Beynəlxalq fəaliyyət

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası Milli Məclisi və AŞPA əməkdaşlığı tarixindən

1992-ci il yanvarın 24-də Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1994 və 1996-cı illərdə Avropa Şurası Parlament Assambleyasının Qeyri-üzv dövlətlərlə əlaqələr üzrə yardımçı komitəsinin sədrləri cənab D. Atkinsonun və cənab J. Setlenjin Azərbaycan Respublikasına səfərləri zamanı ölkəmizə "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə müzakirələr aparılmış və 28 iyun 1996-cı ildə AŞPA Bürosu Azərbaycana bu statusun verilməsi barədə qərar qəbul etmişdir. Həmin il Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv olmaq üçün bu quruma müraciət etmişdir.

2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmişdir. Bu tarixdən qısa bir müddət keçməsinə baxmayaraq Azərbaycan Avropa Şurasının ən fəal üzvlərindən birinə çevrilərək Nazirlər Komitəsi, Parlament Assambleyası və Avropa Şurasının digər qurumları ilə yaxından əməkdaşlıq edir.

Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasında 12 millət vəkilindən (6 deputat əsas 6 deputat isə əvəzedici) ibarət nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə 2001-ci ildən 2003-cü ilin oktyabrına qədər cənab İlham Əliyev rəhbərlik etmişdir. 2003-cü ilin oktyabr ayında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra nümayəndə heyətinə rəhbərliyi millət vəkili cənab Səməd Seyidov həyata keçirməyə başlamışdır.

Əsas nümayəndə heyətinə Səməd Seyidovla yanaşı, nümayəndə heyəti üzvləri Gültəkin Hacıyeva, Əli Hüseynov, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev daxildirlər. AŞPA Prosedur Qaydalarına görə Azərbaycan Respublikası Milli Məclisinin daha altı üzvü AŞPA-da əvəzedici statusuna malikdir. Bura millət vəkilləri Aydın Mirzəzadə, Əkrəm Abdullayev, İltizam Əkbərli, Aydın Abbasov, Fəzail İbrahiml, xanım Aynur Quliyeva daxildirlər.
Azərbaycan Respublikası Milli Məclisinin AŞPA Komitələrində təmsilçiliyi aşağıdakı qaydada müəyyən edilmişdir:

Siyasi İşlər Komitəsi – üzvlər: Səməd Seyidov, Aydın Mirzəzadə;
əvəzedicilər: Gültəkin Hacıyeva, Sabir Hacıyev
Hüquqi İşlər və İnsan Hüquqları Komitəsi – üzvlər: Gültəkin Hacıyeva, Rafael Hüseynov;
əvəzedicilər: Əli Hüseynov, Qənirə Paşayeva
İqtisadi İşlər və İnkişaf Komitəsi – üzvlər: Səməd Seyidov, Qənirə Paşayeva;
əvəzedicilər: Aydın Abbasov, Sabir Hacıyev
Sosial, Səhiyyə və Ailə İşləri Komitəsi – üzvlər: Əli Hüseynov, Fəzail İbrahimli;
əvəzedicilər: Əkrəm Abdullayev, İltizam Əkbərli
Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitə – üzvlər: Səməd Seyidov, Gültəkin Hacıyeva;
əvəzedicilər: Aydın Mirzəzadə, Əkrəm Abdullayev
Mədəniyyət, Elm və Təhsil Komitəsi – üzvlər: Rafael Hüseynov, Fəzail İbrahimli
əvəzedicilər: Aydın Mirzəzadə, Aydın Abbasov
Ətraf Mühit, Kənd Təsərrüfatı və Yerli və Regional İşlər üzrə Komitə – üzvlər: Rafael Hüseynov; Fəzail İbrahimli;
əvəzedicilər: Əkrəm Abdullayev, Aynur Quliyeva,

Qadın və Kişilər üçün Bərabər İmkanlar – üzv: İltizam Əkbərli ; əvəzedici: Aynur Quliyeva
Prosedura Qaydaları və İmmunitetlər üzrə Komitə – üzv: Əli Hüseynov; əvəzedici – Sabir Hacıyev
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin üzvləri AŞPA-da fəaliyyət göstərən siyasi qrupların da üzvləridirlər. Nümayəndə heyəti siyasi qruplarda aşağıdakı qaydada təmsil olunur:

  1. Sosialist Qrupu – üzvləri: Aydın Abbasov, İltizam Əkbərli, Sabir Hacıyev
  2. Avropa Xalq Partiyası Qrupu – üzv: Gültəkin Hacıyeva
  3. Liberal və Demokratların Avropa naminə Alyansı Qrupu – üzvlər: Fəzail İbrahimli, Rafael Hüseynov, Aynur Quliyeva, Əkrəm Abdullayev
  4. Avropa Demokrat Qrupu – üzvlər: Səməd Seyidov, Əli Hüseynov, Aydın Mirzəzadə, Qənirə Paşayeva

AŞPA-nın 2001-ci il aprel sessiyasında "Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" və "Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları" adlı rəsmi sənədlər qəbul olunmuşdur. Bu sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında 783 uşaq, qadın və yaşlı insanın girov saxlanılması kimi faktlar qeyd olunmuşdur.

AŞPA-nın 2001-ci il sentyabr sessiyasında yuxarıda göstırilən sənədlərə "Dağlıq Qarabağda zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi" və "Dağlıq Qarabağda ekoloji vəziyyət haqqında" adlı daha iki rəsmi sənəd əlavə edilmişdir.

2004-cü il 14 sentyabrda AŞPA-nın Siyasi Komitəsinin Parisdə keçirilən iclasında Birləşmiş Krallıq parlamentinin deputatı Devid Atkinson qurumun Dağlıq Qarabağ üzrə yeni məruzəçisi təyin olunmuşdur (əvvəlki məruzəçi britaniyalı deputat Teri Devis idi).

2004-cü ilin oktyabrında AŞPA-da qəbul olunmuş 1398 saylı qətnamədə Eermənistan işğalçı dövlət adlandırılmış, Azərbaycan ərazisinin Dağlıq Qarabağda yaşayan ermənilərin təşkil etdiyi "özünümüdafiə dəstələri" tərəfindən deyil, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd edilmişdir.

2005-ci il 25 yanvar tarixində Avropa Şurası Parlament Assambleyası Devid Atkinsonun "ATƏT-in Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi" adlı məruzəsi əsasında 1416 saylı qətnamə qəbul etmişdir. 1416 saylı qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan qoşunları tərəfindən işğal edildiyi, Dağlıq Qarabağın hazırda separatçı qüvvələrin nəzarəti altında olduğu qeyd edilir. Bununla yanaşı, qətnamədə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmənin aparıldığı vurğulanır, işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə doğma evlərinə qayıtmaq hüquqları bir daha təsdiqlənir və münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş məlum dörd qətnaməsinə əməl etmələrinin vacibliyi göstərilir.

AŞPA-nın 2005-ci il qış sessiyasında (yanvar ayında) Qətnamənin yerinə yetirilməsi ilə bağlı Xüsusi Komitə yaradılmışdır.

ÖHDƏLİKLƏR

Təşkilata üzv olarkən Azərbaycan dövləti Avropa Şurasının 222 saylı rəyi ilə müəyyən edilmiş öhdəlikləri öz üzərinə götürmüşdür. Ölkəmiz hal-hazırda Avropa Şurasının və onun Parlament Assambleyasının monitorinq proseduru altındadır. İndiyədək AŞPA tərəfindən Azərbaycan üzrə 1305 (2002-ci il, sentyabr), 1358 (2004-cü il, yanvar), 1398 (2004-cü il, oktyabr), 1456 (2005-ci il, iyun) və 1545 (2007-ci il, aprel) saylı beş qətnamə qəbul edilmişdir.
Azərbaycan Respublikası Avropa Şurasının 49 sənədinə (konvensiya və protokollar imzalanmış və ratifikasiya olunmuşdur, əlavə olaraq 10 sənəd imzalanmış, lakin ratifikasiya olunmamışdır) qoşulmuşdur. Bu sənədlər içərisində Avropa İnsan Hüquqları Konvensiyası, ona əlavə protokolları, Milli Azlıqların Müdafiəsi haqqında Avropa Çərçivə Konvensiyası, İşgəncələrə dair Konvensiya, Avropa Sosial Xartiyasını xüsusi olaraq qeyd etmək olar.
Azərbaycan Respublikası Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə (ümumilikdə 29) daim hörmətlə yanaşmış və onları ardıcıl olaraq həyata keçirmişdir. Bu günə olan məlumata müvafiq olaraq, ölkəmiz üzərinə götürdüyü öhdəliklərdən 3-nü qismən, qalanlarını isə bütövlükdə yerinə yetirmişdir. Qismən yerinə yetirilmiş 3 öhdəlik aşağıdakılardır:

  • öhdəlik 14 (i) (e) Regional dillər və azlıqların dilləri haqqında Avropa xartiyasını ratifikasiya etmək;
    Qeyd: Adıçəkilən xartiya ratifikasiya edilmək üçün hələ Parlamentə daxil olmamışdır və bu sənədin yerinə yetirilməsi üçün külli miqdarda vəsait tələb olunur ki, ölkəmiz hələ buna hazır deyildir.
  • öhdəlik 14 (iii) (g) Alternativ xidmət haqqında qanun qəbul etmək (Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Respublika Hərbi Komissarlığı qanun layihəsini nəzərdən keçirib layihə ilə bağlı təkliflərini təqdim ediblər və baxılmaq üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. Ümumiyyətlə, Milli Məclisin gələcək sessiyalarında qanun layihəsinin qəbul edilməsi nəzərdə tutulub).
  • öhdəlik 14 (iv) (g) Milli azlıqlar haqqında qanun qəbul etmək – bu istiqamətdə iş gedir. (Xüsusilə də qanun layihəsinin definisiyası ilə bağlı milli azlıqların nümayəndələri ilə danışıqlar aparılır).

AŞPA TƏRƏFİNDƏN AZƏRBAYCANDA KEÇİRİLƏN TƏDBİRLƏR

2005-ci il, 4 iyul, Bakı – AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin Qaçqınlar üzrə Alt Komitəsinin iclası
2005-ci il, 5 iyul, Bakı – AŞPA-nın Monitorinq Komitəsinin iclası
2006-cı il, 29-30 noyabr, Bakı – AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsinin Media üzrə Alt Komitəsinin iclası
2006-cı il, 11-12 dekabr, Bakı – AŞPA-nın Siyasi İşlər Komitəsinin iclası

Yuxarı


Azərbaycan Respublikası Milli Məclisi və NATO Parlament Assambleyası

NATO-nun beynəlxalq münasibətlər sis¬temin¬dəki yerini və nüfuzunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev respublikamızın NATO-nun "Sülh naminə tərəfdaşlıq Proqramı"na qoşulması üçün 1994-cü il mayın 4-də Brüsseldə Çərçivə Sazişini imzaladı. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışında bu tarixi hadisəni belə qiymətləndirmişdir: "Biz NATO ilə əməkdaşlığa böyük ümid bəsləyirik. Regionda sabitliyin təmin olunmasında, müharibənin dayandırılmasında, Azər¬baycan və Ermənistan arasında sülh və mehriban qonşuluq münasibətlərinin yaranması baxımından NATO ilə əməkdaşlığı vacib hesab edirik."

NATO rəhbərliyi də Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. Belə ki, 1999-cu ilin may ayında NATO Parla¬ment Assambleyasının Polşada keçirilən sessiyasında Azər¬baycan Respublikası bu təşkilatda müşahidəçi statusu aldı.
Azərbaycan bu təşkilatda Milli Məclisin sədrinin birinci müavini cənab Ziyafət Əsgərovun başçılıq etdiyi 5 millət vəkilindən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

  1. Ziyafət Əsgərov nümayəndə heyətinin rəhbəri
  2. Siyavuş Novruzov nümayəndə heyətinin üzvü
  3. Tahir Süleymanov nümayəndə heyətinin üzvü
  4. Qüdrət Həsənquliyev nümayəndə heyətinin üzvü
  5. Məlahət Həsənova nümayəndə heyətinin üzvü

1999-cu ildən etibarən Azərbaycan parlamentinin nümayəndə heyəti bu təşkilatın bütün tədbirlərində, sessiyalarında, Rouz-Rout seminar¬larında fəal iştirak etmiş, müzakirə olunan aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmış və bütün bunlar Azərbaycan-NATO əlaqələrinin daha da genişlən¬məsinə xidmət etmişdir. Təsadüfi deyildir ki, NATO Parlament Assambleyasının 2002-ci ilin noyabr ayında keçirilmiş illik sessiyası zamanı Assambleyanın Daimi Komitəsinin iclasında Azərbaycan Respublikasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul edilmişdir.

Nümayəndə heyəti Assambleyanın ildə iki dəfə keçirilən sessiyalarında, Rouz-Rout seminarlarında xüsusilə fəal iştirak edir, NATO - Azərbaycan münasibətləri, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, müdafiə sahə¬sində islahatların aparılması, quruma üzvlüyə namizəd ölkələrdə hərbi hazırlıq, təhlükəsizlik sahəsində NATO-nun rolu, transat¬lantik ticarət münasibətləri, avroatlantik təhlükəsizlik və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparır.

Təşkilatın təşəbbüsü ilə Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlamentləri ilə əməkdaşlıq üçün Rouz-Rout proqramı çərçivəsində müxtəlif seminarlar və hazırlıq kursları keçirilir. Bu proqramın fəaliyyətində əsas istiqa¬mətlərdən biri həmin dövlətlərdə silahlı qüvvələr və ordu quruculuğu proseslərinə demokratik nəzarətin həyata keçirilməsi ilə bağlıdır.

2001-ci il oktyabrın 25-27-də Buxarestdə (Rumıniya) "Qara dəniz regionunda NATO-nun rolu" mövzusunda keçirilmiş 50-ci Rouz-Rout seminarında Cənubi Qafqazdakı münaqişələr, o cümlədən ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilmiş və NATO Parlament Assambleyasının nümayəndələri bu məsələlərə münasibət bildirmişlər. Nümayəndə heyətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədə respublikamızın ədalətli mövqeyi barədə məlumatları seminar iştirakçıla¬rının diqqətinə çatdırmışdır.

NATO Parlament Assambleyası çərçivəsində müxtəlif nümayəndə heyətlərinin ölkəmizə səfərləri, habelə müxtəlif forumlarda və sessiyalarda keçirilən qarşılıqlı faydalı görüş¬lər, aparılan konstruktiv danışıqlar bu təşkilatla ölkəmiz arasında əməkdaşlığın genişləndirilməsi işində böyük rol oynamışdır.

Belə ki, NATO Parlament Assambleyasının prezidenti Rafael Estrellanın 2002-ci il yanvarın 17-19-da Azərbaycan Res¬pub¬likasına səfəri zamanı Azərbaycana assosiativ üzv statusunun verilməsi məsələsi xüsusi müzakirə mövzusu olmuşdur.

2002-ci il sentyabrın 15-18-də NATO Parlament As¬samb¬leyasının Təhlükəsizliyin Mülki Meyarı Komitə¬sinin Demokratik İdarəçilik üzrə Yardımçı Komitəsindən böyük bir nümayəndə heyəti də ölkəmizdə səfərdə olmuş, respub¬likamızda gedən demokratik inkişaf prosesləri və digər məsələlər barədə ətraflı məlumat toplamışdır.

NATO Parlament Assambleyasının 2002-ci il noyabrın 15-19-da İstanbulda keçirilmiş 48-ci illik sessiyası zamanı Assambleyanın Daimi Komitəsi noyabrın 18-də növbəti iclasını keçirmiş və həmin iclasda Azərbaycan Respub¬likasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul edilmişdir. Bu məsələ NATO Parlament Assambleyasının noyabrın 19-da keçirilən plenar iclasında rəsmən bəyan edilmişdir.

Beləliklə, 2002-ci ilin noyabr ayında NATO-nun Pra¬qada keçirilən Sammitinə qədər 19 ölkə NATO Parlament Assambleyasında assosiativ üzv statusuna malik oldu.

NATO Parlament Assambleyasının Daimi Komitəsi özünün "NATO-nun genişlənməsinə dair bəyannaməsi"ndə tövsiyə edir ki, Praqa Sammitində üzvlüyə qəbul olunmaq üçün müraciət etmiş 7 ölkə (assosiativ üzv statusuna malik olan ölkələr) NATO-nun üzvlüyünə qəbul edilməyə dəvət edilsin.

2003-cü il iyunun 5-8-də Böyük Britaniyada keçirilmiş 55-ci Rouz-Rout seminarında kütləvi qırğın silahları və terrorizm təhlükəsi məsələləri müzakirə edilmiş və bu müzakirələrdə iştirak edən Azərbaycan parlament nüma¬yən¬də heyəti respublikamızın qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalması və ermənilərin ölkəmizdə həyata keçirdikləri terror aktları barədə məlumat vermişdir.

2004-cü il martın 18-20-də Sarayevoda 56-cı Rouz-Rout seminarı keçirilmiş və tədbirdə Azərbaycan parlament nümayəndə heyəti iştirak etmişdir. Seminarda 20 ölkəni təmsil edən deputatlar Bosniya və Hersoqovinadakı vəziyyəti, habelə siyasi, sosial, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etmişlər.

Bundan sonra 2004-cü il mayın 28-dən iyunun 1-dək Bratislavada (Slovakiya) keçirilən NATO Parlament As¬samb¬leyasının növbəti yaz sessiyası zamanı Təhlükəsizliyin Mülki Meyarı Komitəsində "Cənubi Qafqaz respublika¬larında sabitlik: müstəqillikdən sonra 10 il, nailiyyətlər və yeni çağırışlar" mövzusu üzrə baş məruzəçi xanım Verena Vohlebenin məruzə layihəsi dinlənilmişdir. Belə bir məruzə layihəsinin təqdim olunması NATO-nun region ölkələrinə münasibətdə getdikcə artmaqda olan marağını nümayiş etdirdi. Sessiyanın işində iştirak edən Azərbaycan parlament nümayəndə heyəti məruzədə Azərbaycanla bağlı qaldırılan məsələlərə öz münasibətini bildirmiş, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın öz ölkə¬sində qaçqın və məcburi köçkünə çevrilməsi faktını NATO Parlament Assambleyasının sessiyasında iştirak edən nümayəndə heyətlərinin diqqətinə çatdırmışdır. Bundan başqa, nümayəndə heyətimiz məruzədə ölkəmizlə əlaqədar qaldırılan digər məsələlər ətrafında aparılan müzakirələrdə də fəal iştirak etmişdir.

NATO-nun üzvü olan ölkələr Parlament Assambleya¬sının tamhüquqlu üzvüdürlər və onların nümayəndə heyətləri öz parlamentlərinin siyasi tərkibini əks etdirirlər.

Bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsseldə NATO rəhbər¬liyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. Səfər zamanı Prezidentimizin Azərbaycan adından "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"nı NATO rəhbərli¬yinə təqdim etməsi isə daha böyük rezonansa səbəb oldu.

Prezident İlham Əliyev Alyansın Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə NATO - Azərbaycan əlaqələrinin mövcud səviyyəsindən razı olduğunu bəyan etdi və bildirdi ki, rəsmi Bakı Alyansla bundan sonrakı əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını istəyir və bu istiqamətdə praktiki addımlar atır. Həmin görüşdə cənab İlham Əliyev demişdir: "Bugünkü gün NATO ilə Azərbaycan arasındakı münasibətlər baxımından çox əlamətdardır. 10 il əvvəl Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşul¬du. Bu, 1994-cü ilin may ayı idi. 2004-cü ilin ma¬yında isə Azərbaycan "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na qoşulur. Bu bizim gələcək münasibətlərimiz, daha sıx əlaqələrimiz, NATO ilə əməkdaşlığımız üçün çox vacib təməldir.

Azərbaycan öz strateji seçimini 10 il əvvəl edibdir. Bizim Avroatlantik strukturlara inteqrasiyamız, NATO ilə yaxın tərəfdaşlığımız və əməkdaşlığımız Azərbay¬ca¬nın bu strateji seçimə nə dərəcədə sadiq olduğunu hər bir sözdən daha qabarıq nümayiş etdirir. Əminəm ki, "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı" bizə daha dərin inteqra¬siya imkanı verəcəkdir. Azərbaycan həqiqi tərəfdaşdır, etibarlı tərəfdaşdır, biz dünyanın müxtəlif yerlərində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakçıyıq. Biz artıq sübuta yetirmişik ki, tərəfdaşlıqda möhkəmik."

Öz növbəsdində NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Azərbaycanın Alyansla əməkdaşlıq istiqamətində həyata keçirdiyi çoxşaxəli islahatları təqdir etdi. Belə ki, rəsmi Bakı NATO-ya qəbulu şərtləndirən bir neçə mühüm istiqamətdə həlledici uğurlara imza atıb. İqtisadi inkişaf sürətlə gedir, demokratik cəmiyyətin formalaşmasına xidmət edən hüquqi, siyasi islahatlar uğurla davam etdirilir. Ordumuz NATO standartlarına uyğunlaşdırılır. Bütün bunları yüksək qiymətləndirən cənab Yaap de Hoop Sxeffer Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"nın xüsusi əhəmiyyətini vurğula¬mışdır: "Bu sənədin Azərbaycanla NATO arasında münasibətlərin, əlaqələrin və əməkdaşlığın gələcəyi üçün böyük əhəmiyyəti vardır. Azərbaycan və NATO bu sənədə əsaslanaraq, aidiyyəti olan bütün mövzuları, müdafiə islahatlarını, siyasi islahatları müzakirə edə biləcəkdir."

2004-ch ilin iyun ayında Azərbaycanda NATO-nun "Yay məktəbi" həftəsinin keçirilməsi də bu təşkilatın Azərbay¬canla əməkdaşlığa nə qədər böyük önəm verdiyini bir daha sübut edir. NATO həftəsi çərçivəsində iyunun 14-də təşkilatın Elm Komitəsinin iclası da keçirilmişdir. İclas barədə mətbuat konfransı keçirən NATO Baş katibinin müavini Jan Furne bildirmişdir ki, indi gündəlikdəki əsas məsələ terrorizmdən və digər amillərdən müdafiədir. Biz tərəf¬daş ölkənin maraq göstərdiyi, üstünlük verdiyi layihənin reallaşdırılmasına kömək göstərir, alimləri bu istiqamətdə səfərbər edirik. Ən azı ildə bir dəfə tərəfdaş ölkənin ərazisində Elm Komitəsinin iclasını keçirməyə çalışırıq. O, eyni zamanda qeyd etmişdir ki, NATO Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün yeni yollar axtarır.

Azərbaycan - NATO iş birliyində mühüm dönüş nöqtəsi isə iyun ayının sonunda İstanbulda keçirilən zirvə görüşü ilə əlaqədardır. Bu görüşdəki nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Fərdi tərəfdaşlıq fəaliyyəti" planında iştirakımız Azərbayca¬nın NATO ilə iş birliyində vacib dönüş nöqtəsidir və bizim təhlükəsizlik siyasətimizin inkişafına nəzərə-çarpacaq töhfə verəcəkdir."

46 ölkənin dövlət və hökumət başçıları, ümumiyyətlə, üç mindən çox nümayəndə heyətinin iştirak etdiyi bu görüş NATO-nun genişləndirilməsindən sonra keçirilən ilk toplantı idi. Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun zirvə toplantısında iştirakı və səfər çərçivəsində bu bloka daxil olan ölkələrin dövlət başçıları ilə keçirdiyi səmərəli görüşlər Avroatlantik məkanda Azərbaycanın ön mövqelərə çıxmasını parlaq şəkildə əks etdirir.

Azərbaycanın NATO-ya yaxınlaşması bu quruma üzv olan dövlətlərlə strateji münasibətlərimizin daha da möhkəmlənməsi deməkdir.

Bütün bunlar əyani surətdə sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir, daha yeni mərhələlərə qədəm qoyur. Biz əminliklə deyə bilərik ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcəkdir.

Yuxarı

Azərbaycan Respublikası Milli Məclisi və Müstəqil Dövlətlər Birliyi iştirakçı - dövlətlərinin Parlamentlərarası Assambleyası (MDB PAA)

1991-ci ilin dekabrın 8-də Minsk şəhərində Belarus, Ukrayna və Rusiya arasında Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Müqavilə imzalanmışdır.

1992-ci ilin yanvar-fevral aylarında Belarus, Qazaxıstan və Rusiya parlamentarlarının təşəbbüsü ilə MDB iştirakçı dövlətlərin parlament üzvlərinin bir sıra iclasları keçirilmiş və bu iclasların nəticəsində parlamentlərarası əməkdaşlığın əsas təşkilat formaları müəyyən olunmuşdur: Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, MDB iştirakçı - dövlətlərin parlament rəhbərlərinin Məşvərət müşavirəsi və MDB iştirakçı-dövlətlərin ikitərəfli və çoxtərəfli parlamentlərarası komissiyaları.

Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan respublikaları və Rusiya Federasiyası parlament rəhbərləri tərəfindən imzalanmış 1992-ci il 27 mart tarixli Müqavilə əsasında yaranmışdır. Assambleya sənəd layihələrinin və habelə maraq doğuran digər məsələlərin müzakirəsini aparmaq məqsədi ilə məşvərətçi orqan kimi təsis olunmuşdur. 1993-cü ilin sentyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisi MDB iştirakçı - dövlətlərin Parlamentlərarası Assambleyasına qoşulmaq haqqında qərar qəbul etmişdir. Təşkilatın nəzdində 10 Daimi Komissiya fəaliyyət göstərir, o cümlədən:

  • İqtisadi və maliyyə məsələləri Daimi Komissiyası
  • Sosial siyasət və insan hüquqları Daimi Komissiyası
  • Müdafiə və təhlükəsizlik məsələləri Daimi Komissiyası
  • Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyası
  • Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi Komissiyası
  • Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri Daimi Komissiyası
  • Elm və təhsil məsələləri Daimi Komissiyası
  • Büdcə nəzarəti üzrə Komissiyası
  • Hüquqi məsələlər üzrə Daimi Komissiya
  • Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyası

Ayrı-ayrı məsələlərin həlli məqsədi ilə Assambleyada işçi qaydada müvəqqəti komissiyaların yaradılması da istisna olunmur.

Azərbaycan Respublikasının Milli Məclisi MDB PAA-da geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Əsədov Oqtay Sabir oğlu – Milli Məclisin Sədri, nümayəndə heyətinin rəhbəri
Rəhimzadə Arif Qafar oğlu - MDB PA-nın Sosiаl siyаsət və insаn hüquqlаrı Dаimi Komissiyаsı
Axundova Elmira Hüseyn qızı - MDB PA-nın Sosiаl siyаsət və insаn hüquqlаrı Dаimi Komissiyаsı
Məmmədov İlham Kazım oğlu - MDB PA-nın Sosiаl siyаsət və insаn hüquqlаrı Dаimi Komissiyаsı
Hüseynov Əli Məhəmməd oğlu - Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyası
Əliyev Adil Abış oğlu– Müdafiə və təhlükəsizlik məsələləri Daimi Komissiyası
Həsənov Aydın Xanhüseyn oğlu - Müdafiə və təhlükəsizlik məsələləri Daimi Komissiyası
Ağamalı Fəzail Rəhim oğlu - Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyası
Zabelin Mixail Yuryeviç - Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyası
Zeynalov Fərrux Məmmədnəbi oğlu - Büdcə nəzarəti üzrə Komissiyası
Cavadov Ərəstun Nurəddin oğlu - Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi Komissiyası
Quliyev Ülvi Zahid oğlu - Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi Komissiyası
Aslanova Rəbiyyət Nurullah qızı - Elm və təhsil məsələləri Daimi Komissiyası
Əliyev Bəxtiyar Həmzə oğlu - Elm və təhsil məsələləri Daimi Komissiyası
Məmmədov Elton Arzuman oğlu - Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri Daimi Komissiyası
Əmiraslanov Azər Kamal oğlu - İqtisadi və maliyyə məsələləri Daimi Komissiyası
Rzayev Rövşən Şükür oğlu - Hüquqi məsələlər üzrə Daimi Komissiya
Həsənli Cəmil Poladxan oğlu - Hüquqi məsələlər üzrə Daimi Komissiya

Nümayəndə heyətinin üzvləri bu parlament təşkilatının xətti ilə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir və model hüquqi normativ aktların hazırlanması işinə öz dəyərli töhfələrini verirlər. Bunların sırasında MDB PAA tərəfindən qəbul olunmuş və model kimi hazırlanmış Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət-prosesual Məcəlləsi, Vergi Məcəlləsi, Kitabxana Məcəlləsi, Dəmir yolları üzrə Nizamnamə, habelə Səhimdar cəmiyyətlər haqqında, Kiçik sahibkarlığa dövlət himayəsi haqqında, Xarici sərmayələrin tənzimlənməsinə dair ümumi prinsiplər haqqında, Ekoloji təhlükəsizlik haqqında, Əməyin mühafizəsi haqqında, Diplomatik xidmət haqqında, Təhsil haqqında və s. model qanun layihələrinin hazırlanmasında Milli Məclis deputatlarının xüsusi rolunu qeyd etmək lazımdır.

2003-cü ilə qədər olan dövr ərzində beynəlxalq terrorizm və ekstremizm hallarına qarşı mübarizədə MDB iştirakçı - dövlətlərin hazırladığı proqramın həyata keçirilməsi çərçivəsində Parlamentlərarası Assambleya tərəfindən "Elektron rəqəmli imza haqqında" model qanun qəbul edilmişdir. Model Vergi Məcəlləsinin hazırlanması üzrə Azərbaycan Respublikasından dörd nümayəndə daxil olduğu işçi qrupunun fəaliyyəti MDB Parlamentlərarası Assambleyasında yüksək qiymətləndirilmişdir.

MDB PAA beynəlxalq aləmdə baş verən prosesləri diqqətlə izləyir və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak edir. Bununla əlaqədar MDB-yə daxil olan dövlətlərin ərazisində baş vermiş terror aktları ilə bağlı MDB PAA tərəfindən 1999-cu il 16 oktyabr tarixində Bəyanat qəbul edilmişdir. Həmin Bəyanatda Azərbaycan Respublikası üçün çox önəmli olan aşağıdakı prinsiplər öz əksini tapmışdır: dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və təhlükəsizliyi və s. prinsiplər.

Ümumiyyətlə, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-dakı nümayəndə heyəti iclaslar zamanı terrorizmə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini, respublikamızın terrorizmə qarşı tutduğu prinsipial mövqeyini daima Assambleya iştirakçılarının diqqətinə çatdırırlar.

MDB PAA xətti ilə keçirilən tədbirlərdə regional münaqişələrin aradan qaldırılmasına və o cümlədən Cənubi Qafqazda baş verən proseslərə böyük önəm verilir. Belə ki, təşkilatı çərçivəsində Cənubi Qafqaz ölkələri və Rusiya parlament sədrlərinin "Qafqaz dördlüyü" adlı dəfələrlə görüşü keçirilmişdir. Bu görüşlərdə bölgədəki vəziyyət, regional münaqişələrin həlli yolları, dövlətlərarası münasibətlərdə qarşılıqlı inamın yaranması, terrorizmə qarşı mübarizə, separatçılığın qarşısının alınması və s. məsələlər geniş müzakirə olunmuşdur. Azərbaycan tərəfi bu görüşlərdə erməni separatçılığından danışarkən bunun təkcə bizim ölkəmizə deyil, bütün Cənubi Qafqaz bölgəsinə və ümumilikdə Avropa qitəsinə böyük təhlükə yaratdığını və Avropada gedən inteqrasiya proseslərinə maneələr törətdiyini xüsusi qeyd etmişdir.

MDB Parlamentlərarası Assambleyasında qanunyaradıcılığı sahəsində təcrübə mübadiləsinə böyük diqqət yetirilir. Qurumda, qeyd etdiyimiz kimi müxtəlif sahələr üzrə model qanun layihələri hazırlanıb təşkilata üzv dövlətlərə tövsiyə edilir. Həmçinin MDB PAA əməkdaşlığı çərçivəsində digər dövlətlərin hər hansı bir qanunvericilik sahəsində qazanılmış nailiyyətlərlə tanış olub ondan sıx bəhrələnmək imkanı mövcuddur. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası Qanunu" PAA-da model qanun kimi əsas götürülmüş və digər üzv dövlətlərə istifadə üçün göndərilmişdir.

MDB PAA-da müzakirə olunan əsas məsələlərdən biri də iqtisadi əlaqələrin qurum çərçivəsində inkişaf etdirilməsi, demokratiyanın və parlamentarizmin inkişafı, habelə vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi, qarşılıqlı əlaqələrin hüquqi bazasının yaradılmasıdır. Bu baxımdan təşkilata üzv dövlətlər arasında iqtisadi qanunvericiliyin uyğunlaşdırılmasına böyük əhəmiyyət verilir və bu mövzuda bir sıra seminar və konfranslar keçirilir. Eyni zamanda, təşkilat çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi və bu sahədə əlaqələrin gələcək inkişaf perspektivlərinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilmişdir. MDB PAA-da mədəniyyətə aid bir sıra model qanunvericilik aktları da qəbul olunmuşdur.

Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və MDB dövlətlərində azad səsvermənin təmin edilməsi sahəsində MDB PAA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB PAA tərəfindən beynəlxalq müşahidəçilərin səsvermənin monitorinq prosesində iştirakından ibarətdir. Belə ki, bu sahədəki fəaliyyət nəticəsində demokratiyanın vahid meyarlarını əks etdirən Konvensiyanın qəbul edilməsi zərurəti aşkar edilmişdir. MDB PAA-nın işləyib hazırladığı "MDB iştirakçı - dövlətlərində demokratik seçkilərin, seçki hüquqları və azadlıqlarının standartları haqqında" Konvensiya MDB dövlət başçıları Şurasına təqdim olunmuş və yeddi dövlət başçısı tərəfindən imzalanmışdır. Demokratiyanın və parlamentarizmin inkişafı, habelə vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və öyrənilməsi istiqamətində növbəti vacib addımlardan biri kimi, MDB PAA-nın iştirakçı – dövlətlərində Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) yaradılması sayıla bilər. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov və MDB PAA Şurasının Sədri cənab Sergey Mironov 2007-ci ilin mart ayında Bakıda MDB PAA DİMBİ-nin Bakı filialının yaradılması haqqında Saziş imzalamışlar.

Yuxarı

İSLAM KONFRANSI TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN PARLAMENTLƏRARASI İTTİFAQI (İKTPİ)

İslam Konfransı Təşkilatının əsas məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq onların arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirmək, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə və yekdil fəaliyyət göstərməkdir.

Öz müstəqilliyini əldə etdikdən sonra keçmiş Sovetlər Birliyinin müsəlman respublikaları arasında ölkəmiz birinci olaraq İKT-yə üzv qəbul olunmaq üçün müraciət etmiş və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunmuşdur.

Konfrans ölkəmizlə bağlı "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnamə qəbul etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev İKT və onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə ölkəmiz arasında əlaqələrin yaradılmasını, ədəbiyyat, mədəniyyət və sənət əsərlərimizin islam dünyasında da öyrənilməsini və yayılmasını həmişə vacib saymış, bunun üçün bütün tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir.

1997-ci il martın 23-də Pakıstanın paytaxtı İslamabadda ölkənin müstəqilliyinin 50-ci ildönümünə həsr edilmiş İKT dövlət və hökumət başçılarının növbədənkənar Zirvə konfransı keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti bu toplantıda iştirak etmişdir. Konfransın qəbul etdiyi İslamabad bəyannaməsində Azərbaycan tərəfinin təklifləri də öz əksini tapmışdır. Bəyannamənin əsas mətninə əlavə olunmuş 10-cu bənd bütövlüklə Azərbaycana aiddir. Orada "Azərbaycana qarşı edilmiş təcavüz ciddi şəkildə pislənilir, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə çağırılır".

1999-cu il iyunun 15 -17-də Tehranda İKT üzvü olan dövlətlərin parlamentlərarası ittifaqının təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak etmişdir. Beləliklə, ümummilli liderimiz H. Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə ölkəmizin, o cümlədən onun parlamentinin İKT kimi nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri quruldu.

Hal hazırda İKT Pİ-nin 48 üzvü var. İttifaqın əsas vəzifələri üzv ölkələrin qanunvericilik və məşvərət məclisləri arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək, bu əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün müvafiq hüquqi əsaslar yaratmaq və beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutmaqla digər beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarla əməkdaşlıq etməkdir.

2006-cı ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilmiş Islam Konfransı Təşkilatına üzv ölkələrin Parlamentlərarası İttifaqının konfransında Azərbaycan Respublikası Milli Məclisinin deputatı G. Baxşəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin təklif etdiyi Qətnamə ("İKTPİ Konfransın 4-cü sessiyası beynəlxalq hüquq və BMT prinsiplərinin kobud pozulması sayılan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Ermənistan Respublikasının davamlı təcavüzünü qətiyyətlə pisləyir. Konfrans Ermənistan silahlı qüvvələrinin tamamilə, qeyri-şərtsiz və tezliklə bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına çağırır. Konfrans Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarına erməni millətindən olan insanların köçürülməsi, süni coğrafi, mədəni və demoqrafik dəyişikliklər, qeyri-qanuni iqtisadi fəaliyyət və bu torpaqların təbii sərvətlərinin işlənməsi kimi qeyri-qanuni fəaliyyət nəticəsində əmələ gələn sülh prosesinə maneələrin aradan qaldırılması işində Azərbaycan hökumətinin səylərini dəstəkləyir. Konfrans üzv ölkələrini Azərbaycan xalqı ilə həmrəyliyini möhkəmləndirməyə, BMT-nın müvafiq regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı daxil etməklə, BMT-nın potensialını işlətməyə yönəldilmiş cəhdlərinə və Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün tezliklə bərqərar edilməsinə dəstək verməyə çağırır.") konfransın yekun sənədinə salındı. Bundan başqa Azərbaycan nümayəndə heyətinin səyləri və çıxışları nəticəsində tədbirin sonunda müzakirəyə qoyulan "İstanbul Deklarasiyası"na Azərbaycanın təklif etdiyi bənd əlavə edildi ("Konfrans beynəlxalq hüquq və BMT prinsiplərinin kobud pozulması sayılan, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş Ermənistan Respublikasının təcavüzünü qətiyyətlə pisləyir. Konfrans Ermənistan silahlı qüvvələrinin tamamilə, qeyri-şərtsiz və tezliklə bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına çağırır.").

2007-ci ilin fevralında Malayziyanın Kuala-Lumpur şəhərində İKT Pİ Şurasının 9-cu sessiyası keçirilmişdir. Azərbaycan parlamenti nümayəndə heyətinin təklif etdiyi bənd ("Şura Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarında apardığı qeyri-qanuni hərəkətlərini (etnik təmizləmə, İslam mədəniyyəti abidələrinin vəhşicəsinə məhvi, milli sərvətlərin talan edilməsi) qətiyyətlə pisləyir. Şura Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tezliklə çıxarılmasını tələb edir.") həmin tədbirin yekun sənədinə salındı.

Yuxarı

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi