11.05.2010 İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında

1001-IIIQ

İnsanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (İİV infeksiyasının) profilaktikasının, diaqnostikasının, müalicəsinin, İİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. İİV – insanın immunçatışmazlığı virusu;
1.0.2. İİV infeksiyası – İİV-in törətdiyi xəstəlik;
1.0.3. QİÇS – qazanılmış immunçatışmazlığı sindromu (İİV infeksiyasının son mərhələsində insanın immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan xəstəlik);
1.0.4. İİV-müsbət status – insan orqanizmində yoluxma faktını təsdiq edən İİV-in və ona qarşı anticisimlərin olması;
1.0.5. İİV-lə yaşayan şəxslər  – İİV-ə yoluxmuş və həm xəstəliyin əlamətlərinin olmayan mərhələsində, həm də immun sisteminin dərin zədələnməsi mərhələsində olan şəxslər;
1.0.6. İİV-ə anonim müayinə - şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədən və ya şəxsi məlumatları bildirmədən İİV-ə tibbi müayinə;
1.0.7. İİV-ə konfidensial müayinə - müayinə və onun nəticələri barədə məlumatın gizli saxlanılmasına zəmanət verməklə İİV-ə tibbi müayinə;
1.0.8. psixososial məsləhətləşmə - psixoemosional stressin aradan götürülməsi və İİV-lə əlaqədar düzgün davranış qaydalarının müəyyən edilməsi məqsədilə müayinə olunan (müayinə olunmuş) şəxslə tibb işçisi və ya sosial işçi arasında testdən əvvəl və sonra aparılan konfidensial dialoq;
1.0.9. yüksək riskli əhali qrupları – İİV-ə yoluxmaya münasibətdə riskli davranış tətbiq edən və ictimai sağlamlığa təhlükə yaradan əhali qrupları (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.);
1.0.10. postkontakt profilaktika – peşə fəaliyyəti ilə əlaqədar, yaxud hər hansı təsadüfi və ya  zorakı seksual münasibətlər və digər riskli davranış zamanı İİV-lə yoluxma riski olduqda yoluxma ehtimalını azaltmaq məqsədi ilə tətbiq edilən yüksək aktiv antiretrovirus müalicəsi kursu;
1.0.11. antiretrovirus müalicəsi – orqanizmdə İİV-in çoxalmasının və yayılmasının qarşısını almaq məqsədilə spesifik dərman vasitələrindən istifadə etməklə aparılan müalicə;
1.0.12. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası – hamiləlik dövründə, doğuş və ana südü ilə qidalandırma zamanı İİV-in anadan uşağa keçməsinin qarşısının alınmasına yönəldilmiş kompleks profilaktik tədbirlər sistemi;
1.0.13. palliativ yardım – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsi üzrə tədbirlər sistemi;
1.0.14. əvəzedici müalicə – opioidlərdən asılı inyeksion narkotik istifadəçilərinin ölkədə qeydiyyatdan keçmiş əvəzedici opioid dərman vasitələri ilə (qeyri-inyeksion üsullarla) müalicəsi.

Maddə 2. İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. İİV infeksiyası ilə mübarizənin əsas prinsipləri

İİV infeksiyası ilə mübarizə və İİV-lə yaşayan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət edilməsi prinsipləri əsasında həyata keçirilir.

Maddə 4. İİV infeksiyası ilə  mübarizə sahəsində dövlət təminatları

4.0. İİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları aşağıdakılardan ibarətdir:
4.0.1. İİV infeksiyası ilə mübarizə üzrə milli strategiyanın və dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi;
4.0.2. İİV infeksiyası ilə mübarizə üzrə xidmətlərin ölkənin bütün ərazisində təşkilinin təmin edilməsi;
4.0.3. əhalinin İİV infeksiyası və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi;
4.0.4. yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
4.0.5. İİV-ə tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilməsi;
4.0.6. İİV-ə tibbi müayinənin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsi;
4.0.7. İİV-ə tibbi müayinənin testdən əvvəl və testdən sonrakı psixososial məsləhətlərlə müşayiət olunması;
4.0.8. İİV-ə tibbi müayinənin məlumatlandırılmış razılıq əsasında həyata keçirilməsi;
4.0.9. İİV infeksiyası ilə mübarizə sahəsində epidemioloji nəzarət, monitorinq və qiymətləndirilmə sisteminin təşkili;
4.0.10. tibbi prosedurların, eləcə də diaqnostik, müalicəvi və elmi məqsədlərlə istifadə olunan qanın, qan komponentlərinin, digər bioloji mayelərin, orqan və toxumaların təhlükəsizliyinin təmin edilməsi;
4.0.11. İİV-ə yoluxma riski olan tibb işçilərinin və digər mütəxəssislərin təhlükəsiz əmək şəraiti ilə və zəruri qoruyucu vasitələrlə təmin edilməsi;
4.0.12. İİV-in anadan uşağa ötürülməsinin profilaktikasının təmin edilməsi;
4.0.13. İİV-lə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərin dövlət tibb müəssisələrində tibbi yardımla (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) və dərman vasitələri ilə pulsuz təmin edilməsi;
4.0.14. QİÇS mərhələsində olan İİV-lə yaşayan şəxslərə palliativ yardımın göstərilməsi;
4.0.15. İİV-lə yaşayan şəxslərin və İİV infeksiyasından zərər çəkmiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müdafiəsi;
4.0.16. İİV infeksiyası problemləri üzrə mütəxəssislərin hazırlanması, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün şəraitin yaradılması;
4.0.17. İİV infeksiyası problemləri üzrə elmi və xüsusi araşdırma və tədqiqatların aparılması, eləcə də ölkədə İİV infeksiyasının profilaktikasının, diaqnostikasının və müalicəsinin müasir səmərəli üsullarının tətbiq edilməsi;
4.0.18. İİV infeksiyası ilə bağlı məsələlərin həllinə yönəldilmiş ictimai və xeyriyyə fəaliyyətlərinə dəstək verilməsi;
4.0.19. İİV infeksiyası problemləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına, beynəlxalq proqramlar çərçivəsində mütəmadi olaraq məlumatların və təcrübənin mübadiləsinə şərait yaradılması;
4.0.20. qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata  keçirilməsi.

Maddə 5. İİV infeksiyası ilə mübarizə sahəsində maarifləndirmə

5.1. Dövlət əhali arasında, xüsusilə yüksək riskli əhali qruplarının üzvləri, mütəmadi miqrasiya edən şəxslər və gənclər arasında təhlükəsiz və məsuliyyətli davranışın aşılanması məqsədi ilə İİV infeksiyasının əsas xüsusiyyətləri, İİV-ə yoluxma və yoluxmadan qorunma yolları haqqında maarifləndirməni həyata keçirir.
5.2. Təhsil müəssisələrində gənclər arasında İİV infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir.  Təhsilin hər bir pilləsində İİV infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.
5.3. Dövlət və ictimai teleradio yayımçıları İİV infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir.

Maddə 6. İİV infeksiyası ilə mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi

İİV infeksiyası ilə mübarizə üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti, qrantlar, icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilir.

II fəsil
İİV-lə yaşayan şəxslərin hüquqları və vəzifələri

Maddə 7. İİV-lə yaşayan şəxslərin hüquqları

7.1. İİV-lə yaşayan şəxslərin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.
7.2. İİV-lə yaşayan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
7.2.1. İİV infeksiyası ilə əlaqədar diskriminasiyaya və stiqmatizasiyaya (şərəf və ləyaqətin alçaldılmasına) yol verilməməsi və onlara humanist münasibət bəslənilməsi;
7.2.2. İİV-ə tibbi müayinə və onun nəticələri, habelə tətbiq edilən tibbi nəzarət və müalicə üsulları haqqında məlumat əldə etmək;
7.2.3. tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;
7.2.4. nikaha daxil olmaq, digər reproduktiv hüquqlarını həyata keçirmək;
7.2.5. İİV-in yayılmasının qarşısının alınması üzrə universal təhlükəsiz davranış qaydalarına yiyələnmək;
7.2.6. qoruyucu vasitələrlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin olunmaq;
7.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
7.3. İİV-lə yaşayan şəxslərin İİV-müsbət statusunu açıqlayan elmi tədqiqat işlərinə və ya təhsil prosesinə, foto-video və ya kino çəkilişlərinə cəlb edilməsi yalnız onların özlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə aparıla bilər.

Maddə 8. İİV-lə yaşayan şəxslərin əmək hüquqları

8.1. İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları İİV-ə yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
8.2. İşəgötürən işçinin İİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
8.3. Müvafiq icra hakimiyyəti orqanı İİV-lə yaşayan şəxslərin xəstəliyin mərhələsindən asılı olaraq ixtisaslarını dəyişdirməsi və ya yeni peşəyə yiyələnməsi üçün təxirəsalınmaz tədbirlər görməlidir.
8.4. İşəgötürən İİV-lə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraiti (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaratmalıdır.


Maddə 9. əhsil və sosial xidmət müəssisələrində diskriminasiya və stiqmatizasiyanın qadağan edilməsi

9.1. İİV-ə yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılması, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunması və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulması, eləcə də təhsil müəssisəsindən xaric edilməsi qadağandır.
9.2. Təhsil müəssisələrinin rəhbərliyi təhsilalanların və ya onların valideynlərinin yaxud yaxın qohumlarının İİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatları məxfi saxlamalıdır. Bununla bağlı sorğuların verilməsi və araşdırmaların aparılması qadağandır.
9.3. Stasionar müalicə müəssisələrində və ya ambulator qaydada ev şəraitində müalicə olunan İİV-lə yaşayan şəxslərin təhsil alması müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
9.4. İİV-lə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsinə yol verilmir.


Maddə 10. İİV-lə yaşayan şəxslərin vəzifələri

10.1. İİV-lə yaşayan şəxslər:
10.1.1. İİV infeksiyasının başqa şəxslərə yoluxmasına yol verməmək üçün məsuliyyətli və təhlükəsiz davranış tətbiq etməli;
10.1.2. nikaha daxil olarkən bu barədə digər tərəfi məlumatlandırmalıdır.
10.2. İİV-ə yoluxduğunu bilən şəxs başqa şəxsi (şəxsləri) bilərəkdən hər hansı bir formada İİV-ə yoluxma təhlükəsi qarşısında qoymağa və ya İİV-ə yoluxdurmağa görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.

III fəsil
İİV-ə tibbi müayinə

Maddə 11. İİV-ə tibbi müayinənin aparılmasının ümumi qaydaları

11.1. İİV-ə tibbi müayinə zəruri şəraitə, müvafiq tibbi avadanlığa malik olan istənilən tibb müəssisəsində (özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada bu fəaliyyətlə məşğul olmaq hüququ olduqda) aparıla bilər.
11.2. İİV-ə təsdiqedici tibbi müayinə İİV infeksiyasının diaqnostikası üzrə referens laboratoriyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.
11.3. İİV-ə tibbi müayinə şəxsə fiziki, psixoloji və mənəvi təzyiq göstərməklə aparıla bilməz.
11.4. Müayinə olunan şəxs məcburi müayinə halları istisna olmaqla, istənilən mərhələdə İİV-ə tibbi müayinədən imtina etmək hüququna malikdir.
11.5. Yetkinlik yaşına çatmayanların və qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin İİV-ə tibbi müayinəsi və müalicəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı (müraciəti) ilə aparılır. Yetkinlik yaşına çatmayan şəxsin İİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə aparıla bilər. Yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
11.6. İİV-ə tibbi müayinənin aparılması həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda tibbi müayinə həkimlərin konsiliumunun qərarı əsasında həll olunur.
11.7. İİV-ə tibbi müayinə testdən əvvəl və testdən sonrakı psixososial məsləhətləşmə ilə müşayiət olunur. Yetkinlik yaşına çatmayanlarla  psixososial məsləhətləşmə psixoloqun, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirakı ilə aparılır. Psixososial məsləhətləşmə şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur.
11.8. Tibb müəssisəsi müayinə olunan şəxsə İİV-ə müayinənin nəticələri haqqında məlumat verir. İİV-ə müsbət diaqnoz təsdiqedici müayinə əsasında referens laboratoriya tərəfindən verilir.
11.9. Şəxsə İİV-ə yoluxduğunu tibbi müayinə aparmış müəssisənin məsul işçisi bildirir. İİV-ə yoluxduğu müəyyən edilmiş şəxsə tibb müəssisəsi tərəfindən universal təhlükəsizlik tədbirləri, hüquqi və sosial təminatlar izah edilir, xəstəliyin yayılmasının qarşısının alınması qaydalarına (ehtiyat tədbirlərinə) riayət etmək tapşırılır və yoluxdurma təhlükəsi yaratmağa və ya qəsdən başqasını yoluxdurmağa görə cinayət məsuliyyəti daşıdığı haqqında yazılı xəbərdarlıq edilir. İİV-ə yoluxmuş şəxs əgər 16 yaşına çatmışdırsa xəbərdar edilməsini yazılı surətdə təsdiq edir və imzalayır.
11.10. İİV-ə tibbi müayinə, İİV-müsbət status, eləcə də İİV-lə yaşayan şəxs vəfat etdikdən sonra onun İİV-müsbət statusu haqqında məlumatlar konfidensial saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada qorunur. Bu məlumatlara malik olan şəxslər onları sirr olaraq saxlamağa borcludurlar.
11.11. İİV-ə tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 12. İİV-ə tibbi müayinənin nəticələri barədə məlumatın verilməsi

12.0. İİV-ə tibbi müayinənin nəticələri barədə məlumat konfidensiallıq prinsipinə və testdən sonrakı məsləhətləşmə şərtlərinə əməl edilməklə yalnız aşağıdakı şəxslərə verilir:
12.0.1. müayinə olunan şəxs 16 yaşına çatmışdırsa onun özünə;
12.0.2. müayinə olunan 16 yaşına çatmamış şəxsdirsə onun valideynlərinə və ya qəyyumlarına və yaxud müayinə olunan şəxsin müayinə olunmasına razılıq vermiş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə;
12.0.3. fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin qanuni nümayəndəsinə;
12.0.4. məcburi tibbi müayinə haqqında qərar qəbul etmiş hakimə.

Maddə 13. İİV-ə tibbi müayinənin növləri

13.1. İİV-ə tibbi müayinənin aşağıdakı növləri müəyyən olunur:
13.1.1. könüllü tibbi müayinə;
13.1.2. mütləq tibbi müayinə;
13.1.3. məcburi tibbi müayinə.
13.2. Könüllü və mütləq tibbi müayinə İİV-ə tibbi müayinə olunan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə keçirilir. Şəxsin hər hansı bir formada gizli surətdə (məlumatlandırılmadan) İİV-ə tibbi müayinəsinin aparılması qadağandır.

Maddə 14. İİV-ə könüllü tibbi müayinə

14.1. Hər bir şəxs könüllü surətdə İİV-ə tibbi müayinə oluna bilər.
14.2. Yüksək riskli əhali qruplarına aid olan şəxslərin, hamilə qadınların və İİV-ə tibbi müayinəsi zəruri hesab edilən digər şəxslərin İİV-ə tibbi müayinəyə cəlb edilməsi üçün tibb müəssisələrinin işçiləri təşəbbüs göstərməlidirlər.

Maddə 15. İİV-ə mütləq tibbi müayinə

15.1. Qan, digər bioloji mayelər, orqan və toxumaların donorları İİV-ə tibbi müayinədən keçməlidirlər. İİV-ə mütləq tibbi müayinədən imtina edən şəxslər donor ola bilməzlər.
15.2. Şəxslər İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən mütləq İİV-ə tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər. İşçi bu müayinədən imtina etdikdə işəgötürən əmək qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görür.
15.3. Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ (immiqrant statusu) əldə etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-ə tibbi müayinədən keçməlidirlər.
Maddə 16. İİV-ə məcburi tibbi müayinə
Başqa  şəxsləri İİV-ə yoluxdurma təhlükəsi yaradan şəxs və ya onun qanuni nümayəndəsi tibbi müayinəyə razılıq vermədikdə, İİV-ə tibbi müayinə qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmənin qərarı ilə məcburi şəkildə aparılır.


IV fəsil
İİV-lə yaşayan şəxslərə tibbi nəzarət və yardım

Maddə 17. İİV-lə yaşayan şəxslərə tibbi nəzarət

17.1. İİV-lə yaşayan şəxslərə tibbi nəzarət onların sağlamlıq vəziyyətini mütəmadi müşahidə etmək, səhhətlərində baş verə biləcək ağırlaşmaların qarşısını almaq, müalicə-profilaktika tədbirlərinin səmərəliliyini artırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
17.2. İİV-lə yaşayan şəxslərə tibbi nəzarət şəxsi və ailə həyatı sirrinin, eləcə də İİV-müsbət statusu haqqında məlumatın konfidensiallığının qorunması prinsiplərinə riayət edilməklə həyata keçirilir.
17.3. Tibb müəssisələri öz xidmətləri tərəfindən qeydə alınmış İİV-ə yoluxma və QİÇS-lə əlaqədar ölüm halları barədə İİV infeksiyası ilə mübarizə üzrə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsinə konfidensial şəkildə bildiriş (məlumat) verməlidirlər.

 

Maddə 18. İİV-lə yaşayan şəxslərə tibbi yardım

18.1. Dövlət İİV-lə yaşayan hər bir şəxsi İİV infeksiyası ilə bağlı diaqnostika, profilaktika, müalicə, onlara qulluq və dəstəyin göstərilməsi üzrə mümkün olan yardım tədbirləri ilə təmin edir. 
18.2. İİV-lə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. İİV-lə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.3. İİV-lə yaşayan şəxslərə tibbi yardım üzrə milli protokollar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 19. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası

19.1. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədi ilə kompleks tədbirlər həyata keçirilir.
19.2. Tibb müəssisələri İİV-lə yaşayan qadınların hamiləlik və doğuşla bağlı məsələlərdə könüllü qərarlar qəbul edə bilmələri üçün onları hərtərəfli məsləhətlərlə təmin edirlər.
19.3. Tibb müəssisəsi İİV-lə yaşayan hamilə qadınları yeni doğulmuş uşaqları ana südünün əvəzediciləri ilə qidalandırmanın zəruriliyi barədə elmi cəhətdən təsdiq olunmuş məlumatlarla təmin etməlidir. İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar qida məhsulları ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada pulsuz təmin olunurlar.

V fəsil
Yüksək riskli əhali qrupları arasında
İİV infeksiyasının profilaktikası

Maddə 20.  İİV infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramları

20.1. İİV infeksiyasının profilaktikası məqsədi ilə yüksək riskli əhali qrupunun üzvləri arasında beynəlxalq təcrübədə tətbiq edilən zərərin azaldılması proqramları tətbiq olunur. Buraya inyeksiya üçün steril ləvazimat ilə təminat, fərdi qoruyucu vasitələrlə təminat, əvəzedici müalicəyə cəlb etmə, İİV-in yayılması yolları və onun qarşısının alınmasının üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlandırma, hüquqi və psixoloji yardım və reabilitasiya proqramları aid edilir.
20.2. Zərərin azaldılması proqramları tərbiyəvi, maarifləndirmə, məlumatlandırma, müalicəvi, tibbi-profilaktik, reabilitasiya və məsləhət xarakterli tədbirləri əhatə edir, qabaqlayıcı xarakter daşıyan üsulların əhali üçün əlçatanlığını təmin etməklə həyata keçirilir.
20.3. Zərərin azaldılması proqramlarının tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 21. Yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının profilaktikası

21.1. Müvafiq icra hakimiyyəti orqanları, hər bir qrupun spesifik tələbatları nəzərə alınmaqla, yüksək riskli əhali qrupları arasında İİV infeksiyası, o cümlədən QİÇS haqqında biliklər əldə etməyə yönəldilmiş profilaktik tədbirlər, təhlükəsiz və məsuliyyətli davranış aşılanmasına yönəldilmiş maarifləndirici və məlumatlandırıcı proqramlar həyata keçirir, onlara məlumatlandırma xarakterli materiallar təqdim edirlər.
21.2. İİV infeksiyasının, B və C hepatitlərinin yayılmasının, İİV-ə yoluxmuş şəxslərin inyeksion narkotik vasitələrindən istifadənin qarşısını almaq, onların sosial reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək və digər məqsədlərlə inyeksion narkotik istifadəçiləri arasında könüllülük əsasında əvəzedici müalicə proqramları tətbiq edilir. İnyeksion narkotik istifadəçilərinin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 22. Penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikası

22.0. Penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikası məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
22.0.1. penitensiar müəssisələrdə saxlanılan və ya cəza çəkən şəxslərin, eləcə də onlara xidmət göstərən əməkdaşların İİV infeksiyası və onun profilaktikası sahəsində məlumat almaq imkanının yaradılması və biliklərinin artırılması;
22.0.2. penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikasının həyata keçirilməsi, tibbi göstərişlərə əsasən İİV-lə yaşayan şəxslərin müalicəsinin təmin edilməsi;
22.0.3. penitensiar müəssisələrdə bu Qanunun 20-ci maddəsinə uyğun olaraq zərərin azaldılması proqramlarının tətbiqi.

Maddə 23. Postkontakt profilaktika

23.1. Peşə fəaliyyəti ilə əlaqədar qan, qan komponentləri və digər bioloji mayelərlə təmasda olan tibb işçiləri və peşə fəaliyyəti ilə əlaqədar İİV-ə yoluxma riski yüksək olan digər şəxslər təxirəsalınmadan və ödənişsiz postkontakt profilaktika tədbirləri ilə təmin olunurlar.
23.2. Zorlamaya və İİV-ə yoluxmaya təhlükə yaradan digər zorakılılığa məruz qalmış şəxslərə təxirəsalınmadan və ödənişsiz postkontakt profilaktika tədbirləri və cinsi yolla keçən infeksiyaların müalicəsi üzrə xidmətlər və psixoloji yardım göstərilir.

VI fəsil
Tibbi prosedurların təhlükəsizliyinin təmin edilməsi

Maddə 24. Universal təhlükəsizlik tədbirlərinin tətbiqi

24.1. Universal təhlükəsizlik tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əksepidemik qaydalar olaraq, tibbi və digər xidmətlər göstərilərkən qan və digər bioloji mayelərlə kontakt riskinin azaldılması üçün tətbiq olunur.
24.2. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinə mütləq şəkildə riayət olunmalıdır. Həmin xidmətləri göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətinin universal təhlükəsizlik tədbirlərinin tələblərinə uyğun olmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir, bu tələblərə riayət etməyən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
24.3. Tibb işçiləri İİV-ə yoluxmanın qarşısının alınması üçün universal təhlükəsizlik tədbirlərinə əməl etməli, müvafiq müdaxilələrin aparılması üçün zəruri vasitələrə malik olmalıdırlar.

Maddə 25. Pasiyentlərin müdafiəsinin təmin edilməsi

25.0. Tibb müəssisələri aşağıdakı hallarda pasiyentlərin İİV-ə yoluxmasının qarşısını almaq üçün zəruri şərait yaratmalıdırlar:
25.0.1. qan, qan komponentləri, digər bioloji mayelər, orqan və toxumalar köçürüldükdə;
25.0.2. hər hansı laborator və instrumental müayinələr aparıldıqda;
25.0.3. hər hansı tibbi müdaxilələr, o cümlədən stomatoloji, ginekoloji, cərrahi və digər əməliyyatlar aparıldıqda;
25.0.4. hər hansı kosmetoloji proseduralar və manipulyasiyalar aparıldıqda.

Maddə 26. Tibb işçilərinin müdafiəsinin təmin edilməsi

26.1. İnsanların qanı və qan komponentləri, digər bioloji mayeləri, orqan və toxumaları ilə təmasda olan, o cümlədən diaqnostik tədqiqatlar aparan, yaxud tibbi yardım göstərən tibb işçiləri tibb müəssisəsi tərəfindən zəruri qoruyucu vasitələrlə pulsuz təmin edilir, onların mütəmadi olaraq İİV-ə tibbi müayinəsi təşkil edilir.
26.2. Tibb işçiləri və digər mütəxəssislər öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxarlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
26.3. Öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxma riskinə görə tibb işçiləri müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət hesabına icbari sığorta olunurlar.
26.4. İİV-lə yaşayan şəxslərə tibbi, psixoloji, sosial yardım göstərən, İİV infeksiyasının laborator diaqnostikasını həyata keçirən, yoluxmuş materialları istifadə etməklə elmi tədqiqatlar aparan, diaqnostika üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun olaraq vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir.

VII fəsil
Yekun müddəaları

Maddə 27. İİV-lə yaşayan və İİV infeksiyasından zərər çəkmiş şəxslərin sosial müdafiəsi

27.1. İİV-ə yoluxmuş şəxslərə yoluxmada təqsirkar şəxslər tərəfindən vurulmuş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Vurulmuş ziyanın ödənilməsi təqsirkar şəxsləri qanunvericiliklə müəyyən olunmuş digər məsuliyyət növlərindən azad etmir.
27.2. Stasionar tibb müəssisəsində İİV-lə yaşayan 14 yaşınadək uşağı ilə birgə qalan işləyən valideynlərdən birinə və ya uşağa qulluq edən digər şəxsə qanunvericililiklə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir. 
27.3. İİV-lə yaşayan şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir.

Maddə 28. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 29. Beynəlxalq əməkdaşlıq

İİV infeksiyası, o cümlədən QİÇS ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

  

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 may 2010-cu il
№ 1001-IIIQ
  

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi