş fərdi eyniləşdirmə nömrəsi barədə məlumatı qiymətli kağız mülkiyyətçilərinə və ya öz üzvlərinə verməlidir.

Maddə 27. Nominal saxlayıcı

27.1. Nominal saxlayıcı müqavilə və ya etibarnamə əsasında investorun tapşırığı ilə və onun xeyrinə qiymətli kağızlara dair hüquqları həyata keçirən, qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınmış, qiymətli kağızların mülkiyyətçisi olmayan xarici depozitar və ya xarici investisiya şirkətidir.
27.2. Bir nominal saxlayıcının müştəriləri olan qiymətli kağız mülkiyyətçiləri arasında əqdlər bağlandıqda, onların nəticələri qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks etdirilmir.
27.3. Nominal saxlayıcı müştərinin tapşırığının icrası barədə müştəriyə məlumat verməlidir.
27.4. Bu Qanunun 27.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, nominal saxlayıcı müştərinin icazəsi olmadan onun adını açıqlamamalıdır.
27.5. Nominal saxlayıcı müştərilərinin müəyyən edilməsinə və onlara məxsus qiymətli kağızlara dair zəruri olan bütün məlumatlara malik olmalıdır.
27.6. Nominal saxlayıcı nəzarət orqanının və ya mərkəzi depozitarın tələbi ilə nominal saxlayıcısı olduğu investorların eyniləşdirilməsinə dair məlumatları beş iş günü ərzində onlara təqdim etməlidir.
27.7. Nominal saxlayıcı müştərinin tapşırığı əsasında aşağıdakıları həyata keçirir:
27.7.1. müştərinin qiymətli kağızlar üzrə bütün ödənişləri almasına dair tədbirləri;
27.7.2. qiymətli kağızlarla əqdlər bağlanmasını;
27.7.3. qiymətli kağızların uçotunun aparılmasını;
27.7.4. qiymətli kağızların öhdəliklərlə yüklənməsini;
27.7.5. müştərinin maraqlarının qorunmasını;
27.7.6. müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən təlimatlar alaraq onların təmsil edilməsini, habelə müştərinin mənafeyi naminə digər hərəkətlərin yerinə yetirilməsini.
27.8. Müştərinin tapşırığı ilə qiymətli kağız mülkiyyətçilərinin reyestrində nominal saxlayıcının yerinə müştərinin özü göstərilir.
27.9. Nominal saxlayıcıya qarşı irəli sürülən tələblər onun nominal saxlayıcı kimi saxladığı qiymətli kağızlara yönəldilə bilməz. Nominal saxlayıcıda olan qiymətli kağızların mülkiyyətçilərinə qarşı irəli sürülən tələblər həmin qiymətli kağızların nominal saxlayıcısına yönəldilə bilməz.
27.10. Müştərinin tələbi ilə nominal saxlayıcı qiymətli kağızları geri qaytarmalıdır.

Maddə 28. Qiymətli kağızlar üzrə məlumatların açıqlanması və qorunması

28.1. Mərkəzi depozitar qiymətli kağızlar üzrə ümümiləşdirilmiş məlumatı, onların mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla, ictimaiyyət üçün açıqlamalıdır.
28.2. Depozitar sistemində saxlanılan qiymətli kağızların mülkiyyətçilərinin müəyyən edilməsinə dair məlumat gizli (konfidensial) sayılır. Həmin məlumat nəzarət orqanının, maliyyə monitorinqi orqanının və ya məhkəmənin sorğusu əsasında onlara təqdim edilir.

Maddə 29. Qiymətli kağız mülkiyyətçilərinə zərər vurulmasına görə məsuliyyət

29.1. Mərkəzi depozitarın üzvü depozitar sisteminə müştərinin tapşırığını daxil etməməsi və ya yanlış, təhrif edilmiş şəkildə daxil etməsi nəticəsində müştərilərə vurduğu zərərə görə məsuliyyət daşıyır.
29.2. Mərkəzi depozitar depozitar sistemində qiymətli kağız mülkiyyətçilərinin (nominal saxlayıcıların) və ya emitentlərin tapşırıqlarını icra etməməsi və ya yanlış, təhrif edilmiş şəkildə icra etməsi nəticəsində onlara vurduğu zərərə görə məsuliyyət daşıyır.

4-cü fəsil
İnvestisiya şirkətləri

Maddə 30. İnvestisiya şirkəti və onun xidmətləri

30.1. İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
30.2. İnvestisiya şirkətləri əsas və yardımçı investisiya xidmətləri göstərir.
30.3. Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
30.3.1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
30.3.2. fərdi investorların portfelinin idarə edilməsi;
30.3.3. investisiya məsləhətlərinin verilməsi;
30.3.4. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
30.3.5. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
30.3.6. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
30.3.7. marja ticarəti.
30.4. Yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
30.4.1. müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
30.4.2. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
30.4.3. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
30.4.4. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
30.4.5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
30.5. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət maraqları üçün  investisiya şirkəti fəaliyyəti üzrə lisenziya olmadan öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatları həyata keçirmək hüququna malikdir.
30.6. İnvestisiya şirkəti tərəfindən bu Qanunun 30.3-cü və 30.4-cü maddələrində nəzərdə tutulmuş investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 31. İnvestisiya şirkətinə dair prudensial nəzarət tələbləri

31.1. İnvestisiya şirkəti kapital, daxili nəzarət sistemi və risklərin idarə edilməsinə dair prudensial nəzarət tələblərinə cavab verməlidir.
31.2. İnvestisiya şirkəti fəaliyyətinə dair müəyyən olunan kapital tələbləri şirkətin nizamnamə kapitalına dair tələbləri və fəaliyyəti müddətində davamlı kapital tələblərini əhatə edir.
31.3. Bu Qanunun 30.3-cü və 30.4-cü maddələrində nəzərdə tutulmuş əsas və yardımçı investisiya xidmətlərinin (əməliyyatlarının) yerinə yetirilməsi üçün investisiya şirkətlərinin nizamnamə kapitalının minimum həcmini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
31.4. Bu Qanunun 30.3.5-30.3.7-ci maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının) yerinə yetirilməsi üçün investisiya şirkətlərinin nizamnamə kapitalının minimum həcmi daha yüksək məbləğdə müəyyən edilməlidir.
31.5. İnvestisiya şirkətlərinin davamlı kapital tələblərini idarə etdikləri aktivlərin və ticarət kitablarının həcmindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
31.6. İnvestisiya şirkəti öz nizamnamə kapitalı və ya davamlı kapitalı müəyyən edilmiş minimum miqdardan aşağı olduqda, bu barədə nəzarət orqanına üç iş günü ərzində məlumat təqdim etməlidir.
31.7. İnvestisiya şirkətinin daxili nəzarət sistemi aşağıdakıları təmin etməlidir:
31.7.1. davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini;
31.7.2. mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsini.
31.8. İnvestisiya şirkəti öz daxili nəzarət sisteminin səmərəliliyinin mütəmadi olaraq yoxlanılmasını və ehtiyac yarandıqda, daxili nəzarət sisteminin yenilənməsini təmin etməlidir.
31.9. İnvestisiya şirkətinin risklərin idarə edilməsi sistemi aşağıdakıları təmin etməlidir:
31.9.1. investisiya şirkəti ilə bağlı risklərin idarə edilməsinə dair daxili qaydaların qəbulunu;
31.9.2. fəaliyyəti zamanı qarşılaşdığı risklərin məqbul çərçivəsinin müəyyən edilməsini və risk səviyyəsinə davamlı nəzarət edilməsini;
31.9.3. risklərin idarə edilməsi sisteminin qiymətləndirilməsini;
31.9.4. investisiya şirkətinin risk profilinin müəyyən edilməsini.
31.10. Bu Qanunun 31.3-cü və 31.4-cü maddələrinə əsasən müəyyən edilmiş kapital tələbləri investisiya şirkətlərinə rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.
31.11. İnvestisiya şirkətinə prudensial nəzarət tələbləri konsolidasiya əsasında aşağıdakı hallarda tətbiq olunur:
31.11.1. törəmə təsərrüfat cəmiyyətlərinə malik olduqda;
31.11.2. investisiya şirkəti özü törəmə təsərrüfat cəmiyyəti olduqda.
31.12. Qanunla nəzərdə tutulmuş hallarda investisiya şirkətinin əsas təsərrüfat cəmiyyətinin fəaliyyətinə konsolidasiya əsasında müvafiq prudensial nəzarət tələbləri tətbiq edildikdə, investisiya şirkəti bu Qanunun 31.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərdən azad olunur.

Maddə 32. İnvestisiya şirkətlərinə dair təşkilati tələblər

32.1. İnvestisiya şirkətləri öz fəaliyyətlərini həyata keçirmək üçün aşağıdakıları yerinə yetirməlidir:
32.1.1. daxili qaydalar sistemini və vəzifələri dəqiq müəyyənləşdirən təşkilati strukturu formalaşdırmaq və tətbiq etmək;
32.1.2. aidiyyəti şəxslərin öz vəzifələrinin icrası ilə bağlı məlumatlandırılmasını təmin etmək;
32.1.3. peşəkar keyfiyyətlərə malik işçi heyətinə sahib olmaq;
32.1.4. daxili hesabatlıq və məlumat mübadiləsi sistemini tətbiq etmək;
32.1.5. öz fəaliyyətinin uçotunu elektron formada aparmaq;
32.1.6. maraqlar münaqişəsinin qarşısını almaq üçün tədbirlər görmək;
32.1.7. göstərdiyi xidmətlərlə bağlı yarana biləcək nasazlıqlar zamanı məlumat bazasının saxlanılması və bərpa edilməsi üzrə təhlükəsizlik tədbirlərini həyata keçirmək, habelə bununla bağlı texniki təchizata və prosedurlara malik olmaq;
32.1.8. xidmət göstərdiyi zaman üçüncü şəxslər cəlb olunduqda, fəaliyyət risklərinin azaldılması üçün tədbirlər görmək;
32.1.9. müştərilərinin şikayətlərinə baxılmasına dair qaydaları müəyyən etmək və onların uçotunu aparmaq.
32.2. İnvestisiya şirkəti aşağıda göstərilən tələblərə cavab verən daxili audit sistemini tətbiq etməlidir:
32.2.1. investisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
32.2.2. audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr verilməsi;
32.2.3. verilən tövsiyələrin icrasına nəzarətin təmin olunması;
32.2.4. auditin nəticələrinə dair hesabatlar hazırlanması.
32.3. Daxili audit və risklərin idarə edilməsinə dair hesabatlar ən azı ildə bir dəfə investisiya şirkətinin müşahidə şurasına təqdim olunmalıdır.

Maddə 33. İnvestisiya şirkəti müştərilərinin aktivləri

33.1. İnvestisiya şirkəti müştərilərinin aktivləri üzrə mülkiyyət hüquqlarını qorumalıdır. İnvestisiya şirkəti müştəriləri aktivlərindən, məhkəmə qərarı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə edə bilməz.
33.2. İnvestisiya şirkəti müştərinin aktivlərini müştərinin yazılı razılığı olmadan öhdəliklərlə yükləyə bilməz.
33.3. Müştərilərinin hüquqlarının müdafiəsi məqsədi ilə investisiya şirkətləri aşağıdakıları yerinə yetirməlidir:
33.3.1. müştərilərinin aktivlərinin uçotunu özünə məxsus, habelə digər müştərilərə aid aktivlərin uçotundan ayrı aparmalıdır;
33.3.2. müştərilərinin hesablarının və uçot sisteminin düzgünlüyünü təmin etməlidir, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunu yoxlamalıdır;
33.3.3. müştərilərinin banklarda saxlanılan aktivlərinin ayrı-ayrı müştəri hesablarında saxlanılmasını təmin etməlidir;
33.3.4. sui-istifadə, qeyri-effektiv idarəetmə, uçotun qeyri-dəqiq aparılması nəticəsində müştərilərin vəsaitlərinə ziyan vurulmamasını və ya onlarla bağlı hüquqlar üzrə risklərin azaldılmasını təmin etməlidir.

Maddə 34. İnvestisiya şirkətinin fəaliyyəti və göstərdiyi xidmətlərə dair nəzarət orqanına təqdim etdiyi hesabat və məlumatlar

34.1. İnvestisiya şirkəti nəzarət orqanına aşağıdakı hesabatları təqdim etməlidir:
34.1.1. dövri hesabatlar;
34.1.2. öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatlar;
34.1.3. bu Qanunun tələblərinə müvafiq olaraq göstərdiyi xidmətlərə (əməliyyatlara)  dair hesabat.
34.2. Bütün investisiya şirkətləri yarımillik, bu Qanunun 31.4-cü maddəsində nəzərdə tutulan investisiya şirkətləri əlavə olaraq aylıq, bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulan investisiya şirkətləri əlavə olaraq rüblük kapital tələblərinə dair hesabatları nəzarət orqanına təqdim etməlidir.
34.3. İnvestisiya şirkətinin repo əməliyyatları, qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin borca verilməsinə dair əməliyyatlar üzrə öhdəlikləri yerinə yetirilmədikdə, investisiya şirkəti bu barədə nəzarət orqanına dərhal məlumat verməlidirlər.
34.4. İnvestisiya şirkətinin bu Qanunun 34.1-ci maddəsində göstərilən hesabatlarının tərtib və təqdim olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 35. İnvestisiya şirkətinin müştərilərinə təqdim etdiyi hesabatlar

35.1. İnvestisiya şirkəti müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatı ən azı ildə bir dəfə həmin müştəriyə təqdim etməlidir.
35.2. İnvestisiya şirkəti müştərinin tapşırıqlarının icra vəziyyəti haqqında hesabatı həmin müştəriyə sorğu əsasında təqdim etməlidir.
35.3. İnvestisiya şirkəti portfelin idarə edilməsi xidmətini göstərdikdə, müştəriyə həyata keçirdiyi əməliyyatlara dair yarımillik hesabat təqdim edir. Həmin hesabat müştərinin sorğusu əsasında rüblük təqdim edilir. İnvestisiya şirkəti müştərinin borcla alınan qiymətli kağızları və ya törəmə maliyyə alətlərindən ibarət olan portfelinin idarə edilməsi üzrə xidmətlər göstərdikdə, bu Qanunun 35.3-cü maddəsində nəzərdə tutulan hesabatı aylıq təqdim etməlidir.
35.4. İnvestisiya şirkəti müştərinin portfelinin idarə edilməsi və ya müştərinin hesabının idarə edilməsi xidmətlərini göstərdikdə, təmin edilməmiş əməliyyatlardan istifadə əvvəlcədən razılaşdırılmış itkilərin həddini keçdikdə, bu barədə müştəriyə növbəti iş günündən gec olmayaraq məlumat verməlidir.
35.5. Bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hesabatlar investisiya şirkətinin müştəri ilə bağladığı müqavilə əsasında daha tez müddətdə təqdim oluna bilər.

Maddə 36. İnvestisiya şirkəti tərəfindən maraqlar münaqişəsinin qarşısının alınması

36.1. İnvestisiya şirkəti əsas və yardımçı investisiya xidmətlərinin (əməliyyatlarının)  göstərilməsi ilə əlaqədar olaraq investisiya şirkətinin aidiyyəti şəxsləri ilə investisiya şirkəti arasında, investisiya şirkəti ilə müştəriləri arasında, habelə investisiya şirkətinin müştərilərinin arasında ortaya çıxa biləcək maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması məqsədi ilə texniki və təşkilati tədbirlərə, o cümlədən daxili prosedurlara malik olmalıdır.
36.2. İnvestisiya şirkəti müştərilərinin maraqlarını təhlükə altında qoya biləcək maraqlar münaqişəsinin aşkarlanması məqsədi ilə ən azı aşağıdakı risklərin mövcudluğunu yoxlamalıdır:
36.2.1. investisiya şirkətinin və ya onun aidiyyəti şəxsinin müştərinin zərəri hesabına mənfəət əldə etməsi və ya zərərdən qaçması;
36.2.2. müştəriyə göstərilən xidmətlər və ya onun adından həyata keçirilən əməliyyatlar nəticəsində investisiya şirkətinin və ya onun aidiyyəti şəxsinin mənafeyinin müştərinin mənafeyindən fərqli olması;
36.2.3. investisiya şirkəti və ya onun aidiyyəti şəxsinin bir müştərinin mənafelərini digər müştərinin mənafelərindən üstün tutmaqda maraqlı olması;
36.2.4. investisiya şirkəti və ya onun aidiyyəti şəxsinin müştəri ilə eyni növ sahibkarlıq fəaliyyəti ilə məşğul olması;
36.2.5. müştəriyə göstərilən xidmətlər nəticəsində üçüncü şəxslər tərəfindən investisiya şirkətinə həmin xidmətlə bağlı xidmət haqqı istisna olmaqla, hər hansı gəlir verilməsi və ya xidmət göstərilməsi.
36.3. Aşkar edilmiş maraqlar münaqişəsinin müştərinin maraqlarını təhlükə altında qoyduğu müəyyən edildikdə, investisiya şirkəti müştəriyə xidmət göstərməzdən əvvəl mövcud maraqlar münaqişəsi barədə ona məlumat verməlidir.
36.4. İnvestisiya şirkəti tərəfindən maraqlar münaqişəsinin qarşısının alınmasına dair daxili prosedurlarda aşağıdakılar müəyyən edilməlidir:
36.4.1. bir və ya bir neçə müştərinin mənafelərini təhlükə altında qoyan maraqlar münaqişəsinin ortaya çıxması riskinin mövcud olduğu investisiya xidmətləri (əməliyyatları);
36.4.2. ortaya çıxan maraqlar münaqişəsi və onların idarə edilməsi məqsədi ilə həyata keçiriləcək tədbirlər.

Maddə 37. İnvestisiya tədqiqatına dair məhdudiyyətlər və onu hazırlayan şəxslərə dair tələblər

37.1. İnvestisiya tədqiqatının həyata keçirilməsi zamanı aşağıdakılara yol verilmir:
37.1.1. investisiya tədqiqatı tətbiq olunmayana və onun nəticələri ictimaiyyətə və ya müştərilərə açıqlanmayanadək, maliyyə tədqiqatçıları və investisiya şirkətinin digər aidiyyəti şəxsləri tərəfindən, marketmeyker tərəfindən bazarın sabitliyinin təmin edilməsi və ya müştərilərin tamamlanmamış sifarişlərinin icrası məqsədi ilə həyata keçirilən əməliyyatlar istisna olmaqla, investisiya tədqiqatı aparılan qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması;
37.1.2. investisiya tədqiqatının aparılmasında iştirak edən investisiya şirkəti, maliyyə tədqiqatçıları və investisiya şirkətinin digər aidiyyəti şəxsləri tərəfindən, həmin tədqiqatda marağı olan şəxslərdən hər hansı şəkildə mükafatın qəbul edilməsi;
37.1.3. investisiya tədqiqatının aparılmasında iştirak edən investisiya şirkəti, maliyyə tədqiqatçıları və investisiya şirkətinin digər aidiyyəti şəxsləri tərəfindən həmin tədqiqatda marağı olan emitentlərə qənaətbəxş tədqiqat nəticələrinin vəd edilməsi;
37.1.4. investisiya tədqiqatının layihəsində tövsiyə və ya qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə dair proqnoz əks olunduqda, emitentlərin, maliyyə tədqiqatçıları olmayan investisiya şirkətinin digər aidiyyəti şəxslərinin və ya hər hansı digər şəxsin həmin tədqiqatın açıqlanmasından əvvəl (investisiya şirkətinin vəzifələrinin yerinə yetirilməsinin yoxlanılması istisna olmaqla) investisiya tədqiqatının layihəsi ilə tanış olması;
37.1.5. qiymətli kağızlar və onların emitentləri barədə tədqiqat aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin yanlış və qeyri-obyektiv məlumatlar açıqlaması.
37.2. Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslər qiymətli kağızlar və ya törəmə maliyyə alətləri barədə məlumatları yaydıqda, həmin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərində öz maraqları və ya maraqlar münaqişəsi olduqda, onlar bu barədə məlumatları açıqlamalıdır.
37.3. Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 38. İnvestisiya xidmətləri üzrə sifarişlərin icrasına dair tələblər

38.1. İnvestisiya şirkətinin müştərilərinə təqdim etdiyi məlumatlar yanlış və təhrif edilmiş olmamalıdır.
38.2. İnvestisiya şirkəti müştərilərinə aşağıdakı məlumatları təqdim etməlidir:
38.2.1. investisiya şirkətinə və onun göstərdiyi xidmətlərə (əməliyyatlara)  dair məlumat;
38.2.2. mövcud və ya əmələ gələ biləcək riskləri əks etdirməklə, təklif olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri və investisiya strategiyaları barədə məlumat;
38.2.3. sifarişlərin icra olunması yerləri;
38.2.4. sifarişlərin icra olunması ilə bağlı xərclər.
38.3. İnvestisiya şirkəti sifarişlərin icrası qaydalarını qəbul etməlidir. Bu qaydalarda müştərilərin sifarişlərinin icrasının ən yaxşı qiymət prinsipi əsasında həyata keçirilməsi müəyyən olunmalıdır.
38.4. İnvestisiya şirkəti sifarişlərin icrası qaydalarını müştərilərə açıqlamalıdır.
38.5. İnvestisiya şirkəti sifarişlərin icrasının və sifarişlərin icrası qaydalarının səmərəliliyinə nəzarət etməlidir. İnvestisiya şirkəti müştərilərin sorğusu əsasında sifarişlərin icrasının sifarişlərin icrası qaydalarına uyğun olaraq həyata keçirilməsinə dair məlumat verməlidir.
38.6. İnvestisiya şirkəti xidmətlər (əməliyyatlar) göstərilməsi üzrə sifarişi qəbul etdikdə, göstəriləcək xidmətlərin müştəriyə uyğun olmadığı təqdirdə, bu barədə müştəriyə xəbərdarlıq etməlidir.
38.7. İnvestisiya şirkəti xidmətlər (əməliyyatlar) göstərilməsini müştəri ilə bağlanmış, tərəflərin hüquq və vəzifələrini əks etdirən müqavilə ilə rəsmiləşdirir.
38.8. İnvestisiya şirkəti müştərilərin sifarişlərini icra edərkən aşağıdakıları təmin etməlidir:
38.8.1. müştərilərin sifarişlərinin uçotunu aparmaq;
38.8.2. sifarişlərin xüsusiyyətləri və üstünlük təşkil edən bazar şəraiti istisna olmaqla, müştərilərin sifarişlərini onların təqdimolunma ardıcıllığı ilə icra etmək;
38.8.3. müştərilərin sifarişlərini icra edərkən hər hansı çətinlik yarandıqda, bu barədə onlara məlumat vermək.
38.9. İnvestisiya şirkəti və onun aidiyyəti şəxsləri tərəfindən müştərilərin tamamlanmamış sifarişlərinə aid məlumatların istifadəsinə yol verilmir.
38.10. İnvestisiya şirkəti telefon və elektron vasitələrlə verilən müştərilərin sifarişlərini yazmalı və saxlamalıdır.
38.11. İnvestisiya şirkəti, portfelin idarə edilməsi xidmətinin göstərilməsi halları istisna olmaqla, müştərinin sifarişinin icrasından sonra növbəti iş günü və ya sifarişin icrasının təsdiqi haqqında məlumatı üçüncü şəxsdən aldığı gündən sonra növbəti iş günündən gec olmayaraq, sifarişin icrası barədə hesabatı müştəriyə təqdim etməlidir.
38.12. Müştərinin sifarişi bir neçə hissəyə bölünərək icra olunduqda, sifarişin icrası barədə hesabatda həmin sifarişin hər bir hissəsinin məbləği ayrı göstərilir və ya hər hissəyə düşən orta məbləğ göstərilir. İnvestisiya şirkəti hər hissəyə düşən orta qiyməti göstərdikdə, müştərinin sorğusu əsasında sifarişin icra olunan hər hissəsinin məbləği barədə həmin müştəriyə məlumat verir.
38.13. Müştərilərin sifarişlərinə, onların icrası və ya icrasının dayandırılmasına, habelə müştərilərə hesabatların təqdim edilməsinə dair qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 39. İnvestisiya şirkətinin ticarət kitabı

39.1. İnvestisiya şirkəti ticarət kitabını tərtib etməlidir.
39.2. İnvestisiya şirkətinin ticarət kitabında aşağıdakılar əks olunmalıdır:
39.2.1. mənfəət əldə etmək məqsədi ilə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlara dair mövqelər;
39.2.2. aktivlərlə bağlı öhdəliklər və ya əldə edilmiş maliyyə alətləri ilə əməliyyatlara dair mövqelər;
39.2.3. ticarət kitabında əks olunan mövqelərlə bağlı xidmət haqları, xərclər və gəlirlər.
39.3. Ticarət kitabına investisiya şirkətinin fəaliyyətini məhdudlaşdıra biləcək heç bir öhdəlik daxil olmamalı və ticarət kitabı ilə bağlı bütün risklər tam örtülməlidir.
39.4. İnvestisiya şirkəti gündəlik olaraq ticarət kitabında əks olunan mövqeləri bazar qiymətləri ilə qiymətləndirməlidir.
39.5. Ticarət kitabına dair əlavə tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 40. Marja ticarəti

40.1. Marja ticarəti investora baza aktivi (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır).
40.2. Marja ticarəti investisiya şirkətinin investora verdiyi borc vəsaitləri hesabına həyata keçirildikdə, bu vəsaitlər hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, investisiya şirkəti girovsaxlayan, investor isə girovqoyan hesab edilir.
40.3. Marja ticarətində olan baza aktivinin və ya onun göstəricilərinin dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən aşağı düşdükdə, investor onları satmalı və ya əlavə pul təminatı təqdim etməlidir.
40.4. Marja ticarətinə, marja ticarətinin əsasını təşkil edən baza aktivlərinə və ya onun göstəricilərinin növlərinə, faizlərinə və marja ticarətinə dair məlumatların təqdim olunmasına dair qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 41. İnvestisiya şirkətinin əməliyyatlarının uçotu

41.1. İnvestisiya şirkəti öz fəaliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatları ən azı beş il ərzində saxlamalıdır.
41.2. İnvestisiya şirkətinin lisenziyası ləğv edildikdə, onun fəalliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatlar beş il ərzində mərkəzi depozitarda saxlanılmalıdır.
41.3. İnvestisiya şirkəti öz fəalliyyəti ilə bağlı həyata keçirilən əməliyyatlara dair ümumiləşdirilmiş məlumatı nəzarət orqanının sorğusunu qəbul etdiyi gündən beş iş günü ərzində təqdim etməlidir.
41.4. İnvestisiya şirkəti tərəfindən öz fəalliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair qaydaları müvafiq icra hakimiyyəti orqanı  müəyyən edir.

Maddə 42. İnvestisiya şirkətinin kənar auditi

42.1. Nəzarət orqanı aşağıdakı hallarda investisiya şirkətinin kənar auditorunu təyin edir:
42.1.1. investisiya şirkəti kənar auditoru bir il ərzində təyin etmədikdə;
42.1.2. investisiya şirkəti auditor rəyini bir il ərzində təqdim etmədikdə;
42.1.3. investisiya şirkətlərinə dair müəyyən edilmiş kapital tələbləri pozulduqda.
42.2. Bu Qanunun 42.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda kənar auditor cəlb olunduqda, onun xidmət haqqını investisiya şirkəti ödəyir.

Maddə 43. İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata  keçirilməsinə dair ixtisas şəhadətnamələri

43.1. İxtisas şəhadətnaməsi investisiya xidmətlərinin (əməliyyatlarının)  həyata keçirilməsi üçün nəzarət orqanı tərəfindən keçirilən attestasiyada məqbul və ya daha yüksək nəticə əldə etmiş fiziki şəxslərə verilən rəsmi sənəddir.
43.2. İnvestisiya şirkətinin və xarici investisiya şirkətinin filialının bu Qanunun 30.3.1-ci, 30.3.4-cü, 30.3.5-ci və ya 30.3.7-ci maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının), habelə 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidmətinin (əməliyyatının) həyata keçirilməsi üçün ixtisas şəhadətnaməsinə malik ən azı bir işçisi olmalıdır.
43.3. İnvestisiya şirkətinin və xarici investisiya şirkətinin filialının bu Qanunun 30.3.2-ci, 30.3.3-cü və ya 30.3.6-cı maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün müvafiq ixtisas şəhadətnaməsinə malik ən azı iki əməkdaşı olmalıdır.
43.4. Bu Qanunun 43.2-ci və 43.3-cü maddələrində nəzərdə tutulmuş ixtisas şəhadətnamələri nəzarət orqanı tərəfindən keçirilən attestasiyanın nəticələrinə uyğun olaraq verilir. Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir.
43.5. İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

5-ci fəsil
Fond birjası

Maddə 44. Kütləvi ticarətin təşkili

44.1. Kütləvi ticarət qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin qeyri-məhdud sayda alıcılara ilkin və ya təkrar təklifi nəticəsində bağlanan əqdlərdir.
44.2. Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarəti fond birjası təşkil edir.
44.3. Fond birjası fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
44.4. Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarət yalnız qiymətli kağızların və törəmə maliyyə alətlərinin fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.
44.5. Kütləvi ticarətə qəbul olunmuş qiymətli kağızlar və törəmə maliyyə alətləri tənzimlənən bazarda yalnız investisiya şirkətlərinin vasitəçiliyi ilə alınıb-satılır.

Maddə 45. Fond birjasının vəzifələri

45.1. Fond birjasının vəzifələri aşağıdakılardır:
45.1.1. təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi;
45.1.2. öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi;
45.1.3. qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi;
45.1.4. ticarət sistemlərinin istismarı və dəstəklənməsi;
45.1.5. qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili;
45.1.6. fond birjasında ticarətə qəbul edilən törəmə maliyyə alətlərinə, qiymətli kağızlara və onların emitentlərinə tələblərin müəyyən edilməsi;
45.1.7. öz üzvlərinə fond birjasında ticarət aparmaq üçün ticarət sistemlərinə çıxış verilməsi;
45.1.8. ticarət sistemində bağlanmış əqdlərin monitorinqinin aparılması;
45.1.9. öz üzvlərinin fond birjasında fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqinin aparılması;
45.1.10. bu Qanunun 5-ci fəsli və fond birjasının daxili qaydaları ilə nəzərdə tutulmuş digər vəzifələr.
45.2. Fond birjası aşağıdakı bazarların ticarətini təşkil edir:
45.2.1. dövlət qiymətli kağızları bazarının;
45.2.2. korporativ qiymətli kağızlar bazarının;
45.2.3. törəmə maliyyə alətləri bazarının.
45.3. Fond birjası daxili qaydalarının və ya ticarət şərtlərinin kobud şəkildə pozulması, habelə təşkil etdiyi bazarlarda sui-istifadə halları aşkar etdikdə, bu barədə nəzarət orqanına məlumat verməlidir.
45.4. Fond birjası uzunmüddətli alqı-satqı əqdləri (alışı və satışı arasında müddət altı aydan çox olan) istisna olmaqla, qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarət edə, habelə onlarla ticarətə dair investisiya məsləhəti verə bilməz.
45.5. Fond birjası qiymətli kağızlar bazarının inkişafı üçün maarifləndirici və təşviqat fəaliyyəti ilə məşğul ola, bazar məlumatlarının satışını təşkil edə bilər.
45.6. Ticarətə birbaşa və ya dolayı yolla çıxışı olan fond birjasının işçiləri, habelə onların bu Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq aidiyyəti şəxs olan qohumları həmin fond birjasında ticarətdə iştirak edə bilməzlər.

Maddə 46. Fond birjasının daxili qaydaları

46.1. Fond birjası ən azı aşağıdakı daxili qaydaları qəbul etməlidir:
46.1.1. fond birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin keçirilməsi qaydalarını;
46.1.2. qiymətli kağızların və törəmə maliyyə alətlərinin ticarətə buraxılması, ticarətin dayandırılması və ticarətdən çıxarılması şərtləri və prosedurunu;
46.1.3. qiymətli kağızların və törəmə maliyyə alətlərinin listinqə daxil olunması, listinqdə saxlanması və listinqdən çıxarılması (delistinq) qaydalarını;
46.1.4. fond birjasında əqdlərin bağlanması və onların ləğv edilməsi qaydalarını;
46.1.5. fond birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə qiymətlərin müəyyən edilməsi üsullarına dair qaydaları;
46.1.6. fond birjasında ticarət günləri və ticarət saatlarına dair tələbləri;
46.1.7. tətbiq edilən fond indekslərinin hesablanma qaydasını;
46.1.8. fond birjasının üzvlərinə dair (üzvlüyə daxilolma, üzvlükdən çıxarılma və fəaliyyət) tələbləri müəyyən edən qaydalarını;
46.1.9. fond birjasında məlumatların saxlanılması, açıqlanması, qorunması və informasiya təhlükəsizliyi qaydalarını;
46.1.10. sui-istifadə hallarının qarşısının alınması qaydalarını;
46.1.11. fond birjası əməkdaşlarının etik davranışı və onların xidməti məlumatlardan istifadə etməsi qaydalarını;
46.1.12. fond birjasında mübahisəli məsələlərin həllinə dair qayda və prosedurları;
46.1.13. fond birjasında təşkil olunan bazarların qorunması üzrə tədbirlər prosedurunu;
46.1.14. üzvləri tərəfindən fond birjasının daxili qaydalarına riayət edilməməsinə görə məsuliyyət müəyyən edən qaydaları.
46.2. Fond birjası öz daxili qaydalarını və ya onlara edilmiş dəyişiklikləri qəbul edildiyi tarixdən beş iş günü ərzində nəzarət orqanına təqdim etməlidir. Nəzarət orqanı fond birjasının daxili qaydalarında bu Qanunun tələblərinə uyğun gəlməyən müddəalar aşkar etdikdə, həmin qaydaları və ya onlara edilmiş dəyişiklikləri aldığı tarixdən iyirmi  iş günü ərzində onlara müvafiq dəyişiklikləri edilməsini, əsasları göstərilməklə, fond birjasından tələb etməlidir.
46.3. Bu Qanunun 46.2-ci maddəsində göstərilən tələb fond birjasına təqdim edildikdən sonra on beş iş günündən gec olmayaraq daxili qaydalara müvafiq dəyişikliklər edilməli və nəzarət orqanına bu barədə məlumat verilməlidir. Daxili qaydalar və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq fond birjası tərəfindən açıqlanmalıdır.

Maddə 47. Fond birjasının üzvləri

47.1. Fond birjasının üzvləri fond birjasının daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak etmək hüququna malik olan investisiya şirkətləridir. Fond birjasının ən azı 3 üzvü olmalıdır.
47.2. Fond birjasının üzvləri investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olmalı, onların ödəniş qabiliyyətinə, müvafiq təşkilati mexanizmlərə və fəaliyyətlərinin təşkilinə dair fond birjasının daxili qaydaları ilə müəyyən edilən tələblərə cavab verməlidir.
47.3. Fond birjası öz daxili qaydaları ilə müəyyən edilmiş üzvlük tələblərinə cavab verən investisiya şirkətinin müraciəti tarixindən bir ay ərzində həmin investisiya şirkətini üzvlüyə qəbul edir.
47.4. Fond birjası nəzarət orqanına aşağıdakılar barəsində məlumat verməlidir:
47.4.1. üzvlər fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
47.4.2. üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə.
47.5. Fond birjası bütün üzvlərinə ticarət etmək üçün bərabər şərait yaratmalıdır.
47.6. Fond birjası öz üzvlərinin fond birjasının daxili qaydalarına riayət etməsinə və sui-istifadə hallarına yol verməməsinə nəzarət etməlidir.
47.7. Fond birjası üzvlərinin siyahısını və həmin siyahıda baş verən hər hansı dəyişikliklər barədə məlumatı bir iş günü ərzində nəzarət orqanına təqdim etməlidir.
47.8. Fond birjasında üzvlüyə aşağıdakı hallarda xitam verilir:
47.8.1. üzvün müraciəti əsasında;
47.8.2. fond birjasının üzvü olan investisiya şirkətinin lisenziyası ləğv edildikdə;
47.8.3. fond birjasının müvafiq orqanının qərarı ilə birja üzvünün birja qaydalarını pozduğu və ya birjanın tələblərinə cavab vermədiyi müəyyən edildikdə;
47.8.4. fond birjasının üzvü fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
47.8.5. fond birjasının fəaliyyətinə xitam verildikdə.

Maddə 48. Fond birjasının məlumatları açıqlaması

48.1. Fond birjası ticarət öncəsi qiymətli kağızlara və törəmə maliyyə alətlərinə tələb və təklif qiymətlərini, habelə onların həcmlərinə dair məlumatları açıqlamalıdır.
48.2. Fond birjası ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə bağlanmış əqdlərin qiyməti, həcmi və icra vaxtına dair gündəlik ümumiləşdirilmiş məlumatları ictimaiyyətə açıqlamalıdır.
48.3. Fond birjasının məlumatları açıqlaması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
48.4. Fond birjası ticarət zamanı qiymətli kağızların və törəmə maliyyə alətlərinin qiymətlərinin formalaşması üçün mühüm olan məlumatların bütün üzvlər üçün eyni səviyyədə açıq olmasını təmin etməlidir.
48.5. Bu Qanunun 48-ci maddəsi ilə nəzərdə tutulmuş məlumatların açıqlanmasının maliyyə bazarlarının sabitliyinin pozulması və ya ölkə iqtisadiyyatına mənfi təsir göstərə bildiyi təqdirdə, nəzarət orqanı məlumatın açıqlanmasını təxirə salmalıdır. Həmin məlumatların açıqlanması nəzarət orqanının fond birjasına təqdim etdiyi yazılı bildiriş əsasında təxirə salınır.

Maddə 49. Qiymətli kağızların və törəmə maliyyə alətlərinin fond birjasında ticarətə buraxılması və ticarətdən çıxarılması

49.1. Ticarətə buraxılan qiymətli kağızların və törəmə maliyyə alətlərinin ədalətli, şəffaf və davamlı ticarəti təmin olunmalıdır.
49.2. Fond birjası aşağıdakı hallarda ticarətə buraxılmış qiymətli kağızları və törəmə maliyyə alətlərini ticarətdən çıxarır:
49.2.1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ödənildikdə və ya dövriyyədən çıxarıldıqda;
49.2.2. fond birjası ləğv olunduqda;
49.2.3. fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş digər hallarda.
49.3. Fond birjası aşağıdakı hallarda təşkil etdiyi bazarlarda ticarətə buraxılmış müvafiq qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə ticarəti dayandırır:
49.3.1. emitentin buraxdığı qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə ödənişlər həyata keçirilmədikdə;
49.3.2. qiymətli kağızların emitentinin iflası və ya ləğvi barəsində qərar qəbul edildikdə;
49.3.3. fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş digər hallarda.
49.4. Nəzarət orqanı fond birjasında aşağıdakı hallarda müvafiq qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə ticarəti dayandırır:
49.4.1. qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarətinin fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş fəaliyyət rejimi pozulduqda və ya investorların maraqları üçün təhlükə törətdikdə;
49.4.2. maliyyə böhranı baş verdikdə;
49.4.3. baş vermiş fövqəladə hal nəticəsində fond birjasının fəaliyyət rejimi pozulduqda.
49.5. Nəzarət orqanı bu Qanunun 49.4-cü maddəsi ilə müəyyən edilmiş hallar baş verdikdə, ticarətin dayandırılması üçün fond birjasına yazılı bildiriş göndərir. Fond birjası həmin bildirişi aldıqdan sonra bildirişdə müəyyən edilmiş qiymətli kağızları və ya törəmə maliyyə alətləri üzrə ticarəti dərhal dayandırmalıdır.
49.6. Fond  birjası bu Qanunun 49.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada ticarətin dayandırılmasını hər bir qiymətli kağız və ya törəmə maliyyə alətləri üzrə ayrılıqda, onların ticarətdə olduğu bazarlar və ya bütövlükdə bütün bazarlar üzrə həyata keçirə bilər.
49.7. Fond birjası qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarətini dayandırdıqda və ya onları ticarətdən çıxardıqda, bu barədə məlumatı dərhal nəzarət orqanına təqdim etməli və ictimaiyyətə açıqlamalıdır.
49.8. Nəzarət orqanı fond birjasında ticarəti dayandırdıqda, bu barədə məlumatı ictimaiyyətə açıqlamalıdır.

6-cı fəsil
Ticarətsonrası sistem

Maddə 50. Ticarətsonrası sistemin təşkili

50.1. Ticarətsonrası sistem klirinq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar klirinq təşkilatları və onların üzvləri arasında olan münasibətlər sistemidir.
50.2. Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir.
50.3. Klirinq təşkilatı müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul olan, bu fəaliyyət növü üzrə lisenziyaya malik olan və səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
50.4. Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edir.
50.5. Bu Qanunun 50.2-ci maddəsi ilə müəyyən edilmiş klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar yalnız ticarətsonrası sistemə qoşulduqdan sonra həyata keçirilir.
50.6. Ticarətsonrası sistemdə klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə aşağıdakı üsullardan ən azı biri tətbiq olunmalıdır:
50.6.1. aktivlərin əvvəlcədən deponentləşdirilməsi;
50.6.2. klirinq fondunun yaradılması;
50.6.3. aktivlərin sığorta etdirilməsi;
50.6.4. aktivlərin zəmanətlə təmin olunması;
50.6.5. aktivlərin girovla təmin olunması.
50.7. Klirinq təşkilatlarının üzvləri onların hesabları arasında pul vəsaitləri və qiymətli kağızlar üzrə köçürmələri bu Qanunun 1.0.28-ci maddəsi ilə müəyyən edilmiş ödənişə qarşı çatdırılma prinsipi əsasında həyata keçirirlər.
50.8. Ticarətsonrası sistemə dair tələbləri, habelə klirinq fəaliyyətinin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 51. Klirinq təşkilatına dair tələblər

51.0. Klirinq təşkilatı aşağıdakı tələblərə cavab verməlidir:
51.0.1. klirinq təşkilatının və onun üzvlərinin həyata keçirdikləri əməliyyatlar zamanı baş vermiş mənfi halların vaxtında müəyyən edilməsinə dair resurslara malik olmalıdır;
51.0.2. risklərin idarəedilməsi sisteminə malik olmalıdır;
51.0.3. öz fəaliyyətinin həyata keçirilməsi üçün proqram təminatına və texniki vasitələrə malik olmalıdır;
51.0.4. bu Qanunun 54-cü maddəsi ilə müəyyən edilmiş daxili qaydalara malik olmalıdır;
51.0.5. baş verə biləcək risklərin qarşısını almaq üçün maliyyə resurslarına malik olmalıdır.

Maddə 52. Klirinq təşkilatının fəaliyyəti

52.1. Klirinq təşkilatı qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə ticarət edə, onlarla ticarətə və investisiyalara dair məsləhətlər verə və onların üstünlükləri ilə əlaqədar fikir formalaşdıra bilməz.
52.2. Klirinq təşkilatı ticarətsonrası sistemə bütün daxilolmaların xronoloji ardıcıllıqla qeydiyyatını aparmalıdır.
52.3. Klirinq təşkilatının qeydiyyata aldığı daxilolmalar qiymətli kağızın və ya törəmə maliyyə alətinin növü, daxilolmanın növü və daxilolma üzrə müraciət edən şəxs barədə məlumatı özündə əks etdirməlidir.
52.4. Klirinq təşkilatı üzvlərinin vəsaitlərini özünə, habelə digər üzvlərə məxsus vəsaitlərdən ayrı saxlamalı və uçotunu aparmalıdır.
52.5. Klirinq təşkilatı ilə üzvlər arasında qarşılıqlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Maddə 53. Klirinq təşkilatının üzvləri

53.1. Klirinq təşkilatı özünün müəyyən etdiyi üzvlük tələblərinə cavab verən investisiya şirkətinin müraciəti əsasında bir ay ərzində həmin investisiya şirkətini və ya bankı üzvlüyə qəbul etməlidir. Klirinq təşkilatının ən azı üç üzvü olmalıdır.
53.2. Klirinq təşkilatı aşağıdakılar barədə nəzarət orqanına məlumat verməlidir:
53.2.1. üzvlər klirinq təşkilatı və ya klirinq fondu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
53.2.2. üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə;
53.2.3. üzvlərinin siyahısında hər hansı dəyişiklik olduqda.
53.3. Klirinq təşkilatı üzvlərinin öz daxili qaydalarına riayət etmələrinə nəzarət etməlidir.

Maddə 54. Klirinq təşkilatının daxili qaydaları

54.1. Klirinq təşkilatı fəaliyyətini təşkil etmək məqsədi ilə ən azı aşağıdakı daxili qaydaları qəbul etməlidir:
54.1.1. ticarətsonrası sistemin təşkilinə və fəaliyyətinə dair tələbləri müəyyən edən qaydalar;
54.1.2. klirinq təşkilatının üzvlərinə dair (üzvlüyə daxilolma, üzvlükdən çıxma və ya çıxarılma və fəaliyyət və s.) tələblər müəyyən edən qaydalar;
54.1.3. klirinq fəaliyyəti ilə bağlı əməliyyatlara dair qaydalar;
54.1.4. klirinq fondunun (təşkili nəzərdə tutulduqda) idarə edilməsi də daxil olmaqla, kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi və onlar üzərində nəzarətə dair qaydalar;
54.1.5. təhlükəsizliyə və effektivliyə dair tələblər (fəaliyyətin davamlılığı və baş verə biləcək qəzasonrası bərpa mexanizmlərini əks etdirən sistemlərin mütəmadi auditi üzrə göstəricilər);
54.1.6. klirinq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə məlumat mübadiləsi qaydaları;
54.1.7. məlumatların açıqlanması və hesabatlılığa dair qaydalar;
54.1.8. klirinq təşkilatı üzvlərinin daxili qaydalara riayət etməməsinə görə məsuliyyət müəyyən edən qaydalar.
54.2. Klirinq təşkilatının daxili qaydalarına nəzarət orqanının tələbi ilə dəyişikliklərin qəbul edilməsi bu Qanunun 46.2 və 46.3-cü maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 55. Klirinq təşkilatı üzvlərinin öhdəliklərinin icra edilməməsi

55.1. Klirinq təşkilatı üzvünün klirinq və hesablaşma zamanı hesablarında olan vəsaitlər aktivlər üzrə öhdəliklərin icra edilməsi üçün kifayət etmədikdə, klirinq təşkilatının üzvü öz öhdəliklərini icra etməmiş hesab edilir.
55.2. Klirinq təşkilatı üzvlərinin öhdəliklərinin icra edilməməsi barədə məlumatı dərhal nəzarət orqanına təqdim etməlidir. Klirinq təşkilatının üzvü öhdəliklərini icra etmədikdə, klirinq təşkilatı aşağıdakı tədbirləri görür:
55.2.1. klirinq üzvünün öhdəliklərinin icra edilməməsinə dair məlumatları dərhal sorğu etmək;
55.2.2. öhdəliklərini icra etməyən klirinq üzvünün hesabında olan vəsaitləri klirinqi tamamlanmayan əməliyyatların bağlanmasına yönəltmək, həmin üzv tərəfindən əvvəlcədən deponentləşdirilən aktivləri, həmçinin girova qoyulmuş aktivlərdən və ya zəmanətdən istifadə etmək;
55.2.3. əqdlərin bağlanmasını təmin etmək, o cümlədən kreditlərin alınması və verilməsini, investisiya qiymətli kağızları üzrə repo əməliyyatlarını həyata keçirmək, habelə öhdəliklərini icra etməyən üzvə qarşı nettinqə dair məhdudiyyətləri tətbiq etmək;
55.2.4. bağlanmış sığorta müqavilələri üzrə sığorta ödənişlərini almaq;
55.2.5. bu Qanunun 58.9-cu maddəsi ilə müəyyən edilmiş qaydada klirinq fondunun vəsaitdən istifadə etmək.
55.3. Öhdəlikləri icra etməyən klirinq üzvünün öz öhdəliklərini icra edənə qədər yeni əməliyyatlar aparmasına yol verilmir.

Maddə 56. Köçürmə tapşırıqları

56.1. Köçürmə tapşırıqları hesablaşma zamanı investisiya şirkətinin və ya onun müştərisinin hesabında olan vəsaitin köçürülməsinə dair klirinq təşkilatına verilən tapşırıqdır.
56.2. Ticarətsonrası sistemə daxil olan köçürmə tapşırıqları geri götürülə bilməz.
56.3. Klirinq təşkilatı üzvünün müflis elan edilməsi prosesinin başlanmasından əvvəl ticarətsonrası sistemə daxil edilən köçürmə tapşırıqları icra edilməlidir. Ticarətsonrası sistemə hər hansı üzvün müflis elan edilməsi prosesinin başlanmasından sonra və ya həmin gün daxil edilən köçürmə tapşırıqları yalnız klirinq təşkilatının və ya mərkəzi kontragentin belə halın baş verməsindən xəbərsiz olduqlarının və ya bu barədə xəbərin alınmasının mümkün olmadığının sübut edildiyi təqdirdə icra edilir.
56.4. Klirinq təşkilatı üzvünün müflis elan edilməsi prosesinin başlanmasından əvvəl həyata keçirilən əməliyyatların dayandırılması nettinqin nəticələrini ləğv edə bilməz.
56.5. Köçürmə tapşırıqlarının ticarətsonrası sistemə daxilolma anı klirinq təşkilatının daxili qaydaları ilə müəyyən edilir.
56.6. Klirinq təşkilatı üzvünün hesabında olan pul vəsaitindən, qiymətli kağızlardan, törəmə maliyyə alətlərindən və girov predmetlərindən, həmin üzvün müflis elan edilməsi prosesinin başlandığı gün ərzində ticarətsonrası sistemə daxil edilmiş tapşırıqların icrası və həmin günün sonuna qədər kredit xətti üzrə istifadə edilmiş vəsaitdən irəli gələn öhdəliklərinin icra edilməsi üçün istifadə edilir.

Maddə 57. Mərkəzi kontragent

57.1. Mərkəzi kontragent müqavilə əsasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini öz üzərinə götürməklə hər satıcı üçün alıcı və hər alıcı üçün satıcı kimi çıxış edən klirinq təşkilatıdır.
57.2. Mərkəzi kontragent ticarətsonrası sistemdə alıcı və satıcı arasında qarşılıqlı öhdəliklərin icrasına münasibətdə xüsusi səlahiyyətli tərəf kimi çıxış edir.
57.3. Mərkəzi kontragentin iştirak etdiyi münasibətlərdə müqavilə tərəfləri qarşılıqlı öhdəliklərini mərkəzi kontragentə qarşı həyata keçirir. Müqavilə tərəfinin ödəniş qabiliyyətinin olmaması riski mərkəzi kontragentin ödəniş qabiliyyətinin olmaması riski ilə əvəz olunur.
57.4. Mərkəzi kontragentin iştirak etdiyi münasibətlərdə müqavilə tərəfləri bir-birini tanımır və onlardan hər biri öz öhdəliklərini mərkəzi kontragentə münasibətdə həyata keçirir.
 
Maddə 58. Klirinq fondu

58.1. Klirinq təşkilatı bu Qanunun 50.6.2-ci maddəsi ilə müəyyən edilmiş üsulu seçdikdə, klirinq fondunu yaradır.
58.2. Klirinq fondunu yaradan klirinq təşkilatının üzvü olan investisiya şirkəti klirinq fondunda iştirak etməlidir.
58.3. Klirinq fondunu klirinq təşkilatı idarə edir. Klirinq təşkilatı klirinq fondunun idarə edilməsi üzrə məsul şəxsləri nəzarət orqanını məlumatlandırmaqla təyin edir.
58.4. Klirinq təşkilatı klirinq fondunda yığılmış vəsaiti bu Qanunun 58.6-58.9-cu maddələri ilə müəyyən edilmiş qaydada saxlamalı, idarə etməli və istifadə etməlidir.
58.5. Klirinq fondunun vəsaitləri aşağıdakı mənbələrdən formalaşır:
58.5.1. klirinq fondu üzvlərinin ödədiyi üzvlük haqları;
58.5.2. klirinq fondunun vəsaitin yatırılmasından əldə etdiyi gəlirlər;
58.5.3. klirinq təşkilatı ləğvedici qismində çıxış etdikdə, həmin xidmətdən əldə etdiyi vəsait.
58.6. Klirinq təşkilatı klirinq fondunun vəsaitini aşağıdakılara yatıra bilər:
58.6.1. Azərbaycan Respublikasının Mərkəzi Bankına depozit qismində və ya onun qiymətli kağızlarına;
58.6.2. banklara depozit qismində;
58.6.3. tədavül müddəti bir ilədək olan yüksək likvidli qiymətli kağızlara.
58.7. Bu Qanunun 58.6-cı maddəsinə əsasən yatırılan vəsaitin nisbətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
58.8. Klirinq təşkilatı klirinq fondunu sığorta etdirə bilər.
58.9. Klirinq fondu aşağıdakılar üzrə ödənişləri həyata keçirir:
58.9.1. klirinq təşkilatının üzvləri tərəfindən bağlanmış əqdlər üzrə qarşılıqlı öhdəliklərin icra edilməməsi ilə bağlı olaraq ticarətsonrası sistemdə klirinqin və hesablaşmanın tamamlanması üçün ödənişlər;
58.9.2. klirinq fondunun məqsədləri üçün bağlanmış sığorta müqavilələri üzrə sığorta haqları;
58.9.3. klirinq fondunun idarə edilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi.

Maddə 59. Klirinq fonduna ödənişlər

59.1. Hər maliyyə ili üzrə klirinq fondunun üzvü klirinq təşkilatının müəyyən etdiyi üzvlük haqqını klirinq fonduna ödəməlidir.
59.2. Klirinq təşkilatı klirinq fondunun illik üzvlük haqlarını müəyyən edərkən bu üzvlük haqlarının baş tutmaya bilən əməliyyatlardan irəli gələn kredit risklərinin örtülməsinə yetərli olmasını nəzərə almalıdır.
59.3. Klirinq təşkilatı əvvəlki ildən qalmış üzvlük haqlarını növbəti ilin kredit risklərinin və inzibati xərclərinin ödənilməsi üçün köçürür və bunu həmin il üçün illik üzvlük haqları müəyyən edilərkən nəzərə alır, habelə bu barədə üzvlərə məlumat verir.

Maddə 60. Klirinq fondunun üzvlərinə yönəldilən tutmalar

60.1. Klirinq fondunun üzvü öhdəliklərini icra etmədikdə və klirinq fonduna ödənilən  ödənişləri həmin öhdəliklərin ödənilməsi üçün kifayət etmədikdə klirinq təşkilatı tərəfindən klirinq fondunun xərclərini ödəmək məqsədi ilə klirinq fondunun digər üzvlərinə dair onların maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmədən klirinq təşkilatının daxili qaydalarına uyğun olaraq tutmalar tətbiq edilir.
60.2. Klirinq təşkilatı tərəfindən daxili qaydalara uyğun olaraq əlavə yığımlara ehtiyacın olması müəyyən edildikdə, həmin məbləğ klirinq fondunun üzvlərindən toplanmış yığımlar ilə klirinq fondunun xərclərinin fərqinə bərabər olmalıdır.
60.3. Klirinq təşkilatı tərəfindən tətbiq edilən tutmaların məbləği klirinq fondunun xərclərindən artıq olduqda, qalıq məbləğ üzvlərin ödədikləri məbləğlərə mütənasib miqdarda geri qaytarılmalıdır.
60.4. Klirinq təşkilatı tutmalar tətbiq etdikdə, tutmanın ödənilmə tarixi (həmin tarix bildirişin göndərildiyi tarixdən on dörd iş günündən tez olmamalıdır), tutmanın məbləği və onun hesablanma qaydasını əks etdirən bildirişi üzvlərə göndərməlidir.

7-ci fəsil
İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının
təşkili və idarə edilməsi, onlarda mühüm iştirak payının əldə edilməsi

Maddə 61. İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının
təşkili, idarə edilməsi, auditi və maliyyələşməsi

61.1. İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı (bundan sonra – lisenziyalaşdırılan şəxslər) səhmdar cəmiyyəti formasında yaradılır.
61.2. Lisenziyalaşdırılan şəxslərin adında müvafiq olaraq “investisiya şirkəti”, “fond birjası”, “klirinq təşkilatı” və ya “investisiya fondunun depozitarı” sözləri olmalıdır. Azərbaycan Respublikasında “investisiya şirkəti”, “fond birjası”, “klirinq təşkilatı” və “investisiya fondunun depozitarı” sözlərindən öz adında yalnız bu Qanunun 61-ci maddəsinə uyğun olaraq yaradılmış, müvafiq lisenziyaya malik olan hüquqi şəxslər istifadə edə bilərlər.
61.3. Lisenziyalaşdırılan şəxslər nəzarət orqanının verdiyi lisenziya əsasında fəaliyyət göstərirlər.
61.4. Lisenziyalaşdırılan şəxslərin baş idarəsi Azərbaycan Respublikasının ərazisində yerləşməlidir.
61.5. Lisenziyalaşdırılan şəxsləri səhmdarların ümumi yığıncağının qərarı ilə seçilmiş müşahidə şurası və icra orqanı idarə edirlər.
61.6. Lisenziyalaşdırılan şəxslərin üzvləri (olduqda) haqqında məlumatlar kütləvi informasiya vasitələrində açıqlanmalıdır.
61.7. Fond birjasının və klirinq təşkilatının üzvü olan investisiya şirkətlərinin, onların auditorunun işçiləri, habelə onların aidiyyəti şəxsləri həmin fond birjasının və klirinq təşkilatının icra orqanının üzvü ola bilməzlər.
61.8. Lisenziyalaşdırılan şəxslər yalnız adi adlı səhmlər buraxa bilərlər.
61.9. Lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
61.10. Fond birjasının və klirinq təşkilatının xidmət haqları haqqında məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.
61.11. Lisenziyalaşdırılan şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib etməlidirlər.
61.12.  Lisenziyalaşdırılan şəxslər illik maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib etməli, hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq auditor rəyi ilə birlikdə nəzarət orqanına və səhmdarların müraciətləri əsasında onlara təqdim etməli, habelə internetdə və dövri mətbu nəşrdə dərc etməlidirlər.
61.13.  Lisenziyalaşdırılan şəxslər maliyyə vəziyyətinin istənilən vaxt qiymətləndirilməsi üçün maliyyə hesabatlarının və müvafiq sənədlərin saxlanılmasını təmin etməlidirlər.
61.14.  Lisenziyalaşdırılan şəxslərin müşahidə şurası kənar auditor təyin edir. Lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
61.15. Lisenziyalaşdırılan şəxslər kənar auditoru təyin etdiyi gündən sonra yeddi iş günü ərzində bu barədə (auditorun adı və ünvanı göstərilməklə) nəzarət orqanına yazılı məlumat verməlidirlər.
 
Maddə 62. Lisenziyalaşdırılan şəxslərdə mühüm iştirak payının əldə edilməsi və həmin pay sahiblərinə dair tələblər

62.1. Eyni şəxs Azərbaycan Respublikasında birdən artıq investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmlərinin nəzarət zərfinə (50 faiz və yuxarı həddi) birbaşa və ya dolayı yolla sahib ola bilməz.
62.2. Azərbaycan Respublikasında fond birjası fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmdarlarının hər biri fond birjasının səhmlərinin 20 faizindən çox hissəsinə birbaşa və dolayı yolla sahib ola bilməz.
62.3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiarları belə zonalarda qeydiyyata alınmış şəxslər lisenziyalaşdırılan şəxslərin səhmdarları ola bilməzlər.
62.4. Lisenziyalaşdırılan şəxslərin mühüm iştirak payının sahibləri, habelə bu Qanunun 62.5-ci maddəsində göstərilən payları almaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
62.4.1. vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir (fiziki şəxslər üçün);
62.4.2. fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə (olduqda) uyğun olmalıdır (hüquqi şəxslər üçün);
62.4.3. bu Qanunun 62.1-62.3-cü maddələrində nəzərdə tutulan tələblərə uyğun olmalıdırlar;
62.4.4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və  terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə qeydiyatdan keçən hüquqi şəxslər olmamalıdır.
62.5. İstənilən şəxs lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 25, 50 və 75 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını yalnız nəzarət orqanının razılığı əsasında əldə edir.
62.6. Bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulan razılığın alınması üçün müraciət edilən zaman aşağıdakı sənədlər nəzarət orqanına təqdim edilməlidir:
62.6.1. alıcı hüquqi şəxs olduqda:
62.6.1.1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər;
62.6.1.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli orqanının qərarının təsdiq edilmiş surəti;
62.6.1.3. digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair məlumat;
62.6.1.4. hüquqi şəxs olan iştirakçının mühüm iştirak paylarının sahibləri haqqında məlumat, o cümlədən belə təsisçilərin:
1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında müvafiq sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
2. nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
3. son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditorun müvafiq rəyi əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatları;
4. fiziki şəxs olan təsisçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumat və sənədlər (olduqda), imzaları notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilməklə onların vətəndaş qüsursuzluğuna dair ərizələri, həmin fiziki şəxs əcnəbi olduqda isə, yuxarıda göstərilən sənədlərdən əlavə, rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi;
5. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumat;
62.6.1.5. benefisiarlar haqqında məlumat.
62.6.2. alıcı fiziki şəxs olduqda:
62.6.2.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən məlumat və sənədlər (olduqda), həmin şəxs əcnəbi olduqda isə həm də rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi;
62.6.2.2. imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
62.6.2.3. həmin şəxsin digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair məlumat.
62.7. Nəzarət orqanı bu Qanunun 62.6-cı maddəsində göstərilən müraciətə otuz iş günü ərzində baxır və müraciət edən şəxs bu Qanunun 62.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdikdə razılıq verilməsi, əks halda isə belə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir və bu qərarı ona təqdim edir.
62.8. Bu Qanunun 62.6-cı maddəsində göstərilən sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumat tam olmadıqda və ya yanlış olduqda, nəzarət orqanı on iş günü ərzində sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini tələb edir. Bu tələb yerinə yetirilmədikdə, bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə razılığın verilməsindən nəzarət orqanı imtina edir.
62.9. Nəzarət orqanı qəbul etdiyi qərarda bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə icazə verdikdə, həmin payın əldə edilməsini təmin edən əqdlər bağlanılır. Mərkəzi depozitar lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalında bu Qanunun 62.5-ci maddəsində müəyyən edilmiş iştirak payının əldə edilməsi barədə nəzarət orqanının razılığı olmadan həmin əqdləri qeydiyyata almır. Bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə gətirib çıxaran əqdlər nəzarət orqanının razılığı olmadan bağlandıqda, həmin əqdlər bağlandığı andan etibarsız hesab edilir.
62.10. Nəzarət orqanı mühüm iştirak paylarının sahibləri və mühüm iştirak payını əldə etmək niyyətində olan şəxslər barəsində digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları nəzarət orqanının tələbi əsasında məlumatları on beş iş günü müddətində təqdim etməlidirlər.
62.11. Mühüm iştirak payının alınması barədə nəzarət orqanının verdiyi razılıqda mühüm iştirak payının alınmasının son müddəti göstərilir.

Maddə 63. Lisenziyalaşdırılan şəxslərdə rəhbər vəzifə tutan şəxslərə dair tələblər

63.1. Lisenziyalaşdırılan şəxslərin icra orqanının, müşahidə şurasının, daxili audit xidmətinin üzvü, habelə investisiya şirkətinin filiallarının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidir:
63.1.1. ali təhsilli olmalıdırlar;
63.1.2. maliyyə vəziyyətinin pisləşməsi səbəbindən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin və ya daxili audit xidmətinin üzvü olmamalıdırlar;
63.1.3. tutduqları vəzifədən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına və tutduqları vəzifəyə uyğun gəlmədiklərinə görə son 3 il ərzində azad edilmiş olmamalıdırlar;
63.1.4. vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidirlər;
63.1.5. eyni zamanda müvafiq olaraq digər lisenziyalaşdırılan şəxslərdə hər hansı vəzifə tutmamalı və ya xidmət göstərməməlidirlər;
63.1.6. maliyyə xidmətləri sektorunda iş təcrübəsi ən azı beş il (o şərtlə ki, üç ili rəhbər vəzifələrdə) olmalıdır.
63.2. Lisenziyalaşdırılan şəxslərin icra orqanının üzvləri və investisiya şirkətinin filiallarının rəhbərləri bu Qanunun 63.1-ci maddəsində göstərilən tələblərə cavab verməklə yanaşı, nəzarət orqanında attestasiyadan keçməlidir. Attestasiyanın keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
63.3. Lisenziyalaşdırılan şəxslərin orqanlarında hər hansı dəyişiklik olduqda, üç iş günündən gec olmayaraq nəzarət orqanına bu barədə məlumat verilir.
63.4. Lisenziyalaşdırılan şəxslərin müşahidə şurasının, icra orqanının və ya daxili audit xidmətinin üzvləri, habelə investisiya şirkətinin filiallarının rəhbərləri bu Qanunun 63.1-ci və 63.2-ci maddələrinin tələblərinə cavab vermədikdə, lisenziyalaşdırılan şəxslər nəzarət orqanının təqdimatı ilə yeddi iş günü ərzində onların səlahiyyətinə vaxtından əvvəl xitam verməlidir.
63.5. Lisenziyalaşdırılan şəxslərin müşahidə şurasının, icra orqanının və ya daxili audit xidmətinin üzvləri, habelə xidməti vəzifələrini yerinə yetirərkən gizli (konfindensial) məlumat əldə edən işçiləri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və ya məhkəmə qərarı ilə müəyyən edilmiş məlumatın açıqlanması halları istisna olmaqla, məlumatların gizliliyini qorumalıdırlar.

8-ci fəsil
Fond birjası, klirinq, investisiya fondunun depozitarı və investisiya şirkəti üzrə fəaliyyətin lisenziyalaşdırılması

Maddə 64. Lisenziyalaşdırmaya dair ümumi tələblər

64.1. Azərbaycan Respublikası ərazisində fond birjası, klirinq, investisiya fondunun depozitarı və investisiya şirkəti fəaliyyətləri (bundan sonra – lisenziyalaşdırılan fəaliyyət) ilə yalnız bu Qanunun 8-ci fəslinə uyğun qaydada lisenziya almış hüquqi şəxslər məşğul olurlar.
64.2. Lisenziyalaşdırılan fəaliyyətə lisenziyanın verilməsini və ləğv edilməsini bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada nəzarət orqanı həyata keçirir.
64.3. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya müddətsiz verilir. Lisenziyadan yalnız onu almış şəxs istifadə edir və lisenziya üçüncü şəxslərə ötürülə bilməz. Lisenziyalaşdırılan fəaliyyətə verilmiş lisenziya nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir.
64.4. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya verilməsi üçün "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.
64.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçməmiş, xarici dövlətlərin aidiyyəti  nəzarət orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə olunmayan lisenziyalaşdırılan fəaliyyətlərə yol verilmir.
64.6. İnvestisiya şirkətinin fəaliyyətinə verilmiş lisenziyada investisiya şirkəti tərəfindən göstərilməsi nəzərdə tutulan bu Qanunun 30.3-cü və 30.4-cü maddələrində müəyyən edilmiş investisiya xidmətləri (əməliyyatları) əks olunmalıdır. Fond birjası fəaliyyətinə verilmiş lisenziyada bu Qanunun 45.2-ci maddəsində müəyyən edilmiş bazarların növləri əks olunmalıdır.
64.7. İnvestisiya şirkəti onun fəaliyyətinə verilmiş lisenziyada əks olunan investisiya xidmətlərini (əməliyyatlarını)  bu Qanunun 74-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzarət orqanının icazəsi əsasında genişləndirə bilər. Fond birjası onun fəaliyyətinə verilmiş lisenziyada əks olunan bazarların növlərini bu Qanunun 74-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzarət orqanının icazəsi əsasında genişləndirə bilər.
64.8. İnvestisiya şirkətinin fəaliyyətinə lisenziya yalnız bu Qanunun 30.4-cü maddəsi ilə müəyyən olunmuş yardımçı xidmətlərin (əməliyyatların)  göstərilməsi üçün verilə bilməz.

Maddə 65. Lisenziyalaşdırmanın mərhələləri

65.0. Lisenziyalaşdırılan fəaliyyətlərə lisenziya alınması üçün müraciətə nəzarət orqanı iki mərhələdə baxır:
65.0.1. lisenziya alınması üçün təsisçilərin adından notariat qaydasında vəkil edilmiş şəxsin ilkin müraciətinə baxılması;
65.0.2. lisenziyalaşdırılan şəxslər dövlət qeydiyyatına alındıqdan sonra lisenziyanın alınması üçün yekun müraciətə baxılması.

Maddə 66. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün ilkin  müraciət zamanı təqdim edilən sənədlər

66.1. Lisenziya verilməsi üçün ilkin müraciət olunarkən aşağıdakı sənədlər təqdim edilməlidir:
66.1.1. lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün ərizə (investisiya şirkətinin fəaliyyəti üçün ərizədə əlavə olaraq göstərilməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları), fond birjası fəaliyyəti üçün əlavə olaraq ticarəti təşkil edəcəyi bazarların növləri əks olunmalıdır);
66.1.2. təsis haqqında qərarın və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
66.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:
66.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
66.1.3.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
66.1.3.3. son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditorun müvafiq rəyi əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatları;
66.1.3.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli orqanın qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
66.1.3.5. mövcud olan lisenziyaların surəti;
66.1.3.6. aidiyyəti şəxsləri barədə məlumatlar;
66.1.3.7. fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə (olduqda) uyğunluğunu təsdiq edən müvafiq tənzimləyici orqanın arayışı;
66.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti və iş yeri (olduqda) haqqında məlumatları əks etdirən arayış;
66.1.5. fiziki şəxs olan təsisçi əcnəbi olduqda, bu Qanunun 66.1.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə, rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi;
66.1.6. vəkil edilmiş şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən notariat qaydasında təsdiq edilmiş sənəd;
66.1.7. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;
66.1.8. ən azı növbəti üç il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:
66.1.8.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;
66.1.8.2. istifadə ediləcək ofis sahəsi, informasiya texnologiyaları və telekommunikasiya sistemləri, elektron mühasibat və digər kompüter proqramları haqqında məlumat;
66.1.9. fəaliyyətin həyata keçirilməsi üzrə daxili nəzarət mexanizmləri haqqında məlumat;
66.1.10. təsisçilərin, müşahidə şurasının və icra orqanının üzvlüyünə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların imzaları notariat qaydasında təsdiq edilməklə, vətəndaş qüsursuzluğu barədə ərizələri;
66.1.11. müşahidə şurasının və icra orqanının üzvləri təyin olunan şəxslərin təhsili və iş təcrübəsi barədə müvafiq sənədlər və məlumatlar;
66.1.12. benefisiarlar haqqında məlumatlar;
66.1.13. fond birjasının və klirinq təşkilatının müvafiq olaraq bu Qanunun    46-cı və 54-cü maddələri ilə müəyyən edilmiş daxili qaydalarının layihələri.
66.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır və ya onlara apostil verilməlidir.

Maddə 67. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün ilkin müraciətə baxılması

67.1. Nəzarət orqanı lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən altmış təqvim günü ərzində baxır.
67.2. Nəzarət orqanı baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə on beş iş günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Bu təklif on iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun  67.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra on beş gün ərzində nəzarət orqanı müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul olunmuş hesab edilir.
67.3. Nəzarət orqanı təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları nəzarət orqanının tələb etdiyi məlumatı on beş iş günü ərzində verməlidirlər.
67.4. Nəzarət orqanı lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:
67.4.1. bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 67.2-ci maddəsinə uyğun qaydada tamamlanmadıqda;
67.4.2. bu Qanunun 61.9-cu maddəsi ilə müəyyən edilmiş kapital tələbləri təmin olunmadıqda;
67.4.3. bu Qanunun 62.4-cü, 63.1-ci və ya 63.2-ci maddələrinin tələbləri təmin olunmadıqda;
67.4.4. biznes-planda gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, lisenziyalaşdırılan şəxslərin normal fəaliyyətinin təmin edilməsi, investorların hüquqlarının pozulması təhlükəsi müəyyən edildikdə;
67.4.5. fond birjasının və klirinq təşkilatının daxili qaydaları bu Qanunun müəyyən etdiyi tələblərə uyğun olmadıqda.
67.5. Nəzarət orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 67.1-ci maddəsində göstərilən müddətdə həmin qərarı müraciət edənə göndərir.
67.6. Nəzarət orqanının ilkin müraciətin rədd edilməsi ilə bağlı qərarından inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.
67.7. Lisenziya verilməsi üçün ilkin müraciətə nəzarət orqanı müsbət cavab verdikdən sonra təsis edilən hüquqi şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır. Lisenziya verilməsi üçün ilkin müraciətə nəzarət orqanının müsbət cavab verdiyi tarixdən etibarən doxsan təqvim günü müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.

Maddə 68. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün yekun müraciət zamanı təqdim olunan sənədlər

68.0. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün yekun müraciət zamanı nəzarət orqanına aşağıdakılar təqdim edilir:
68.0.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, cari hesabının nömrəsini və həmin hesabın olduğu müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
68.0.2. dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
68.0.3. nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
68.0.4. bu Qanunun 61.9-cu maddəsi ilə müəyyən edilmiş kapitalın bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
68.0.5. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişiklik olarsa, bu barədə arayış;
68.0.6. rəhbər vəzifələrə təyin edilən şəxslərin bu Qanunun 63-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin surətləri;
68.0.7. investisiya şirkətinin fəaliyyətinə lisenziyanın alınması üçün onun işçilərinin ixtisas şəhadətnamələri;
68.0.8. fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququnu təsdiq edən sənədin surəti;
68.0.9. hüquqi şəxsin təşkilati və idarəetmə strukturu, bölmələri və onların funksiyaları, tabeliliyi, hesabatların təqdimedilmə qaydaları;
68.0.10. kompüter və telekommunikasiya sistemləri, elektron mühasibat və digər kompüter proqramları haqqında məlumat;
68.0.11. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
68.0.12. fond birjası və klirinq fəaliyyətinə lisenziyanın alınması üçün ən azı üç üzvün olmasını təsdiq edən sənəd;
68.0.13. investisiya fondunun depozitarının fəaliyyətinə lisenziya alınması üçün mərkəzi depozitarda hesab açılmasını təsdiq edən sənədlər;
68.0.14. fond birjasının və klirinq təşkilatının təsdiq olunmuş daxili qaydalarının layihələri.

Maddə 69. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün yekun müraciətə baxılması

69.1. Nəzarət orqanı lisenziya alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.
69.2. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda, nəzarət orqanı sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini təklif edir. Bu təklif on iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır.
69.3. Nəzarət orqanı təqdim olunan sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları nəzarət orqanının tələb etdiyi məlumatı on beş iş günü müddətində verməlidirlər.
69.4. Nəzarət orqanı lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina barədə bu Qanunun 69.1-ci maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.
69.5. Nəzarət orqanı lisenziya vermək aşağıdakı hallarda imtina edir:
69.5.1. bu Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 69.2-ci maddəsinə uyğun olaraq təklif olunan qaydada tamamlanmadıqda;
69.5.2. bu Qanunun 43.2-ci, 43.3-cü və ya 63.1-ci maddələrinin tələbləri təmin olunmadıqda;
69.5.3. bu Qanunun 67.4-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri aşkar edildikdə;
69.5.4. dövlət qeydiyyatının təsisçilərdən asılı olmayan səbəblərə görə yubadılması halları istisna olmaqla, lisenziya verilməsi üçün bu Qanunun 67.7-ci maddəsində müəyyən edilmiş müddətdə nəzarət orqanına yekun müraciət edilmədikdə.

Maddə 70. Lisenziyalaşdırılan fəaliyyət üçün lisenziyaların ləğvi

70.1. Lisenziyalaşdırılan fəaliyyət üçün lisenziya aşağıdakı əsaslar olduqda nəzarət orqanı tərəfindən ləğv edilir:
70.1.1. lisenziyalaşdırılan şəxslər ali orqanın qərarı əsasında ləğv edildikdə;
70.1.2. lisenziyalaşdırılan şəxslər müflis elan edildikdə;
70.1.3. lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 67.4-cü və 69.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda;
70.1.4. lisenziyalaşdırılan fəaliyyət üzrə lisenziya qüvvəyə mindiyi tarixdən on iki ay müddətində həmin fəaliyyətə başlanılmadıqda;
70.1.5. lisenziyalaşdırılan şəxslər lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
70.1.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstərişin verilməsi üçün təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə.
70.2. Nəzarət orqanı lisenziyanın ləğvi barədə qərar qəbul etdikdə, məlumatı  lisenziyası ləğv olunmuş şəxslərə və vergi orqanlarına dərhal göndərməli və kütləvi informasiya vasitələrində açıqlamalıdır.
70.3. Lisenziyalaşdırılan fəaliyyətə verilmiş lisenziya ləğv edildikdə, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı və investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.

Maddə 71. Xarici investisiya şirkətinin filialının lisenziyalaşdırılması

71.1. Xarici investisiya şirkətləri Azərbaycan Respublikası ərazisində bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətlərini (əməliyyatlarını) filial açmaqla həyata keçirirlər. Xarici investisiya şirkətinin filialı Azərbaycan Respublikasının ərazisində nəzarət orqanının verdiyi lisenziya əsasında fəaliyyət göstərir.
71.2. Xarici investisiya şirkətinin filialının fəaliyyəti üzrə lisenziya alınması üçün müraciətə nəzarət orqanı bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada iki mərhələdə baxır.
71.3. Xarici investisiya şirkəti filialının açılması üçün ilkin müraciəti edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
71.3.1. investisiya şirkətinin fəaliyyətinə lisenziya alınması üçün ərizə (filialın həyata keçirməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları)  və ünvanı göstərilməklə);
71.3.2. filial açmaq barəsində investisiya şirkətinin səlahiyyətli orqanının qəbul etdiyi qərarın surəti;
71.3.3. xarici investisiya şirkəti tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin bank hesabına ödənilməsini təsdiq edən sənəd;
71.3.4. filialın əsasnaməsi;
71.3.5. filial rəhbərlərinin həmin investisiya şirkətində və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onların iş təcrübəsi və təhsili barədə sənədlərin leqallaşdırılmış və ya apostil verilmiş surəti, habelə imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
71.3.6. filialın kommersiya strategiyası, təşkilati strukturu, o cümlədən ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-planı;
71.3.7. filial rəhbərlərini təyin etmək haqqında xarici investisiya şirkətinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti;
71.3.8. xarici investisiya şirkətinin rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının filialın açılmasına yazılı icazəsi;
71.3.9. xarici investisiya şirkətinin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında sənədin leqallaşdırılmış və ya apostil verilmiş surəti;
71.3.10. xarici investisiya şirkətinin orqanları haqqında məlumat;
71.3.11. müraciət edilən tarixədək xarici investisiya şirkətində mühüm iştirak payı sahiblərinin  payların miqdarı göstərilməklə siyahısı;
71.3.12. investisiya şirkətinin son üç maliyyə ili üçün, əgər bu müddət üç ildən azdırsa, bütün fəaliyyət müddəti üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
71.3.13. xarici investisiya şirkəti hər hansı holdinqə daxildirsə, həmin holdinq barədə məlumat;
71.3.14. xarici investisiya şirkətinin yerləşdiyi ölkədə malik olduğu lisenziyaların və icazələrin leqallaşdırılmış və ya apostil verilmiş surətləri.
71.4. Xarici investisiya şirkəti filialın açılması üçün yekun müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
71.4.1. dövlət qeydiyyatı haqqında sənədin  surəti;
71.4.2. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişikliklər olarsa, bu barədə arayış;
71.4.3. fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququna dair notariat qaydasında təsdiq edilmiş sənədin surəti;
71.4.4. informasiya texnologiyaları və telekommunikasiya sistemləri, habelə müvafiq fəaliyyəti həyata keçirmək üçün digər kompüter proqramları haqqında məlumat;
71.4.5. filialın göstərməsi nəzərdə tutulan investisiya xidmətlərinə (əməliyyatlarına)  dair işçilərin ixtisas şəhadətnamələri;
71.4.6. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
71.5. Xarici investisiya şirkətlərinin filiallarına investisiya fəaliyyəti üzrə lisenziya alınması üçün ilkin və yekun müraciətlərə baxılması bu Qanunun 67-ci və 69-cu maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir.
71.6. Xarici investisiya şirkətinin filialına investisiya şirkəti fəaliyyətinə lisenziya verilməsindən bu Qanunun 67.4-cü və 69.5-ci maddələrində müəyyən edilmiş əsaslarla yanaşı, həmin ölkənin qanunvericiliyi ilə investisiya şirkəti fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.
71.7. Xarici investisiya şirkətinin filialının investisiya şirkəti fəaliyyətinə lisenziyasının ləğvi bu Qanunun 70-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslarla, habelə həmin xarici investisiya şirkətinin özü və ya onun lisenziyası ləğv edildikdə, nəzarət orqanı tərəfindən həyata keçirilir.

Maddə 72. Yerli investisiya şirkətinin filialının açılmasına icazə alınması və icazənin ləğvi

72.1. Yerli investisiya şirkətinin filialı Azərbaycan Respublikasının ərazisində və ya xaricdə nəzarət orqanının icazəsi əsasında fəaliyyət göstərə bilər.
72.2. Yerli investisiya şirkətinin filialının fəaliyyətinə icazə alınması üçün nəzarət orqanına bu Qanunun 71.3.2–71.3.7-ci və 71.4.3–71.4.5-ci maddələrində göstərilmiş sənədləri əlavə etməklə, yazılı surətdə ərizə (filialın ünvanı, göstərilməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları) göstərilməklə ) ilə müraciət edilməlidir.
72.3. Nəzarət orqanı sənədlərə onların təqdim edildiyi tarixdən altmış təqvim günü ərzində baxır.
72.4. Nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, müraciət edənlərə on beş iş günü müddətində bu barədə bildiriş göndərir və onların aradan qaldırılmasını təklif edir. Nəzarət orqanı həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
72.5. Nəzarət orqanı yerli investisiya şirkətinin filialının fəaliyyətinə icazə verməkdən aşağıdakı hallarda imtina edir:
72.5.1. bu Qanunun 72.2-ci maddəsində göstərilən sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə, habelə sənədlərdəki məlumatlar bu Qanunun 72.4-cü maddəsinə uyğun olaraq təklif olunan qaydada tamamlanmadıqda;
72.5.2. bu Qanunun 63.1-ci və 63.2-ci maddələrinin tələbləri ilə uyğunsuzluq aşkar edildikdə.
72.6. Nəzarət orqanı icazə verilməsi və ya bundan imtina barədə bu Qanunun 72.4-cü maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.
72.7. Nəzarət orqanının icazə verməkdən imtina ilə bağlı qərarından inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.
72.8. Yerli investisiya şirkətinin filialının fəaliyyətinə icazəni nəzarət orqanı aşağıdakı hallarda ləğv edir:
72.8.1. investisiya şirkətinin lisenziyası ləğv edildikdə;
72.8.2. investisiya şirkəti müflis elan olunduqda;
72.8.3. investisiya şirkəti ləğv edildikdə;
72.8.4. icazənin qüvvəyə mindiyi tarixdən on iki ay müddətində filial fəaliyyətə başlamadıqda və ya nəzarət orqanı filialın fəaliyyətinin altı ay ərzində dayandırıldığını müəyyən etdikdə;
72.8.5. bu Qanunun 63.1-ci və 63.2-ci maddələrinin tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;
72.8.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstəriş verilməsi üçün təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə;
72.8.7. filial icazəsində nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
72.8.8. filialın bağlanması haqqında investisiya şirkəti qərar qəbul etdikdə.
72.9. İnvestisiya şirkəti icazənin ləğv edilməsi barədə nəzarət orqanına müraciət etdikdə, bunun səbəblərini bildirməlidir. Nəzarət orqanı icazənin ləğv edilməsi ilə bağlı müraciətə otuz təqvim günü ərzində baxır və müvafiq qərar qəbul edir.
72.10. Nəzarət orqanı icazənin ləğv edilməsi haqqında qərar qəbul etdikdə, bu barədə məlumatı dərhal icazəsi ləğv edilmiş filiala, habelə müvafiq investisiya şirkətinə göndərməli və kütləvi informasiya vasitələrində dərc etdirməlidir.
72.11. Xarici filialını açan yerli investisiya şirkəti filialının yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə nəzarət orqanına beş iş günü müddətində yazılı bildiriş göndərməlidir.

Maddə 73. Xarici investisiya şirkətinin nümayəndəliyinin açılmasına icazə alınması və icazənin ləğvi

73.1. Xarici investisiya şirkətinin nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində nəzarət orqanının icazəsi əsasında fəaliyyət göstərir.
73.2. Xarici investisiya şirkətinin nümayəndəliyinin fəaliyyətinə icazə alınması üçün nəzarət orqanına, aşağıdakı sənədlər əlavə olunmaqla, yazılı surətdə müraciət edilməlidir:
73.2.1. investisiya şirkətinin nümayəndəliyinin fəaliyyətinə icazə alınması üçün ərizə;
73.2.2. nümayəndəliyi açmaq barəsində investisiya şirkətinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş sürəti;
73.2.3. nümayəndəliyin əsasnaməsi;
73.2.4. nümayəndəlik rəhbərlərinin, həmin investisiya şirkətində və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onların iş təcrübəsi və təhsili barədə sənədlərin leqallaşdırılmış və ya apostil verilmiş surəti, habelə imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
73.2.5. nümayəndəlik rəhbərlərinin təyin edilməsi haqqında investisiya şirkətinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti.
73.2.6. bu Qanunun 71.3.9-71.3.12-ci maddələrində göstərilmiş sənədlər;
73.2.7. xarici investisiya şirkətinin rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının nümayəndəliyin açılmasına yazılı icazəsi.
73.3. Xarici investisiya şirkətinin nümayəndəliyinin açılmasına icazələrin alınması və ləğvi qaydası bu Qanunun 72.3–72.11-ci maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir. Xarici investisiya şirkətinin nümayəndəliyinə icazə verilməsindən, həmçinin həmin ölkənin qanunvericiliyi ilə investisiya şirkəti fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.

Maddə 74. İnvestisiya şirkətinin həyata keçirdiyi investisiya xidmətlərini (əməliyyatlarını) və fond birjasının ticarəti
təşkil edəcəyi bazarları genişləndirmək üçün icazə alması

74.1. İnvestisiya şirkəti bu Qanunun 30.3-cü və 30.4-cü maddələrinə əsasən göstərdiyi investisiya xidmətlərini (əməliyyatlarını), fond birjası isə bu Qanunun 45.2-ci maddəsinə əsasən ticarətini təşkil etdiyi bazarları nəzarət orqanın icazəsi ilə genişləndirə bilər.
74.2. İnvestisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının)  və ya fond birjası ticarəti təşkil etdiyi bazarların genişləndirilməsi üçün nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
74.2.1. investisiya şirkətinin xidmətlərinin (əməliyyatlarının)  və ya fond birjasının ticarəti təşkil etdiyi bazarların genişləndirilməsinə dair ərizə (mövcud və göstərilməsi nəzərdə tutulan yeni xidmətlər və ya bazarlar göstərilməklə);
74.2.2. investisiya şirkətinin xidmətlərinin (əməliyyatlarının)  və ya fond birjasının ticarəti təşkil etdiyi bazarların genişləndirilməsi barəsində investisiya şirkətinin orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;
74.2.3. investisiya şirkətləri tərəfindən genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına)  müvafiq olaraq bu Qanunun 31.3-cü və 31.4-cü maddələri ilə müəyyən edilmiş kapitalın bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
74.2.4. genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) görə əməkdaşların ixtisas şəhadətnamələri;
74.2.5. genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına)  və ya ticarəti təşkil edilən bazarlara dair informasiya texnologiyaları və telekommunikasiya sistemləri, kompüter proqramları haqqında məlumat.
74.3. Nəzarət orqanı sənədlərə onların təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.
74.4. Nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, müraciət edənlərə on beş iş günü müddətində bu barədə bildiriş göndərir və onların aradan qaldırılmasını təklif edir. Nəzarət orqanı həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
74.5. Nəzarət orqanı icazənin verilməsi və ya bundan imtina barədə bu Qanunun 74.4-cü maddəsində göstərilən müddət ərzində müraciət edənə əsaslandırılmış yazılı bildiriş göndərir.
74.6. Nəzarət orqanı aşağıdakı hallarda bu Qanunun 74.1-ci maddəsi ilə müəyyən edilmiş icazəni verməkdən imtina edir:
74.6.1. bu Qanunun 74.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 74.4-cü maddəsinə uyğun qaydada tamamlanmadıqda;
74.6.2. investiya şirkəti üçün bu Qanunun 31.3-cü və 31.4-cü maddələri ilə müəyyən edilmiş kapital tələbləri təmin olunmadıqda;
74.6.3. investisiya şirkətləri üçün bu Qanunun 43.2-ci və ya 43.3-cü maddələrinin tələbləri təmin olunmadıqda;
74.6.4. genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına)  və ya ticarəti təşkil edilən bazarlara dair informasiya texnologiyaları və telekommunikasiya sistemləri, kompüter proqramları müvafiq olaraq həmin investisiya xidmətlərini (əməliyyatlarını)  və ya ticarəti təşkil edilən bazarları dəstəkləmədikdə.
74.7. Nəzarət orqanının icazə verməkdən imtina ilə bağlı qərarından inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.

9-cu fəsil
Şəffaflıq və məlumatların açıqlanması

Maddə 75. Emitentlərin hesabatları

75.1. Emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır.
75.2. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə  açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir.
75.3. Emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır:
75.3.1. maliyyə hesabatları;
75.3.2. idarəetmə hesabatı.
75.4. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və nəzarət orqanına təqdim edilməlidir. Nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir.
75.5. İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində nəzarət orqanı həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir.
75.6. Bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılmasını nəzarət orqanı tələb etmədikdə, emitent illik və yarımillik hesabatında olan məlumatların nəzarət orqanına təqdim edildiyi tarixdən etibarən otuz gün ərzində öz internet səhifəsində (olduqda) və kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.  Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər illik və yarımillik hesabatları, bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda,  özünün (olduqda)  və fond birjasının internet səhifəsində  açıqlamalıdır.
75.7. Emitent tərəfindən illik və yarımillik hesabata dəyişikliklər yalnız hesabatın ictimaiyyətə açıqlanmasından əvvəl nəzarət orqanına təqdim olunmaqla edilir. Nəzarət orqanı  dəyişiklərdə nöqsanlar aşkar etdikdə, onların daxil olduğu tarixdən etibarən beş iş günü müddətində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını tələb edir. Həmin müddət ərzində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını nəzarət orqanı tələb etmədikdə, emitent hesabatlarda dəyişikliklər etməklə bu Qanunun 75.6-cı maddəsi ilə müəyyən edilmiş müddətdə açıqlayır.
75.8. Bu Qanunun 75.4-cü maddəsi ilə müəyyən edilmiş emitentlərin  yarımillik hesabatlarında aşağıdakılar öz əksini tapmalıdır:
75.8.1. aralıq maliyyə hesabatı;
75.8.2. aralıq idarəetmə hesabatı.
75.9. Aralıq idarəetmə hesabatında ən azı maliyyə ilinin ilk altı ayı ərzində  baş vermiş vacib hadisələr və maliyyə ilinin qalan altı ayı üzrə əsas risklərin və problemlərin təsviri, habelə onların aralıq maliyyə hesabatlarına təsiri haqqında qeydlər göstərilməlidir.
75.10. Aralıq maliyyə hesabatları kənar auditorlar tərəfindən yoxlanıldıqda, emitent həmin audit rəylərini öz hesabatına əlavə etməlidir.
75.11. Bu Qanunun 75-ci maddəsi aşağıda göstərilən emitentlərə şamil edilmir:
75.11.1. dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu   beynəlxalq təşkilatlara və Azərbaycan Respublikasının Mərkəzi Bankına;
75.11.2. kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəyərdən az olan emitentlərə.
75.12. Emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələbləri isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 76. Əhəmiyyətli payın əldə edilməsinə və özgəninkiləşdirilməsinə dair məlumatın açıqlanması

76.1. Səhmləri tənzimlənən bazara ticarətə buraxılmış emitentin səsvermə hüququ verən səhmlərinin mülkiyyətçisi olan şəxs malik olduğu səhmlərin sayı emitentin səhmlərinin ümumi sayının 5, 10, 25 , 50  və ya 75 faiz hədlərinə çatdıqda və ya həmin hədləri keçdikdə, bu barədə bildiriş təqdim etməklə, dörd ticarət günündən gec olmayaraq emitenti məlumatlandırmalıdır. Emitent həmin bildirişi aldıqdan sonra üç ticarət günündən gec olmayaraq bu barədə məlumatı ictimaiyyətə açıqlamalıdır.
76.2. Bu Qanunun 76.1-ci maddəsi ilə müəyyən olunan tələblərdən əlavə olaraq, bildirişin verilməsi həmçinin aşağıdakılara şamil edilir:
76.2.1. səhmlərdən müqavilə və ya digər hüquq əsasında istifadə edən fiziki və ya hüquqi şəxslərə;
76.2.3. nominal saxlayıcıya.
76.3. Bu Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş tələblər bu Qanunun 76.2-ci maddəsində müəyyən edilən bütün şəxslərə şamil olunur. Müqavilə və ya razılaşma üzrə həmin şəxslərdən biri tərəfindən bu Qanunun 76.1-ci maddəsində nəzərdə tutulmuş bildirişin verilməsi digər şəxsləri bildirişin təqdim edilməsindən azad edir.
76.4. Bu Qanunun 76-cı maddəsi aşağıdakılara şamil olunmur:
76.4.1. pul siyasətinin və maliyyə sabitliyinin həyata keçirilməsi ilə əlaqədar səhmləri əldə etdikdə – Azərbaycan Respublikasının Mərkəzi Bankına;
76.4.2. mülkiyyət hüquqlarının keçməsi ilə nəticələnməyən klirinq zamanı qısa hesablaşma dövründə alınmış səhmlərə;
76.4.3. öz vəzifələrini həyata keçirdikdə emitentin səhmlərinin 5 və ya 10 faizini əldə edən və ya özgəninkiləşdirən (emitentin idarə edilməsində iştirak etmədikdə) marketmeykerlərə.
76.5. Bu Qanunun 76.1-ci maddəsində göstərilən bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir:
76.5.1. fiziki şəxs olduqda – adı, atasının adı, soyadı, hüquqi şəxs olduqda – tam adı və olduğu yer;
76.5.2. səhmlərin əldə olunma  tarixi;
76.5.3. əldə olunan səhmlərin sayı və səhmdar cəmiyyətinin nizamnamə kapitalında olan ümumi faizi.
76.6. Bu Qanunun 76-cı maddəsi ilə nəzərdə tutulmuş emitentlər əhəmiyyətli paya sahib olan səhmdarların siyahısını aparmalıdır. Həmin siyahı ictimaiyyət üçün açıq olmalıdır.

Maddə 77. Emitentin məlumatları açıqlamasına dair tələblər

77.1. Emitentlərin qiymətli kağızlarında və ya törəmə maliyyə alətlərində təsbit edilmiş hüquqlarda hər hansı dəyişikliklər olduqda, onlar bu barədə məlumatı dərhal ictimaiyyətə açıqlamalıdır.
77.2. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər aşağıdakı hallarda məlumatları ictimaiyyətə açıqlamalıdır:
77.2.1. borc alınması məqsədi ilə qiymətli kağızları buraxdıqda;
77.2.2. hər hansı təminat verdikdə (təminatın məbləği təminatçının nizamnamə kapitalının 5 faizindən artıq olduqda);
77.2.3. emissiya prospektində və ya informasiya memorandumunda göstərilən kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitin istifadəsində dəyişiklik olduqda.
77.3. Kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitin istifadəsində dəyişiklik  nəzərdə tutulduqda, emitentin müşahidə şurası həmin dəyişikliyin səbəbini, həmin vaxta qədər istifadə olunmuş vəsaitin qiymətləndirilməsini, habelə yeni investisiya planını və onun icra edilməsi üçün müddət cədvəlini əks etdirən hesabatı təsdiq edilməsi üçün səhmdarlarının (payçılarının) ümumi yığıncağına təqdim edir. Səhmdarların (payçılarının) ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarı emitent beş iş günündən gec olmayaraq nəzarət orqanına və qiymətli kağızları ticarətə buraxmış fond birjasına təqdim edir.
77.4. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitent nizamnaməsinə əlavə və ya dəyişikliklər etdikdə, bu barədə məlumatı nəzarət orqanına və qiymətli kağızların ticarət olunduğu fond birjasına təqdim etməlidir.
77.5. Emitentlərin bu Qanunla açıqlanması nəzərdə tutulan məlumatları Azərbaycan dilində açıqlanır. Qiymətli kağızları Azərbaycan Respublikasının və digər ölkənin ərazisində tənzimlənən bazarlarda ticarətə buraxılmış emitent bu Qanunla açıqlanması nəzərdə tutulan məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dildə açıqlamalıdır.
77.6. Emitent investorlardan məlumatın təqdim edilməsinə görə haqq tələb edə bilməz.
77.7. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər bu Qanunla açıqlanması nəzərdə tutulan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda və öz internet səhifəsində (olduqda) açıqlamalıdır.
77.8. Vahid məlumat resursuna dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

10-cu fəsil
Qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması

Maddə 78. Qiymətli kağızlar bazarında sui-istifadə halları

78.1. Qiymətli kağızlar bazarında sui-istifadə hallarına insayd məlumatın istifadəsi ilə qiymətli kağızlar bazarında əqdlərin bağlanması və manipulyasiyalar aid edilir.
78.2. İnsayd məlumatı açıqlanmamış, birbaşa və ya dolayı yolla bir və ya bir neçə emitentə, qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə aid olan və açıqlandığı təqdirdə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq xarakterli məlumatdır.
78.3. Qiymətli kağızlar bazarında sui-istifadə hallarına yol verilmir.
78.4. Qiymətli kağızlar bazarında manipulyasiyalara aşağıdakılar aid edilir:
78.4.1. qiymətli kağızların və törəmə maliyyə alətlərinin qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış və ya aldadıcı məlumatlar verən və ya verə bilən əqdlər bağlanması və ya tapşırıqlar (sifarişlər) verilməsi;
78.4.2. əqdlər bağlanması və ya əqdlər bağlanması üçün tapşırıq verilməsi vasitəsilə bir və ya birgə hərəkət edən bir neçə şəxs tərəfindən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinin süni səviyyədə saxlanılması və dəyişdirilməsi;
78.4.3. saxta vasitələrdən istifadə etməklə, yaxud qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə saxtakarlıqla müşayiət olunan əqdlərin bağlanması və ya belə əqdlərin bağlanması üçün tapşırıq verilməsi;
78.4.4. kütləvi informasiya və ya hər hansı digər vasitələrlə qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə dair yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin və digər məlumatın yayılması.
78.5. Qiymətli kağızlar bazarında sui-istifadənin müəyyən edilməsi və qarşısının alınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
78.6. İnsayd məlumatdan istifadə ilə qiymətli kağızlar bazarında əqdlər bağlanması və manipulyasiya halları barədə şübhə olduqda, investisiya şirkəti və fond birjası bu barədə nəzarət orqanına dərhal məlumat verməlidirlər. Həmin məlumatın üçüncü şəxslərə açıqlanmasına yol verilmir.
78.7. Bu Qanunun 10-cu fəsli ilə insayd ticarətinə və manipulyasiyalara dair müəyyən edilmiş müddəalar aşağıdakılara şamil edilmir:
78.7.1. Azərbaycan Respublikası Mərkəzi Bankının və ya digər dövlət orqanlarının pul, dövlət borc və valyuta tənzimi siyasətinin həyata keçirilməsi məqsədi ilə keçirdiyi əməliyyatlara;
78.7.2. bu Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1-ci maddəsinə uyğun olaraq qiymətli kağızların qiymətinin sabitləşdirilməsi və emitent tərəfindən qiymətli kağızların geri alınması üzrə keçirilən əməliyyatlara.

Maddə 79. İnsayderlər

79.1. İnsayderlərə aşağıdakı şəxslər aiddir:
79.1.1. emitentin orqanlarının və audit komitəsinin üzvləri;
79.1.2. benefisiarlar;
79.1.3. insayd məlumatı tutduğu vəzifəyə, müqaviləyə əsasən, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxs;
79.1.4. emitentin icra orqanının səlahiyyətlərini müqaviləyə əsasən həyata keçirən şəxs;
79.1.5. emitentin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla malik olan şəxs;
79.1.6. insayd məlumatı qeyri-qanuni yolla əldə etmiş şəxs;
79.1.7. insayd məlumatı müqavilə əsasında, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxs;
79.1.8. bu Qanunun 79.1.4-cü və 79.1.5-ci maddələrində göstərilən şəxslər hüquqi şəxs olduqda, onun hesabına əqdin bağlanması qərarının verilməsində iştirak edən şəxs;
79.1.9. bu Qanunun 79.1.1-79.1.5-ci maddələrində göstərilən şəxslərin yaxın qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri, qardaşları və bacıları).
79.2. İnsayderlərin aşağıdakıları etməsinə yol verilmir:
79.2.1. özünün və ya digər şəxslərin hesabına insayd məlumatdan istifadə etməklə birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirməyə və ya belə əqdlərin bağlanmasına cəhd etməyə;
79.2.2. xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar insayd məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatı ötürməyə;
79.2.3. insayd məlumat əsasında digər şəxslərin qiymətli kağızlar və törəmə maliyyə alətləri almağa (satmağa) və ya almaqdan (satmaqdan) imtinaya təhrik edilməsinə və ya onlara tövsiyələr verilməsinə.
79.3. Bu Qanunun 79.2.1-ci maddəsi insayd məlumata malik olmazdan əvvəl bağlanmış müqavilədən irəli gələn qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınması və ya satılması üzrə öhdəliklərin icra edilməsi üçün həyata keçirilən əqdlərə şamil edilmir.

Maddə 80. İnsayd məlumatın açıqlanması

80.1. Qiymətli kağızları kütləvi təklif edilmiş və  tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər onlara məxsus insayd məlumatların həmin məlumatlar yarandığı andan dərhal ictimaiyyətə açıqlanmasını təmin etməlidir.
80.2. Emitentin açıqladığı məlumat dəqiq və səlis ifadə olunmalıdır. Natamam, qeyri-dəqiq, təhrif edilmiş və ikimənalı məlumatın açıqlanmasına yol verilməməlidir.
80.3. Emitent insayd məlumatın açıqlanmasına, açıqlanmış məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.
80.4. Emitent öz qanuni maraqlarının qorunması və mümkün olan zərərin qarşısının alınması üçün məsuliyyəti öz üzərinə götürməklə, insayd məlumatın açıqlanmasını çaşqınlıq yaratmamaq və həmin məlumatın konfidensiallığını təmin etmək şərti ilə aşağıdakı hallarda müvəqqəti təxirə sala bilər:
80.4.1. məlumatın açıqlanması aparılan danışıqların gedişatına və ya nəticəsinə ciddi təsir edə bildikdə;
80.4.2. məlumatın açıqlanması nəticəsində emitentin maliyyə vəziyyətinin ağırlaşması təhlükəsi olduqda və ya iflas prosesində olmayan emitentin maliyyə vəziyyətinin uzunmüddətli bərpasını təmin etmək üzrə aparılan danışıqların nəticəsinə təsir etməklə, onun investorlarının mənafelərini təhlükə altına sala bildikdə;
80.4.3. emitentin orqanı tərəfindən qəbul edilmiş qərar və ya imzalanmış müqavilənin qüvvəyə minməsi üçün emitentin digər orqanının razılığı tələb edildikdə.
80.5. Emitent bu Qanunun 80.4.3-cü maddəsində göstərilən qərar və ya müqavilə haqqında məlumatı açıqladıqda, məlumatda həmin qərarın və ya müqavilənin qüvvəyə minməsi üçün emitentin digər orqanının razılığının gözlənildiyi barədə qeyd etməlidir.
80.6. Emitent bu Qanunun 80.4-cü maddəsi ilə müəyyən edilmiş hallarda insayd məlumatın açıqlanmasının təxirə salınması haqqında qərar qəbul etdikdə, bu barədə dərhal, səbəbləri göstərilməklə, nəzarət orqanına məlumat təqdim etməlidir. Nəzarət orqanı məlumatların açıqlanmasının təxirə salınması səbəblərinin bu Qanunun 80.4-cü maddəsinin tələblərinə uyğun olmadığını müəyyən etdikdə, üç iş günü ərzində emitentin həmin məlumatı açıqlamasını tələb edir.
80.7. Açıqlanması təxirə salınmış insayd məlumat emitent və ya birbaşa, yaxud dolayı yolla onun adından çıxış edən şəxs tərəfindən üçüncü şəxsə təqdim edildikdə, emitent həmin məlumatı dərhal ictimaiyyətə açıqlamalıdır. Açıqlanması təxirə salınmış insayd məlumat həmin məlumatın müqavilə əsasında qorunmasını təmin etmək öhdəliyi olan üçüncü şəxsə təqdim edildikdə, bu məlumatın açıqlanması tələb olunmur.
80.8. İnsayd məlumatın açıqlanması və nəzarət orqanına təqdim edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 81. İnsayder siyahısı

81.1. Qiymətli kağızları kütləvi təklif edilmiş və  tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər insayd məlumatı əldə etmək imkanına malik olan şəxslər haqqında məlumatları əks etdirən insayder siyahısını tərtib etməlidirlər.
81.2. İnsayder siyahısında aşağıdakı məlumatlar olmalıdır:
81.2.1. insayd məlumatı əldə etmək imkanına malik olan şəxs haqqında məlumat (fiziki şəxs olduqda – adı, atasının adı, soyadı, vəzifəsi və (və ya) emitentin nizamnamə kapitalında iştirak payı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, VÖEN və həmin hüquqi şəxsin adından çıxış edən fiziki şəsxin adı, atasının adı, soyadı);
81.2.2. şəxsin siyahıya daxil edilmə və siyahıdan çıxarılma səbəbi;
81.2.3. şəxsin siyahıya daxil edildiyi və siyahıdan çıxarıldığı tarix;
81.2.4. “insayder siyahısı”na daxil edilməsi və ya siyahıdan çıxarılması barədə həmin şəxsin məlumatlandırılması tarixi;
81.2.5. siyahının tərtib edildiyi və yeniləndiyi tarix.
81.3. Emitent insayder siyahısını müntəzəm olaraq yeniləməli və nəzarət orqanının sorğusu əsasında sorğu alınan gündən sonra bir iş günü ərzində təqdim etməlidir.
81.4. Emitent insayder siyahısının tərtib edildiyi tarixdən, siyahıda dəyişiklik baş verdikdə isə son dəyişiklik edildiyi tarixdən beş il müddətində saxlanılmasını təmin etməlidir.
81.5. Emitent hər hansı bir şəxsi insayder siyahısına daxil etdikdə və ya siyahıdan çıxardıqda, bu barədə həmin şəxsləri məlumatlandırır.
81.6. İnsayder siyahısının tərtib edilməsinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 82. İnsayderlərin bağladıqları əqdlərə dair məlumatı açıqlaması

82.1. Bu Qanunun 79.1.1-79.1.4-cü maddələrində göstərilən şəxslər qiymətli kağızları kütləvi təklif edilmiş və  tənzimlənən bazarda ticarətə buraxılmış aid olduğu emitentlərin səhmləri ilə və ya baza aktivinin həmin səhmlərdən ibarət olan törəmə maliyyə alətləri ilə əqd bağladıqda, bu barədə məlumatı əqdin bağlandığı tarixdən etibarən bir iş günü ərzində nəzarət orqanına və həmin emitentə təqdim etməlidir. Emitent həmin məlumatı aldığı gündən sonra dörd iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ictimaiyyətə açıqlamalıdır.
82.2. Bu Qanunun 82.1-ci maddəsində nəzərdə tutulan əqdlər haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
82.2.1. emitentin tam adı;
82.2.2. əqdi bağlayan fiziki şəxs olduqdqa – adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı;
82.2.3. məlumatın təqdim edilməsi səbəbi;
82.2.4. əqdin predmeti olan qiymətli kağızın və ya törəmə maliyyə alətinin növü;
82.2.5. əqdin predmeti olan qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı;
82.2.6. əqdin predmeti olan bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti və əqdin məbləği;
82.2.7. əqdin istiqaməti (alqı və ya satqı);
82.2.8. əqdin bağlanma tarixi və yeri;
82.2.9. əqdin bağlanmasından sonra şəxsin mülkiyyətində olan həmin emitentin qiymətli kağızların sayındakı və emitentin nizamnamə kapitalındakı payı (faizlə);
82.2.10. məlumatın təqdimedilmə tarixi.
82.3. İnsayder tərəfindən bağlanmış əqdlər haqqında məlumatın nəzarət orqanına təqdim edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11-ci fəsil
Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi və nəzarəti

Maddə 83. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi və nəzarətinin vəzifələri

83.0. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi və nəzarətinin əsas vəzifələri aşağıdakılardır:
83.0.1. qiymətli kağızlar bazarında investorların hüquqlarını müdafiə etmək;
83.0.2. qiymətli kağızlar bazarının şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
83.0.3. qiymətli kağızlar bazarını təbliğ etmək;
83.0.4. qiymətli kağızlar bazarında lisenziyalaşdırılmanı həyata keçirmək və lisenziyalaşdırılan şəxslərin fəaliyyətinə nəzarət etmək;
83.0.5. qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ hüquqi aktlar qəbul etmək və onlara riayət olunmasına nəzarət etmək;
83.0.6. qiymətli kağızlar bazarında ticarətin tənzimlənməsini həyata keçirmək;
83.0.7. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara yol verilməməsi və qiymətli kağızlar bazarında insayd məlumatdan istifadə etməklə həyata keçirilən əməliyyatların qarşısının alınması üçün tədbirlər görmək;
83.0.8. investorların hüquqlarının müdafiəsi və qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsi üçün qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə ticarəti dayandırmaq, aktivlərin dondurulması və (və ya) üzərinə həbs qoyulması üzrə tələb irəli sürmək;
83.0.9. bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə  əməl edilməsinə nəzarət etmək, onların pozulması halları aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün icrası məcburi göstərişlər vermək;
83.0.10. qiymətli kağızlar bazarına dair qanunvericiliyin tələblərini pozan şəxsləri  məsuliyyətə cəlb etmək;
83.0.11. bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya almadan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmək.

Maddə 84. Dövlət reyestri

84.1. Lisenziyalaşdırılan şəxslərin, habelə lisenziya və ya icazə verilmiş investisiya şirkətlərinin filial və nümayəndəliklərinin dövlət reyestrini nəzarət orqanı  aparır. Dövlət reyestrinə lisenziyalaşdırılan şəxslərin, habelə lisenziya və ya icazə verilmiş investisiya şirkətlərinin filial və nümayəndəliklərinin adları, hüquqi ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziya və ya icazələrin qeydiyyat nömrələri və tarixləri, fəaliyyətinə xitam verilməsi, investisiya şirkətlərinin göstərdiyi xidmətlər (əməliyyatlar) və fond birjasının ticarəti təşkil edəcəyi qiymətli kağız bazarlarının növləri və orqanlarının üzvləri barədə məlumatlar daxil edilir. Lisenziyalaşdırılan şəxslərin, habelə lisenziya və ya icazə verilmiş investisiya şirkətlərinin filialları və nümayəndəlikləri nəzarət orqanı tərəfindən onlara müvafiq lisenziyaların və icazələrin verildiyi tarixdən etibarən dövlət reyestrinə daxil edilir.
84.2. Qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini nəzarət orqanı aparır. Dövlət reyestrinə qiymətli kağızların emitentlərinin  adları, onların dövlət qeydiyyatı rekvizitləri və hüquqi ünvanları, qiymətli kağızların buraxılışı haqqında qərarın qəbul edilməsi tarixi, qiymətli kağızların qeydiyyat nömrəsi və tarixi, növü, forması, sayı və nominal dəyəri barədə məlumatlar daxil edilir. Dövlət reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
84.3. Dövlət reyestrinə daxil edilmiş məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.

Maddə 85. Yerində yoxlamaların həyata keçirilməsi

Nəzarət orqanı lisenziyalaşdırılan şəxslərin bu Qanuna və qiymətli kağızlar bazarına aid digər qanunvericilik aktlarına riayət edib-etməmədiyini, həmçinin onların maliyyə sabitliyini araşdırmaq məqsədi ilə yerində yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirir.

Maddə 86. Nəzarət orqanının icrası məcburi olan göstərişləri

86.1. Aparılan təhlillər və ya araşdırmalar (yerində yoxlamalar istisna olmaqla) nəticəsində lisenziyalaşdırılan şəxslərin, mərkəzi depozitarın və ya emitentlərin fəaliyyətində bu Qanunun və qiymətli kağızlar bazarına aid digər qanunvericilik aktlarının tələblərinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə nəzarət orqanı belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstərişlər verir.
86.2. Nəzarət orqanı icrası məcburi göstərişlər verməklə, lisenziyalaşdırılan şəxslərdən, mərkəzi depozitardan və ya emitentlərdən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir:
86.2.1. bu Qanunla və qiymətli kağızlar bazarına aid digər qanunvericilik aktları ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsini;
86.2.2. bu Qanunun və qiymətli kağızlar bazarına aid digər qanunvericilik aktlarının müddəalarının pozulması hallarının aradan qaldırılmasını;
86.2.3. sənəd və məlumatların təqdim edilməsini;
86.2.4. təqdim edilmiş sənədlərdə yanlış və qeyri-dürüst məlumatlar və ya çatışmazlıqlar aşkar olunduqda, onların yenidən təqdim edilməsini.
86.3. Nəzarət orqanı icrası məcburi olan göstərişin verilməsi üçün əsəlandırılmış qərar qəbul etməli və onu barəsində qərar qəbul edilmiş şəxsə göndərməlidir. Həmin qərarda icrası məcburi olan hər bir göstərişin səbəbi, yerinə yetirilməli olan tədbirlər və onların yerinə yetirilməsinin son tarixi göstərilməlidir.
86.4. Barəsində bu Qanunun 86.3-cü maddəsində göstərilən qərar qəbul edilmiş şəxs həmin qərarı aldıqdan sonra orada göstərilmiş müddət ərzində müvafiq tədbirləri yerinə yetirməli və bu barədə nəzarət orqanına hesabat təqdim etməlidir. Yerinə yetirilməli olan tədbirlər əlavə vaxt tələb etdikdə, nəzarət orqanı müvafiq əsaslandırılmış müraciət əsasında əlavə vaxt müəyyən edir.
86.5. Nəzarət orqanı bu Qanunun 86.4-cü maddəsində göstərilən hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda və ya həmin hesabatdan icrası məcburi olan göstərişlərin tam və ya qismən yerinə yetirilmədiyini müəyyən etdikdə, icrası məcburi olan göstərişin verilməsi üçün təkrar qərar qəbul edir. Həmin təkrar qərara bu Qanunun 86.3-cü və 86.4-cü maddələrinin müddəaları tətbiq edilir.
86.6. Bu Qanunun 86.3-cü və 86.5-ci maddələrində göstərilmiş qərarlardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.

Maddə 87. Nəzarət orqanının və onun işçilərinin məsuliyyəti

Dövlət tənzimlənməsi və nəzarəti həyata keçirilərkən nəzarət orqanı və onun işçisi qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurduğu zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 88. Nəzarət orqanının qərarından şikayət

88.1. Nəzarət orqanının bu Qanunun tətbiqi ilə bağlı qərarından və fəaliyyətindən inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.
88.2. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla, bu Qanunun 88.1-ci maddəsində nəzərdə tutulmuş şikayətin verilməsi nəzarət orqanının bu Qanunun tətbiqi ilə bağlı fəaliyyətini məhdudlaşdırmır.

Maddə 89. Qiymətli kağızlar bazarında dövlət nəzarətinin maliyyələşdirilməsi

89.1. Qiymətli kağızlar bazarı sahəsində nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
89.1.1. dövlət büdcəsinin vəsaiti;
89.1.2. mərkəzi depozitarın  illik xalis mənfəətinin müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilmiş faizi həcmində məcburi ayırmalar.
89.2. Bu Qanunun 89.1.2-ci maddəsində nəzərdə tutulmuş ayırmalardan yalnız aşağıdakı məqsədlər üçün istifadə edilir:
89.2.1. nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş mütəxəssislərin ixtisasının artırılması, o cümlədən beynəlxalq konfranslarda, seminarlarda, təlim kurslarında və digər tədbirlərdə iştirakının təmin edilməsi;
89.2.2. qiymətli kağızlar bazarının təbliğatı və təşviqatı işlərinin həyata keçirilməsi;     
89.2.3. nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsi üçün maddi-texniki imkanlarının genişləndirilməsi.

Maddə  90. Məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

12-ci fəsil
Yekun müddəalar

Maddə  91. Keçid müddəalar

91.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər. Sənədli investisiya qiymətli kağızlarının sənədsiz investisiya qiymətli kağızlarına çevrilməsi mərkəzi depozitarda həyata keçirilir.
91.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə (broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış şəxslərə verilmiş lisenziyalar 2016-cı il yanvarın 1-dək qüvvədə qalır və həmin tarixədək onlar bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada investisiya şirkəti fəaliyyətinə lisenziya alınması barədə müraciət etməlidirlər.
91.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək fond birjası fəaliyyətinə lisenziya almış şəxslər 2016-cı il yanvarın 1-dək öz fəaliyyətini bu Qanun ilə müəyyən edilmiş tələblərə uyğunlaşdırmalıdırlar.
91.4. Bu Qanun qüvvəyə mindiyi tarixədək klirinq fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur.
91.5. Bu Qanun qüvvəyə mindiyi tarixədək depozitar fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən  ləğv edilmiş hesab olunur və onlar 2015-ci ilin sentyabr ayının 15-dək saxladıqları sənədsiz qiymətli kağızları mərkəzi depozitara təhvil verməlidirlər.
91.6. Bu Qanun qüvvəyə mindiyi tarixədək qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur və həmin şəxslər    2015-ci ilin sentyabr ayının 15-dək apardıqları reyestrləri mərkəzi depozitara təhvil verməlidirlər.
91.7. Bu Qanun qüvvəyə mindiyi tarixədək səhmdarlarının reyestrini özü aparan səhmdar cəmiyyətləri 2015-ci ilin sentyabr ayının 15-dək apardıqları reyestrləri mərkəzi depozitara təhvil verməlidirlər.
91.8. Bu Qanun qüvvəyə mindiyi tarixdən “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 16 iyun tarixli 899-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 711; 2002, № 12, maddə 706; 2007,    № 8, maddə 745, № 11, maddə 1053; 2014, № 10, maddə 1149) ləğv edilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 may 2015-ci il
№ 1284-IVQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi