Milli Məclisin tarixi

Azərbaycan SSR Ali Soveti (1920-1991-ci illər)

  AZƏRBAYCAN PARLAMENTARİZMİ SOVET DÖVRÜNDƏ


ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu. 

Formal müstəqillik

Bolşeviklər qəbul etdikləri şərtlərə əməl etmədilər. Rusiyanın inqilab adı ilə pərdələdiyi işğalçı niyyətləri elə Aprel işğalının ertəsi günü - 1920-ci il aprelin 28-də məlum oldu: RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı  elan edildi. Qanunvericilik funksiyalarını həyata keçirən Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə (AMİK-ə) yalnız azərbaycanlı kommunistlərin -  Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Həmid Sultanov, A.Alimov, Dadaş Bünyadzadənin daxil edilməsi isə gözdən pərdə asmaq niyyəti güdürdü. Çox keçmədi AMİK-in yerlərdə orqanları - qəza, nahiyə, kənd inqilab komitələri yaradıldı. Ali dövlət hakimiyyəti orqanı olmasına baxmayaraq, bu təşkilatın real səlahiyyəti yox idi və müstəqil deyildi. Real hakimiyyət əslində RK(b)P-nin  yerli təşkilatı olan AK(b)P MK-ya, daha dəqiq desək, onun Bakı bürosuna məxsus idi. AMİK isə Moskvadakı ağaların əlində oyuncaq, xalqı diz çökdürmək vasitəsi idi.
AMİK  fəhlə sinfinin maraqlarını qabardıb əldə bayraq edərək bir qrup bolşevik liderin iradəsi ilə kobud, zorakı metodlarla həyata keçirilən siyasi, iqtisadi islahatların və mədəni inqilabın hüquqi bazasını yaradan bir çox radikal qanunlar qəbul etdi. O, Azərbaycan milli ordusunu ləğv etdi (generallarını və zabitlərini güllələtdi), şəxsi torpaqları müsadirə edərək kəndlilərə payladı. Sənayeni milliləşdirdi. İstehsal üzərində fəhlə nəzarəti haqqında, silklərin və vətəndaş rütbələrinin ləğvi haqqında dekret verildi. İnzibati dəyişikliklər və məhkəmə islahatı keçirildi.
Azərbaycan SSR formal müstəqilliyə malik olsa da, Sovet Rusiyası ilk gündən Azərbaycana müstəmləkə kimi baxırdı və vicdansızcasına onun torpaqları ilə alver edirdi. 1920-ci il avqustun 10-da  Rusiya Azərbaycana məxsus olan Şərur-Dərələyəz ərazisini qanunsuz olaraq Ermənistana verdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə “mübahisəli vilayətlər” elan olundu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və onu sovetləşdirmək siyasəti güdürdü. Düzdür N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda sovet hakimiyyəti qurulanadək mübahisəsiz Azərbaycan torpaqları sayılan ərazilərin indi nədənsə mübahisəli sayılmasına və respublikanın torpaqlarının hərraca qoyulmasına qarşı ciddi etirazını bildirirdi. Lakin onun sözünə baxan yox idi. Hər şey Moskvada həll olunurdu.  Sonra Zəngəzur 2 yerə bölünərək zorla Ermənistana birləşdirildi. Bu əraziyə İran, Misir, Türkiyə və Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif vasitələrlə bölgədən çıxarıldı.  Beləliklə, Azərbaycan və Naxçıvan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi – Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistana verildi.      
Göründüyü kimi Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı və Rusiya onunla qətiyyən hesablaşmırdı. Bu formal müstəqilliyi də Rusiya ləğv etməyə çalışırdı. Azərbaycanı öz tərkibinə qatmaq və buna hüquqi don geyindirmək üçün tədbirlər görürdü. 1920-ci il sentyabrın 30-da Azərbaycan SSR Sovet Rusiyası ilə bağlamağa məcbur olduğu hərbi-iqtisadi ittifaq haqqında müqavilə ilə özünün hərbi və iqtisadi müstəqilliyini itirdi və təbii ki, respublikada bu sahəyə aid qanun yaradıcılığı fəaliyyəti dayandırıldı.
AMİK üçün xarakterik cəhətlərdən biri onun sağ və sol qüvvələrə parçalanmış üzvləri arasında kəskin mübarizə aparması idi. M.D.Hüseynov və Ə.Qarayevin başçılıq etdiyi sol qanad sosialist islahatlarının həyata keçirilməsində, milliləşdirmə, din, sinfi düşmən barəsində siyasətin reallaşdırılmasında sərt tədbirlərə, yakobinsayağı terrora üstünlük verirdisə, Nəriman Nərimanovun başçılıq etdiyi sağ qanad isə  inqilabi islahatlar zamanı Sovet Rusiyasında yol verilmiş səhvlərin, xırda burjuaziyanın və ortabab kəndlilərin əmlaklarının müsadirə edilməsi, xırda sənaye sahələrinin və ticarətin milliləşdirilməsi təcrübəsinin Azərbaycanda təkrar olunmamasını, xalqın dininə, adət-ənənələrinə hörmətlə yanaşılmasını tələb edirdi. AMİK-də sağ və sollar arasında gedən münaqişəni bəhanə edən Moskva bu quruma öz canişinini göndərdi. Belə ki, 1920-ci ilin noyabrında Serqo Orconikidze AMİK-ə siyasi rəhbər təyin edildi.

Yalançı sovetlər


Artıq Azərbaycanın siyasi müstəqilliyi də tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı. Azərbaycan Xalq Cümhuriyyətini devirən Rusiya Azərbaycanda sovet hakimiyyəti qurulduğunu elan etsə də, ilk əvvəl -  1920-ci ilin sentyabrında yoxsul komitələri yaradılmağa başlandı. Bu ölkədə sovetlərin yaranması üçün əlverişli şəraitin olmadığını göstərirdi. Sovetlərin “yuxarıdan” tətbiqi və qeyri-demokratik tədbirlərin (seçki hüququnun məhdudlaşdırılması və s.) həyata keçirilməsi nəticəsində 1921-ci ilin baharında yerlərdə fəhlə və kəndli deputatları sovetləri “seçilməyə” başladı. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. Şəhər sovetlərinə hər 1000 nəfərdən bir,  kənd sovetlərinə isə hər 5000 nəfərdən bir deputat seçilirdi. Elə bu qayda ilə seçilən I Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci ilin mayında işə başladı. Deputatların əsasən yoxsul və təbii ki,  hazırlıqsız, səbatsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin yuxarıdan idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi. AMİK ləğv edildi, onun yerinə ali dövlət orqanı kimi adətən seçiləndən sonra bir neçə gün fəaliyyət göstərən Ümumazərbaycan Sovetlər qurultayı, qurultaylararası dövrdə isə qurultayın seçdiyi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev idi) təsdiq edildi. Qanunverici, sərəncamverici və nəzarətedici  orqan kimi yeni formatda və tərkibdə fəaliyyət göstərən Azərbaycan MİK-ə seçkilər çoxpilləli idi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün rəyasət heyətini seçirdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 75 üzvü və 25 namizədi var idi. Rəyasət heyəti isə 13 nəfərdən ibarət seçilirdi. Oraya demək olar ki, bütün partiya rəhbərləri daxil idi.
1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib:
I Ümumazərbaycan Sovetlər qurultayı - 6-19 may 1921-ci il
II Ümumazərbaycan Sovetlər qurultayı - 28 aprel-03 may 1922-ci il
III Ümumazərbaycan Sovetlər qurultayı - 25 noyabr-01 dekabr 1923-cü il
IV Ümumazərbaycan Sovetlər qurultayı - 10-16 mart 1925-ci il
V Ümumazərbaycan Sovetlər qurultayı - 18 mart 1927-ci il
VI Ümumazərbaycan Sovetlər qurultayı - 1-9 aprel 1929-cu il
VII Ümumazərbaycan Sovetlər qurultayı - 19-25 yanvar 1931-ci il
VIII Ümumazərbaycan Sovetlər qurultayı - 11-17 yanvar 1935-ci il
IX  Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı - 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il
Lakin bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar və 1922-ci ilin martın 12-də Cənubu Qafqazın 3 respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlətdə - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildi. Buna baxmayaraq, Rusiya Azərbaycanın müstəqilliyinin az-çox saxlanıldığından narahat olub 9 ay keçməmiş 1922-ci il dekabrın 10-da keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etdi. Vahid qanunvericilik və icra orqanları olan ZSFSR-nin yaradılması Azərbaycanın müstəqilliyinə növbəti sarsıdıcı zərbə endirdi. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.


SSRİ-nin yaranması

Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rusiya, Ukrayna və Belorusiya ilə birlikdə SSRİ-nin təşkil edilməsi haqqında qərar qəbul etdi. 1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi və hüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. SSRİ-də ali dövlət hakimiyyəti sovetlər qurultayı, qurultaylararası dövrlərdə isə qurultayın seçdiyi Mərkəzi İcraiyyə Komitəsi idi.
Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə qatılması Azərbaycan MİK-in mövcud formal müstəqilliyini itirməsi, birbaşa Zaqafqaziya və SSRİ MİK-lərindən asılı vəziyyətə düşməsi ilə nəticələndi.
Bütün bu qanunvericilik orqanlarında Azərbaycan nümayəndələrinin iştirak etməsinə, hətta yüksək vəzifə tutmasına baxmayaraq, mərkəzin əli ilə antiazərbaycan siyasəti yeridilirdi. Hətta vəziyyət o yerə çatmışdı ki, yüksək vəzifəli azərbaycanlı kommunistlər də narazılığını açıq-aşkar bildirirdilər. AK(b)P MK katibi Əyyub Xanbudaqov 1924-cü ildə Moskvanı Azərbaycanın sovet və partiya işinə hədsiz müdaxilədə, respublikanı simasızlaşdırmaqda, buraya rusları köçürmədə, milli kadrları sıxışdırmaqda ittiham etdi və bu siyasətə qarşı çıxdı.  Elə həmin il o, rəhbər vəzifədən uzaqlaşdırıldı və partiyadan qovuldu. Azərbaycana qarşı aparılan ədalətsiz siyasəti SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri Nəriman Nərimanov RK(b)P MK-ya və Stalinə yazdığı «Ucqarlarda inqilabımızın tarixinə dair» adlı məşhur məktubunda cəsarətlə ifşa etdi. N.Nərimanov Azərbaycanın taleyinin daşnaklara tapşırıldığını bildirdi. 1927-ci ildə Zaqafqaziya MİK-in qərarı ilə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, Aşağı Zəngəzurdan 1065 desyatin torpaq sahəsi, 1929-cu ildə daha 13 min hektar Azərbaycan ərazisi – Nüvədi, Tuğut və Yernəzir kəndləri, habelə Naxçıvandan 9 kənd, Qaymaqlı ilə Kürumuzlu arasındakı sahələr (228,9 desyatin) Ermənistana verildi. Zaqafqaziyanın və SSRİ-nin qanunvericilik orqanlarında fəaliyyət göstərən Azərbaycan nümayəndələri isə respublikanın suveren hüquqlarının pozulmasına qarşı əməli bir iş görə bilmədilər.
İnzibati-amirlik üsuli-idarəsinin inkişaf etməsi qanunvericilik orqanının işinə də təsir edirdi. Mövcud siyasi və iqtisadi sistemin qorunması, məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində qanun yaradıcılığı prosesi xeyli sürətləndi. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında  Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

Ali Sovet


Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın  qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş cənab Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

Müdrik rəhbər

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı. Müdrik rəhbər böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla bərabər o, həm də SSRİ Ali Sovetinin (VIII-IX çağırışlar) deputatı, onun yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi – Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik beş mühüm qərar qəbul etdi. Onların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına ittifaq fondundan külli miqdarda vəsait ayrılması ilə bağlı idi. Heydər Əliyevin həyata keçirdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan yaratdı. Ali Sovetin işi xeyli fəallaşdı, yeni daimi komissiyalar yaradıldı, onların səmərəli işləməsi üçün tədbirlər görüldü. Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi baza yaradan onlarca qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ rəhbərləri qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı. Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyasının hazırladığı və 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-nin yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı. “Qoy ədalət zəfər çalsın!” – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada həyata keçirilən böyük quruculuğun hüquqi bazasının yaradılmasında mühüm işlər gördü. Ölkədə, xüsusən qanunvericilik hakimiyyəti orqanının işində mühüm irəliləyişlər Heydər Əliyev şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, möhtəşəm siyasi-dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. O, 1982-ci ilin sonlarında Moskvada SSRİ-nin yüksək partiya və dövlət vəzifələrinə irəli çəkildikdən sonra təəssüf ki, bu işləri davam etdirmək üçün respublikanın yeni rəhbərliyində, habelə parlament üzvlərində lazımi güc, iradə, təpər olmadı.
SSRİ-nin süqutu ərəfəsində  - 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi. Hətta SSRİ-nin ali qanunvericilik orqanındakı azərbaycanlı deputatlar erməni separatizmini müdafiə edən SSRİ rəhbərliyinin Azərbaycanın suveren hüquqlarını açıq-aşkar pozan qərarlarına qarşı etiraz etmədilər. Azərbaycan parlamenti isə bu qərarları kor-koranə təqdir etdi.
1990-cı ilin sentyabrında fövqəladə vəziyyət şəraitində seçilən Azərbaycan Ali Soveti artıq süqut etməkdə olan SSRİ-ni saxlamağa çalışan qüvvələrin əlində oyuncağa çevrilmişdi. Azərbaycan torpaqları isə bir-birinin ardınca işğal edilir, azərbaycanlılar öz doğma yurd-yuvalarından qovulurdular. 

Dahi xilaskar


Bu ağır günlərdə xalqın yanında olmaq üçün Naxçıvana qayıtmış Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Bununla da Heydər Əliyevin dövlətçilik fəaliyyətində və Azərbaycan dövlətçiliyində, müstəqillik mübarizəsində yeni bir dövr başlandı. O, xalqı azadlıq uğrunda sonacan mübariz olmağa çağırırdı. Mühafizəkar Azərbaycan parlamenti SSRİ-nin saxlanılmasına münasibət bildirmək üçün keçirilən referenduma razılıq verərkən “Bizim ümumi ittifaqdan nicatımız yoxdur!” deyən deputat Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi muxtar respublikada referenduma yol vermədi. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikada milli dövlətçilik ənənələri bərpa edilməyə başladı. Muxtar respublikanın adından “sovet sosialist” sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü irəli sürüldü. Azərbaycan parlamenti də (5 fevral 1991-ci il) respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərarlar qəbul etdi. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu.
Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Bununla onlar Ulu öndərin siyasi fəaliyyətini məhdudlaşdıracaqlarına ümid edirdilər.
Siyasi qeyri-sabitlikdən, anarxiyadan,  dövlət çevrilişlərindən zinhara gələn xalq öz layaqətli oğlunu -  Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Böhranın getdikcə dərinləşməsi, az qala vətəndaş müharibəsinin başlanması, Ermənistanın təcavüzü qarşısında aciz qalan və öz yaratdıqları vəziyyətin girovuna çevrilən respublika rəhbərləri də Azərbaycan xalqının bu təkidli tələbinə qoşulmağa məcbur oldular. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi