20.10.2009 Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə

   Birinci oxunuş                                                                                                                                                                                          Layihə


Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil

ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məhkəmələrin fəaliyyəti haqqında informasiya - məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan və ya həmin orqanlara daxil olan məhkəmələrin fəaliyyətinə aid informasiya. Məhkəmələr və hakimlər haqqında, o cümlədən məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri və fəaliyyət qaydası, məhkəmə icraatının qaydası və bununla bağlı digər məsələləri əhatə edən Azərbaycan Respublikasının qanunvericiliyi, konkret işlər üzrə məhkəmə aktları və məhkəmələrin fəaliyyətini tənzimləyən digər aktlar da məhkəmələrin fəaliyyəti haqqında informasiyaya aiddir;
1.0.2. informasiya istifadəçisi - məhkəmələrin fəaliyyəti haqqında müvafiq informasiyanı əldə etmək istəyən hüquqi və fiziki şəxslər, dövlət və yerli özünüidarəetmə orqanları;
1.0.3. informasiya sorğusu - məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək məqsədilə informasiya istifadəçisinin məhkəmələrə, Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı (o cümlədən elektron poçt vasitəsilə göndərilmiş) müraciəti;
1.0.4. məhkəmələr - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, apellyasiya məhkəmələri, rayon (şəhər) məhkəmələri və Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan digər məhkəmələr;
1.0.5. məhkəmə aktı - məhkəmələrdə baxılmış işlər üzrə Azərbaycan Respublikası adından çıxarılan qətnamə, hökm, qərardad, qərar və əmr.

Maddə 2. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək
       barədə Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

Maddə 3. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə
                 edilməsinin əsas prinsipləri

3.0. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, məhkəmələrin fəaliyyəti haqqında informasiyanın açıqlığı və həmin informasiyanın əldə edilməsinin mümkünlüyü;
3.0.2. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın düzgünlüyü və həmin informasiyanın vaxtında təqdim olunması;
3.0.3. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın istənilən qanuni vasitə ilə axtarılmasının, əldə edilməsinin, ötürülməsinin və yayılmasının azadlığı;
3.0.4. məhkəmələrin fəaliyyəti haqqında informasiya təqdim edilərkən vətəndaşların şəxsi və ailə toxunulmazlığı hüququna, məhkəmə prosesi iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə riayət edilməsi;
3.0.5. məhkəmələrin fəaliyyəti haqqında informasiya təqdim edilərkən ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxiləyə yol verilməməsi;
3.0.6. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər prinsiplər.

Maddə 4. Məhkəmələrin fəaliyyəti haqqında əldə edilməsi
                 məhdudlaşdırılan informasiya

4.1. Məhkəmələrin fəaliyyəti haqqında informasiya dövlət sirrinə və ya qanunla qorunan digər sirlərə aiddirsə, həmin informasiyanın əldə edilməsi məhdudlaşdırılır.
4.2. Əldə edilməsi məhdudlaşdırılan informasiyanın siyahısı qanunla müəyyən olunur.
Maddə  5. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın
        əldə edilməsi aşağıdakı üsullarla təmin edilir

5.0. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə edilməsi aşağıdakı üsullarla təmin edilir:
5.0.1. məhkəmə iclaslarında dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin nümayəndələrinin və fiziki şəxslərin iştirakı;
5.0.2. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın kütləvi informasiya vasitələrində yayılması;
5.0.3. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın internet informasiya ehtiyatlarında (bundan sonra - İnternetdə) yerləşdirilməsi;
5.0.4. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının binalarında yerləşdirilməsi;
5.0.5. məhkəmələrin fəaliyyəti haqqında arxiv fondlarında olan informasiya ilə tanış olma;
5.0.6. məhkəmələrin fəaliyyəti haqqında informasiya sorğusunun verilməsi.

Maddə 6. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın verilmə
        forması
 
6.1. Məhkəmələrin fəaliyyəti haqqında informasiya şifahi və ya yazılı formada (o cümlədən elektron poçt vasitəsilə) verilə bilər.
6.2. Məhkəmələrin fəaliyyəti haqqında informasiya sorğuda tələb olunan formada verilir. Əgər sorğuda tələb olunan formada informasiyanın təqdim edilməsi mümkün deyilsə, həmin informasiya məhkəmədə, Məhkəmə-Hüquq Şurasının Aparatında və müvafiq icra hakimiyyəti orqanında olduğu formada verilir.
6.3. Məhkəmələrin fəaliyyəti haqqında şifahi informasiya dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin nümayəndələrinə və fiziki şəxslərə qəbul zamanı, həmçinin məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının müvafiq struktur bölmələrinin telefonları ilə verilir.

Maddə 7. Məhkəmələrin fəaliyyəti haqqında informasiya
                 istifadəçilərinin hüquqları

7.0. Məhkəmələrin fəaliyyəti haqqında informasiya istifadəçilərin aşağıdakı hüquqları vardır:
7.0.1. məhkəmələrin fəaliyyəti haqqında düzgün informasiya əldə etmək;
7.0.2. əldə edilməsi məhdudlaşdırılmayan informasiyanın alınmasının zəruriliyini əsaslandırmamaq;
7.0.3. məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək hüququnu pozan vəzifəli şəxslərin qərarından, hərəkətindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş qaydada şikayət vermək;
7.0.4. məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək hüququnun pozulması nəticəsində ona dəymiş ziyanın ödənilməsini qanunla müəyyən edilmiş qaydada tələb etmək.

II fəsil

Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin təşkili və bu informasiyanın əldə edilməsinin təmin olunmasına dair əsas tələblər

Maddə 8. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin
        təşkili

8.1. Məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və müvafiq icra hakimiyyəti orqanı məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə edilməsinin təşkili məqsədilə müvafiq struktur bölmələrini və səlahiyyətli vəzifəli şəxslərini müəyyən edirlər.
8.2. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə edilməsinin təşkilinin qaydası bu Qanunun tələbləri nəzərə alınmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.3. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə edilməsi öz səlahiyyətləri daxilində məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

Maddə 9. Məhkəmələrin fəaliyyəti haqqında İnternetdə yerləşdirilən
                 informasiyanın əldə edilməsinin təşkili

9.1. Məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və müvafiq icra hakimiyyəti orqanı məhkəmələrin fəaliyyəti haqqında informasiyanın yerləşdirilməsi üçün öz rəsmi internet informasiya ehtiyatlarını (bundan sonra - rəsmi internet saytlarını) yaratmalı və həmin saytlarda informasiya sorğularını qəbul edən elektron poçt ünvanlarını göstərməlidirlər. Birinci instansiya məhkəmələri rəsmi internet saytlarını yaradanadək həmin məhkəmələrin fəaliyyəti haqqında informasiya və informasiya sorğularını qəbul edən müvafiq elektron poçt ünvanları müvafiq icra hakimiyyəti orqanının rəsmi saytında yerləşdirilməlidir.
9.2. Məhkəmələr tərəfindən rəsmi saytların yaradılması, orada məhkəmələrin fəaliyyəti haqqında informasiyanın yerləşdirilməsi qaydası, həmin informasiyanın yeniləşdirilməsi müddətləri bu Qanunun tələbləri nəzərə alınmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 10. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə
         edilməsinin təmin olunmasına dair əsas tələblər

10.0. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin təmin olunmasına dair əsas tələblər aşağıdakılardır:
10.0.1. məhkəmələrin fəaliyyəti haqqında verilən informasiyanın düzgünlüyü;
10.0.2. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın verilmə qaydasına və müddətlərinə riayət olunması;
10.0.3. məhkəmələrin fəaliyyəti haqqında verilən informasiyadan əldə edilməsi məhdudlaşdırılan informasiyanın çıxarılması;
10.0.4. məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək hüququnun həyata keçirməsi üçün təşkilati-texniki və digər zəruri şəraitin yaradılması;
10.0.5. məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının maliyyələşdirilməsi zamanı məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə olunmasının təmin edilməsi ilə bağlı xərclərin nəzərə alınması.

III fəsil

Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın verilməsi

Maddə 11. Məhkəmə iclaslarında iştirak etmə

11.1. Fiziki şəxslər və dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin nümayəndələri açıq məhkəmə iclaslarında iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş qaydada yerlərindən məhkəmə baxışının gedişatına dair qeydlər aparmaq hüququna malikdirlər.
11.2. Bu Qanunun 11.1-ci maddəsində göstərilən şəxslərin məhkəmələrin binalarına, məhkəmə iclas zallarına buraxılış qaydası məhkəmələrin daxili fəaliyyətini tənzimləyən aktlarla müəyyən olunur.


Maddə 12.  Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın dərc
  edilməsi

12.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, kassasiya və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdiyi məhkəmə aktları qəbul olunduğu gündən bir aydan gec olmayaraq dərc edilir. Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da dərc edilməlidir.
12.2. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın kütləvi informasiya vasitələrində dərc edilməsi Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında, həmçinin məhkəmələrin fəaliyyətini tənzimləyən qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 13. Məhkəmələrin fəaliyyəti haqqında İnternetdə yerləşdirilən
         informasiya

13.1. Məhkəmələr öz rəsmi internet saytlarında məhkəmələrin fəaliyyəti haqqında  aşağıdakı informasiyanı yerləşdirirlər:
13.1.1. məhkəmə haqqında ümumi informasiya:
13.1.1.1. məhkəmənin adı, onun yurisdiksiyasının şamil olunduğu ərazi, poçt ünvanı, elektron poçt ünvanı, arayış xarakterli məlumatın alınması üçün telefon nömrəsi;
13.1.1.2. məhkəmənin strukturu;
13.1.1.3. məhkəmənin səlahiyyəti;
13.1.1.4. məhkəmənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının siyahısı;
13.1.1.5. məhkəmələrdə kargüzarlığın təşkil edilməsi və məhkəmənin daxili fəaliyyətinin tənzimlənməsi ilə bağlı aktlar;
13.1.1.6. məhkəmə sədrinin, sədr müavininin, hakimlərin və aparatının rəhbərinin adı, soyadı və atasının adı (həmin şəxslərin razılığı olduqda onlar haqqında digər məlumat);
13.1.1.7. əgər vardırsa, məhkəmənin məlumat bazalarının və informasiya sistemlərinin siyahısı;
13.1.1.8. əgər vardırsa, məhkəmənin təsis etdiyi kütləvi informasiya vasitəsinin adı;
13.1.2. məhkəmədə işlərə baxılması ilə əlaqədar informasiya:
13.1.2.1. məhkəməyə müraciət etmək üçün tələb olunan sənədlərin (o cümlədən iddia ərizəsinin və şikayətin) forması və məzmununa dair tələblər, onların nümunələri və həmin sənədlərin məhkəməyə təqdim olunması qaydası;
13.1.2.2. məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun məbləği, ödənilmə qaydaları və dövlət rüsumu ödəməkdən azad edilmə halları;
13.1.2.3. məhkəmədə olan işlər haqqında məlumat: ərizələrin daxil olma tarixləri, işlərin nömrələri, mübahisələrin predmeti və işlərin gedişi haqqında məlumat (məhkəmə baxışına təyin olunub (məhkəmə iclasının vaxtı və yeri göstərilir), işə baxılıb, iş üzrə icraat dayandırılıb, təxirə salınıb, xitam verilib, ərizə baxılmamış saxlanılıb (bu qərardadların qəbul olunması üçün əsas olmuş hallar göstərilir) və işlərin gedişi ilə bağlı digər məlumat);
13.1.2.4. bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla məhkəmə aktlarının mətni, onlardan şikayət verilməsi və həmin şikayətə baxılmasının nəticələri haqqında məlumat;
13.1.2.5. məhkəmə aktlarından şikayət verilməsi qaydası;
13.1.2.6. qanunvericiliyə uyğun olaraq məhkəmə aktları dərc edildiyi halda, həmin aktların dərc olunduğu kütləvi informasiya vasitəsi haqqında məlumat;
13.1.2.7. məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikası ilə bağlı məlumatlar;
13.1.2.8. işdə iştirak edən şəxslərin materiallarla tanış olma qaydası;
13.1.2.9. arayış xarakterli məlumatın, o cümlədən məhkəmədə olan işlər haqqında məlumatın alınması üçün telefon nömrələri;
13.1.3. məhkəmənin kadr təminatı haqqında informasiya:
13.1.3.1. vakant hakim vəzifəsi və məhkəmənin aparatında vakant dövlət qulluğu vəzifələri haqqında məlumat;
13.1.3.2. hakim vəzifəsinə namizədlərə aid tələblər, onların seçilməsi qaydası və bununla bağlı digər məlumatların əldə edilməsi üçün telefon nömrəsi və Məhkəmə-Hüquq Şurası Aparatının rəsmi internet saytının ünvanı;
13.1.3.3. vətəndaşların məhkəmə aparatında dövlət qulluğuna qəbulu qaydası;
13.1.3.4. məhkəmə aparatında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqələrin və müsahibənin vaxtı, yeri, şərtləri və onların nəticələri haqqında məlumat;
13.1.3.5. məhkəmə aparatında vakant dövlət qulluğu vəzifələrinin tutulması məsələləri ilə bağlı məlumatın alınması üçün telefon nömrələri və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarının ünvanları;
13.1.3.6. dövlət orqanının, yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin nümayəndələrinin və fiziki şəxslərin qəbulu qaydası və qəbul saatları, həmin şəxslərin məhkəmənin fəaliyyətinin təşkili ilə əlaqədar müraciətlərinə, həmçinin məhkəmədə konkret işlərə baxılması ilə bağlı olub-olmamasından asılı olmayaraq hakimlərin və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərinə baxılması qaydası və bununla bağlı arayış xarakterli məlumatın alınması üçün telefon nömrəsi.
13.2. Azərbaycan Respublikasının Ali Məhkəməsi bu Qanunun 13.1-ci maddəsində göstərilən informasiyadan əlavə öz rəsmi internet saytında Azərbaycan Respublikasının məhkəmə sistemi haqqında məlumatı və qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun layihələrinin mətnlərini da yerləşdirir.
 13.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı öz rəsmi internet saytında aşağıdakı informasiyanı yerləşdirir:
13.3.1. müvafiq icra hakimiyyəti orqanı haqqında ümumi informasiya:
13.3.1.1. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri və strukturu, poçt ünvanı, elektron poçt ünvanı, arayış xarakterli məlumatın alınması üçün telefon nömrəsi;
13.3.1.2. müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının siyahısı;
13.3.1.3. müvafiq icra hakimiyyəti orqanının rəhbərinin və onun müavinlərinin, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərlərinin adı, soyadı və atasının adı (həmin şəxslərin razılığı olduqda onlar haqqında digər məlumat);
13.3.1.4. müvafiq icra hakimiyyəti orqanının məlumat bazalarının və informasiya sistemlərinin siyahısı;
13.3.1.5. müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi kütləvi informasiya vasitələrinin adları;
13.3.2. məhkəmələr və hakimlərlə əlaqədar informasiya:
13.3.2.1. məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələr, məhkəmə fəaliyyətinə dair statistika hesabatları;
13.3.2.2. məhkəmələrdə kargüzarlığın aparılması qaydaları;
13.3.2.3. məhkəmə aktlarının icrası vəziyyəti (icra edilməli olan məhkəmə aktlarının qəbul edildiyi və icra sənədinin icraya yönəldildiyi tarix, həmin məhkəmə aktları üzrə icra olunmuş (vaxtında və ya vaxtından artıq müddətdə icra olunması qeyd olunmaqla) və icra olunmamış aktların sayı, həmin aktların icra olunmamasının səbəbləri və məhkəmə aktlarının icrası vəziyyəti ilə bağlı digər məlumat);
13.3.2.4. hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının Məhkəmə-Hüquq Şurasına müraciətləri (hakimlərin adı, soyadı və atasının adı, həmçinin müraciət üçün əsas olmuş hallar göstərilməklə) və həmin müraciətlərə baxılmasının nəticəsi haqqında məlumat;
13.3.2.5. dövlət orqanının, yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin nümayəndələrinin və fiziki şəxslərin qəbulu qaydası və qəbul saatları, həmin şəxslərin məhkəmənin fəaliyyətinin təşkili ilə əlaqədar müraciətlərinə, həmçinin məhkəmədə konkret işlərə baxılması ilə bağlı olub-olmamasından asılı olmayaraq hakimlərin və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərinə baxılması qaydası və bununla bağlı arayış xarakterli məlumatın alınması üçün telefon nömrələri;
13.3.2.6. birinci instansiya məhkəmələri rəsmi internet saytlarını yaradanadək həmin məhkəmələrin fəaliyyəti haqqında bu Qanunun 13.1-ci maddəsində göstərilən informasiya.
13.4. Məhkəmə-Hüquq Şurasının Aparatı öz rəsmi internet saytında aşağıdakı informasiyanı yerləşdirir:
13.4.1. Məhkəmə-Hüquq Şurasının Aparatı haqqında ümumi informasiya:
13.4.1.1. Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri, Məhkəmə-Hüquq Şurası Aparatının poçt ünvanı, elektron poçt ünvanı, arayış xarakterli məlumatın alınması üçün telefon nömrəsi;
13.4.1.2. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının siyahısı;
13.4.1.3. Məhkəmə-Hüquq Şurası Aparatının strukturu, Məhkəmə-Hüquq Şurası Aparatının və Hakimlərin Seçki Komitəsinin əsasnamələri;
13.4.1.4. Məhkəmə-Hüquq Şurasının, Hakimlərin Seçki Komitəsinin sədrləri və üzvlərinin, həmçinin Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri və onun müavinlərinin, aparatının struktur bölmələrinin rəhbərlərinin adı, soyadı və atasının adı (həmin şəxslərin razılığı olduqda onlar haqqında digər məlumat);
13.4.1.5. Məhkəmə-Hüquq Şurası Aparatının məlumat bazalarının və informasiya sistemlərinin siyahısı;
13.4.1.6. Məhkəmə-Hüquq Şurası Aparatının təsis etdiyi kütləvi informasiya vasitələrinin adları;
13.4.2. məhkəmələr və hakimlərlə əlaqədar informasiya:
13.4.2.1. hakim vəzifəsinə namizədlərə aid tələblər, onların seçilməsi üçün yazılı və şifahi imtahanların, uzunmüddətli tədrisin nəticələri üzrə namizədin qiymətləndirilməsi, yekun müsahibənin keçirilməsi qaydası;
13.4.2.2. vakant hakim vəzifələri haqqında məlumat;
13.4.2.3. hakim vəzifəsinə namizədlərin seçilməsi üçün yazılı və şifahi imtahanların, uzunmüddətli tədrisin nəticələri üzrə namizədin qiymətləndirilməsinin, yekun müsahibənin vaxtı, yeri və onların nəticələri haqqında məlumat;
13.4.2.4. hakim vəzifəsinə namizədlərin seçilməsi məsələləri ilə bağlı məlumatın alınması üçün telefon nömrələri;
13.4.2.5. Hakimlərin Etik Davranış Kodeksi;
13.4.2.6. hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası;
13.4.2.7. hakimlərin fəaliyyətinin və məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsinin nəticələri;
13.4.2.8. təltif olunmuş, mükafatlandırılmış, intizam və ya cinayət məsuliyyətinə cəlb olunmuş, səlahiyyətlərinə xitam verilmiş hakimlər barədə məlumat;
13.4.2.9. dövlət orqanının, yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin nümayəndələrinin və fiziki şəxslərin qəbulu qaydası və qəbul saatları, həmin şəxslərin məhkəmənin fəaliyyətinin təşkili ilə əlaqədar müraciətlərinə, həmçinin məhkəmədə konkret işlərə baxılması ilə bağlı olub-olmamasından asılı olmayaraq hakimlərin və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərinə baxılması qaydası və bununla bağlı arayış xarakterli məlumatın alınması üçün telefon nömrələri.
13.5. Qanunun bu maddəsində nəzərdə tutulan informasiya həmin informasiyadan istifadə edən şəxsin hüquqlarının və qanunla qorunan mənafelərin vaxtında həyata keçirilməsini və müdafiəsini təmin edən müddətdə İnternetdə yerləşdirilməlidir.

Maddə 14. Məhkəmə aktlarının İnternetdə yerləşdirilməsinin
         xüsusiyyətləri

14.1. Hökmlərin mətnləri onlar qüvvəyə mindiyi gündən, digər məhkəmə aktlarının mətnləri isə həmin aktlar qəbul edildiyi gündən üç gün müddətində müvafiq rəsmi internet saytında yerləşdirilir. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamələr qəbul edildiyi gündən on gün müddətində yerləşdirilir.
14.2. Bu qanunun 14.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla məhkəmə aktlarının mətnləri tam şəkildə yerləşdirilir.
14.3. Məhkəmə aktlarının mətnləri (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarından başqa) İnternetdə yerləşdirilərkən işdə iştirak edən şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hakim, prokuror və vəkilin adı, soyadı və atasının adı istisna olmaqla, onların şəxsiyyətinə dair fərdi məlumatlar (adı, soyadı və atasının adı, yaşadığı ünvan, işlədiyi yer və digər bu kimi məlumatlar) həmin aktın mətnindən çıxarılır. Çıxarılmış həmin fərdi məlumatlar əvəzinə işdə iştirak edən şəxsləri eyniləşdirməyə imkan verməyən inisiallar, təxəllüslər və digər şərti işarələr istifadə olunur.
14.4. Dövlət sirri və ya qanunla qorunan digər sirlər haqqında məlumat olan məhkəmə aktlarının mətnləri İnternetdə yerləşdirilərkən həmin məlumatlar mətndən çıxarılır.
14.5. Aşağıdakı məhkəmə aktları mətnlərinin İnternetdə yerləşdirilməsinə yol verilmir:
14.5.1. dövlət təhlükəsizliyi məsələləri ilə bağlı;
14.5.2. şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər haqqında;
14.5.3. uşağın övladlığa götürülməsi haqqında;
14.5.4. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında.

Maddə 15. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın
          məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq
         icra hakimiyyəti orqanının binasında yerləşdirilməsi

15.1. Məhkəmələrin cari fəaliyyəti ilə tanış olmaq üçün onların fəaliyyət göstərdiyi binaların hamı üçün görünən yerlərində aşağıdakı məlumatları özündə əks etdirən informasiya stendləri və (və ya) digər analoji texniki vasitələr yerləşdirilir:
15.1.1. məhkəmənin iş qaydası, o cümlədən məhkəmədə konkret işlərə baxılması ilə bağlı olub-olmamasından asılı olmayaraq məhkəmənin fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin nümayəndələrinin və fiziki şəxslərin qəbulu qaydası;
15.1.2. məhkəmə baxışına təyin olunmuş işlərin vaxtı, yeri və mübahisələrin predmeti haqqında məlumat;
15.1.3. məhkəmə binasına, o cümlədən məhkəmə iclaslarına buraxılış qaydası, məhkəmə iclasında iştirak qaydası və bu qaydanı pozan şəxslərə tətbiq edilə biləcək tədbirlər;
15.1.4. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə edilməsi qaydası;
15.1.5. informasiya istifadəçilərinin operativ məlumatlandırılması üçün tələb olunan digər məlumatlar.
15.2. Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının fəaliyyət göstərdiyi binaların hamı üçün görünən yerində məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə edilməsinin qaydasını, həmçinin informasiya istifadəçilərinin operativ məlumatlandırılması üçün tələb olunan digər məlumatları özündə əks etdirən informasiya stendləri və (və ya) digər analoji texniki vasitələr yerləşdirilir.

Maddə 16. Məhkəmələrin fəaliyyəti haqqında arxiv fondlarında
                   olan informasiya ilə tanış olma

İnformasiya istifadəçilərinin məhkəmələrin fəaliyyəti haqqında arxiv fondlarında olan informasiya ilə tanış olmaları Azərbaycan Respublikasının arxiv işi haqqında qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 17. Məhkəmələrin fəaliyyəti haqqında informasiya
         sorğusunun verilməsi

17.1. İnformasiya istifadəçisi məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək məqsədilə məhkəmələrə, Məhkəmə-Hüquq Şurasının Aparatına və müvafiq icra hakimiyyəti orqanına birbaşa və ya qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyət verilmiş nümayəndəsi vasitəsilə informasiya sorğusu verə bilər.
17.2. İnformasiya sorğusunda məhkəmələrin fəaliyyəti haqqında informasiyanı sorğu edən fiziki şəxsin və ya dövlət orqanının, yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin nümayəndəsinin adı, soyadı, atasının adı, həmçinin sorğuya cavabın göndərilməsi üçün poçt ünvanı və ya elektron poçt ünvanı, yaxud telefon (faks) nömrəsi göstərilir. Anonim sorğulara baxılmır.
17.3. İnformasiya sorğusu məhkəmələrdə, Məhkəmə-Hüquq Şurasının Aparatında və müvafiq icra hakimiyyəti orqanında kargüzarlığın aparılmasını tənzimləyən aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınır.
17.4. İnformasiya sorğusuna baxılma müddəti, bu müddətin uzadılmasının son həddi, sorğunun aidiyyəti üzrə göndərilməsi müddəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
17.5. Məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və müvafiq icra hakimiyyəti orqanı tələb olunan məlumatın təqdim edilməsi üçün informasiya sorğusunun məzmununu informasiya istifadəçisi ilə əlaqə yaratmaqla dəqiqləşdirə bilər.
17.6. Yazılı informasiya sorğusu və həmin sorğuya cavabın verilməsi ilə bağlı bu Qanunla müəyyən edilmiş tələblər elektron poçt vasitəsilə göndərilmiş sorğuya da şamil edilir.

Maddə 18. Sorğu əsasında məhkəmələrin fəaliyyəti haqqında
                   informasiyanın verilməsi qaydası
 
18.1. İnformasiya sorğusuna cavabda sorğu edilən informasiya və ya bu informasiyanın verilməsindən əsaslandırılmış imtina, məhkəmənin, Məhkəmə-Hüquq Şurası Aparatının, müvafiq icra hakimiyyəti orqanının adı, poçt ünvanı, cavab məktubunu imzalayan şəxsin adı, soyadı, vəzifəsi və məktubun rekvizitləri (qeydiyyat nömrəsi və tarixi) olmalıdır.
18.2. Məhkəmələrin fəaliyyəti haqqında sorğu edilən informasiya İnternetdə yerləşdirilibsə, məhkəmə, Məhkəmə-Hüquq Şurasının Aparatı, müvafiq icra hakimiyyəti orqanı informasiya sorğusuna həmin informasiyanın olduğu internet saytının ünvanını göstərməklə cavab verə bilər.
18.3. Əgər məhkəmələrin fəaliyyəti haqqında sorğu edilən informasiya əldə edilməsi məhdudlaşdırılan informasiyaya aiddirsə, sorğuya cavab məktubunda bu informasiyanın əldə edilməsini məhdudlaşdıran normativ hüquqi aktın adı, qəbul edilmə tarixi və nömrəsi göstərilir. Sorğu edilən informasiyanın bir hissəsi əldə edilməsi məhdudlaşdırılan, digər hissəsi isə açıq informasiyaya aiddirsə, informasiya istifadəçisinə yalnız açıq informasiya verilir.
18.4. İnformasiya sorğusuna cavablar həmin sorğuya cavab verən məhkəmədə, Məhkəmə-Hüquq Şurasının Aparatında, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.
18.5. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmələrin fəaliyyəti haqqında informasiya pulsuz verilir.

Maddə 19. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın
 təqdim edilməsini istisna edən hallar

19.1. Məhkəmələrin fəaliyyəti haqqında sorğu edilən informasiya aşağıdakı hallarda verilmir:
19.1.1. informasiya istifadəçisi ilə əlaqənin yaradılması üçün informasiya sorğusunda poçt ünvanı və ya elektron poçt ünvanı, yaxud telefon və ya faks nömrəsi göstərilmədikdə;
19.1.2. məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və ya müvafiq icra hakimiyyəti orqanı sorğu edilən informasiyaya malik olmadıqda və ya həmin informasiya onların fəaliyyət istiqamətlərinə aid olmadıqda;
19.1.3. informasiya istifadəçisinin hansı informasiyanı əldə etmək istədiyini dəqiqləşdirmək mümkün olmadıqda;
19.1.4. sorğu edilən informasiya əldə edilməsi məhdudlaşdırılan informasiyaya aiddirsə;
19.1.5. sorğu edilən informasiyanın təqdim edilməsi məhkəmə prosesi iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə maneələr yaradarsa;
19.1.6.  sorğu edilən informasiya əvvəllər informasiya istifadəçisinə təqdim edilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
19.1.7. sorğuda hüquq normasına şərh verilməsi məsələsi qoyulursa.
19.2. Məhkəmələrin fəaliyyəti haqqında sorğu edilən informasiyanın təqdim edilməsindən imtina barədə yeddi iş günü müddətində informasiya istifadəçisinə Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilmiş cavab məktubu göndərilir.

 

 

 

 


IV fəsil

Məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının kütləvi informasiya vasitələrinin redaksiyalari ilə qarşiliqli əlaqəsi

Maddə 20. Məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və
         müvafiq icra hakimiyyəti orqanının kütləvi informasiya
        vasitələrinin redaksiyaları ilə qarşılıqlı əlaqəsinin formaları

20.1. Məhkəmələr, Məhkəmə-Hüquq Şurasının Aparatı və müvafiq icra hakimiyyəti orqanı informasiya istifadəçilərinin məhkəmələrin fəaliyyəti haqqında obyektiv, dolğun və operativ informasiya ilə təmin edilməsi məqsədilə kütləvi informasiya vasitələrinin redaksiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
20.2. Məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının kütləvi informasiya vasitələrinin redaksiyaları ilə qarşılıqlı əlaqəsinin formaları aşağıdakılardır:
20.2.1. kütləvi informasiya vasitələri redaksiyalarının nümayəndələrinin məhkəmələrin binalarına sərbəst daxil olması və açıq məhkəmə iclaslarında iştirak etməsi;
20.2.2. kütləvi informasiya vasitələri redaksiyalarının sorğuları əsasında məhkəmələrin fəaliyyəti haqqında informasiyanın təqdim olunması;
20.2.3. məhkəmələrin fəaliyyəti haqqında informasiyanın kütləvi informasiya vasitələrində yayılması;
20.2.4.  kütləvi informasiya vasitələri redaksiyalarının nümayəndələrinin Məhkəmə-Hüquq Şurasının, Hakimlərin Seçki Komitəsinin iclaslarında və hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda iştirakı;
20.2.5. məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin kütləvi informasiya vasitələri redaksiyalarının nümayəndələri ilə birgə mətbuat konfranslarında və digər bu kimi tədbirlərdə iştirakı;
20.2.6. kütləvi informasiya vasitələri redaksiyalarının nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmələrdə, Məhkəmə-Hüquq Şurasının Aparatında və müvafiq icra hakimiyyəti orqanında akkreditə edilməsi;
20.2.7. informasiya istifadəçilərinin məhkəmələrin fəaliyyəti haqqında informasiya ilə təmin edilməsinə şərait yaradan qarşılıqlı əlaqənin digər formaları.

 

Maddə 21. Məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və
         müvafiq icra hakimiyyəti orqanının rəsmi nümayəndələri

21.1. Kütləvi informasiya vasitələrinin redaksiyaları ilə qarşılıqlı əlaqədə olan məhkəmənin rəsmi nümayəndəsi onun sədri və ya sədr tərəfindən səlahiyyət verilmiş digər vəzifəli şəxsdir.
21.2. Kütləvi informasiya vasitələrinin redaksiyaları ilə qarşılıqlı əlaqədə olan Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının rəsmi nümayəndələri həmin orqanların rəhbərləri və ya onlar tərəfindən səlahiyyət verilmiş digər vəzifəli şəxslərdir.

V fəsil

Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək hüququnun qorunması və bu hüququn pozulmasına görə məsuliyyət

Maddə 22. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək
                   hüququnun qorunması

Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək hüququnu pozan vəzifəli şəxslərin qərarından, hərəkətindən (hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Maddə 23. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin
                   təmin olunması üzərində nəzarət

23.1. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin təmin olunması üzərində nəzarət məhkəmələrin sədrləri, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən həyata keçirilir.
23.2. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin təmin olunması üzərində nəzarətin həyata keçirilməsi qaydası məhkəmələrin, Məhkəmə-Hüquq Şurası Aparatının və müvafiq icra hakimiyyəti orqanının daxili fəaliyyətini tənzimləyən aktlarla müəyyən olunur.
        
Maddə 24. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Vəzifəli şəxslər bu Qanunun müddəalarından irəli gələn tələblərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyəti daşıyırlar.


Maddə 25. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2010-cu il yanvar ayının 1-dən qüvvəyə minir.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi