08.05.2009 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

812-IIIQD
   

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə
 

AZƏRBAYCAN RESPUBLİKASININ 

QANUNU




Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998-ci il, № 1, maddə 16; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə 328, № 12, maddə 692; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 8, maddə 684) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Qanuna aşağıdakı məzmunda preambula əlavə edilsin:

“Bu Qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir.”.

2. 1-ci maddənin birinci-üçüncü hissələri aşağıdakı redaksiyada verilsin:

“Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.”.

3. 2-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Dini etiqad azadlığı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.”.

4. 3-cü maddə çıxarılsın.

5. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 4. Dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq bərabərliyi

Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir.
 Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir.”.

6. 5-ci maddədə:

6.1. üçüncü hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.”;

6.2. altıncı hissə aşağıdakı redaksiyada verilsin: 

“Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.”;

6.3. yeddinci hissə aşağıdakı redaksiyada verilsin:
“Dini qurumlar Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edir və onları pozduqda məsuliyyət daşıyırlar.”.

7. 6-cı maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.”.

8. 10-cu maddədə:

8.1. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin, ikinci hissə üçüncü hissə hesab edilsin:

“Dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.”;

8.2. üçüncü hissədə “Əyani ali və orta dini” sözləri “Dini” sözü ilə əvəz edilsin. 

9. 11-ci maddədə:

9.1. üçüncü hissənin 1-ci bəndində “dini qurumun” sözlərindən sonra “adı,” sözü əlavə edilsin;

9.2. üçüncü hissəyə aşağıdakı məzmunda 3-cü, 4-cü və 8-ci bəndlər əlavə edilsin, 3-cü-6-cı bəndlər müvafiq olaraq 5-ci-7-ci və 9-cu bəndlər hesab edilsin:

“3) dini qurumun məqsəd və vəzifələri, habelə fəaliyyətinin əsas formaları;
4) dini qurumun strukturu, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri;
8) dini qurumun ləğvi qaydası;”;

9.3. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin, dördüncü-yeddinci hissələr müvafiq olaraq beşinci-səkkizinci hissələr hesab edilsin:

“Dini qurumun adı onun hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir.”.

10. 12-ci maddədə: 

10.1. aşağıdakı məzmunda birinci hissə əlavə edilsin, birinci-dördüncü hissələr müvafiq olaraq ikinci-beşinci hissələr hesab edilsin:
“Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurum yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatda göstərilən hüquqi ünvanda fəaliyyət göstərə bilər.”;

10.2. ikinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin, ikinci cümlə üçüncü cümlə hesab edilsin:

“Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən həmin dinin və icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir.”;

10.3. ikinci və üçüncü hissələrdə “dini işlər üzrə” sözləri çıxarılsın;

10.4. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri təqdim etməlidir.”;

10.5. aşağıdakı məzmunda altıncı-səkkizinci hissələr əlavə edilsin:

“Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;
2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;
3) təqdim olunmuş nizamnamə (əsasnamə) və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.
Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.”.

11. Aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“Maddə 12-1. Dini qurumun ləğv edilməsi

Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər:
1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə;
2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.
Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:
1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi;
2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi;
3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;
4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;
5) dünyəvi təhsil alınmasına mane olma;
6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə;
7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma;
8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;
9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması.”.

12. 21-ci maddənin ikinci hissəsində “İbadətlər” sözü “Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ibadətlər” sözləri ilə əvəz edilsin.

13. 22-ci maddədə:

13.1. ikinci hissədə “dini işlər üzrə” sözləri “, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər” sözləri ilə, “idxal edə və” sözləri “idxal, ixrac edə, habelə” sözləri ilə əvəz edilsin;

13.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.”;

14. 24-cü maddənin ikinci hissəsində “mübadiləsi” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının razılığı ilə” sözləri əlavə edilsin.

15. 29-cu maddədə:

15.1. maddənin adında və birinci abzasında “Dini işlər üzrə müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin;

15.2. onuncu abzas aşağıdakı redaksiyada verilsin:

“dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə dini qurumların nümayəndələrini və müvafiq mütəxəssislərini cəlb edir;”;

15.3. aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:

“dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verir;
müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini tədris müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir.”.

16. 30-cu maddədə “pozulmasında günahkar olan” sözləri “pozulmasına görə” sözləri ilə, “və vətəndaşlar” sözləri “, digər fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz edilsin. 

II. Bu Qanun qüvvəyə minənədək yaradılmış dini qurumların nizamnamələri (əsasnamələri) və digər təsis sənədləri bu Qanunla dəyişdirilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunlaşdırılmalı və həmin dini qurumlar 2010-cu il yanvarın 1-dək müvafiq icra hakimiyyəti orqanına yenidən dövlət qeydiyyatından keçməsi üçün sənədləri təqdim etməlidirlər. Müəyyən olunmuş müddətdə yenidən dövlət qeydiyyatına alınması üçün sənədləri təqdim etməmiş dini qurumlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə qaydasında ləğv edilə bilər.
Dini qurumun ləğv edilməsi üçün “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda dini qurum yenidən dövlət qeydiyyatına alınmır və bu halda müvafiq icra hakimiyyəti orqanı həmin dini qurumun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edir. 


III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 8 may 2009-cu il
№ 812-IIIQD




Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi