Milli Məclisin Sədri

Milli Məclisin Sədri

                              Azərbaycan Respublikası Milli Məclisinin Sədrindən

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası parlamentinin internet saytında hamınızı ürəkdən salamlayıram, sizi ölkəmizin qanunvericilik orqanına virtual səyahətə dəvət edirəm.

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Böyük və Kiçik Qafqaz sıra dağları ilə Xəzər dənizinin əhatəsində yerləşir, ərazisi 87 min kvadrat-kilometr, əhalisi 9 milyon nəfərdən çoxdur.

İqtisadi artım sürətinə görə Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurulmuşdur. Vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Azərbaycan diqqətəlayiq uğurlar qazanmışdır.

Bütün bunlarla yanaşı, dövlətimizin problemləri də vardır. Ən böyük problem Ermənistan Respublikasının ölkəmizə qarşı davam edən silahlı təcavüzüdür. Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və köçkün həyatına məhkum edilmişdir. Hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparılır. Biz ümid edirik ki, bu danışıqlar nəticə verəcək və Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunacaq, işğal edilmiş bütün torpaqları azad ediləcək, qaçqın və köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Ölkə ərazisinin böyük bir hissəsində suverenliyini itirməsinə baxmayaraq, Azərbaycan mövcud imkanlarından dolğun istifadəni təmin edə bilmişdir. Azərbaycanda bərqərar olmuş səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi xalqımızın maraqları və tələbatı üzərində qurulan dövlət siyasətinin uğurlarına şərait yaradır.

1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

İndi fəaliyyət göstərən dördüncü çağırış Milli Məclis yüksək beynəlxalq standartlara uyğun şəkildə 2010-cu il noyabrın 7-də keçirilmiş seçkilər nəticəsində formalaşmışdır. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentdə ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin bütün spektri təmsil olunmuşdur. Deputatlar arasında ölkənin siyasi və ictimai xadimləri, alimləri və mütəxəssisləri, mədəniyyət və incəsənət adamları vardır. Parlament üzvlərinin 20 nəfəri qadınlardan ibarətdir.

Milli Məclisin fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin hərtərəfli inkişafının möhkəm hüquqi təməli yaradılmışdır. Parlamentimizin əsas səlahiyyətləri qanunvericilik və qanun yaradıcılığı ilə bağlı olsa da, onun fəaliyyətində beynəlxalq əlaqələr mühüm yer tutur. Hazırda Milli Məclis bir sıra universal və regional beynəlxalq parlament təşkilatlarının – Parlamentlrarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB-nin Parlamentlərarası Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, GUAM ölkələrinin Parlament Assambleyasının tam hüquqlu, NATO-nun Parlament Assambleyasının assosiativ üzvüdür. Milli Məclis Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradıcılarından biridir, Avropa Parlamenti və digər beynəlxalq qurumlar ilə fəal əməkdaşlıq edir. Azərbaycan parlamentində 70-dən çox ölkənin qanunvericilik orqanları ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulmuşdur və diqqətinizə təqdim edilən internet saytı da bunun təzahürlərindən biridir. Mən sizi saytın imkanlarından yararlanmağa dəvət edirəm. Əminəm ki, istifadənizə verilən web səhifədə yerləşdirilmiş məlumatlar parlamentimizin fəaliyyəti ilə yaxından tanış olmağınıza kömək edəcəkdir.

 

 

 

 

 Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi