Milli Məclisin tərkibi

Rəhbərlik

Azərbaycan Respublikası Milli Məclisinin Sədri 
Oqtay Sabir oğlu Əsədov

 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.
1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. «Şərəf» ordeni ilə təltif edilmişdir. Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülmüşdür. Azərbaycan Tennis Federasiyasının prezidentidir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan  Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 1-də 45 saylı Abşeron seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Evlidir, 2 övladı var.

 


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini
Ziyafət Abbas oğlu Əsgərov

 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir.
1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Milli Məclisin fəxri medalına layiq görülmüşdür. Hüquq üzrə fəlsəfə doktoru, professordur. Müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.
1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının və Məhkəmə-Hüquq Şurasının üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci, ikinci, üçüncü  və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini, 2015-ci il noyabrın 24-dək Təhlükəsizlik və müdafiə komitəsinin  sədri  vəzifələrində çalışmışdır.
2015-ci il noyabrın 1-də 76 saylı Lənkəran-Astara seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
2015-ci il noyabrın 24-dən  Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 2 övladı var.

 


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini 
Bahar Əvəz qızı Muradova

 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1962-ci il martın 20-də Füzuli şəhərində anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Milli Məclisin fəxri medalına layiq görülmüşdür. “Xan qızı Natəvan”, “Vətən” və digər mükafatların laureatıdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. Azərbaycanda və xaricdə çap olunmuş 5 elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi, 1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən «Qayğı» Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləmişdir. 1993-cü ildən Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışmışdır. 1995–2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999–2005-ci illərdə YAP-ın icra katibinin müavini olmuşdur. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 1-də 84 saylı Füzuli seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 1 övladı var.

 

 

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini
Valeh Feyruz oğlu Ələsgərov

 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mədən fakültəsini bitirmişdir.
1970–1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin «Permneft», «Azneft» istehsalat birliklərində, 1992–2005-ci illərdə «Azərneft» Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır. 
Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.
Evlidir, 4 övladı var.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi