05.03.2019 "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 479; 2003, № 1, maddə 8; 2004, № 2, maddə 57; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 6, maddə 460; 2009, № 2, maddə 43, № 10, maddə 769; 2014, № 5, maddə 462; 2015, № 4, maddə 361; 2017, № 12 (I kitab), maddə 2203) aşağıdakı dəyişikliklər edilsin:

1.  5-ci maddə üzrə:
1.1. birinci hissənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
"geoloji parklar.";
1.2. üçüncü hissədə "və 9-cu" sözləri ", 9-cu və 11-ci" sözləri ilə əvəz edilsin;
1.3. dördüncü hissədə "və 6-cı" sözləri  ", 6-cı və 11-ci" sözləri ilə əvəz edilsin.
2.  6-cı maddənin ikinci hissəsinə "Dövlət təbiət qoruqlarının" sözlərindən sonra ", geoloji parkların sözləri", əlavə edilsin.
3.  7-ci maddənin birinci hissəsinə "Dövlət təbiət qoruqlarının və yasaqlıqlarının," sözlərindən sonra "geoloji parkların," sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda XI-I fəsil əlavə edilsin:

"XI-I fəsil

GEOLOJİ PARKLAR

Maddə  40-1. Geoloji parklar və onların təşkili

Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.


Maddə 40-2. Geoloji parkların əsas vəzifələri

Geoloji parkların əsas vəzifələri aşağıdakılardır:
geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq;
turizm və rekreasiya üçün şərait yaratmaq;
elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək;
təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və  tətbiq etmək;
əhalini maarifləndirmək;
geoloji monitorinqi həyata keçirmək.

Maddə 40-3. Geoloji parkların zonalaşdırılması və mühafizə rejiminin xüsusiyyətləri

Geoloji parkların ərazilərində onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən edilir:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
geoturizm və rekreasiya zonaları;
geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;
geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.".


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi